2017-ci il Azərbaycan tarixinə çoxsaylı əlamətdar hadisələrlə yazıldı

 

 

 

 

 

 

 

 

 

 

 


 

İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanda sabitlik təmin edildi. Sabitliyin mənbəyi xalq-iqtidar birliyidir. Dünyada gedən xoşagəlməz proseslər, qanlı toqquşmalar, müharibələr, münaqişələr göstərir ki, sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Azərbaycan xalqı 2017-ci ildə sabitlik şəraitində yaşamışdır.

Prezident İlham Əliyevin
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikindən

31 dekabr 2017-ci il


Bütün xalqlarda belədir. Ötən hər il ibrət, örnək, dərs və ya nümunə kimi yadda qalır. Xalqlardan biri uğur və nailiyyətləri ilə fəxr edərək, yeni zirvələr fəth etmək üçün yollar axtarırsa, başqa biri geridə qalan ildə buraxılmış səhvlərin təkrarlanmaması üçün variantlar düşünür. Tanrının bizə bəxş etdiyi xoşbəxtlikdir ki, xalqımız yeni əsrin istənilən ilini uğur, nailiyyət və tərəqqi dolu inkişafla başa vurur. Bu baxımdan 2017-ci ilin bəxtinə daha çox yaddaqalan hadisələr düşdü. Qətiyyətlə deyə bilərik ki, həmin hadisələrin hər biri xalqımız və dövlətimiz üçün tarix dərsliklərinə düşəcək qədər dəyərli, əhəmiyyətlidir.

 

anvar: Doğma yurdlarımıza böyük Qayıdışın üvertürası – Cocuq Mərcanlı

 

Prezident İlham Əliyevin gündəlik fəaliyyətinin böyük bir hissəsini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi və ata-baba yurdlarından qaçqın-köçkün düşmüş soydaşlarımızın öz doğma torpaqlarına qayıtması istiqamətində həyata keçirilən tədbirlər təşkil edir. Dövlət başçımızın yanvarın 24-də imzaladığı “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı da həmin addımlardan biri idi. Məlum olduğu kimi, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı ilə torpaqlarımızın xeyli hissəsinin azad edilməsi və strateji əhəmiyyətli yüksəkliklərin düşməndən geri alınması nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır.

Bütün bunları əsas götürən dövlət başçımız sərəncam verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 (dörd) milyon manat ayrılsın.

 

Fevral: Birinci vitse-prezident institutunun təsis edilməsi zamanın tələbi idi

 

Həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev ölkədə idarəetmə prinsip və mexanizmlərinin təkmilləşdirilməsi məsələsini daim diqqət mərkəzində saxlayıblar. Bu zaman dünya təcrübəsini və milli-mənəvi dəyərlərimizi əsas götürən Prezident İlham Əliyevin bütün addımları həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük maraq və hörmətlə qarşılanır. 2016-cı il sentyabrın 26-da Konstitusiyaya bəzi dəyişiklik və əlavələr edilməsi məqsədilə keçirilən referendumla Birinci vitse-prezident institutunun təsis edilməsi də həmin təkmilləşdirmə tədbirlərindən irəli gəlirdi.

Fevralın 21-də ölkədə aparılan struktur islahatları çərçivəsində Birinci vitse - prezident vəzifəsinə 2004-cü ildən – Heydər Əliyev Fondunun yarandığı gündən bəri Azərbaycan cəmiyyətinin bütün zümrələrini əhatə edən çoxşaxəli fəaliyyəti ilə seçilən Mehriban xanım Əliyevanın təyin edilməsi haqqında sərəncam da hamı tərəfindən dəstəkləndi və alqışlandı. Yeri gəlmişkən, həmin gün Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilmiş, iclasda Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanı təqdim etmişdir.

 

May: IV İslam Həmrəyliyi Oyunlarının ev sahibi olduq

 

 Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. 2017-ci il də həmin sahədə çox böyük uğurlarımızla yadda qaldı. Ən böyük idman uğurumuz isə mayın 12-dən 22-dək ölkəmizdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi oldu . İdmanın 24 növü üzrə yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıblar. Azərbaycan milli komandası 75 qızıl, 50 gümüş və 37 bürünc medalla (162 medal) Oyunların qalibi olub. Türkiyə ikinci , İran üçüncü , Özbəkistan dördüncü , Bəhreyn beşinci yerdə qərarlaşıb.

Rəsmi məlumatlarda qeyd edilirdi ki, “Bakı-2017”-yə islamiadalar tarixində rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə qatılıb. Oyunları 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçı izləyib.

 

May: Xəzərdə ən müasir texnologiya–Heydər Əliyev adına yarımdalma qazma qurğusu

 

Azərbaycan dövləti Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün ən yeni texnologiyaların tətbiqini ildən-ilə sürətləndirir. 2017-ci il mayın 18-də həmin istiqamətdə atılan addımımız xeyli müddət dünya mətbuatının diqqət mərkəzində oldu. Qeyd edilirdi ki, həmin gün Heydər Əliyev adına yarımdalma qazma qurğusu istifadəyə verilib. Bu, Xəzər dənizində analoqu olmayan 6-cı nəsil qazma qurğusudur.

Dünyada öz texnoloji keyfiyyətləri və qazma xüsusiyyətlərinə görə unikallığı ilə fərqlənən bu qurğu qazma əməliyyatları üçün ən müasir avadanlıqla, o cümlədən böyük həcmdə avtomatik idarəetmə sistemi ilə təchiz edilib. Ümumi uzunluğu 106,5, eni 69,5, hündürlüyü isə 130 metr olan qurğunun ümumi çəkisi 26 min tondur. Dənizdə suyun 1000 metr dərinliyə qədər hissələrində qazma əməliyyatları həyata keçirə bilən qurğu ilə 12,2 min metr dərinliyində quyu qazmaq mümkündür. Qurğunun müasir avadanlığı qazma işinin indikindən 4 dəfə daha sürətlə aparılmasını təmin edir. Tədbirdə qeyd edilmişdi ki, Heydər Əliyev adına yarımdalma qazma qurğusu dünyada 1400 atmosfer sistemi texnologiyasına sahib olan ilk və yeganə qurğudur. Onun yükgötürmə qabiliyyəti 5600, su tutumu isə 47500 tondur. Qurğuda 160 nəfər işçi heyəti çalışa bilər.

 

May: xaricdə ilk Azərbaycan ticarət evi açıldı

 

Qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsini daim diqqətdə saxlayan dövlət başçımız ixracyönümlü məhsul istehsalını və həmin məhsulların xarici ölkələrdə təbliğini bir vəzifə olaraq qarşıya qoymuşdur. Prezident bu məqsədlə xarici ölkələrdə Azərbaycan ticarət evlərinin açılmasının daha uğurlu addım olduğunu söyləyir. Həmin təşəbbüsün reallaşdırılması məsələsi də 2017-ci ilin bəxtinə düşdü. Ötən il mayın 26-da ölkəmizin hərtərəfli əməkdaşlıq etdiyi dövlətlərdən birində – Belarusun paytaxtında Azərbaycanın xarici ölkədə ilk ticarət evi açıldı . Ticarət evində daimi fəaliyyət göstərən sərgidə 25-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar (şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və s.) nümayiş olunur. Azərbaycan xarici ticarət əməliyyatlarının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi məqsədilə əsas tərəfdaş ölkələrdə ticarət evləri yaratmağı davam etdirir. Belə ticarət evlərinin Rusiyada, Ukraynada, Gürcüstanda və Latviyada açılması gözlənilir.

 

İyun: Prezident Cocuq Mərcanlıda

 

Dövlət başçımızın yanvarın 24-də imzaladığı sərəncamın icrası nəticəsində Cocuq Mərcanlı kəndi bərpa edildi və iyun ayının 14-də Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı qəsəbəsində görülən işlərlə tanış oldu. Sərəncama əsasən kənddə birinci mərhələdə 50 yaşayış evi, məktəb, Şuşadakı məscidin bənzəri tikilib, müvafiq infrastruktur yaradılıb. Dövlət başçısının həmin səfərindən sonra ölkəmizdə fəaliyyət göstərən əcnəbi diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və çoxsaylı mətbuat təmsilçiləri Cocuq Mərcanlı həqiqətlərini bütün dünyaya çatdırdılar.

 

Sentyabr: “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı

 

Sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş saziş imzalanıb. Yəni “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.

Xatırladaq ki, “Əsrin müqaviləsi” çərçivəsində ötən 23 il ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilib. Bu yataqda hələ təxminən 500 milyon ton neft ehtiyatı var.

 

Sentyabr: Neftçalada Azərbaycan istehsalı olan avtomobillər buraxılacaq

 

Sentyabrın 24-də Neftçalada Sənaye Məhəlləsi açılıb. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. Sənaye məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb. Məhəllədəki ən böyük müəssisələrdən biri “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodudur. Azərbaycan-İran birgə müəssisəsinin illik istehsal gücü 10 min avtomobildir. Zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək. İldə 2 min avtomobilin ixracı planlaşdırılır.

 

Oktyabr: Prezidentlər Bakı-Tbilisi-Qars dəmir yolu ilə gedən qatarda

 

Ötən il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair saziş 2007-ci il fevralın 7-də Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib.

Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycan ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Proqnozlara görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk illərdə 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq. Bu dəmir yolu ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Belə ki, bu dəmir yolu xətti ilə Çindən birbaşa Londona yüklərin daşınması təmin edilir.

 

Noyabr: 2 milyardıncı ton Azərbaycan nefti

 

Ötən il noyabrın 8-də Azərbaycan neftçiləri, xalqımız və dövlətimiz daha bir əlamətdar günü bayram  etdi. Həmin gün dünya ictimaiyyətinə məlum oldu ki, Azərbaycanda iki milyard ton neft hasil olunub. Bütövlükdə, çıxarılmış 2 milyard ton neftin təxminən 700 milyon tonu müstəqillik dövründə, həmçinin 460 milyon tonu konsorsium tərəfindən hasil edilib. Dövlət başçımızın da iştirak etdiyi əlamətdar tədbirdə qeyd edildi ki,  Azərbaycan neftinin milyardıncı tonu 1971-ci il martın 28-də – ulu öndər Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə çıxarılmışdı. Neftin ilk milyard tonunun hasilatı təxminən 100 ilə başa gəlmişdi. İkinci milyard tonu çıxarmağa isə bundan iki dəfə az - 46 il vaxt sərf olunub.

 

Dekabr: Asiyanın qəlbi Bakıda döyündü

 

İlin son ayının ilk günü Bakı “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci Nazirlər Konfransına ev sahibliyi etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi  konfransda vurğulandı ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi”nin təməli çoxtərəfli əməkdaşlıq və dialoq formatı kimi Türkiyənin təşəbbüsü ilə 2011-ci il noyabrın 2-də İstanbul şəhərində keçirilmiş nazirlər konfransında qoyulub. Prosesin əsas məqsədi mərkəzində Əfqanıstan yerləşən böyük bir regionda sülh, sabitlik və inkişafın təmin edilməsinə töhfə verməkdir. Prosesə Azərbaycan da daxil olmaqla, 14 dövlət tamhüquqlu üzv, 17 dövlət və 12 beynəlxalq təşkilat isə dəstəkçi qismində qoşulub. Daimi həmsədri Əfqanıstan olan bu platformaya beynəlxalq nüfuzu, güclü siyasi iradəsi nəzərə alınmaqla, Azərbaycan 2012-ci ildə bu prosesə dəvət edilib.

 

Dekabr: Prezident Azərbaycan idmançılarının uğurlarını alqışladı

 

Dekabrın 18-də Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə  Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və Birinci vitse-prezident , Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban xanım Əliyeva iştirak ediblər. Prezident İlham Əliyev  çıxışında deyib: “ Bu il Azərbaycan idmançıları xalqımızı böyük qələbələrlə sevindirmişlər. Azərbaycanda idmanın inkişafı çox sürətlə gedir. Hər il idmançılarımız müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər, medallar qazanırlar. Bu il də medalların sayı kifayət qədər çoxdur. Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanmışlar ki, onlardan 347-si qızıl medaldır. Keçən illə müqayisədə medalların sayı daha çoxdur. Bu, onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanırlar.

Prezident İlham Əliyev dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edərkən, soydaşlarımızı əmin etdi ki, 2017-ci ilin uğurları nə qədər   olsa da, gələn ilin uğurları bundan daha çox olacaqdır. Elə xalqımız da buna əmindir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında