Tolerantlığın Azərbaycan nümunəsi

Bu gün Azərbaycanda bütün xalqların, toplumların ürəyi eyni ritmdə vurur, fərqli dil və din mənsubları ortaq məxrəcə gələ bilirlər. Azsaylı xalqların hüquqları qorunur və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün əlverişli şərait yaradılır. Ona görə də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai fikrinin formalaşmasında, eləcə də ölkəmizin ərazi bütövlüyünün qorunmasında qeyri-azərbaycanlılar da örnək ola biləcək vətənpərvərlik nümayiş etdirirlər.

Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür. Onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil. Çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrinə malik Azərbaycan xalqı bu fenomeni öz həyat tərzinə çevirməyi bacarıb.

Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla sıx bağlıdır. Başqa sözlə o, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Belə cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur. Bu isə insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə sıx əlaqədardır.

Azərbaycanın tolerant dövlət kimi formalaşması, multikultural dəyərlərə böyük önəm verməsi və mövcud sahədə apardığı uğurlu siyasət artıq dünya birliyi tərəfindən uğurlu bir nümunə kimi təsdiqlənib. Bu baxımdan qlobal səviyyədə baş verən antisemitizm, dözümsüzlük hallarının aradan qaldırılmasına Azərbaycan modeli uğurla tətbiq edilə bilər.

Xalqımızın fərqləndirdiyi əsas məqamlardan biri də multikultural dəyərlərin yüksək səviyyədə olmasıdır. Belə ki, Azərbaycanda əsrlər boyu bütün dinlərə, mədəniyyətlərə hörmətlə yanaşılıb. Müasir Azərbaycanın banisi ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində ölkəmizdə formalaşan multikultural dəyərlər yeni inkişaf mərhələsinə qədəm qoyaraq geniş vüsət alıb.

Azərbaycanda kultural mədəniyyətin müasir tələblər səviyyəsində inkişafının, ölkədə sabitliyin və tərəqqinin əsas amil olduğunu nəzərə alan ümummilli liderimiz multikulturalizmin siyasi və hüquqi müstəvidə yerini müəyyənləşdirib. Dahi öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçib və öz uzaqgörən, müdrik siyasətilə illərlə formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırıb.

Yeri gəlmişkən, burada bir məqamı da vurğulamaq istərdim. Azərbaycan çoxmillətli dövlət olduğu üçün respublikamızda hər bir milli qrupun rahat yaşaması və ölkənin inkişafı üçün güclü hakimiyyət və siyasi iradə tələb edilirdi. Məhz ümummilli lider Heydər Əliyevin siyasi müdrikliyi sayəsində hazırda Azərbaycanda bütün millətlər və din mənsubları rahat şəkildə yaşayır və öz adət-ənənələrinə, dinlərinə sadiqdirlər.

Ulu öndərimizin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa edib. Dahi şəxsiyyət ölkəmizin tərəqqisi üçün dəqiq ideoloji hədəf seçib və müdrik siyasətilə əsrlərlə formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırıb. Hazırda isə Azərbaycan dünyaya tolerantlıq nümunəsi ilə təqdim olunur. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi Azərbaycanın xarici imicini formalaşdırır və eyni zamanda, bir vizit kartı rolunu oynayır.

Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət sayəsində bu gün Azərbaycan yüksək mədəniyyətə malik olan tolerant dövlət kimi dünyada tanınır. Respublikamızın humanitar sahələrdə vaxtaşırı təşkil etdiyi beynəlxalq tədbirlər də buna sübutdur.

Azərbaycan multikulturalizmi yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də öz uğurlu nəticələri ilə insanlara sülh, əmin-amanlıq, qarşılıqlı hörmət bəxş etməyə yönəldilib. Müasir beynəlxalq münasibətlər sistemi çərçivəsində dünyanın hər bir nöqtəsində yaşayan insanların gələcək inkişafının konturlarının müəyyənləşdirilməsində, eləcə də bu istiqamətdə elmi nailiyyətlərin müzakirəsində “Bakı prosesi” beynəlxalq platforma olaraq mühüm əhəmiyyət kəsb etməkdədir. Azərbaycanın bu platformanın mərkəzinə çevrilməsində Bakı humanitar forumları, habelə son on ildə ölkədə keçirilən müxtəlif beynəlxalq konfrans və tədbirlər ölkə siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Respublika ərazisində mövcud olan bütün dillərin, dinlərin, mədəniyyətlərin, etnosların nümayəndələrinin bərabər imkanlar əsasında birgə yaşaması, elmin, təhsilin, qanunvericiliyin və insan kapitalının inkişafına yönələn gələcək rifahın müəyyənləşməsi, bu siyasətin Azərbaycanın digər dövlətlərlə münasibətlərinin formalaşmasında prinsipial məsələlərdən biri kimi qarşıya çıxması ölkəni tolerantlıq və multikulturalizmin təmin edildiyi model dövlət olması ilə yanaşı, bu dəyərlər ətrafında beynəlxalq diskursun keçirildiyi mərkəzə çevirib.

Prezident İlham Əliyev III Bakı Beynəlxalq Humanitar Forumunda etdiyi nitqində həmin tədbirin Azərbaycanda təşkilinin təbii hal olduğunu qeyd edərək bildirib: “Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dözümlülük, tolerantlıq məkanı olmuşdur. Bu gün müstəqil Azərbaycan öz siyasətini bu möhkəm təməl üzərində qurur”. Məhz elə bu səbəbə görə də XXI əsrin Azərbaycanı bu münasibətlər sistemini özündə cəmləşdirərək müasir dünyanın tolerantlıq simvollarından birinə və digər cəmiyyətlər üçün örnək modelinə çevrilib.

Dini tolerantlığın hökm sürdüyü Azərbaycan ərazisində üç səmavi dinin (yəhudilik, xristianlıq və islam) və eyni zamanda, müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşaması tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisidir. 2002-ci ilin 22-24 may tarixində Bakıda rəsmi səfərdə olmuş Vatikan Dövlətinin başçısı, dünya katoliklərinin dini rəhbəri olan Roma papası II İoan Pavel ölkəmizdəki tolerantlıq və dinlərə göstərilən diqqətə görə ulu öndər Heydər Əliyevə təşəkkürünü belə bildirmişdi: “Qoy üç böyük din tərəfindən izhar edilmiş bu məhəbbət şahidliyinə görə Allaha həmd olsun!”

Hazırda Azərbaycanda müsəlman icmaları ilə paralel şəkildə qeydə alınan 21 qeyri-müsəlman dini icmanın fəaliyyətini təmin edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Komitənin əsas vəzifəsi ölkədə müxtəlif din və konfessiyalara bərabər imkanlar və şərait yaratmaqdan ibarətdir. Fərəhləndirici haldır ki, çoxkonfessiyalılığın və çoxmədəniyyətliliyin bir dəyər sisteminə çevrildiyi və böyük əksəriyyətini müsəlmanların təşkil etdiyi on milyona yaxın vətəndaşı olan Azərbaycanda tarixi alban kilsə abidələri ilə yanaşı, pravoslav və katoliklərin 12 kilsəsi, yəhudilərin isə 6 sinaqoqu var. O cümlədən, Avropanın ən iri sinaqoqlarından biri 2003-cü ilin mart ayında məhz Bakı şəhərində açılıb. Bu isə bir daha Azərbaycanda dinlərin bərabər yaşaması üçün bütün imkanların yaradıldığından xəbər verir.

Azərbaycanın tarixi daim müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin vahid dəyərlər naminə birləşdiyinin şahidi olub. Bu dəyərlər azadlıq və firavanlıq, müasir tariximizdə isə müstəqillik və demokratik dəyərlərdən ibarətdir. Məhz dinlər arasında əmin-amanlığın təmin edilməsi, çoxmədəniyyətliliyin inkişafı ölkədə demokratik dəyərlərin tərəqqisinə yol açan əsas amillərdəndir. Cənab İlham Əliyevin məşhur “Multikulturalizmə alternativ yoxdur!” şüarı da müxtəlif mədəniyyətlərin bərabər imkanlara sahib olması ilə yanaşı, demokratik dəyərlərin inkişafının labüdlüyünü özündə birləşdirir.

Ümumiyyətlə, multikulturalizm və tolerantlıq tarixin, müxtəlif xalqların və etnosların mədəni irsinin öyrənilməsi və yeni inkişaf müstəvisinə yüksəldilməsidir. Milli mədəniyyətlərin qorunması onların dilinin, milli adət və ənənələrinin, başqa sözlə, milli ruhunun qorunması deməkdir. Bir coğrafiya daxilində yerləşmiş bütün xalqların milli ruhunun yaşadılması isə inkişaf, vahid milli dəyərlər sisteminin formalaşması, xalqların rifahı, həmçinin dövlətçiliyin möhkəmlənməsidir. Müasir Azərbaycanda qədim alban abidələri, müxtəlif xalqlara mənsub dini və tarixi abidələr, Xınalıq, Malakan, Lahıc, Buduq, Nij, Krasnaya Slaboda və s. kimi müxtəlif tarixi-coğrafi məkanlar dövlət səviyyəsində qorunmaqdadır. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasını öyrənən şöbə, Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası, etnik və milli azlıqların mədəniyyət mərkəzlərinin işini əlaqələndirən respublika şurası mövcuddur.

Beləliklə, müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan xalqların ədalətə çıxışı məhz ilk növbədə çoxmədəniyyətliliyin təmin edilməsindən asılıdır, çünki multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir. Multikulturalizm haqqında diskursun təşkil edilməsi isə dünyada ədalətə və sülhə çağırışdır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin tarixinin qədim olduğunu və yalnız dialoq və dözümlülük vasitəsilə insanları bir araya gətirə bilmək üçün buna səy göstərildiyini qeyd edib.

Multikulturalizmi bir dəyər sisteminə çevirən Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasətin nəticəsində bu gün müxtəlif mədəniyyətlərin təmsilçiləri respublikamızın siyasi, iqtisadi və mədəni elitasında təmsil olunur, ölkənin həyatında əsaslı dəyişikliklər və inkişaf prosesində yaxından iştirak edirlər. Yeni geosiyasi düzəm dönəmində slavyançılıq, avrasiyaçılıq, islam, türkçülük, Avropa dəyərləri və s. axınların kəsişməsində yerləşən çoxmillətli Azərbaycanın tolerant mühiti ölkədə multikulturalizm və dözümlülük dəyərlərinin fövqündə respublikamızı bütün dini və siyasi baxışlara sahib, müxtəlif mədəniyyətlərə mənsub xalqların vahid dialoq mərkəzinə çevirir.

Hazırda Azərbaycanın tutduğu prinsipial mövqe, dövlət başçısının qətiyyətli siyasəti, azərbaycançılıq ideologiyasının əmin-amanlıq, bərabər imkanlar, həmrəylik kimi dəyərlərə sadiq qalması respublikamızı sivilizasiyaların qarşılıqlı əməkdaşlığını təmin edən unikal bir dövlətə çevirib. Bu isə əminliklə qeyd etməyə əsas verir ki, müasir Azərbaycanda tolerantlıq və multikulturalizm ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının dəyərlər sisteminin tərkib hissəsidir.

Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının magistrantı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında