Xoşməramlı missiya, humanizm, mərhəmət və nəcib fəaliyyət

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi  həm ölkəmizdə, həm də dünyada rəğbətlə qarşılanıb.

Humanizm, mərhəmət, xoşməramlı təşəbbüsləri Günəşə bənzədən dahilər yanılmayıblar. Çünki bu əməllər həmişə elə bir zirvəyə yüksəlir ki, o, dünyaya, insanlığa şəfəq saçır, alqışlanır, beynəlxalq ictimaiyyətdə böyük rəğbət oyadır. Sevindirici haldır ki, məhz həmin amillər  bu gün ulu öndərimiz Heydər Əliyev ideyalarından güc alaraq yüksələn Azərbaycanın daha böyük zirvələrə yol almasına şərait yaradır. Bunu reallaşdıran isə ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyev, eyni zamanda Tomris, Burla Xatun, Sara Xatun, Xan qızı Natəvan və digər Azərbaycan xanımlarının  mərdliyini, şücaətini, qabiliyyətini və milli təəssübkeşlik kimi yüksək xüsusiyyətlərini yaşadan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Qürurla deyə bilərik ki, bu gün Azərbaycan qadını Mehriban xanım Əliyeva timsalında böyük uğurlara imza atır. Onun fəaliyyəti ölkə və dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Azərbaycanın Birinci vitse-prezidentini II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif etməsinin əsas səbəbi də budur.

Dekabrın 26-da Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidentinə ordenin təqdim edilməsi mərasimində Patriarx Kirill öz çıxışında Mehriban xanım Əliyevanın fəaliyyətinə beynəlxalq ictimai yanaşmanı ifadə edərək deyib: “Mən Sizə gördüyünüz işlərə görə səmimi qəlbdən təşəkkür etmək istərdim. Siz ölkənizin və xalqınızın həyatında çox mühüm rol oynayırsınız. Böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik bir insan kimi Siz Vətəninizdən uzaqlarda da bir çox işlər görürsünüz. Bu gün Sizə Rus Pravoslav Kilsəsinin fəaliyyətinə köməyə və Həştərxan şəhərinin həyatında xüsusi iştirakınıza görə mükafat təqdim edilib. Həştərxana səfər edəndə mənə bir çox işlər barədə danışdılar. Amma yəqin ki, ən çox Sizin haqqınızda və bu şəhər üçün gördüyünüz bir çox işlər barədə danışdılar. Məhz buna görə Həştərxanda olarkən mən Sizi Rus Pravoslav Kilsəsinin Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülməyiniz barədə qərar qəbul etdim”.

Xoşməramlı təşəbbüslərinə, humanizmə əsaslanan, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Mehriban xanım Əliyeva həmişə Azərbaycan xalqının böyük məhəbbətini, beynəlxalq ictimaiyyətin alqışını qazanıb.  Mehriban xanım Əliyevaya UNESCO və ISESCO-nun xoşməramlı səfiri adı,  “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı”, “Şərəf Legionu” ordenləri, BMT-nin Əhali Fondunun xatirə diplomu,  “Hilal-e Pakistan” ordeni, Küveyt Dövlətinin Fəxri diplomu,  Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Krans Montana Forumunun “Prix de la Fondation”,  “Birlik Ulduzları” dövlətlərarası mükafatları, “Qızıl Motsart” medalı, “Qızıl ürək” beynəlxalq mükafatı və saymaqla bitməyən digər orden, medal və yüksək adlar verilərkən də məhz Patriarx Kirillin səmimi olaraq ifadə etdiyi yuxarıdakı fikirlərdə ifadə olunan reallıqlar mühüm rol oynayıb.

Bu gün biz qürurla deyirik ki, Mehriban xanım Əliyevanın rəhbərliyi altında çoxşaxəli fəaliyyətlə məşğul olan, Azərbaycanın gələcəyi baxımından böyük əhəmiyyətli təşəbbüslərlə çıxış edən Heydər Əliyev Fondu, ulu öndərin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını reallaşdıran mühüm ideoloji-humanitar mərkəzdir. Fond XX əsr Azərbaycan tarixinə dövlətçilik rəmzi, Vətənə və xalqa sonsuz məhəbbət və xidmət nümunəsi kimi daxil olan ulu öndərimizin həyat və fəaliyyətini təbliğ edir, xeyirxahlıq missiyasını uğurla yerinə yetirir. Çünki dahi şəxsiyyət həyatın müxtəlif sahələrinə, cəmiyyətin bütün təbəqələrinə diqqət və qayğı göstərməyi bacarırdı, millətin gələcəyi naminə strateji əhəmiyyətli işlərə xüsusi önəm verirdi, gənc nəslin də bu ruhda, bu amalda böyüməsini zəruri hesab edirdi. Təsadüfi deyil ki,  2004-cü il mayın 10-da Heydər Əliyev Fondu   yaradılarkən dahi şəxsiyyətin ideyalarını, amallarını yaşatmaq başlıca məqsəd olub.

Bu gün Azərbaycanda mövcud olan iqtisadi potensialın insan rifahının yaxşılaşdırılmasına yönəldilməsi Prezident İlham Əliyevin hökumət qarşısında müəyyənləşdirdiyi əsas prioritetdir. Bu məqsədin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri xüsusilə təqdir edilməlidir. Məhz onun irəli sürdüyü faydalı təşəbbüslər, məqsədyönlü proqramlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu xeyli artırıb.

Etiraf edək ki, Mehriban xanım Əliyeva daha çox gələcəyə hesablanmış addımlar atır və bu, Azərbaycana həmişə böyük uğurlar gətirir. Onun fəaliyyətinin mərkəzində isə milli genefondumuzun inkişafı və xalqımızın minilliklərdən keçirib bu günə çatdırdığı mədəni-etnoqrafik ənənələr, tolerantlığın, multikulturalizmin təbliği dayanır. Dünya ictimaiyyəti Azərbaycan qadınını məhz Mehriban xanım Əliyevanın simasında və xoşməramlı fəaliyyəti ilə tanıyır. Onun təşəbbüsləri ilə reallaşdırılan layihələr Azərbaycanın dünyada multikultural bir ölkə kimi sevilməsində böyük rol oynayır. Məhz buna görə də son illər Azərbaycan dünyada tanınmış millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən birinə çevrilib. Buna təkanverici qüvvə isə ölkəmizdə multikultarilzmin, tolerantlığın xalqımızın bir həyat tərzi olması və aparılan uğurlu dövlət siyasətidir. 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Moskvadakı Xilaskar İsa Məbədində keçirilən mərasimdəki çıxışında bu reallıqları ifadə edərək deyib: “Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və Azərbaycan hökumətinin dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan torpağında müxtəlif konfessiyaların, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar. Ölkəmizin ərazisində yaşayan bütün xalqların bu mədəni müxtəlifliyi, heç şübhəsiz, bizim sərvətimizdir. Bu sözlər, rus pravoslav icmasına da bütünlüklə aiddir. Bu gün Azərbaycanda Rus Pravoslav Kilsəsinə mənsub olan dindarların sayı 100 mindən çoxdur”.

Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin, Qərb və Şərq dəyərlərinin qovşağı kimi birgə yaşayışa əyani sübutdur. Mehriban xanım Əliyeva  da xalqımızın bu ali keyfiyyətlərinin yüksək təmsilçisi kimi, sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət göstərir, həmçinin İslam aləmində görülən işlərə böyük dəstək verir. O, cəmiyyətin həyatında müsbət dəyişikliklər etməyi bacaran, mühüm əhəmiyyət kəsb edən məsələlərə dair prinsipial mövqe tutan və fəxrimiz olan Azərbaycan xanımıdır. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti məhz bəşəriyyətin xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə yönəlib. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr məhz ulu öndərimiz Heydər Əliyevin ideyalarını yaşatmaq, davam etdirmək istəyinə əsaslanır. Ötən illərə nəzər saldıqda aydın görünür ki, məram və məqsədlərə doğru inamlı addımlar atılır. Bütün bunlar isə həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq ictimaiyyətdə  böyük rəğbət yaradır. Azərbaycanın Birinci vitse-
prezidentinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi də bunun məntiqi nəticəsidir.

Rauf KƏNGƏRLİ


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında