Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır ... hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır.
Heydər Əliyev
Ümummilli lider
1986-cı ildən SSRİ-də cərəyan edən ictimai-siyasi proseslər Azərbaycan üzərində müstəqillik mehini yenidən əsdirdi. Milli azadlıq duyğusu oyandı, coşdu. Mənfur və nankor erməni qonşularımızın yeni torpaq iddiaları xalqın səbir kasasını daşdırdı və insanlar meydanlara axışdı. Beləliklə, Sovet imperiyasının dayaqlarını sarsıdan, bütün dünyanın diqqətini çəkən Meydan hərəkatı başlandı. 1988-ci ilin 17 noyabrından Bakının Azadlıq meydanında başlayan fasiləsiz izdihamlı dinc mitinqlərin dekabrın 5-də vəhşicəsinə yatırılması, 1990-cı ilin Yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda Sovet qoşunlarının öz haqqını tələb edən əliyalın xalqı qırğına məruz qoyması çürüməkdə və çökməkdə olan imperiyanın ömrünü bir qədər də qısaltdı, ölkəmizin müstəqillik yolunu işıqlandırdı. Sovet İttifaqı rəhbərliyinin ikibaşlı, çirkin siyasəti, “şanlı Sovet ordusu”nun mənfur əməlləri, Kommunist Partiyasının “işıqlı kommunizm” qurmaq çağırışlarının puça çıxması xalqın Mərkəzə – Moskvaya inamını, ümidini birdəfəlik qırdı...
Tarixin belə bir təbəddülatlı dönüş nöqtəsində Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqə Cəmiyyətinin – “Vətən” Cəmiyyətinin təsis edilməsi zamanın tələbi idi. Cəmiyyətin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun qərarı ilə yaradılması da təsadüfi deyildi. Niyyət bu yolla xalqın gözündə qayğıkeş görünmək, onun problemlərinə biganə qalmadığını nümayiş etdirmək və bu vəsilə ilə də kükrəməkdə olan qəzəb dalğasının qarşısını almaq idi. Əlbəttə, bu məqsədi xalqın qabaqcıl ziyalıları yaxşı anlayırdı. Lakin bu tarixi fürsətdən yararlanmaq, cəmiyyətin imkanlarından maksimum istifadə edərək Vətən həsrəti ilə yaşayan soydaşlarımızla səmərəli əlaqələr yaratmaq, onların da gücündən istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya yaymaq, eyni zamanda müstəqillik mücadiləsinə qoşulmaq, bu müqəddəs davaya töhfə vermək şansını dəyərləndirmək lazım idi. 1987-ci il dekabrın 28-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Vətən” Cəmiyyətinin təsis konfransı keçirildi. Tədbir başlamazdan əvvəl Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsindən – tələbəlik illərindən cəsarətli çıxışları, işıqlı fikirləri ilə tanıdığım professor Abbas Zamanovun bir qrup ziyalının əhatəsində dediyi sözlər indiki kimi yadımdadır: “Moskvanın bu addımı da bizə nə qədər ögey münasibət bəslənildiyinə dəlalət edir. Hələ 1964-cü ildə Ermənistanda Xaricdə Yaşayan Ermənilərlə Əlaqələr üzrə Dövlət Komitəsi yaradılmışdır. Yerevanda beynəlxalq hava yolları fəaliyyət göstərir. Biz xaricə yalnız Moskvadan uça bilərik. Xaricdəki həmvətənlərlə mədəni əlaqələr üçün hələ indi bizə cəmiyyət təsis etməyə icazə verirlər. Əlbəttə, bu da bizə sevgidən deyil, xalqın könlünü almaq, imperiyanı xilas etmək üçün atılan addımlardandır...”
Beləliklə, “Vətən” Cəmiyyəti yaradıldı. Təsis konfransında Xalq yazıçısı Elçin “Vətən” Cəmiyyətinin Rəyasət Heyətinin sədri, respublikanın 76 nəfər görkəmli elm, mədəniyyət, ədəbiyyat xadimi şura, 26 nəfər isə rəyasət heyətinin üzvü seçildi. “Vətən” Cəmiyyəti fəaliyyətə başladığı ilk gündən məlum oldu ki, bu təşkilat sovet rejiminin başına bəla olacaq, nə Kommunist Partiyasının direktiv göstərişləri, qərarları, senzuranın qaydaları, qadağaları onu öz yolundan – xaricdəki həmvətənləri, xüsusən Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin qürbətdəki mənəvi varislərini də cəlb etməklə müstəqilliyə xidmət missiyasından döndərə bilməyəcəkdir.
Otuz nəfərə yaxın əməkdaşın çalışdığı Cəmiyyətin bir neçə şöbəsi, üç əlifba ilə iki həftədən bir nəşr edilən və tirajı 250 mindən çox olan “Odlar yurdu” qəzeti fəaliyyət göstərirdi. Azərbaycan sovet mətbuatı tarixində M.Ə. Rəsulzadə haqqında ilk məqalənin “Odlar yurdu” qəzetində dərc edilməsi (№17, sentyabr 1988) “Vətən” Cəmiyyətinin gələcək fəaliyyətinin istiqamətindən xəbər verirdi. Bu tərəfdən mövcud rejimə açıq-aşkar meydan sulamaq idisə, digər tərəfdən xalqı tariximizin şanlı səhifələri, azadlıq aşiqlərinin mücadilə yolu ilə tanış etmək məqsədini daşıyırdı. Bu məqalədən sonra qəzetdə Azərbaycan Xalq Cümhuriyyətinin digər liderlərinin həyat və fəaliyyəti, Şərqin ilk milli demokratik dövlətinin atributları, qısa zaman ərzində müxtəlif sahələrdə həyata keçirdiyi islahatlar işıqlandırılmağa, Azərbaycan tarixi və Azərbaycan dili ilə bağlı silsilə məqalələr davamlı şəkildə verilməyə başlanıldı.
Cəmiyyətin sədri Elçin qəzetin fəaliyyətini istiqamətləndirir, ona qayğı göstərir, dövrü nəşrin daha məzmunlu və sanballı çıxmasına çalışır, nüfuzu, inadkarlığı, fədakarlığı hesabına qəzeti partokratların, senzuranın, xüsusi xidmət orqanlarının təzyiqindən, təsirindən, təhdidlərindən qoruyurdu. Qəzetin nüfuzlu və populyar olmasında “Vətən” Cəmiyyəti ilə yaxından əməkdaşlıq edən Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Əzizə Cəfərzadə, Xudu Məmmədov, Nurəddin Rzayev, Mövsüm Əliyev, Vilayət Quliyev, Vaqif Arzumanlı, Qəzənfər Paşayev... kimi qələm sahiblərinin, eləcə də Nurəddin Qərəvi, Əli Yavuz Akpinar, Yücel Feyzioğlu, Əhməd Mehribani və başqa soydaşlarımızın xidməti də böyük olmuşdur.
Gündən-günə fəaliyyət dairəsini genişləndirən “Vətən” Cəmiyyəti ölkənin görkəmli mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərini xarici ölkələrə ezam edir, onların vasitəsilə həm həmvətənlər, həm də xarici ölkə ictimaiyyəti arasında Azərbaycanın qədim, zəngin tarixini, milli-mənəvi dəyərlərini tanıdır, təbliğ edir, ölkəmizdə baş verən ictimai-siyasi hadisələr, Dağlıq Qarabağ problemi, erməni seperatizmi və vəhşiliyi barədə obyektiv məlumatlar yayır, əsl həqiqətlər haqqında fikir formalaşdırırdılar. Bu qəbildən olan tədbirlər – çoxsaylı konfranslar, görüşlər SSRİ hökumətinin, Sovet İttifaqı Kommunist Partiyasının respublikamıza qarşı qərəzli, əslində, qatı düşmənçilik, təcrid etmək, informasiya blokadasında saxlamaq siyasəti zamanında xüsusi ilə mühüm əhəmiyyət daşıyırdı. “Vətən” Cəmiyyətinin xətti ilə xarici ölkələrə (Almaniya, Danimarka, Hollandiya, Türkiyə, İsveç, Norveç, Avstriya, Finlandiya, ABŞ və s.) ezam olunan onlarca tanınmış mədəniyyət, elm xadimi, incəsənət ustası əslində o zamanlar xaricdə heç bir nümayəndəliyi, səfirliyi olmayan ölkəmizi təmsil edir, Vətənimizin ədalətli mövqeyinin müdafiəçisi olurdular. Xaricdə yaşayan həmvətənlərin ünvanına hər il on minlərlə kitab, qəzet, albom, digər elmi-kütləvi nəşrlər göndərilirdi. Bu işdə “Vətən” Cəmiyyətinə yaxından yardım edən yaşlı poçt işçisinin dedikləri əsl həqiqətdən xəbər verirdi: “50 ildir ki, poçt xidmətində işləyirəm. Bu müddət ərzində bütövlükdə Azərbaycandan xaricə göndərilən məktub, bağlamadan, bəlkə də 100 dəfədən çoxunu “Vətən” Cəmiyyəti bir gün ərzində yola salır”.
“Vətən” Cəmiyyətinin yaradılması xəbərini xaricdə yaşayan soydaşlarımızın əksəriyyəti böyük ruh yüksəkliyi ilə qarşıladı. Onların bir qismi bu təşkilatla həvəslə əlaqə yaradır, əməkdaşlıq edir, onun fəaliyyətini təqdir edir, alqışlayırdı. Bir faktı demək kifayətdir ki, Cəmiyyət fəaliyyətə başladığı birinci il ərzində həmvətənlərdən müxtəlif mövzuda 1000-dən çox məktub alınmışdır. Fəaliyyətə başladığı 1988-ci il ərzində 18 nəfər həmvətənimiz, o cümlədən London Universitetinin professoru Turxan Gənceyi, “Ana dili” qəzetinin (Bonn) redaktoru Nurəddin Qərəvi, “Xəzər” jurnalının (İstanbul) baş redaktoru Həmid Turan, şöhrətli rəssam Əkbər Behkəlam (Berlin), tələbə Səid Rəfipur (Almaniya), Fransa Müqavimət Hərəkatının iştirakçısı İbadulla Əzimzadə “Vətən” Cəmiyyətinin dəvəti ilə Azərbaycanda olmuşlar. Sonrakı illərdə onlarca həmvətən, yaxud Azərbaycan xalqının, mədəniyyətinin dostu, o cümlədən İstanbuldakı Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Nihad Çətinqaya, Stokholmdakı Azərbaycan Əncüməninin sədri Möhsün Kərimi, Almaniyada yaşayan həmvətənimiz doktor Hadi Amidi, Madriddə çıxan “Dədə Qorqud” jurnalının redaktoru Cəlal Erkin, Türkiyənin tanınmış jurnalisti, teleaparıcı Mehmet Ali Birand, dünya şöhrətli rəssamlar Əkbər Behkəlam və İbrahim Əhrari, “Amerikanın səsi” radiostansiyasının Azərbaycan bölməsinin rəhbəri Həsən Cavadi, həmin radionun əməkdaşı Bulud Mehmandarlı, ədəbiyyatşünas Məmmədəli Fərzanə “Vətən” Cəmiyyətinin qonağı olmuşdur.
Buradaca bir məsələni xüsusi vurğulamaq lazım gəlir. Azərbaycan mühacirətinin özünəməxsus formalaşma tarixi, mərhələsi və coğrafiyası olduğu üçün “Vətən” Cəmiyyəti bir sıra ciddi problemlərlə qarşılaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xaricə üz tutan həmvətənlərin övladlarının, nəvələrinin, eləcə də İkinci dünya müharibəsindən sonra sərhədin o tayında qalan soydaşlarımızın qəlbində Vətən sevgisi olsa da, sovet xofu, qorxusu onların bəzilərində Azərbaycanla əlaqədə müəyyən tərəddüd və şübhələr yaradırdı. Məlum tarixi hadisələrə görə İrandan ötən əsrin 40-cı illərinin sonlarından, 80-ci illərindən qürbətə üz tutan soydaşlarımız tamamilə başqa mühitin, fərqli ideoloji şəraitin yetirmələri idi. Onların bir qismində Azərbaycan sevdası İrana məhəbbət dalğasında itib-batırdı. “Vətən” Cəmiyyəti hər bir həmvətənlə dil tapmağa çalışır, onda Azərbaycana münasibəti hər cür partiya, qrup, məzhəb mənafeyindən üstün tutmağı təşviq və təbliğ edirdi.
R. Mustafayev adına Dövlət İncəsənət muzeyində xarici ölkələrdə yaşayan həmvətən rəssamlarımızdan İbrahim Əhrari, Əkbər Behkəlam, Davud və Əyyub İmdadiyan qardaşları və digər sənətkarlara məxsus 90 tablodan ibarət sərgi açılmışdır. Böyük mütəfəkkir-yazıçı Mirzə Fətəli Axundovun anadan olmasının 175 illik yubileyi münasibətilə “Vətən” Cəmiyyətində xaricdən dəvət olunmuş elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilən görüş (31 oktyabr, 1988) həm miqyası, həm də məzmunu ilə tarixə düşmüşdür. “Vətən” Cəmiyyəti Rəyasət Heyətinin sədri Elçinin açdığı və geniş nitq söylədiyi tədbirdə adlı-sanlı elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri xaricdən – İren Melikoff, Turxan Gənceyi, Əbdüllətif Bəndəroğlu, Sərvər Tanilli, Qulamrza Səbri Təbrizi, İlbər Ortaylı, Şapur Ənsari, Canpyero Bellinceri, Əli Yavuz Akpinar, Şirin Melikoff, İldırım Dağyeli, Yusif Gədikli, Əyyub və Davud İmdadian qardaşları, Rza Diqqəti, ölkəmizdən Bəxtiyar Vahabzadə, Anar, Vilayət Quliyev, Polad Bülbüloğlu, Lütfiyar İmanov, Fərhad Xəlilov, Nazim İbrahimov iştirak və çıxış etmişlər. Mirzə Fətəli Axundovun xatirəsinə ehtiram əlaməti olan bu irimiqyaslı tədbir, həm həmvətənlərlə əlaqə və əməkdaşlığın yeni səhifələrini açdı.
1990-cı il qanlı 20 Yanvar hadisəsi – Bakıya Sovet Ordusunun təcavüzü ilə bağlı əsl həqiqətin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində “Vətən” Cəmiyyəti bütün qüvvəsini səfərbərliyə aldı: Bakıda fövqəladə vəziyyət, komendant saatı olmasına baxmayaraq, Sovet əsgərlərinin paytaxt küçələrində törətdiyi cinayətlər, onların izləri video və fotolara köçürüldü, teleks və telefonlar vasitəsilə xarici KİV, həmvətənlər, onları birləşdirən mədəniiyyət mərkəzləri məlumatlandırıldı. “Odlar yurdu” hərbi senzuranın qadağalarına baxmayaraq, 20 Yanvar faciəsini “Səhər” qəzeti ilə birlikdə ölkədə ilk dəfə bütün çılpaqlığı ilə öz səhifəsində işıqlandırdı.
(ardı var)
Abid TAHİRLİ,
filologiya elmləri doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.