Vətən sevgisindən doğan “Vətən” Cəmiyyəti

(“Vətən” Cəmiyyətinin yaranmasının 30 illiyi münasibəti ilə)

(əvvəli ötən sayımızda)

“Vətən” Cəmiyyətinin qəzeti yeganə mətbu orqandır ki, Azərbaycan SSR Ali Sovetinin yanvar ayının 21-də keçirilmiş fövqəladə sessiyası barədə məlumatı və onun “Bakı şəhərində fövqəladə vəziyyətin ləğv olunması haqqında” qərarını dərc etmişdi. Sessiyanın keçirilməsində Elçinin xüsusi rolu olmuşdur. Cəmiyyətin sədri Elçin müsahibələrinin birində həmin dövrdə baş verən hadisələri xatırlayarkən demişdir: “O ağır günlərdə Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi Nümayəndəliyinə getməsi və Bakıda törədilən vəhşiliyə görə SSRİ rəhbərliyini ittiham etməsi hər vasitə ilə ört-basdır edilirdi. Biz həmin hadisənin videokasetini əldə etdik və Heydər Əliyevin ittihamını, əlimizin altında nə qədər ünvan var idi, hamısına göndərdik.  Şeyxülislam A.Paşazadənin də kəskin bəyanatı var idi, biz o bəyanatı da bir çox ölkələrin rəhbərliyinə göndərdik və Pakistanın o vaxtkı Baş naziri B.Bhutto bizim teleksə istinad edərək, Siyasi Büroya etiraz notası göndərmişdi. Hörmətli şeyximiz bütün bunları yaxşı bilir. “Vətən” Cəmiyyəti diaspor ilə Azərbaycan arasında mənəvi körpü yaratmışdı və bu körpü ikitərəfli hərəkata malik idi: Azərbaycan – diaspor, diaspor – Azərbaycan. Biz gəmidə oturub, gəmiçi ilə dava edirdik. O zaman – 80-ci illərin sonu, 90-ın əvvəlləri – mən Azərbaycan SSR Ali Sovetinin deputatı idim və bu status “Vətən”in hər gün rastlaşdığı çətinlikləri aradan qaldırmaqda mənə çox kömək edirdi.

...Bütün bunları tədqiq etmək, “Vətən” Cəmiyyətinin xalqın milli oyanışında, siyasi yaddaşının bərpa edilməsində, Azərbaycanın müstəqil bir dövlətə çevrilməsində oynadığı rolu müəyyənləşdirmək gələcək tarixçilərin işidir və mən qətiyyən şübhə etmirəm ki, onlar bu işi görəcəklər” ( Yaşarın Xalq yazıçısı Elçinlə söhbəti. “525-ci qəzet”, 19 noyabr-20 yanvar 2011) .

Ən ağır dövrlərdə “Vətən” Cəmiyyəti ulu öndər Heydər Əliyevlə daim əlaqə saxlamışdır. Yazıçı- publisist, “Vətən” Cəmiyyətinin şöbə müdiri Əkrəm
Qaflanoğlu xatırlayır:

– Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtdığı ağır günlər idi. Elçin müəllimin tapşırığı ilə Stokholmdakı “Azərbaycanın səsi” radiosunun rəhbəri Əlirza Ərdəbili ilə Naxçıvana uçduq. Məqsəd Heydər Əliyevlə görüşmək, ondan müsahibə götürmək idi. Heydər Əliyev bizim gəlişimizdən məmnun olduğunu dilə gətirdi, Elçinin bu cəsarətli addımını təqdir etdi, Xalq yazıçısı İlyas Əfəndiyevlə bağlı unudulmaz görüşləri xatırladı . Müxbirə həvəslə müsahibə verdi, birgə şəkillər çəkdirdik. Mən bu barədə sonralar mətbuatda çıxışlar etmişəm. Heydər Əliyev söhbət əsnasında ətraf aləmdən tam təcrid edildiyini, hətta qəzet və jurnallar almadığını dedi. Mən Bakıya qayıtdıqdan sonra Elçin müəllimə bu barədə danışdım. O, mənə hər gün Heydər Əliyevə “Vətən” Cəmiyyəti adından qəzet göndərməyi, ünvana çatıb-çatmadığına nəzarət etməyi tapşırdı. Həmin gündən Heydər Əliyev Ali Sovetə sədr seçilənədək mən bu işlə ciddi məşğul oldum...

Cəmiyyət Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı mütəmadi informasiyalar yayır, erməni vəhşiliyinə qarşı xalqımızın qəzəb və nifrətini ifadə edərək həmvətənlərimizi ermənilərin və onların havadarlarının fitnəkar planlarını ifşa etməyə, həqiqəti dünya ictimaiyyətinə çatdırmağa, Azərbaycanın ərazi bütövlüyü və azadlığı naminə öz haqq səslərini ucaltmağa çağırırdı. “Vətən” Cəmiyyətinin sədri Elçin, Cəmiyyətin bütün əməkdaşları, o cümlədən Heydər Məmmədəliyev, Əkrəm Qaflanoğlu, Faiq Bağırov, Elxan Ələsgərov, Ramiz Əskər, İradə Cabbarova, Şəhla Abbasova, Kərim Güləndam, Sabir İslam, Hüseyn Heydərov və digərləri gecə-gündüz demədən Moskva tərəfindən informasiya blokadasına alınmış respublikamız haqqında həqiqətlərin yayılmasına çalışır və buna çətinliklə də olsa, nail olurdular.

“Vətən” Cəmiyyəti Ermənistandan, Dağlıq Qarabağdan qaçqın, köçkün düşənlərin problemləri ilə yaxından maraqlanır, imkan daxilində onlara maddi, mənəvi yardım edirdi. Cəmiyyət Bakı Dövlət Universitetinin tələbələri və Bülbül adına Musiqi Məktəbinin şagirdləri üçün Əhməd bəy Ağaoğlu və Xan Şuşinskinin adına təqaüdlər təsis etmişdir.

Ankaradakı Azərbaycan Milli Mərkəzinin və Azərbaycan Kültür Cəmiyyətinin baş katibi Məhəmməd Kəngərli ilk siyasi mühacir lideri kimi Azərbaycana səfər etmişdir. Əlbəttə, indi bu fakt bəlkə də adi hadisə kimi qəbul edilə bilər. Amma dəmir pərdənin, rejimin, KQB-nin mövcud olduğu  vaxtlarda bu, böyük risk idi. “Vətən” Cəmiyyəti İstanbuldakı Azərbaycan Türkləri Kültür və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə 1989-cu il noyabrın 3- 6-da keçirilən Azərbaycan Mədəniyyət Mərkəzlərinin I Beynəlxalq Qurultayının işində fəal iştirak etmişdir.

1990-cı il noyabrın 26-da “Vətən” Cəmiyyətinin dəvəti ilə ölkəmizə gələn ABŞ Konqresinin üzvü, Demokratlar Partiyasının liderlərindən biri, tanınmış siyasi xadim Cim Mudi və onu müşayiət edən nümayəndə heyəti ilə geniş tərkibdə görüş keçirilmiş, konqresmenə Azərbaycanda baş verən ictimai-siyasi proseslər, erməni təcavüzü ilə bağlı hərtərəfli, geniş məlumat verilmişdir. Cim Mudinin timsalında ilk dəfə Şəhidlər xiyabanı rəsmi ziyarət edilmiş, məzarları üzərinə əklillər qoyulmışdur.

1991-ci il yanvarın 22-də “Vətən” Cəmiyyətində Ankaradakı Azərbaycan Milli Mərkəzinin və Azərbaycan Kültür Cəmiyyətinin baş katibi Əhməd Qaraca, həmin cəmiyyətin məsul üzvü Yəhya Daşdələn, “Türkiyə” qəzetinin Vaşinqton təmsilçisi Əhməd Əli Arslan, Stokholmdakı “Azərbaycanın səsi” radiosunun rəhbəri Əlirza Ərdəbili və digər həmvətənlərlə respublikanın tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimlərinin görüşü keçirilmişdir. Yenə həmin il “Vətən” Cəmiyyəti Bakıda Azərbaycan mühacirət ədəbiyyatına həsr olunmuş Beynəlxalq elmi simpoziumun keçirilməsində fəal iştirak etmişdir.

“Vətən” Cəmiyyəti haqqında danışarkən bir məsələni də vurğulamaq lazımdır. Bu, Cəmiyyətin fəaliyyətə başlaması ölkəmizdə mühacirətşünaslıq elminin yaranmasına da zəmin olmuşdur. Məhz bundan sonra mühacirət problemi, onun tarixi, ədəbiyyatı, mətbuatı elmi-tədqiqat obyekti kimi öyrənilməyə başlanılmışdır.

“Vətən” Cəmiyyətinin ümummilli maraqlara, müstəqilliyə xidmət edən çoxşaxəli, səmərəli və şəffaf fəaliyyəti xaricdə və daxildə müəyyən dairələri təmin etmədiyindən onlar müxtəlif üsullarla onun işinə kölgə salmağa, böhtan, yalan və şayiələrlə fəaliyyətini gözdən salmağa cəhd göstərmişlər. İş o həddə çatmışdır ki, “Vətən” Cəmiyyətinin fəaliyyəti Sov.İKP MK Siyasi Bürosunun iclasında müzakirə edilmiş, keçmiş xarici işlər naziri Andrey Qromıko “Vətən” Cəmiyyətinin əleyhinə kəskin çıxış etmişdir.

“Vətən” Cəmiyyəti fəaliyyət göstərdiyi dövrün tarixinə, ictimai-siyasi proseslərə, milli-azadlıq hərəkatının daha geniş vüsət almasına, erməni seperatiminin və daşnak vəhşiliyinin ifşasına, demokratik dəyərlərin, xüsusən söz azadlığının, yeni dövr müstəqil mətbuatın formalaşmasına, ədəbi-mədəni həyata, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, mühacirlərlə səmərəli münasibətlərin qurulmasına misilsiz töhfələr vermişdir. Ayrı-ayrı məqalə, müsahibə, məruzə və çıxışlardan gətirilən sitatlar fikrimizi bir daha təsdiqləyir.

Xalq yazıçısı Elçin:

– Sovet İttifaqı qapalı bir ölkə idi və o qapalı ölkədə “Vətən” Cəmiyyəti xarici dünyaya açılan bir gözlük idi. ...Biz sistemin unutdurmağa çalışdığı və heç vəchlə yaxına buraxmaq istəmədiyi Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Yusif bəy Nəsibbəyli və b. kimi siyasi-ictimai xadimləri yenidən xalqa təqdim etdik, Məmməd Kəngərli kimi bir sıra siyasi mühacirləri ilk dəfə Azərbaycana dəvət etdik və onları sovet DTK-sının hər cür təxribatlarından qoruduq.

1990-cı ilin 20 Yanvar qətliamından sonra Azərbaycanın xarici aləmlə yeganə əlaqəsi “Vətən” Cəmiyyətinin teleksi idi. O ağır günlərdə biz gecə-gündüz Bakıda sovet qoşunlarının törətdiyi vəhşiliklər haqqında materiallar hazırlayıb, həmin telekslə yalnız həmvətənlərimizə yox, xarici ölkələrin informasiya agentliklərinə, məşhur qəzet redaksiyalarına, görkəmli dövlət xadimlərinə, Oljas Süleymenovdan tutmuş Çingiz Aytmatova, Yevgeni Yevtuşenkoya, Andrey Voznesenskiyə, Mahmud Esenbayevə və bir çox başqa tanınmış sənət adamlarınacan göndərirdik.

“Vətən” Cəmiyyəti dünya informasiya vasitələrinin diqqətini Azərbaycana cəlb etmək, bizdəki xalq hərəkatının mahiyyəti haqqında dünya ictimai dairələrinə obyektiv məlumat vermək baxımından çox işlər gördü.

Diplomat, professor Vilayət Quliyev:

–1987-ci ildə “Vətən” cəmiyyətinin qurulması, ölkədə və onun hüdudlarından kənarda yaxşı tanınan görkəmli ziyalı və ictimai xadim, Xalq yazıçısı Elçinin bu quruma rəhbər təyin edilməsi tarixi zərurətdən doğmuşdu. Mirzə Cəlilin təbiri ilə desək, “Vətən” Cəmiyyətini təbiət özü yaratmışdı, zəmanə özü yaratmışdı. Çünki artıq elə bir dövr gəlmişdir ki, Azərbaycan dünyaya açılmalı idi. Bir tərəfdən, Vətənimiz, onun tarixi, mədəniyyəti, uğur və problemləri ilə bağlı  həqiqətləri yaymaq, o biri tərəfdən isə dünyanın onlarla ölkəsinə səpələnmiş on minlərlə soydaşımızın diqqətini Ana Vətənə çəkmək lazım idi. Normal fəaliyyət göstərən Xarici İşlər Nazirliyimizin, xaricdə diplomatik təmsilçiliklərimizin və formalaşmış diaspora hərəkatının olmadığı bir dövrdə bu çətin vəzifələrin icrası tezliklə xalq arasında böyük populyarlıq qazanan “Vətən” Cəmiyyətinin üzərinə düşdü.   Və cəmiyyət bu işlərin öhdəsindən uğurla gəldi. 1990-cı ilin Qara Yanvarında səsimiz dünyaya buradan yayıldı. Kiçik formatlı “Odlar yurdu” qəzeti xalqı öz gerçək tarixi və gizlədilmiş həqiqətlərlə tanış etmək baxımından qeyri-adi iş gördü. “Vətən” Cəmiyyəti sayəsində onlarla soydaşımız uzun illərin həsrət və intizarından sonra Vətənə qovuşdu.

Vətən intəhasızdır. Vətənə xidməti amalına çevirən bu Cəmiyyət tariximizin mühüm və məsul dövründə milli-mədəni həyatımıza misilsiz töhfələr vermişdir.

Azərbaycanşünas alim, professor-doktor Əli Yavuz Akpınar: – “Vətən Cəmiyyəti, məncə, zamanında çox önəmli bir rol oynadı. Sovet dönəmində Azərbaycan da digər ölkələr kimi, “dəmir pərdə” arxasında qalmış, dünya ilə əlaqəsi kəsilmişdi. Hər şey Moskva kanalı ilə idarə olunurdu. “Vətən” Cəmiyyəti Azərbaycan haqqında həqiqətləri xaricə ötürdü.

Dünya şöhrətli yazıçı Banin (Ümmülbanu Mirzə qızı Əsədullayev – Paris):

–70 il əvvəl tərk etdiyim ana Vətənim Azərbaycanı bir anlığa da olsun unutmamışam. Həmişə onun mehriban qucağını, gözəl təbiətini, mərd insanlarını xatırlamışam. Əsərlərimdə bu duyğuları ifadə etməyə çalışmışam.... “Odlar yurdu”nda, “Azərbaycan”da, “Gənclik” jurnallarında haqqımda çıxan yazılardan, əsərlərimin çapından, eləcə də son günlərdə Elçinin mənim haqqında dərc etdirdiyi essedən sonra Bakıdan, respublikanın digər yerlərindən, ümumiyyətlə Sovet İttifaqından ünvanıma saysız- hesabsız məktublar gəlir. Ədəbiyyatşünas və tənqidçi alimlər, müəllim və tələbələr, fəhlə və kəndlilər, qohumlarım mənə məktub yazırlar.

ABŞ konqresmeni Cim Mudi:

– Hadisələr (Xalq hərəkatı nəzərdə tutulur – T.A) başlayanda məndə Bakıya gəlmək fikri yaranmışdı. Lakin o vaxt Bakı, Azərbaycan, ümumiyyətlə Zaqafqaziya xaricilər üçün, hətta jurnalistlər üçün bağlı və təhlükəli rayon idi. Bir neçə ay bundan əvvəl “Vətən” Cəmiyyətinin sədri cənab Elçindən dəvət aldıq. Bu, bizi çox sevindirdi.... Dəvətdən məmnuniyyətlə istifadə etdik. Dəvət və qonaqpərvərlik üçün “Vətən” Cəmiyyətinə, şəxsən Elçinə təşəkkürümü özümə borc bilirəm. Mən Azərbaycana səfərimdən çox məmnun oldum. Gəlib hər şeyi öz gözlərimlə gördüm, ilk mənbələrdən məlumat aldım. Vətənə qayıtdıqdan sonra Amerika Birləşmiş Ştatlarının Konqresində çıxış edəcəyəm, mətbuat konfransları keçirəcəyəm, əsl həqiqətin ABŞ ictimaiyyətinə çatdırılmasına çalışacağam.

Mahir qarmon ifaçısı Rəhman Əsədullahi (Almaniya):

– Qan qardaşlarım, əziz sirdaşlarım, ay Vətənimin şərəfli qızları, oğulları! Özünüz bilirsiniz ki, tarix boyu biz azərbaycanlılara nə qədər zülmlər olub. Hətta öz dilimizdə danışmağa, yazmağa imkan verilməyib ki, kökümüzdən xəbərimiz olsun. “Vətən” Cəmiyyəti yarananda qürbətdəki həmvətənlərimiz kimi, mən də çox bəxtiyar oldum. Gəlib Cəmiyyətin işçilərini, fəaliyyətlərini görmək məni feyziyab elədi. Sağ olsunlar!

Avropanın məşhur rəssamlarından İbrahim Əhrari (Almaniya):

–“Vətən” Cəmiyyəti bizlərin gözünə nur, dizinə qüvvət, beyninə qida verdi.

Tanınmış rəssam Əyyub İmdadian (Paris):

–Körpə şirin yuxudan ayrılmaq istəmədiyi kimi, mənə də Bakıdan getmək çətindir. “Vətən” Cəmiyyəti xaricdə yaşayan azərbaycanlı rəssamların sərgisini təşkil etməyi planlaşdırmışdır. Təsəllim odur ki, yenə Azərbaycana gələcək, yenə görüşəcəyik.

Naşir, redaktor, publisist Həmid Turan (Türkiyə):

–“Vətən” Cəmiyyətinin yaranmasını Azərbaycandan uzaqda yaşayan soydaşlarımız böyük sevinclə qarşıladılar. Biz inanırıq ki. “Vətən” Cəmiyyəti öz fəaliyyəti ilə qəlbimizdəki həsrətə, nisgil oduna su səpəcək.

Məşhur fotoqraf Rza Diqqəti (Paris):

– Heç yuxuma da girməzdi ki, nə vaxtsa Bakıya, Azərbaycana gəlib Vətənin bir parçasını öz gözümlə görəcəyəm, can bir, qan bir qardaşlarımla görüşəcəyəm. Buna görə “Vətən” Cəmiyyətinə, bizim bura gəlişimizi təşkil edən qardaşlarımıza öz minnətdarlığımı bildirirəm.

Məşhur yazıçı Çingiz Aytmatov (Qırğızıstan):

– “Vətən” Cəmiyyətinin xaricdəki həmvətənlərlə mədəni əlaqələr yaratmaqda rolu böyükdür. Tarixi şərait üzündən eyni qandan, eyni candan olan adamlar ayrı düşüblər. Gərək onlar heç vaxt bir-birini gözdən itirməsinlər. Bu insanlar arasında onları birləşdirən daimi ünsiyyət körpüsü olmalıdır. “Vətən” Cəmiyyəti məhz bu körpü rolunu bacarıqla yerinə yetirməlidir. “Odlar yurdu” qəzetinin oxucularına, uzaq yerlərdə yaşayan türkdilli qardaş ellərə xoşbəxtlik arzulayıram.

Tanınmış yazıçı, ədəbiyyatşünas, professor Əzizə Cəfərzadə:

– “Vətən” Cəmiyyəti qürbət xəstəliyinə tutulmuş həmvətənlərimizə yardım əli uzatmaq üçün yaranmışdır.

Xalq şairi Sabir Rüstəmxanlı:

– Dünyanın hansı ölkəsində olmuşamsa, “Odlar yurdu”nun necə yayıldığının, necə oxunduğunun şahidi olmuşam.... Biz bu gün tam dərk etməsək də, “Odlar yurdu” böyük tarixi yük daşıyır, onun əməkdaşları xoşbəxtdirlər ki, bu böyük əqidəyə xidmət edirlər..

Professor Tehran Əlişanoğlu:

– Elçinin 1987-ci ildən “Vətən” Cəmiyyəti xətti ilə başlatdığı son dərəcə vacib və əhəmiyyətli işlər nəinki mühacirətşünaslığın gəlişməsinə start vermiş, habelə bu sahədə gələcək kadrların yetişməsinə də təkan olmuşdur.

 Böyük Millət Məclisinin sabiq millət vəkili Səbri Aras (Türkiyə):

– “Odlar yurdu” ən çox sevdiyim, ən çox oxuduğum qəzetlərdəndir.“Odlar yurdu”nu təkcə oxumuram, həm də onun qızğın təbliğatçısıyam. Hər dəfə parlament poçtumdan bu qəzeti alır, oxuyur, sonra dostlarıma verirəm. Qəzetin əməkdaşlarına, ümumiyyətlə, “Vətən” Cəmiyyətinin fəallarına daha böyük
uğurlar arzulayıram.

“Amerikanın səsi” radiosunun əməkdaşı Bulud Mehmandarlı (ABŞ):

– Mən “Vətən “ Cəmiyyətinin qonağıyam. Bakıya gəlməkdə iki əsas məqsədim var: Birincisi, təbii ki, Azərbaycanı görmək, qardaşlarımızla daha yaxından tanış olmaq, buradakı vəziyyəti öyrənmək, ikincisi isə peşəmlə bağlı müəyyən niyyətlərimi həyata keçirməkdir.

Yazıçı-publisist, ədəbiyyatşünas alim Məhəmmədəli Fərzanə (Təbriz):

– Ömrümün 60 ilini Bakını görmək arzusu ilə yaşamışam. Şükürlər olsun ki, gec də olsa, arzuma çatdım.

Yeri gəlmişkən, xüsusi vurğulanmalıdır ki, “Vətən” Cəmiyyətinin, onun orqanı “Odlar yurdu” qəzetinin vasitəsilə illərlə bir-birinə həsrət qalmış onlarca qardaş-bacı, qohumlar bir-birinə qovuşmuşlar.

   “Vətən” Cəmiyyəti Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi səviyyəsində razılıqla təsis olunsa da, çar hökumətinin icazəsindən sonra nəşrə başlayan “Əkinçi”, “Molla Nəsrəddin” kimi Azərbaycanın tarixində əbədi iz buraxdı və ölkəmizin müstəqilliyinin bərpa edilməsi ərəfəsində  mühüm rol oynadı. Bu qənaətə gəlmək üçün “Vətən” Cəmiyyətinin fəaliyyəti aşağıdakı aspektlərdə və istiqamətlərdə təhlil olunmalı və dəyərləndirilməlidir. “Vətən” Cəmiyyəti:

– xaricdəki həmvətənlər problemi ( məskunlaşdığı ölkələr, fəaliyyət dairələri, sosial tərkibi, təşkilatlanması, təhsili, siyasi baxışları, həyat və təfəkkür tərzləri, həmvətənlərlə əlaqə vasitələri, onların mətbu və digər nəşrlərlə təmin edilməsi, həmvətənlərin mətbu orqanları, mədəniyyət mərkəzləri, ocaq və əncümənləri, ana dili kursları, yerli xalqlarla əlaqə və münasibətləri, və s.) ;

– Azərbaycan Xalq Cümhuriyyəti haqqında həqiqətlər;

– milli azadlıq hərəkatında onun yeri, rolu;

– 20 Yanvar faciəsi haqqında həmvətənlərin, beynəlxalq ictimaiyyətin məlumatlandırılması;

– ölkəmizin ərazi bütövlüyü və Dağlıq Qarabağ problemi;

– “Odlar yurdu” qəzeti;

– mühacirətşünalıq məsələləri;

– milli-mənəvi dəyərlər, adət, ənənələr və onların təbliği;

– Azərbaycan dili və tarixinin, ədəbiyyatı və mədəni irsinin xaricdəki həmvətənlər arasında təbliği, tanıdılması problemi;

– müxtəlif tarixi hadisələr zamanı itkin düşən həmvətənlərin axtarışı, onların Ana Vətəndəki qohumları ilə görüşü və s.

   Bütün sadalanan bu məsələlər kompleks şəkildə araşdırıldığı və obyektiv dəyərləndirildiyi zaman “Vətən” Cəmiyyətinin Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şərəfli yeri və tarixi rolu bariz şəkildə üzə çıxacaqdır.

 

Abid TAHİRLİ,
filologiya üzrə elmlər doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında