Azərbaycan – MDB münasibətləri xalqımızın maraqları çərçivəsində inkişaf etdirilir

 

 

 

 

 

 

 

 

 

 

 


Biz münasibətlərimizin səviyyəsindən, yüksək səviyyəsindən məmnunuq. Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Yəni bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın praktiki olaraq bütün sahələrini əhatə edir. Əlbəttə ki, vacib məsələlər – regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


Azərbaycan  öz dövlət müstəqilliyini bərpa etdikdən, xüsusən, ulu öndər Heydər Əliyevin ölkənin siyasi hakimiyyətinə qayıdışından sonra rəsmi Bakı işğalçı Ermənistan  istisna olmaqla, regionun və dünyanın bütün ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara uyğun olan əməkdaşlıq nümunəsi formalaşdırmışdır. Politoloq və tarixçilərin balanslaşdırıcı xarici siyasət kursu adlandırdığı həmin nümunə əsasında regionda marağı olan bütün ölkələr və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirik. Bu əməkdaşlıq çərçivəsində həyata keçirdiyimiz tədbirlərin arasında isə Rusiya Federasiyası və Müstəqil Dövlətlər Birliyi ilə münasibətlərin xüsusi yeri vardır.

Təsadüfi deyildir ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev dövri olaraq Rusiya rəhbərləri ilə görüşüb, məsləhətləşmələr aparıb və xalqlarımızın maraqlarına uyğun olan qərarları birlikdə qəbul ediblər. Dövlət başçılarının və hökumət rəsmilərinin qarşılıqlı səfərləri, cəmiyyət həyatının bütün sahələrini əhatə edən məsələlərin müştərək həll edilməsi üçün yüzlərlə rəsmi sənədin imzalanması bu münasibətlərin səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə regionda hərtərəfli inkişafa və əmin-amanlığa nail olmaq məqsədilə yaradılmış  üçtərəfli dialoq formatlarının hər ikisində Rusiya Federasiyası da iştirak edir. Əvvəlcə Azərbaycan,  İran İslam Respublikası və Rusiya Federasiyası, sonra isə Azərbaycan, Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası üçtərəfli formatları həyata vəsiqə qazanmışdır.  Prezident İlham Əliyevin bir neçə gün əvvəl --  dekabrın 26-da  Moskvada MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirakı da həmin tendensiyanın uğurla davam etdirilməsinin göstəricilərindəndir.

Rusiya FederasiyasınınPrezidenti Vladimir Putinin təbirincə desək,  Müstəqil Dövlətlər Birliyi  çərçivəsində il ərzində görülən işlərə yekun vurmaq, perspektivdə olan planlar haqqında danışmaq, regional və beynəlxalq əhəmiyyətli aktual məsələləri müzakirə etmək baxımından gözəl imkan olan bu görüşdə  Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edərək xatırlatdı ki,  bu il ərzində MDB məkanında inteqrasiya prosesləri üçün xeyli iş görülüb: “Əmtəə dövriyyəsinin artması da bizim iqtisadiyyatlarımızın təkcə bərpasının, iqtisadi vəziyyətin sabitləşməsinin deyil, həm də dost ticari-iqtisadi əlaqələrin gələcəkdə möhkəmləndirilməsinin zəruriliyinin göstəricisidir. Biznes həmişə baş verən proseslərə çox dəqiq reaksiya verir və qarşılıqlı investisiyalar, əmtəə dövriyyəsinin artması ölkələr arasında münasibətlərdən heç də az dərəcədə asılı deyil”.

MDB məkanında müşahidə etdiyimiz müsbət meyillərin , şübhəsiz, ticari-iqtisadi sahədə müşahidə etdiyimiz fəallığa təkan verdiyini yada salan Azərbaycan Prezidenti xüsusi olaraq vurğuıladı ki,  Rusiya MDB-də birləşdirici rol oynayır: “Rusiya xalqının qarşıdakı prezident seçkilərində düzgün seçim edəcəyi, fikrimcə, Azərbaycanda heç kəsdə şübhə doğurmur. Biz çox yaxşı bilirik ki, Rusiya–Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafı Sizin adınızla bağlıdır. Bu gün bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu münasibətləri hər iki tərəf belə səciyyələndirir və çox müsbət artım dinamikasına malikdir”.

Azərbaycan Prezidenti regionda və dünyada baş verən müsbət tendensiyaların səmərəsindən danışmaqla yanaşı,  mənfi tendensiyaların fəsadlarını da yada saldı: “Təəssüf ki, bir çox hallarda beynəlxalq hüququn normalarına riayət olunmur. Bəzən kobud şəkildə pozulur. Bununla da dünyanın nizamı pozulur. O dünya nizamı ki, İkinci Dünya müharibəsi qurtardıqdan sonra yaradılmışdı. Sizin beynəlxalq hüququn normalarına şəxsi sədaqətiniz beynəlxalq hüququn normalarının pozulmasından zərər çəkən bütün ölkələrə ədalətin bərpa olunacağına böyük ümid verir”. Xatırladaq ki, beynəlxalq hüququn normalarının pozulmasından zərər çəkən ölkələrdən biri Azərbaycan, həmin hüquqları kobud şəkildə pozan ölkə isə işğalçı Ermənistandır.

Azərbaycan – Müstəqil Dövlətlər Birliyi əməkdaşlığına gəlincə isə qeyd edək ki,   1991-ci il dekabrın 8-də təsis edilsə də, Azərbaycan oraya  1993-cü ilin sentyabrında – yəni, ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri olaraq, Azərbaycan Prezidentinin səlahiyyətlərini icra etdiyi dövrdə, MDB dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar əsasında qəbul olunmuşdur.

Bu qurum çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkiltaın ümdə məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Hazırda MDB-də 8-i nizamnamə, 69-u sahə əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir. Nizamnamə orqanlarına Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər nazirləri Şurası, İqtisadi Məhkəmə,  Parlamentlərarası Assambleya,   İcraiyyə Komitəsi, Müdafiə Nazirləri Şurası və Sərhəd Qoşunları Komandanları Şurası daxildir. Azərbaycan Prezidenti dekabrın 26-da məhz, Dövlət Başçıları Şurasının iclasında iştirak etmişdir.

Onu da xatırladaq ki, Azərbaycan Respublikası MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır.

Sonda Azərbaycan–Rusiya dostluq və tərəfdaşlıq əlaqələrinin müasir səviyyəsini göstərən bəzi məqamları yada salaq. Məsələn, Azərbaycan
 Prezidenti İlham Əliyev ötən il oktyabrın 19-da “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə demişdi: “Sizə bir misal çəkim: son 3 ildə Rusiya Prezidenti Azərbaycana 3 dəfə səfər edib. Bunun özü çox mətləbdən xəbər verir. Lakin onun bir səfəri xüsusilə mühümdür – 2015-ci ildəki səfər. Onun nə vaxt gəldiyini deyən kimi, siz başa düşəcəksiniz. Bu, iyunun 12-də olmuşdu. “Rusiya Günü” ilə bağlı tədbirlərdən sonra o, təyyarəyə minərək Bakıya gəldi və Avropa ölkələri liderlərinin əksəriyyətinin, bizdə olan məlumata görə, müvafiq təlimatlar alaraq, etinasızlıq göstərdiyi Avropa Oyunlarının açılışına özünü çatdırdı. Bu faktın özü, həm də “Rusiya Günü”ndə gəlməsi onun Azərbaycana və bizim Rusiyaya xüsusi münasibətimizdən xəbər verir”. Fikrimizcə, dövlət başçımızın bu arqumenti təkcə informasiya agentliyinin sualını cavablandırmaq baxımından deyil, eləcə də regiondakı münasibətlərin xarakterizə edilməsi baxımından və Azərbaycan–Rusiya dostluq,  tərəfdaşlıq münasibətlərinin qiymətləndirilməsi baxşmından  xüsusi  əhəmiyyət kəsb edirdi.

Dövlət başçımmızın dekabrın son günlərində Rusiya paytaxtına etdiyi səfəri Azərbaycan ictimaiyyəti üçün əlamətdar edən faktlardan biri də Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif etməsi idi. Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidentinə ordenin təqdim edilməsi  mərasimində  Moskvanın və bütün Rusiyanın patriarxı Kirill çıxış edərək demişdir: “Mən Sizə gördüyünüz işlərə görə səmimi qəlbdən təşəkkür etmək istərdim. Siz ölkənizin və xalqınızın həyatında çox mühüm rol oynayırsınız. Böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik bir insan kimi Siz Vətəninizdən uzaqlarda da bir çox işlər görürsünüz. Bu gün Sizə Rus Pravoslav Kilsəsinin fəaliyyətinə köməyə və Həştərxan şəhərinin həyatında xüsusi iştirakınıza görə mükafat təqdim edilib. Həştərxana səfər edəndə mənə bir çox işlər barədə danışdılar. Amma yəqin ki, ən çox Sizin haqqınızda və bu şəhər üçün gördüyünüz bir çox işlər barədə danışdılar. Məhz buna görə Həştərxanda olarkən mən Sizi Rus Pravoslav Kilsəsinin Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülməyiniz barədə qərar qəbul etdim”.

Rus Pravoslav Kilsəsinin rəhbərliyinə təşəkkür edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban  xanım Əliyeva qeyd etdi ki,  Siz insanlara dini və mənəvi, düzgünlük və ədalət, humanizm və şəfqət, yaxşılıq etmək, adamlara kömək göstərmək kimi fundamental bəşəri dəyərləri çatdırırsınız: “Biz Azərbaycanda Sizin ölkəmizə səfərinizi çox yaxşı xatırlayırıq. Biz Sizin mədəni və mənəvi irsin qorunmasındakı xidmətlərinizi, cəmiyyətdə qarşılıqlı anlaşmanın, qarşılıqlı hörmətin və həmrəyliyin bərqərar olmasına yönələn fəal sülhpərvər və maarifçilik fəaliyyətinizi yüksək qiymətləndiririk. Paytaxtımıza son səfəriniz zamanı Siz Təzəpir məscidini ziyarət etdiniz və Bakıdakı Müqəddəs Mirodaşıyan kafedral kilsəsində ibadət etdiniz. Bununla da Siz bir daha vurğuladınız ki, istənilən etiqad, istənilən din insanları birləşdirməyə və barışdırmağa xidmət edir”.

Mehriban xanım  xatırlatdı ki, bizim respublikamız çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və Azərbaycan hökumətinin dövlət siyasətinin əsasını təşkil edir: “Azərbaycan torpağında müxtəlif konfessiyaların, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar. Ölkəmizin ərazisində yaşayan bütün xalqların bu mədəni müxtəlifliyi, heç şübhəsiz, bizim sərvətimizdir. Bu sözlər, rus pravoslav icmasına da bütünlüklə aiddir. Bu gün Azərbaycanda Rus Pravoslav Kilsəsinə mənsub olan dindarların sayı 100 mindən çoxdur”.

Bütün bunlar o deməkdir ki, həm Azərbaycan, həm də Rusiya rəhbərliyi qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, xalqlar və dinlər arasında inam və etimadın möhkəmləndirilməsi, dövlət maraqlarının qorunması naminə istənilən vasitədən və məqamdan yetərincə istifadə edirlər. Deməli, həm Moskvada, həm də Bakıda sülhün, əmin-amanlığın, tərəqqi və firavanlığın mükəmməl dayaqları vardır.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında