Azərbaycan Prezidentinin daim nümayiş etdirdiyi qətiyyət dostlarımıza, tərəfdaşlarımıza da bəllidir, düşmənlərimizə, bədxahlarımıza da.
Dostlarımız dövlət başçımızın bu iradəsini alqışlamaq, dəstəkləməklə münasibət bildirirlər, bədxahlarımız isə münaqişənin həllini ləngitmək üçün vaxt qazanmaq, ikili standartlar tətbiq etməklə. Bu münasibətlər son illərin Azərbaycan və region həqiqətləridir. Ancaq həmin həqiqətlərin fonunda gündən-günə daha qabarıq şəkildə özünü göstərən başqa bir fakt da vardır. Bu Azərbaycanın dost, müttəfiq və tərəfdaşlarının
durmadan artmasıdır.
Artıq dünyanın ədalətli, obyektiv insanlarının hamısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində məhz Azərbaycanın mövqeyini dəstəkləyir. Çünki Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində biz haqlı tərəf olduğumuzu, bədnam qonşularımız tərəfindən işğala məruz qaldığımızı bütün dünyaya sübut edə bilmişik. Çıxış etdiyi beynəlxalq tribunaların hamısından “Bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır”, – deyə dünya siyasətçilərini haqqı, ədaləti müdafiə etməyə çağıran Azərbaycan Prezidenti artıq öz istəyinə geniş miqyasda nail ola bilir. Elə olmasaydı, dünya ictimaiyyəti min bir bəhanə ilə müzakirələrdən qaçan Ermənistanı məcburən danışıqlar stoluna qaytarmazdı.
Bu qəbildən olan fakt, arqument və mülahizələrlə yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında növbəti dəfə tanış olduq. Doğrudur, bu tədbir, adından da göründüyü kimi, əsasən sosial və iqtisadi yönümlü məsələlərin müzakirəsi üçün təşkil edilir. Ancaq bu iclasda Prezident
İlham Əliyev xalqı ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda atılan addımlarla tanış etdi. Ölkədə aparılan çoxsaylı islahatlardan, sosial-iqtisadi istiqamətli layihələrin icrasından və qazanılan uğurlardan geniş söhbət açan Prezident öz nitqində siyasi proseslərə də xüsusi yer ayırdı.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyanın müxtəlif yerlərində risklər, təhlükələr artır, qanlı münaqişələr, qarşıdurmalar geniş vüsət alır. Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Prezident xüsusi olaraq vurğuladı ki, sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz və əmin olduğunu bildirdi ki, 2018-ci ildə də Azərbaycanda bu müsbət meyillər daha da güclənəcək. Çünki xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir və xalq-iqtidar birliyi bu gün də göz qabağındadır.
Təbii ki, bizim üçün siyasi əhəmiyyət daşıyan məsələlərdən biri də düşmən ölkənin təcavüzkar siyasəti nəticəsində öz ata-baba torpaqlarından qaçqın-köçkün düşmüş soydaşlarımızın ən əsas hüquqları olan yaşamaq, işləmək, təhsil almaq hüquqlarının qorunmasını təmin etməkdir. Azərbaycan dövləti bu məsələni daim diqqət mərkəzində saxlayır və 2017-ci ildə də həmin istiqamətdə kifayət qədər uğurlu addımlar atılıb.
Məsələn, dövlət başçımız Nazirlər Kabinetinin iclasında dedi ki, 2017-ci ildə 2300 məcburi köçkün ailəsi yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin edilibdir: “Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır. Köçkünlər o qəsəbəyə qayıdıblar, qayıdırlar və bu, tarixi, əlamətdar hadisədir. Azərbaycan dövləti Cocuq Mərcanlının timsalında bir daha göstərib ki, heç vaxt işğalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması onu göstərir ki, işğaldan azad ediləcək bütün ərazilərdə biz qısa müddət ərzində bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq”.
Həmin istiqamətdə atılan daha bir uğurlu addımı da yada salan Prezident xatırlatdı ki, 2017-ci ildə Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb. Bu da əlamətdar hadisədir: “Təkcə ona görə yox ki, böyük köçkün şəhərciyi yaradılıb. Ona görə ki, Şıxarx qəsəbəsi vaxtilə işğal altında olan ərazidir. Bu ərazi erməni işğalçılarından təmizlənmişdir, azad edilmişdir və o yerdə yeni böyük şəhərciyin salınması bir daha onu göstərir ki, Dağlıq Qarabağ bizim əzəli torpağımızdır. Bu, həmişə belə olub, bu gün belədir, sabah da belə olacaq və Dağlıq Qarabağ probleminin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Bunun heç bir başqa yolu yoxdur”.
Artıq dünyada hamı bilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qrabağ münaqişəsində bizim mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanan mövqedir və daha çox beynəlxalq dəstək qazanan mövqedir. Prezident xatırlatdı ki, bunu əks etdirən bir neçə önəmli hadisə olmuşdur: “ Onlardan biri Dağlıq Qarabağda separatist rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmamasıdır. Həm qonşu ölkələr, həm Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar “referendum”un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək getdikcə daha da artır”.
Xatırladaq ki, ötən ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Zirvə sammitində qəbul edilmiş Bəyannamədə də bu proqramın üzvü olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Aİ tərəfindən birmənalı şəkildə dəstəklənmişdir. Təbii ki, bu, işğalçı Ermənistana növbəti zərbə olmuşdur. “Bu, ədalətin təzahürüdür və eyni zamanda, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, ümumiyyətlə dünyada gedən proseslərlə bağlı daha müsbət yanaşma ortaya qoyurlar”, – deyən Prezident əlavə etdi ki, hazırda Avropanın özü separatizmdən əziyyət çəkir. Biz isə aqressiv separatizmlə üzləşmişik.
Bu gün dünyanın hər yerində, hamıya məlum olduğu kimi, bizə qarşı soyqırımı törədilmişdir. Bizim vətəndaşlarımız öz doğma torpaqlarından silah gücünə çıxarılmışdır: “Əlbəttə, dünyada, o cümlədən Avropada separatizmin baş qaldırması beynəlxalq ictimaiyyətə bir siqnaldır ki, yalnız vahid yanaşma tətbiq olunmalıdır. Biz həmişə bunu demişik. Mən dəfələrlə bunu deyirəm ki, bütün münaqişələrə, bütün separatizm təzahürlərinə vahid yanaşma tətbiq olunmalıdır, ikili standartlara yer olmamalıdır, bundan əl çəkilməlidir. Biz bunu artıq görürük. Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bu, önəmli hadisələrdir. Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir”.
Məhz həmin əsas məsələnin uğurlu şəkildə həll edilməsi üçün ilk növbədə Azərbaycan Ordusunun maddi-texniki bazası möhkəmləndirilməli, Silahlı Qüvvələrimizin döyüş hazırlığı, hərbi peşəkarlığı daha da artırılmalıdır. Bütün bunları əsas götürən dövlətimiz həmin istiqamətdə kifayət qədər uğurlu addım atmışdır.Prezident Nazirlər Kabinetinin iclasında bu məsələləri belə xarakterizə etdi: “Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir. Təmirə ehtiyacı olan hərbi hissələrin təmir işləri növbəti illərdə yekunlaşmalıdır. Nə qədər lazımdırsa, vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq, biz öz hesabımıza yaşayırıq, o cümlədən hərbi gücümüzü öz hesabımıza artırırıq. Ermənistandan fərqli olaraq heç kimdən dilənmirik, heç kimə yalvarmırıq, kredit üçün müraciət etmirik. Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir”.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.