Multikulturalizmin Azərbaycan modeli

Ölkəmiz üçün bu amil həm daxili sabitlik, həm inkişaf, həm də geosiyasi mövqeyinin güclənməsi deməkdir

Azərbaycan müasir dövrdə multikulturalizmin dövlət siyasəti olduğu nadir olkələrdəndir. Azərbaycançılıq məfkurəsini irəli sürən dahi lider Heydər Əliyev çox mürəkkəb dönəmdə Azərbaycanda ümumxalq birliyinə, xalqın vahid ideya ətrafında bir yumruq kimi birləşməsinə nail olmuşdu. Xalqın Heydər Əliyev şəxsiyyətinə sevgisi və bağlılığı ümumxalq birliyini təmin edən əsas şərt idi. Ulu öndər xalqın ona olan etimad və sevgisini dövlətçiliyin bərqərar olması, azərbaycançılıq ideyalarının möhkəmlənməsi, Azərbaycanın maraqlarının hər bir fərdi maraqdan üstün olduğunun təlqin edilməsi üçün sərf etdi. Ölkəmizdə tarix boyu mövcüd olmuş tolerantlıq və multikulturalizm dəyərləri məhz ulu öndər Heydər Əliyevin sayəsində daha da inkişaf etdirilərək, xalqın mənafeyinə xidmət edəcək ideyaya çevrildi. Heydər Əliyevin irəli sürdüyü “Azərbaycançılıq məfkurəsi” ölkədə ayrı-ayrı mədəniyyətləri birləşdirən vahid çətir rolunu oynayırdı.

Prezident İlham Əliyev tərəfindən rəsmi dövlət siyasəti səviyyəsinə qaldırılan multikulturalizm siyasəti, əslində, Heydər Əliyevin təməlini qoyduğu və xalqımızın firavan yaşayışına hesablanmış azərbaycançılıq məfkurəsinin məntiqi davamı idi. Təsadüfi deyil ki, ölkə rəhbəri öz çıxışlarında tez-tez bu məsələyə toxunmuş və Azərbaycanın bölgədə multikulturalizm dəyərlərinin üstünlük təşkil etməsinin tərəfdarı olduğunu vurğulamışdır.

Multikulturalizm dedikdə, çoxmədəniyyətlik və ya müxtəlif mədəniyyətlərin bir arada mövcud olduğu cəmiyyət başa düşülür. Bu, eyni bir ölkədə yaşayan müxtəlif mədəniyyət daşıyıcılarının hüquqlarının bərabərliyi deməkdir. Burada əsas məqsəd insanların azad və sərbəst yaşamalarının təmin edilməsi üçün ayrı-seçkiliyi aradan qaldırmaq və milli əksəriyyətlərlə müxtəlif növ azlıqların bərabərliyinə nail olmaqdır.

Xatırladaq ki, multikulturalizm dövlət siyasəti kimi ilk dəfə keçən əsrin 70-ci illərində əhalisinin etnik tərkibi müxtəlif olan Kanadada tətbiq olunmağa başlayıb. Kanada əhalisinin böyük əksəriyyətini təşkil edən ingilislər və fransızlardan heç birinə üstünlük verməməklə, ümumiyyətlə cəmiyyətdaxili mədəni münasibətlərə qarışmadı və “Kanada dövlətçiliyi”adlanan vahid çətir altında sosial qruplara öz mədəni seçimlərində azadlıq verdi. Sonradan ABŞ-da və Avropanın bir çox ölkələrində də, multikulturalizm ideyaları populyarlaşdı və dövlətlər bu siyasətin tərəfdarı kimi çıxış etməyə başladılar. Lakin son illərdə Böyük Britaniya, Almaniya və Fransa kimi dövlətlərdə multikulturalizm siyasəti uğursuzluğa düçar olmuşdur.

Beləliklə, yalnız Qərb dəyərləri üzərində qurulan və digər mədəniyyət daşıyıcılarının fərqli dəyərlərini qəbul etməyən Qərbsayağı multikulturalizm dünyada universal model kimi təqdim olunmağa çalışılsa da, qlobal arenada özünü doğrultmur. Lakin Qərb təcrübəsinin uğursuzluğu multikulturalizmin iflasa uğraması demək deyil. Məhz Azərbaycan nümunəsi bunun tam əksini göstərən modeldir. Multikulturalizmin Azərbaycan modeli sübut edir ki, fərqli sivilizasiyaların birgə yaşamasının və qarşılıqlı zənginləşməsinin gündəlik həyat tərzi kimi qəbul edilməsi bəşəriyyətin qurtuluş yoludur. Belə ki, fərqli mədəniyyət və din daşıyıcılarını öz cəmiyyətinə assimilyasiya etməyə çalışmaq yox, bunu bir yaşayış tərzi kimi qəbul etmək lazımdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar."

Azərbaycan üçün multikulturalizmin əhəmiyyəti həm daxili sabitlik və inkişaf, həm də geosiyasi vəziyyəti nəzərə almaqla xarici əlaqələrdə mühüm əhəmiyyət daşıyır.

Ölkəmizdə aparılan multikulturalizm siyasəti milli, ideoloji, ictimai təhlükəsizliyimizin əsas elementidir. Azərbaycanda Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə bu istiqamətdə aparılan işlər onu göstərir ki, ölkəmizdə radikal dini ideyaların yayılması və geniş kütlələr tərəfindən qəbul edilməsi mümkünsüzdür. Multikulturalizm siyasəti, əslində, mədəniyyətlərin təbii yolla inteqrasiyasına şərait yaradır. Bu siyasət dövləti ayrı-ayrı mədəniyyətlərarası ziddiyyətlərə qarışmaqdan və bununla sosial sabitliyi daha da pisləşdirmək riskindən qoruyur. Belə olan halda, dövlət gücünü daha çox iqtisadi inkişaf və sosial rifahın yüksəldilməsinə sərf edir.

Multikulturalizm həm də Azərbaycan Respublikasının uğurlu xarici siyasətinin mühüm amili kimi çıxış edir. Bu, özünü ilk növbədə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında göstərir. Bundan başqa, multikulturalizm Azərbaycanı kənar müdaxilə risklərinin yaranması baxımından da mühafizə edir və xarici qüvvələrin etnik və dini zəmində dövlətə təzyiq imkanlarını zəiflədir.

Bütün bunları nəzərə alaraq, əminliklə deyə bilərik ki, Azərbaycan bütün zamanlara örnək ola biləcək əsl multikulturalizm nümunəsidir. Müasir dünyanın milli-dini zəmində toqquşmalar, məzhəb savaşları, dövlətlərarası etimadsızlıq halları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycandakı milli həmrəylik və xalqlar arasındakı dostluq, həmçinin, dövlətimizin mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.

Kamran Məhərrəmov,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında