Ötən il Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənmiş, tərəfdaş ölkələrin sayı artmışdır

 

 

 

 

 

 

 

 

 

 

 


2017-ci il arxada qalır. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanda sabitlik təmin edildi. Sabitliyin mənbəyi “xalq-iqtidar” birliyidir. Dünyada gedən xoşagəlməz proseslər, qanlı toqquşmalar, müharibələr, münaqişələr göstərir ki, sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Azərbaycan xalqı 2017-ci ildə sabitlik şəraitində yaşamışdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Artıq 2018-ci ilin ilk günlərini yaşayırıq. Yola saldığımız il hələ bir müddət yaddaşlarda qalacaq. Çünki dünya maliyyə və iqtisadi böhrandan, miqrant axınından, toqquşmalardan, qarşıdurmalardan, silahlı insidentlərdən, terror hadisələrindən xilas ola bilmədiyi bir vaxtda ölkəmizdə sabitlik, əmin-amanlıq davam etmiş, əhalinin həyat səviyyəsi yüksəlmiş, əmək haqları, pensiyalar, sosial müavinətlər artırılmış, işğalçı Ermənistan ordusu tərəfindən doğma torpaqlarından didərgin salınmış soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Ötən il də bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmış və Azərbaycan dünyada özünü ləyaqətli və etibarlı tərəfdaş kimi tanıtmışdır.

Ölkə başçısı tərəfindən düşünülmüş şəkildə müəyyənləşdirilmiş daxili və xarici siyasət qeyri-neft sektorunun inkişafında əsaslı dönüş yaratmışdır. Strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına xüsusi diqqət və qayğı göstərilməsi “Made in Azerbaijan” brendinin dünya bazarlarında özünə müştəri cəlb etməsinə əlverişli şərait yaratmışdır. Ötən il qonşu ölkələrlə əlaqələrimiz daha yüksək pilləyə qalxmışdır. Belə əməkdaşlıq və ikitərəfli əlaqələr hər bir ölkə, o cümlədən respublikamız üçün böyük əhəmiyyət daşıyır. Qarşıya qoyulan vəzifələrdən biri də, həmişə olduğu kimi, qonşu dövlətlərlə qarşılıqlı hörmət əsasında dostluq əlaqələrimizi davam etdirmək olmuşdur. Bu da regional sabitliyə müsbət təsirini bir daha göstərmişdir.

Yola saldığımız ildə Prezident İlham Əliyevin 20-dən çox xarici səfər etməsi, o cümlədən dünya ölkələrinin başçılarının, dövlət və hökumət nümayəndələrinin Azərbaycana rəsmi səfərləri çərçivəsində respublikamızın milli maraqlarının önə çəkilməsi, sülhməramlı mövqeyimizin nümayişi əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynamışdır. Həyata keçirilən uğurlu xarici siyasət nəticəsində xarici tərəfdaşlarla əməkdaşlığımızın genişləndirilməsi bir daha göstərir ki, Azərbaycanın dünya miqyasında reytinqi durmadan artır. Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən xarici siyasət prioritetləri respublikamızın müvafiq qanunları əsasında, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq davam etdirilmişdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bu günə qədər xarici siyasətimizin əsas prioritetini Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli təşkil etmişdir. Bu istiqamətdə davam etdirilən uğurlu siyasi kurs nəticəsində dövlət başçımızın mövqeyi artıq beynəlxalq birlik tərəfindən də müdafiə olunur. Bu, 2017-ci ildə də özünü büruzə vermiş, mövqelərimizi daha da möhkəmləndirmişdir. Bunu Dağlıq Qarabağda  separatçı rejim tərəfindən keçirilmiş qondarma “referendum”un dünya ictimaiyyəti tərəfindən qəbul edilməməsi də təsdiqlədi. Məlum oduğu kimi, dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü də bu qondarma “referendum”u tanımadı. Bu fakt bir daha təsdiqləyir ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində də bu məsələ xüsusi vurğulanmışdır: “Bütün dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu da təbiidir. Çünki Dağlıq Qarabağ bizim əzəli tarixi torpaqlarımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Sadəcə olaraq, mənfur qonşular tərəfindən bizim tarixi, dini abidələrimiz məhv edilibdir və uzun illərdir ki, bu torpaqlar işğal altındadır”.

Dövlətimizin başçısı bir daha bəyan etmişdir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq: “Aprel məğlubiyyətindən sonra Ermənistan hələ də özünə gələ bilməyib. Hesab edirəm, bu məğlubiyyət onlar üçün yaxşı dərs olmalıdır, bir daha bütün dünyaya göstərməlidir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Aprel qələbəmizdən sonra Ağdərə, Cəbrayıl, Füzuli rayonlarında vaxtilə işğal altında olmuş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız bu gün hələ də işğal altında olan bütün torpaqlarda, o cümlədən Şuşada dalğalanacaqdır. Bunu deməyə əsas verən Azərbaycan xalqının əyilməz iradəsidir, Azərbaycan rəhbərliyinin siyasətidir”.

Azərbaycan tərəfi müharibə tərəfdarı deyil və münaqişənin danışıqlar vasitəsilə həllini istəyir. Biz danışıqların intensiv, substantiv və konkret əsasda aparılmasını dəstəkləyirik. Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə həmsədrlərin mandatını təşkil edən beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı əsasında münaqişənin tezliklə həll edilməsi və həmsədr ölkələrin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan edilmiş qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi üçün bütün imkanlardan istifadə etmiş və bundan sonra da bu istiqamətdə səylərini davam etdirəcək.

Ötən il də həyata keçirilən uğurlu xarici siyasət, əsasən, milli maraqlarımızın, dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına, ölkəmizə xaricdən olan təhdidlərin qarşısının alınmasına, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə istiqamətlənmişdir. Beynəlxalq sülhə və təhlükəsizliyə, terrorizmə qarşı mübarizədə fəallıq göstərmiş, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoqla əlaqədar keçirilən tədbirlərə həmişəki kimi, yenə də ev sahibliyi etmişdir. Azərbaycanda, humanitar və mədəni diplomatiya kursunun uğurlu davamı xarici siyasətin prioritetini təşkil etmişdir. Ölkəmiz sülhməramlı mövqeyinə uyğun olaraq regionda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təşviq edilməsi, dünya dövlətləri ilə qarşılıqlı faydalı ikitərəfli dostluq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ənənəsinə sadiqliyini ötən il də nümayiş etdirmişdir.

İl ərzində keçirilən beynəlxalq tədbirlərdə Ermənistanın Azərbaycan ərazilərini güc tətbiq edərək işğalının, bunun ağır sosial-humanitar nəticələrinin, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni əməllərin, terror və təxribatların həyata keçirilməsinin gündəliyə salınması dövlət başçımızın həyata keçirdiyi xarici siyasətin uğurları kimi dəyərləndirilməlidir. Bunu faktlar da təsdiqləyir.

2017-ci ilin martında Prezident İlham Əliyevin iştirakı ilə İqtisadi Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilmiş 13-cü Zirvə toplantısında qəbul olunmuş bəyanatda regionda həll edilməmiş münaqişələr, xüsusilə Ermənistan–Azərbaycan münaqişəsinin mövcud olmasının iqtisadi inkişaf və regionun potensialının tam şəkildə istifadəsinə, əməkdaşlığa ciddi şəkildə maneə olmasına münasibətdə narahatlığın ifadə olunması, həmçinin bu kimi münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tezliklə həlli üçün səylərin artırılmasının vacibliyi qeyd edilib. Həmin ayın sonunda keçirilmiş Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM üzv ölkələri baş nazirlərinin görüşündə qəbul olunmuş Birgə Bəyanatda gücdən istifadə etmə yolu ilə bir ölkə tərəfindən digər ölkənin ərazisinin işğal edilməsinin qətiyyətlə pislənilməsi, Kot-Divuar Respublikasının Abidcan şəhərində iyul ayına keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 44-cü sessiyasında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Xocalı qətliamının qurbanları ilə həmrəylik”, “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adlı qətnamələrin qəbul edilməsi, BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyinə GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün təsirləri adlı bənd daxil edilməsi, noyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə Avropa İttifaqının Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin yekun Birgə Bəyannaməsində Azərbaycan da daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəklənməsinə dair Avropa İttifaqınin öhdəliyi, həmçinin Şərq Tərəfdaşlığı regionundakı münaqişələrin həllində beynəlxalq hüququn prinsiplərinə əsaslanan vahid mövqeyinin əks olunması ötən il yadda qalan hadisələrdən olmuşdur.

Bunlarla yanaşı, bir sıra mötəbər beynəlxalq təşkilatların keçirdikləri tədbirlərdə də  ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi dəstəklənmişdir.

2017-ci il dekabrın 12-də İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Çıraqov və başqaları Ermənistana qarşı işi üzrə Ermənistan hökumətini münaqişə zamanı vurulan maddi və mənəvi ziyana görə sözügedən məhkəmə işinin hər bir iddiaçısına müvafiq maddi təzminatın ödəməsinə dair yekdil qərar qəbul etməsi də qeyd olunmalıdır. Çünki bu qərarla Azərbaycana qarşı təcavüz törətmiş tərəf kimi məsuliyyət daşıyan tərəfin məhz Ermənistan olduğu bir daha təsbit olunub.

Yola saldığımız ildə Azərbaycan qonşu dövlətlərlə mehriban qonşuluq və dostluq əlaqələrini daha da inkişaf etdirmiş, birgə layihələrin həyata keçirilməsi istiqamətində qətiyyətli addımlar atılmışdır. Qonşu dövlətlərlə əlaqələr xalqların rifahı, regionda sabitlik, təhlükəsizlik və sıx əməkdaşlığın təmin olunması naminə strateji əsasda inkişaf etdirilmişdir.Təbii ki, işğalçılıq siyasətindən əl çəkmədiyinə görə Ermənistan bütün layihələrdən kənarda qalmışdır. Bu da işğalçı ölkənin iqtisadi inkişafına ciddi zərbə vurmuşdur.

2017-ci il qardaş Türkiyə, Rusiya Federasiyası, İran İslam Respublikası və Gürcüstanla ikitərəfli əlaqələrin, ölkələrin liderləri səviyyəsində səmimi dostluq şəraitində keçirilən görüşlərin, beynəlxalq səviyyədə qarşılıqlı dəstək qonşuluq münasibətlərinin daha da inkişafında mühüm rol oynayıb. Ötən il həm də növbəti uğurlu transregional layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması, dövlət başçılarının iştirakı ilə Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının keçirilməsi ilə əlamətdar olub.

Ortaq tarix, etnik köklər, mədəni və dini dəyərlər əsasında Azərbaycan dost Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Ümumi tarixi keçmişi bölüşdüyümüz MDB ölkələri ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılan zəruri sahələrdən olub.

Yola saldığımız ildə yadda qalan tarixi hadisələrdən biri də Cocuq Mərcanlı kəndinin uzun fasilədən sonra həyata qaytarılması oldu. Bir vaxtlar çox az tanınan Cocuq Mərcanlını indi dünya tanıyır. Bu kənddə həyatın qaynaması Azərbaycan üçün necə böyük qürurverici bir hadisədirsə, işğalçı Ermənistan üçün bir o qədər kədərli, qüssəlidir. Çünki Cocuq Mərcanlı müstəqillik tariximizdə Böyük qayıdışın başlanğıcı kimi qalacaq. Dövlətimizin başçısı da Cocuq Mərcanlının inkişafını bizim əyilməz ruhumuzun rəmzi olduğunu bildirmişdir: “Uzun illər o kəndin sakinləri başqa yerlərdə yaşamışlar. Ancaq Azərbaycan dövləti orada qəsəbə salandan sonra onlar öz doğma torpağına qayıtmışlar. Cocuq Mərcanlının bərpası bizim qürur mənbəyimizdir. Bu gün orada 150 evdən ibarət gözəl qəsəbə salınıb, məktəb, tibb məntəqəsi, uşaq bağçası və Şuşa məscidinin – vəhşi qonşular tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib”.

Qeyd etdiyimiz kimi, 2017-ci il ikitərəfli əməkdaşlıq əsnasında Azərbaycan Prezidenti İlham Əliyevin xarici dövlətlərə dövlət, rəsmi və işgüzar səfərləri, habelə xarici ölkələrin dövlət başçılarının respublikamıza müvafiq səviyyəli səfərləri ilə zəngin olmuşdur. Bu səfərlər nəticəsində coxlu sayda ikitərəfli beynəlxalq sənədlərin imzalanması təmin edilmişdir. Həmin sənədlər siyasi, iqtisadi, sosial, humanitar, mədəni və digər sahələri əhatə etmişdir. Həmçinin, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına dair mühüm müddəaların da əks olunması təmin edilmişdir.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən düşünülmüş şəkildə həyata keçirilən xarici siyasət kursu ötən il də uğurlu olmuş, ölkəmizin dünya birliyindəki mövqeyinin daha da möhkəmləndirilməsində və əlaqələrinin genişləndirilməsində böyük rol oynamışdır.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında