Prezident İlham ƏLİYEV: Cocuq Mərcanlı bizim dirçəliş, qələbə rəmzimizdir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Bu gün tarixi bir gündür, Cocuq Mərcanlı kəndinin bərpası günüdür və bu, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu ölkəmizdə uğurla gedir. Ordu quruculuğu Azərbaycan rəhbərliyi üçün bir nömrəli prioritet məsələdir və son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilibdir. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir, ordumuza lazım olan bütün ən müasir texnika, silah-sursat alınır, gətirilir, eyni zamanda, Azərbaycanda bir çox hərbi təyinatlı məhsullar istehsal olunur.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi
14 iyun, 2017-ci il.


Bu da ilin bəxtidir. 2017-ci il  Azərbaycan tarixi kitablarına Prezident İlham Əliyevin Cocuq Mərcanlıya qayıdış barədə sərəncam imzalaması və həmin sənəddə irəli sürülən vəzifələrin  göstərilən vaxtda reallaşdırılması, yüzlərlə məcburi köçkünümüzün on illərdən bəri həsrət qaldığı ata-baba yurdlarına Qayıdışının başlanması ilə  düşdü.

İlin sonuna bir  neçə gün qalır. “Geridə qalan 360 günün hamısı əlamətdar hadisələrlə zəngin olub” --  deyənlərlə tamamilə razılaşsaq da, yanvarın 24-nü xüsusilə vurğulanmaq  istəyirik. Çünki həmin gün dövlət başçımız “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdı. Sənəddə deyilirdi ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır.

Dövlət sənədində qeyd edilirdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 (dörd) milyon manat ayrılsın.

Kimlərinsə ilk baxışdan adi bir sənəd kimi qəbul edə biləcəyi həmin sərəncam İrəvan rəhbərliyinin başında ildırım kimi çaxmış, ermənilərə himayədarlıq edən qüvvələrin ofisində isə zəlzələ effekti yaratmışdı. “İlham Əliyev Azərbaycanın itirdiyi torpaqları hissə-hissə geri qaytarır. Bizim dövlət rəhbərlərimiz isə müxtəlif ölkələrin paytaxtlarına sürünməklə gün keçirirlər” – deyə həyəcan təbili çalan erməni ziyalıları açıq şəkildə yazırdılar ki, İlham Əliyev belə sərəncamı bir gün Şuşa üçün də verəcək. Onlar həmin təlaşlı harayla Sarkisyan iqtidarını qızışdıraraq, Azərbaycan Ordusuna qarşı  ciddi müqavimət göstərməyə çağırsalar da, Şuşa barədə dediklərində tamamilə haqlı idilər.

Erməni ziyalıları da, onların himayədarları da yaxşı bilirlər ki, Prezident İlham Əliyevin Azərbaycan bayrağının Xankəndidə, Şuşada da dalğalanacağı barədə dedikləri sıradan olan bir bəyanat deyil. Çünki Prezident İlham Əliyev xalqımıza 2016-cı ildə  qələbə sevincini, bu il isə yurda qayıdışın qürur dolu hisslərini yaşadıb.

Dövlət başçımızın yanvarda imzaladığı sərəncam barədə qəzet materialı hazırlayarkən qeyd etmişdim ki,  mərhum  akademik Budaq Budaqovla son söhbətlərimizin birində ondan belə bir sual eşitmişdim: –“ Əsrin dörddə biri qədər müddətdə bayquşlar ulaşan yurd yerlərimizdə nə zaman qaranquş yuvası qurulacaq?” Prezidentin adıçəkilən sərəncamından sonra görkəmli alimin ruhu ilə danışırmış kimi  demişdim: – “Bu yaz, Budaq müəllim! Bu yaz Cocuq Mərcanlıda tikiləcək evlərin də, məktəbin də eyvanlarında qaranquş yuvaları  qurulacaq!”

Heydər Əliyev siyasi kursu və Prezident İlham Əliyevin qətiyyəti,  prinsipiallığı akademikin həmin arzusunu məhz bu il reallığa çevirdi. İyun ayında AZƏRTAC əməkdaşlarının  Cocuq Mərcanlıdan hazırladığı foto-reportajda kənddə inşa edilmiş yeni məktəbin eyvanlarında yuva qurmuş qaranquşların “yeni evləri” görünürdü. Xatırladaq ki, qaranquşlar nəinki qan-qada, müharibə, hətta, adicə  sakitlik olmayan yerdə yuva qurmurlar. Deməli, Azərbaycan Ordusu Cocuq Mərcanlıya sülh, sabitlik gətirməklə, həm kənd sakinlərini, həm də qaranquşları buraya qaytarmışdı. Ancaq o sakitliyə həsrət qalan yurd-yuvalarımız hələ çoxdur. Qoy olsun, dövlət başçımızın dediyi kimi, Cocuq Mərcanlıdan başlanan  qayıdış tendensiyası getdikcə, daha böyük vüsət alacaqdır.

Bu yerdə xatırlatmaq zərurəti var ki, işğalda olan torpaqlarımızda ikimərhələli təmizlik işləri aparılır – birinci mərhələdə o yerlər ermənidən təmizlənir, ikinci mərhələdə isə  hətta uşaq oyuncaqlarının içərisində partlayıcı maddələr quraşdırıb çay vasitəsilə Azərbaycan tərəfə göndərən erməninin gizlətdiyi mina və mərmilərdən. Ona görə də Azərbaycan dövləti yurda qayıdışı təmin edərkən iki istiqamətdə fədakarlıq göstərir. Həmin istiqamətlərin hər ikisindəki addımlar sadə azərbaycanlının həyatı və rifahı üçün atılır.

Cocuq Mərcanlıya qayıdışı təmin edən sərəncamdan bir müddət əvvəl – ötən il  noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılmış şəraitlə tanışlıq zamanı nitq söyləyən dövlət başçımız demişdi: “ İşğal edilmiş Dağlıq Qarabağda və digər torpaqlarımızda məskunlaşan ermənilər bu gün səfalət içində yaşayırlar. O görüntülər bəzən televiziya və internet vasitəsilə yayımlanır – səfalət, yoxsulluq, işsizlik, ümidsizlik. Bizim torpağımızı zəbt ediblər, ancaq o torpaqlarda normal həyat qura bilməyiblər və bilməyəcəklər. Çünki o torpaq onlara məxsus deyil. Bu, bizim dədə-baba torpağımızdır. Biz o torpaqlara qayıdacağıq, necə ki, buraya – Horadizə qayıtdıq, Lələtəpəyə qayıtdıq. Digər torpaqlara da qayıdacağıq”. Ölkə əhalisinə qayıdış sevincini yaşadan bax, həmin inam, əminlik oldu.

Azərbaycan Prezidenti dönə-dönə, daim bəyan edib ki,  biz on minlərlə insanımızı öldürmüş, Xocalı soyqırımı kimi faciəni törətmiş, ərazilərimizin 20 faizini işğal etmiş ermənilərlə sülh danışıqları aparmağa razıyıq. Yəni ordumuz və iqtisadiyyatımız nə qədər qüdrətli olsa da, düşmənlə müharibə aparmaq istəmirik. Biz, sadəcə öz ərazilərimizi geri qaytarmaq, tarixi torpaqlarımızda yaşamaq istəyirik və buna nail olacağıq.

Fikrimizi dövlət başçısının konkret çıxışları üzərində davam etdirək. Məsələn, ötən il dekabrın 3-də “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin başa çatması münasibətilə keçirilən tədbirdə nitq söyləyən dövlət başçımız sülh məramını daha aydın şəkildə dilə gətirmişdi: “Bu gün bizim indiki Ermənistan Respublikasının torpağında gözümüz yoxdur. Biz nə İrəvanı, nə Mehrini, nə Gorusu hərbi yolla qaytarmaq fikrində deyilik. Amma mən əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. Biz bunu ardıcıl siyasətlə, sülh yolu ilə edəcəyik”.

 Qeyd etdiyimiz kimi, dövlət başçımız ordu quruculuğu, torpaqların işğaldan azad edilməsi, doğma yurdlarımıza qayıdış məsələlərini daim diqqət mərkəzində saxlamaqla yanaşı, qaçqın və məcburi köçkünlərimizin gündəlik həyat şəraitinin yaxşılaşdırılmasını da bir nömrəli məsələ olaraq, gündəlik fəaliyyətinin bir hissəsinə çevirir. Məsələn, dövlət başçımız Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş 9 oktyabr tarixli iclasındakı giriş nitqində demişdir: “Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il tarixi hadisə baş vermişdir. Cocuq Mərcanlı kəndi bərpa edilmişdir, indi orada yeni qəsəbə salınır, 50 evdən ibarət qəsəbənin açılışı olmuşdur, əlavə 100 evin tikintisi prosesi gedir. Məktəb, məscid tikilib, tibb mərkəzi tikilməkdədir. Orada iş yerləri ilə bağlı bir çox məsələlər öz həllini tapır. Cocuq Mərcanlı kəndinin yenidən qurulması, bərpası tarixi hadisədir”.

“Eyni zamanda, digər məsələlər, köçkünlərlə bağlı məsələlər də öz həllini tapır” – deyən Prezident əlavə edir ki, Bakıda, Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüsət almışdır. Bu il minlərlə ailə yeni evlərlə, mənzillərlə təmin olunacaq, bu proses gələn il də davam etdiriləcək. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz çoxdur. Dövlət əlindən gələni edir ki, bu məsələ tezliklə öz həllini tapsın. Bilirsiniz ki, 250 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdir.

Prezident xatırladır ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe dünyanın ən ali tribunalarından açıq bəyan edilmişdir: “Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq. Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir”.

Münaqişənin həlli üçün aparılan danışıqlardan vaxt qazanmaq, status-kvonun saxlanılmasına nail olmaq üçün istifadə etməyə çalışan Ermənistan rəhbərliyi unudur ki, indi artıq Azərbaycan ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil. İndi Azərbaycan rəhbərliyi yalandan aparılan danışıqların qəbuledilməz olduğunu həm ermənilərə başa salıb, həm də onların havadarlarına. Xeyli müddət danışıqlar prosesindən yayınmaq istəyən, bu məqsədlə də ortaya müxtəlif şərtlər qoyan Ermənistan rəhbərliyi Azərbaycan dövlətinin qətiyyətini və dünya birliyinin haqqı dəstəkləmək istiqamətində atdığı addımları görəndən sonra geriyə çəkilməli olub.

Həmin tendensiyanın təsdiqini  dövlət başçımızın nitqində də görürük:  “Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri, əslində, açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi. Təmas xəttindəki vəziyyət onu göstərir ki, bu gün biz təmas xəttində hakim mövqelərə tam sahibik. Əlbəttə, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Çünki əks təqdirdə onları çox acı nəticələr gözləyir. Məsələ ilə məşğul olan vasitəçilər çalışırlar ki, danışıqlar prosesi bərpa edilsin. Biz də,  əlbəttə ki, bunu dəstəkləyirik”.

Beləliklə, 2017-ci ildə münaqişənin həlli üçün aparılan danışıqlar prosesində ciddi bir irəliləyiş olmasa da, biz işğalçı dövləti danışıqlar masasına qayıtmağa məcbur etdik. Bundan başqa, bu il biz işğaldan azad edilmiş torpaqlarımıza qayıdışın təməlini qoyduq. Tam əminik ki, qarşıdakı illərdə xalqın istəyi, dövlət başçımızın qətiyyəti, ordumuzun qüdrəti  və beynəlxalq ictimaiyyətin dəstəyi ilə yurda qayıdış istiqamətində daha böyük, daha mükəmməl və irimiqyaslı uğurlara imza atacağıq.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında