Sosial siyasət uğurlu nəticələr verir

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlanddan olan “İNG” maliyyə qurumunun və ölkəmizdə fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının apardığı sorğular bir daha onu göstərir ki, Azərbaycan əhalisi bu gün ölkədəki sosial durumdan razıdır və  Prezident İlham Əliyevin sosial-iqtisadi sahədəki genişmiqyaslı fəaliyyətini, həyata keçirdiyi islahatları bəyənir.

Onu da qeyd edim ki, son illər ərzində ölkəmizdə sosial müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıq daim ön plana çəkilib, dünya təcrübəsinin öyrənilməsinə xüsusi yer ayrılıb. Həmin qurumlar arasında səmərəli fəaliyyəti ilə diqqət çəkən, müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rol oynayan və islahatlar sistemində xüsusi yeri olan Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əlaqələr daha da gücləndirilib.

Bu barədə bir qədər ətraflı bəhs etmək istərdim.  BMT-nin Minilliyin İnkişaf Məqsədləri Bəyannaməsinə qoşulan ölkəmizdə yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlanaraq təsdiq edilib və bu, uğurla icra olunub. Azərbaycan ötən illər ərzində Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, eyni zamanda, insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə edib.

Onu da xatırladım ki, respublikamız Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Qarşıya qoyulan   hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.

Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq, Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilən iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının reallaşdırılması üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi önəm daşıyır. Məhz buna görə də dövlət başçısı cənab İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli fərmanı ilə “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. 

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas vəzifələri qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin, eyni zamanda,  onlara dair göstəricilərin müəyyənləşdirilməsi, habelə ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasıdır. Ötən müddət ərzində Milli Əlaqələndirmə Şurasının katibliyi, iqtisadi inkişaf və layiqli məşğulluq, sosial, ekoloji məsələlər, monitorinq və qiymətləndirmə sahələri üzrə 4 işçi qrupu yaradılıb, müvafiq tədbirlər görülüb. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər BMT tərəfindən yüksək qiymətləndirilib.

Burada işçi qrupların ikisinin adını xüsusi vurğulamaq istərdim. Bunlardan birincisi, iqtisadi inkişaf və layiqli məşğulluq, ikincisi isə sosial məsələlər üzrə işçi qruplarıdır. Həmin qrupların səmərəli fəaliyyəti vaxtaşırı keçirilən müşavirələrdə, sistemli dövlət proqramları və strategiyalarının hazırlanmasında ardıcıl olaraq nəzərə çarpdırılır.

Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi sahəsində əhalinin sağlamlığının qorunması, ekoloji təmizlik, təhsilin səviyyəsinin yüksəldilməsi,  gender bərabərliyi, yoxsulluğun və işsizliyin azaldılması başlıca prioritetlər kimi önə çəkilib. Əgər sadalanan məsələlərə ciddi diqqət yetirsək, hər bir sosial problemin əslində layiqli əməyin təmin olunmasında özünün qismən həllini tapa bildiyini görə bilərik. Onu da unutmayaq ki, Azərbaycanda əhalinin təbii artımı hər il 1,3 faizi keçməkdədir. Elə buna görə də başlıca hədəflərdən biri Azərbaycan Respublikasının 2017-2030-cu illər üçün məşğulluq strategiyası layihəsinin gerçəkləşdirilməsidir.

Milli Məclisin əmək və sosial siyasət komitəsi Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması üçün fəaliyyətini daha da canlandırıb. Belə ki, bu ilin ortalarında möhtərəm Prezidentimiz İlham Əliyevin təqdim etdiyi “İşsizlikdən sığorta haqqında” qanun layihəsi parlamentdə geniş müzakirə olunub, deputatların böyük əksəriyyəti debatlarda iştirak edib, son nəticədə qarşıya müasir tələblərə cavab verən qanun layihəsi qoyulub. Azərbaycanın ali qanunvericilik orqanı ilk dəfə bir neçə gün bundan əvvəl  “İşsizlikdən sığorta fondu”nun büdcəsini də təsdiq edib. Cənab İlham Əliyevin 7 aprel 2017-ci il tarixli müvafiq sərəncamı ilə özünüməşğulluq sistemi yaradılıb və bu məqsədlə 16 milyon manat vəsait ayrılıb.

Sözügedən sərəncamın davamı olaraq “İşsizlikdən sığorta fondu”nun büdcəsi üçün nəzərdə tutulan 89 milyon manatın   35 milyon manatı özünüməşğulluq məqsədlərinə yönəldilib ki, bu da, şübhəsiz ki, minlərlə yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərəcək.

Onu da xatırlatmaq yerinə düşər ki, möhtərəm Prezidentimizin təşəbbüsü ilə “Asan xidmət” brendində yaradılan “ABAD” qurumu gənclərin, evdar qadınların, əlillərin işlə təmin olunmasına əlverişli şərait yaradacaq.

Özünüməşğulluq sistemi artıq ölkədə sosial müdafiənin ələbaxımlıqdan kiçik sahibkarlığın yaradılmasına yönələn bir qoluna çevrilib. Qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə iş təcrübəsini daha dərindən, praktik öyrənərək, tətbiq etmək məqsədilə hazırda BMT-nin Əmək Təşkilatı ilə birlikdə pilot layihələr həyata keçirir.

“İşsizlikdən sığorta fondu”nun büdcəsindən, eyni zamanda, işsizliyə görə müavinətin 3 dəfə artacağı da gözlənilir. Bu büdcədə peşə təhsili, ixtisasartırma və peşədəyişmə kurslarının, geniş maarifləndirmə işlərinin maliyyələşdirilməsi də özünü bariz şəkildə göstərəcək.

Məşğulluğun hərtərəfli və genişmiqyaslı təmin olunması üçün qanunyaradıcılığı prosesində Əmək, Vergi, Gömrük məcəllələrinə və digər qanunvericilik aktlarına da xeyli əlavə və dəyişikliklər edilib ki, bu da son nəticədə orta və kiçik sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərəcək.

Burada diqqəti bir məqama da yönəltmək istərdim. Ölkəyə turist axınının güclənməsi məqsədilə viza rejiminin sadələşdirilməsi üçün “Asan viza” sistemi yaradılıb, bununla bağlı müvafiq qanunlara əlavə və dəyişikliklər edilib. Hazırda isə bu sahəni daha əlçatan və əmək tutumlu etmək üçün parlamentdə turizm haqqında yeni qanun layihəsi üzərində iş gedir.

BMT-nin minilliyin tələbləri baxımından respublikada aparılan məqsədyönlü islahatlar sayəsində son illər qeyri-neft sektoru 2,6 dəfə artıb, 1,6 milyondan çox iş yeri yaradılıb, əhalinin gəlirləri 5,2 dəfə, minimum əmək haqqı 3,5 dəfə, aylıq əmək haqqı 4 dəfə, pensiyalar 10,3 dəfə, sosial müavinətlər isə 3 dəfədən çox artıb.

Yeri gəlmişkən, burada iki mühüm sənədə də nəzər salmaq istərdim. Belə ki, cari ilin əvvəlində Milli Məclisdə pensiya islahatları ilə bağlı əvvəlki qanuna 100-dən çox dəyişiklik edilərək, yaşlı insanların həyat şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək yeni bir sənəd hazırlanıb. Bununla əlaqədar təkcə bir rəqəmi xatırlatmaq yerinə düşərdi: Pensiyada olan, eyni zamanda, işləyən insanların 932 nəfəri qısa müddətdə ödəniş haqqını yenidən hesablatdıraraq, təkcə bir ay ərzində 3,6 milyon manat əlavə pul gəliri əldə edib. Başqa sözlə, yaşlıların aylıq pensiya haqları orta hesabla 150 manata qədər artıb. Bu sahədə hələ kifayət qədər ehtiyat mənbələrinin mövcudluğunu da xatırlatmaq istərdim. 

Azərbaycan Respublikası vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilib. Görülmüş tədbirlər nəticəsində iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilib, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, bu sahədə əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənən inkişafın reallaşdırılması, eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən olunması milli iqtisadiyyatın sosial yönümlülüyünü daha da artırıb.

Həyata keçirilən tədbirlər nəticəsində 2006-cı ildən ölkədə tətbiq edilən və dövlət sosial sığorta sistemində fərdi uçota əsaslanan yeni sığorta-pensiya sistemi işçilərin pensiya və digər sosial təminatlarının daha səmərəli reallaşdırılmasına imkan verib. 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsi, habelə əmək resurslarından səmərəli istifadə edilməsi nəticəsində əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyənləşdirilib.  

Hazırda sadalanan hədəflərə nail olmaq üçün ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində səmərəli tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası hazırda sadalanan istiqamətlərdə səmərəli fəaliyyət göstərir.  

Burada bir məqamı da vurğulamaq yerinə düşərdi. Gələn ilin dövlət büdcəsi paketində ünvanlı yardımları ödəmək üçün müəyyənləşdirilən  ehtiyac meyarı göstəricisi 16 manat artırılaraq 130 manata çatdırılıb. Bunun nəticəsində isə əlavə olaraq, minlərlə ailənin sosial müdafiəyə cəlb edilməsi reallaşacaq. Eyni zamanda, minimum əmək haqlarının artırılması da tarif cədvəlinin müvafiq qrafalarında özünü göstərəcək. Yeri gəlmişkən, təkcə bu düzəlişlər hesabına büdcədən əlavə 104 milyon manat vəsait aztəminatlı ailələrin güzəranının daha da yaxşılaşdırılmasına yönəldilib. 

Sosial məsələlərdən danışarkən, onu da deyim ki,  Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün aparılan siyasətdə daha çox səbəblərin aradan qaldırılması məsələsinə diqqət yetirilir, Milli Məclisdə də bu məqam diqqət mərkəzində saxlanılır. Bununla bağlı  son vaxtlar bir sıra qanunların qəbul olunması, bəzi qanunlara isə müvafiq əlavə və dəyişikliklərin edilməsi bunun bariz ifadəsidir. Məsələn, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədilə duzun yodlaşdırılması” haqqında qəbul edilən qanun ölkədə endokrinik xəstəliklərin 7 dəfə azalmasına gətirib çıxarıb. BMT qurumları ilə əməkdaşlıq şəraitində körpələrin, erkən yaşlı uşaqların qidalanması, şəkərli diabet xəstəliyinə tutulan şəxslərə dövlət qayğısı və uşaqların icbari dispanserizasiyası haqqında hazırlanan qanun layihələri ölkədə xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayıb. 

Milli Məclisdə bu günlərdə qəbul olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması” haqqında Qanun da belə hüquqi sənədlərdən biridir.

Hazırda Milli Məclisin müvafiq komitəsi gələn ilin yaz sessiyası üçün əlillərin hüquqlarının qorunması haqqında geniş və daha əhatəli qanun layihəsini hazırlayaraq, parlamentin müzakirəsinə çıxarmağı nəzərdə tutur. Bu isə onu göstərir ki, ölkə Prezidentinin rəhbərliyi ilə Milli Məclis Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə birgə gələcəkdə bu sahədə daha böyük uğurlara nail olacaq.

Hadi RƏCƏBLİ,
Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri,
siyasi elmlər doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında