Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycan xalqı tərəfindən bəyənilir və dəstəklənir

Yola saldığımız il bir çox uğurları ilə yadda qalacaq. Ilk növbədə qeyd edək ki, bu il beynəlxalq arenada mövqelərimiz daha da möhkəmlənib, xarici əlaqələrimiz çoxşaxəli olub.  Ötən illərdə olduğu kimi, bu il də bütün ölkələrlə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qurmuşuq. Azərbaycan Prezidentinin bu istiqamətdə həyata keçirdiyi düşünülmüş siyasət respublikamızı dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanıdıb. Dünya birliyində də etiraf olunur ki, Azərbaycan dövlətinin həyata keçirdiyi xarici siyasəti açıq və müstəqildir.

Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət xalqın böyük əksəriyyəti tərəfindən dəstəklənir və seçicilər növbəti prezident seçkilərində də cənab İlham Əliyevə səs verəcəklərini bəri başdan bəyan edirlər. Bunu, əhali arasında aparılan rəy sorğularının nəticələri də təsdiqləyir. Ümumiyyətlə, bu vaxta qədər həm xarici, həm də yerli təşkilatlar tərəfindən keçirilən bütün rəy sorğularının nəticələrinə görə Prezident İlham Əliyev seçki marafonundakı rəqiblərini böyük üstünlüklə arxada qoyub. 2018-ci ildə respublikamızda keçiriləcək  prezident seçkiləri ərəfəsində “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” ölkədəki mövcud ictimai-siyasi  şəraitin qiymətləndirilməsi, seçici fəallığı,  habelə digər zəruri  məsələlərlə əlaqədar ölkə ərazisində apardığı sosioloji tədqiqat və sorğunun nəticələri zamanı da bunun şahidi olduq.

Azərbaycanın 68 rayonunda keçirilən sorğunun  əsas məqsədi əhalinin seçki ərəfəsində  ölkənin bugünkü ictimai-siyasi vəziyyətinin qiymətləndirilməsi, həyata keçirilən daxili və xarici siyasətdən razı  qaldıqlarını öyrənmək olub. Sorğu zamanı ən çox diqqət çəkən məqamlardan biri  respondentlərə gələn həftə prezident seçkiləri keçiriləcəyi halda,  Prezident İlham Əliyevə səs verib-verməyəcəklərinə dair sualın verilməsi olub. Rəyi soruşulanların 85,2 faizi İlham Əliyevə səs verəcəyini bildirib. Bu fakt təsdiqləyir ki, “Prezident-xalq” birliyi sarsılmazdr. Xalq Prezidentə inanır və etibar edir. Bunu xarici təşkilatlar tərəfindən keçirilən rəy sorğularının nəticələri də təsdiqləyir. Bir faktı xatırlatmaq yerinə düşərdi. Hollandiyanın ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə keçirilən sorğunun nəticəsinə əsasən, Azərbaycan vətəndaşlarının 81 faizi hakimiyyətin həyata keçirdiyi siyasətə öz dəstəyini ifadə edib. Göründüyü kimi, yerli təşkilatların keçirdiyi rəy sorğusunun nəticəsi xarici təşkilatın keçirdiyi sorğu ilə üst-üstə düşür.

Bu gün hər bir Azərbaycan vətəndaşına, həmçinin dünyanın tanınmış ictimai-siyasi xadimlərinə də bəllidir ki, Azərbaycan dünyada demokratiya yolu ilə inkişaf edən, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik, bütün azadlıqların təmin olunduğu ölkə kimi tanınır. Sabitlik, təhlükəsizlik, tolerantlıq dövlət siyasətinin prioritetini təşkil edir. Möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət edir və cəmiyyət tərəfindən yüksək səviyyədə dəstəklənir. Azərbaycanda həm yerli, həm də Avropa İttifaqı ölkələrinə aid şirkətlərin apardıqları araşdırma bu faktı bir daha təsdiqləyir.

Hazırda dünyanı miqrant axınının bürüdüyü, qeyri-qanuni aksiyalar zamanı əhali ilə asayiş keşikçiləri arasında qarşıdurmaların yarandığı, maliyyə və iqtisadi böhranın tüğyan etdiyi bir vaxtda Azərbaycanda tam sabitlik hökm sürür, əhalinin həyat səviyyəsinin  yüksəldilməsi istiqamətində qətiyyətli addımlar atılır. Bütün bunlar sorğunun yekununda da öz əksini tapıb. Rəyi soruşulanların 92,8 faizinin Azərbaycanın bugünkü ictimai-siyasi vəziyyətini qiymətləndirərkən sabit hesab etməsi, 83,7 faizinin inkişaf istiqamətini düzgün hesab etməsi, dövlət başçısının  həyata keçirdiyi xarici siyasətin 91,4 faiz tərəfindən dəstəklənməsi xalqın Prezidentə olan inam və etimadının göstəricisidir.

Dövlət başçısının həyata keçirdiyi daxili siyasətin,  ölkə həyatında baş verən əhəmiyyətli hadisələrin xalq tərəfindən yüksək qiymətləndirilməsi də qeyd edilməlidir. İlk növbədə 2016-cı ilin Aprel döyüşlərindəki qələbələri və “Böyük qayıdış”ın rəmzinə çevrilən Cocuq Mərcanlı sakinlərinin hər cür şəraiti olan  ata-baba yurdlarında məskunlaşması,  Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, “ASAN Xidmət” mərkəzlərinin açılışı və uğurlu fəaliyyəti, yeni infrastrukturun yaradılması, yeni məktəblərin və uşaq bağçalarının tikilməsi, açılışı, habelə beynəlxalq müsabiqələr, yarışlar, tədbirlərin keçirilməsi və digər mühüm əhəmiyyətli tədbirlər respublikamızın dünya birliyindəki reytinqini getdikcə artırmışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin olunmasından sonra ilk görüşünü məcburi köçkünlərlə keçirməsi, soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətin gücləndirilməsi, yeni mənzillərin tikintisinə başlanılması, həmçinin ölkəmizin mədəniyyətlər və sivilizasiyalararası dialoq məkanına çevrilməsi xüsusilə qeyd olunmalıdır.

Son 25 il ərzində Azərbaycanın uğurlu və şərəfli yol keçdiyi beynəlxalq aləmdə də  etiraf olunur. Bu müddət ərzində respublikamız beynəlxalq hüququn müstəqil subyekti və suveren dövlət kimi formalaşıb. Məhz bunun nəticəsidir ki, bu dövrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin dünyadakı nüfuzunu getdikcə  artırıb. Ötən ilin Aprel döyüşləri bu reytinqi daha da yüksəldib. Artıq dünya birliyinə də bəlli oldu ki, Azərbaycanda ən müasir silahlarla təmin olunmuş, mətin, qüdrətli ordu formalaşmışdır. Bu ordu istənilən vaxt düşmənə layiqli zərbə vurmağa qadirdir. Hər halda Ermənistan ordusu ötən ilin aprelində cəmi dörd gün ərzində bu zərbənin dadını bildi. Biz artıq işğal altında olan ərazilərimizə qayıdırıq. Bu tarixi qələbəni bizə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və qüdrətli ordumuz bəxş edib.

Dövlət başçısının uğurlu xarici siyasəti Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşub. Respublikamızın rəhbəri bütün xarici səfərlərində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan ordusu tərəfindən işğal olunduğunu, bu qəddar ordunun mütəmadi olaraq, atəşkəsi pozması, cəbhəboyu ərazilərdə təxribatlar törədərək dinc əhalini, xüsusilə azyaşlı uşaqları vəhşicəsinə qətlə yetirmələrini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Yeri gəlmişkən, 2017- ci ildə Azərbaycan Prezidentinin xarici ölkələrə 15-dən çox səfəri olmuşdur. Bu səfərlərin hər biri ölkəmiz üçün faydalı olmuş, respublikamızın mövqeyi birbaşa xarici tərəfdaşlara çatdırılmışdır. Ölkəmizin başçısının rəsmi səfərlərdə və beynəlxalq tədbirlərdəki çıxışları Azərbaycanın dövlət siyasətini əks etdirir. Bununla yanaşı, həmin səfərlər Dağlıq Qarabağ problemini də bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Ölkəmizə bu il ondan çox dövlət və hökumət başçısı gəlmişdir. Həm beynəlxalq tədbirlər, həm də rəsmi səfərlər zamanı respublikamıza gəlmiş nümayəndə heyətləri inkişafımızın, əhalinin qonaqpərvərliyinin canlı şahidi olurlar. Bütün bunlar beynəlxalq əlaqələrimizin çoxşaxəli, həyata keçirilən xarici siyasətin, əsasən, milli maraqlarımızı təmin etməsindən xəbər verir.

Prezident İlham Əliyev ən yüksək tribunalardan Heydər Əliyevin dövlət quruculuğu xəttini, müstəqil dövlətçilik strategiyasını daim inkişaf etdirəcəyini xüsusi vurğulayır.  Azərbaycan rəhbərliyinin əsas vəzifəsi həmin xətti qorumaqla onu dəyişən dünyanın tələblərinə uyğun reallaşdırmaqdan ibarətdir.

Xarici siyasət sahəsində əldə edilən uğurlar hər birimiz üçün qürur mənbəyidir. Möhtərəm Prezidentimizin də  qeyd etdiyi kimi, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycanın bir neçə il qabaq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir.

Azərbaycanın həyata keçirdiyi  həm daxili, həm də xarici siyasət ölkəmizə beynəlxalq aləmdə böyük rəğbət qazandırıb. Ölkəmiz BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına da üzv olub, Avropa Şurasının Nazirlər Komitəsinə uğurla sədrlik edib.

 Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycan antiterror koalisiyasının fəal iştirakçısıdır. Prezident İlham Əliyevin tam bir vəhdət təşkil edən daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya miqyasında böyük layihələrin müəllifinə və ev sahibinə çevrilib. Bütün bunların məntiqi sonluğu olaraq, bu gün Azərbaycan seçicisi Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir və onu gələcək prezident seçkilərində dəstəkləməyə hazır olduğunu bildirir.

Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası
Siyasi Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında