Dünyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycanın uğurları barədə

Son illər respublikamızın müxtəlif sahələrdəki uğurları beynəlxalq birliyin də diqqətini cəlb edir. İqtisadi, siyasi, mədəni sahələrdəki nailiyyətlər ölkəmizin reytinqini getdikcə artırır. Dünyanı qlobal maliyyə və iqtisadi böhran bürüdüyü və iri şirkətlərin iqtisadi tənəzzüldə boğulduğu bir vaxtda Azərbaycanda əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artması, əhalinin sosial rifah halının daha da yüksəldilməsi istiqamətində atılan addımlar dünyanın aparıcı kütləvi informasiya vasitələrinin də diqqətindən yayınmayıb. Bütün bunlar Azərbaycan Prezidentinin düşünülmüş siyasi kursunun məntiqi nəticəsidir.

Moldovanın nüfuzlu xəbər portalında Azərbaycan Prezidentinə həsr olunan məqalədə də bu məsələyə xüsusi diqqət yetirilib. Ölkənin “Tribuna” xəbər portalında dərc olunan məqalədə öz xalqının lideri, dünyada islahatçı Prezident kimi  tanınan cənab İlham Əliyevin müdrik, düşünülmüş uğurlu daxili və xarici siyasətindən bəhs edilir. Müəllif dövlət başçımızın rəhbərliyi altında Azərbaycanda həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri, qeyri-neft sektorunun inkişafı, idmana göstərilən diqqət və qayğı, həmçinin  ölkədə keçirilən beynəlxalq miqyaslı tədbirlərdən bəhs edərək yazır: “Prezident İlham Əliyevin uğurlu, uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu yüksəlib. Azərbaycan bütün ölkələrlə münasibətləri mehriban qonşuluq və səmimi tərəfdaşlıq əsasında qurur, bu tərəfdaşlığa sadiqliyini nümayiş etdirir”.

Həmçinin, məqalədə Prezident İlham Əliyevin fəaliyyət modelinin bütün dünyada uğurlu inkişafın və müasirləşmənin nümunəsi kimi qəbul edilməsinin öz əksini tapması hər birimiz üçün qürur hissi yaradır. Qeyd edilir ki, bütün bunlar Azərbaycanın gələcək inkişafı və ölkə əhalisinin əmin-amanlığı üçün böyük əhəmiyyət kəsb edir.

Birləşmiş Ərəb Əmirliklərinin aparıcı “Əl-Fəcr” qəzetində dərc olunmuş “İlham Əliyev müdrikliyi, uzaqgörənliyi sayəsində Azərbaycanı daha təhlükəsiz, sabit və firavan gələcəyə doğru aparır” sərlövhəli məqalədə Azərbaycan Prezidentinin ölkəsi və xalqı üçün gördüyü işlərdən bəhs olunur. Məqalədə Azərbaycanın 26 illik müstəqillik dövründə siyasi, iqtisadi, ticarət, investisiya, mədəniyyət və humanitar sahələrdə geniş və hərtərəfli nailiyyətlər qazandığı xüsusi qeyd olunur. Bildirilir ki, Azərbaycan 26 illik müstəqillik dövründə sivil dövlətlər xəritəsində özünəməxsus yer tutmuş, regional və beynəlxalq sülhün möhkəmləndirilməsində mühüm rol oynamışdır.

Müəllif qeyd edir ki, Prezident  İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkələr sırasına çıxarıb, əhalinin yaşayış səviyyəsini və rifahını daha da yaxşılaşdırıb.

Eyni zamanda, məqalədə  dövlət resurslarının inkişaf etdirilməsi, irimiqyaslı dövlət layihələrinin icrası, yeni iş yerlərinin yaradılması və digər sahələrdə qazanılan uğurlarda Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və məqsədyönlü strategiyasının mühüm rol oynadığı öz əksini tapıb. Müəllif Azərbaycanın davamlı və sürətli inkişaf yolu keçdiyini, sabit və iri addımlarla gələcəyə doğru inamla irəlilədiyini oxucuların diqqətinə çatdırır.

“Əl-Fəcr” qəzetində dərc olunan məqalədə Azərbaycanın müxtəlif sivilizasiya və mədəniyyətlərin qovşağında yerləşən unikal bir dövlət olduğu, İslam və Avropa təşkilatlarının üzvü kimi hər iki sivilizasiyanın dəyərlərini özündə ehtiva etməklə, onların arasında təbii körpü rolunu oynadığı, nüfuzlu beynəlxalq forum və dialoqlara ev sahibliyi etdiyi də öz əksini tapıb. Həmçinin diqqətə çatdırılır ki, Azərbaycan Prezidentinin rəhbərliyi və UNESCO, BMT Sivilizasiyalar Alyansı, Avropa Şurası, ISESCO və digər mötəbər təşkilatların iştirakı ilə Bakıda 4-cü Mədəniyyətlərarası Dünya Forumunun keçirilməsi bu ölkəyə olan etimadın bariz nümunəsidir.

Ukraynanın tanınmış “Diplomat” jurnalında dövlətimizin başçısının uğurlu xarici siyasətinə həsr olunmuş “İşıqlı gələcəyə aparan yol” sərlövhəli məqalədə də ölkəmizin rəhbərinin Azərbaycanın milli maraqlarına xidmət edən xarici siyasətinə geniş yer verilib. Müəllif diqqətə çatdırır ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət ölkəni beynəlxalq aləmdə söz sahibinə çevirib. Qeyd olunur ki, Azərbaycan bütün ölkələrlə münasibəti mehriban qonşuluq və səmimi tərəfdaşlıq üzərində qurub, bu əməkdaşlığa daim sədaqətini nümayiş etdirir: “Bu gün Azərbaycanın strateji düşüncəli, uzaqgörən, qətiyyətli lideri, güclü düşünən beyinləri var. Prezident İlham Əliyev Azərbaycan dövlətinin inkişafı, xalqın milli maraqları naminə çevik, praqmatik qərarlar qəbul edir. Azərbaycan xalqı bu işıqlı yolu çoxdan seçib”.

Son illər Azərbaycan iqtisadiyyatının məhz qeyri-neft sektoru sayəsində xeyli inkişaf etdiyi beynəlxalq aləmdə də qəbul edilir. Dünyanı qlobal və maliyyə böhranının bürüdüyü bir vaxtda Azərbaycanda iqtisadi artım tempinin aşağı düşməməsi, hökumətin iqtisadiyyatın şaxələndirilməsi prosesinin dərinləşdirilməsinə yönələn yeni iqtisadi artım islahatlarının həyata keçməsi aparıcı kütləvi informasiya vasitələrinin diqqətindən yayınmayıb. Bu barədə İtaliyanın “Eurasian Business Dispatch” portalında dərc olunmuş “Cənubi və Mərkəzi İtaliya şirkətlərinin Azərbaycana ixrac imkanları” adlı məqalədə də geniş məlumat verilir. Qeyd olunur ki, İtaliyanın cənub bölgəsi sahibkarlarının Azərbaycana sərmayə yatırması və yerli məhsulların Qafqaz bölgəsində tanıdılması imkanları getdikcə genişlənir. Qeyd olunur ki, nüfuzlu təşkilat və agentliklərin rəyinə görə, Azərbaycanda daxili tələbat həm istehlak, həm də sərmayə nöqteyi-nəzərindən orta perspektivdə artımın əsas mənbəyi olacaq və digər sektorları da arxasınca aparacaq.

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində “Prezident Heydər Əliyev... Azərbaycan tarixində canlı xatirə” sərlövhəli məqalənin  dərc olunması ölkəmizin dünyanın diqqət mərkəzində olduğunu bir daha təsdiqləyir. Məqalədə Azərbaycanın yeni tarixinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilir. Məqalədə qeyd edilir ki, bu gün də Azərbaycanın hər bir vətəndaşının qəlbində yaşayan və ölkənin müasir tarixində canlı xatirə kimi qalan Heydər Əliyev dövləti parçalanmaqdan qurtarıb, vətəndaş birliyinə, davamlı sabitliyə və iqtisadi tərəqqiyə nail olub. Müəllif Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan, tutduğu yüksək vəzifələrdən bəhs edir, Azərbaycanın İslam dünyası və ərəb ölkələri ilə ikitərəfli əlaqələrinin inkişafına xüsusi önəm verildiyi diqqətə çatdırılır. Həmçinin bildirilir ki, Heydər Əliyev irsinə və xarici siyasət kursuna sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün də dinamik inkişaf edən, demokratik və iqtisadi islahatlar həyata keçirən ölkədir, xarici əlaqələr müstəvisində etibarlı və güclü tərəfdaşdır.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də yer ayrılır. İslam Əməkdaşlıq Təşkilatının münaqişə ilə bağlı müvafiq qətnamələrin qəbul edildiyini xatırladan müəllif bu qətnamələrdə təşkilatın Ermənistanın Azərbaycana qarşı təcavüzünü pislədiyi, Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz boşaltmasını tələb etdiyini diqqətə çatdırır.

Xatırladaq ki, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycanın Silahlı Qüvvələrinin  işğalçı Ermənistana vurduğu ciddi zərbələr dünyanın aparıcı mətbuat orqanlarının da əsas mövzularından birinə çevrilmişdi. ABŞ-ın “Washington Post”, İsrailin “Haaretz”“Yerusalem Post” kimi aparıcı qəzetləri və digərləri Azərbaycan Ordusunun erməni işğalçılarına vurduğu zərbələrdən bəhs etmişdi. Məqalələrdə, xüsusilə ordumuzun düşməni sarsıdan pilotsuz döyüş aparatlarından geniş bəhs edilmişdi. “Haaretz” qəzeti “İsrailin istehsal etdiyi “intihar drounu” Dağlıq Qarabağ münaqişəsində istifadə olunub” sərlövhəli yazıya adıçəkilən vahiməli silahın videokadrlarını da yerləşdirmişdi.

Britaniyanın “The Telegraph” qəzetində Azərbaycanın turizm potensialından bəhs edən geniş məqalə dərc olunub. “Azərbaycan haqqında möhtəşəm faktlar” sərlövhəli məqalədə əvvəlcə ölkəmizin milli mətbəx nümunələri haqqında məlumat verilir, məşhur səyyah yazıçı Hazel Pluş ölkəmizin qədim tarixindən bəhs edərək, Azərbaycanın dünyada ilk insan məskənlərindən biri olduğunu qeyd edib.

Azərbaycanın səfalı guşəsi Qarabağdan bəhs edən müəllif bu ərazinin hazırda münaqişə zonası olmasına baxmayaraq, beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanındığını vurğulayır. Məqalədə, həmçinin Azərbaycanda qeyri-neft sektorunun inkişafından, ölkəmizin təbii sərvətlərindən, ədəbiyyatından, mədəniyyətindən, xüsusilə xalçaçılığın, musiqinin, incəsənətin inkişafından, memarlıq abidələri və şəhər arxitekturasından bəhs edilir.  Müəllif Heydər Əliyev Mərkəzinin dünyada nadir memarlıq incilərindən olduğunu vurğulayır.

Hazırladı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında