MÜSTƏQİL AZƏRBAYCAN: Ümummilli lider Heydər Əliyevdən Prezident İlham Əliyevə

 

 

 

 

 

 

 

 

 

 

 

 


Mən öz fəaliyyətimdə xalqa güvənirəm, xalqdan güc alıram və sizin dəstəyiniz məni daha da əzmkar edir, məni daha da güclü edir... Mənim üçün ən başlıcası Azərbaycan xalqının xoşbəxtliyidir, Azərbaycan dövlətinin maraqlarıdır.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti



Mən bu gün yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə üzümü tutub deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.

Prezident İlham Əliyevin
birinci andiçmə mərasimindəki çıxışından


Çağdaş Azərbaycan dövlətini qurmaq missiyasına ümummilli lider Heydər Əliyev “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlamışdı. Azərbaycanın müstəqilliyi Tanrının xalqımızın gələcəyinə verdiyi bir şans, istək və arzularına açdığı yol idi. Nə yaxşı ki, ümummilli lider Heydər Əliyev kimi böyük mütəfəkkir tarixdə nadir hallarda yaranan belə imkandan istifadə edərək xalqını yenidən müstəqil dövlətçiliyinə qovuşdurdu, siyasi suverenliyə dönməz, əbədi xarakter verdi.

İlk mərhələdə Azərbaycan xalqı dövlətçiliyin xilaskarının missiyasından lazımınca bəhrələnərək öz varlığını,  Vətənin müstəqilliyini qorudu və milli dövlətini qurdu. İkinci mərhələdə isə Azərbaycan cəmiyyəti böyük zəhmətlər, ağrıacılar bahasına yaradılmış ideoloji ənənə və dövlətçilik təcrübəsini dağılmağa, müstəqilliyi naməlum talenin oyunları ilə üz-üzə qalmağa qoymadı. Bu, müasir Azərbaycanda siyasi varislik ənənəsinin nə qədər ehtiyac duyulan həyati məsələ olduğuna mükəmməl sübut idi.

Xalq 1993-cü ildə  Heydər Əliyevi yenidən özünün həqiqi rəhbəri olaraq ali hakimiyyətə tələb edəndə nə qədər ağılla, təkidli hərəkət etmişdisə, üçüncü minilliyin üçüncü ilində İlham Əliyevin şəxsində öz yeni Prezidentini – yeni liderini seçəndə də o səviyyədə mübarizlik göstərdi. Ümummilli lider Heydər Əliyevin həyatının son illərində və aylarında Azərbaycan cəmiyyətini, eləcə də ölkəmizi diqqət mərkəzində saxlayan beynəlxalq dairələri  dövlətə gələcəkdə kimin rəhbərlik edəcəyi, ulu öndərin hakimiyyət irsini və siyasi kursunu kimin davam etdirəcəyi ciddi düşündürürdü. İki əsrin və minilliyin qovşağında bu barədə düşünəndə hamının ağlına, birinci növbədə, ümummilli liderin ən yaxın silahdaşı və ən sadiq məsləkdaşı, onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi  İlham Əliyev gəlirdi.

Bu, yalnız İlham Əliyevin dünya miqyaslı ictimai-siyasi xadim, böyük dövlət adamı və nəhayət, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin oğlu olması ilə bağlı deyildi. Həm də ona görə idi ki, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq, yeni tipli siyasi lider olaraq İlham Əliyev kifayət qədər böyük siyasi nüfuz qazanmışdı. Yeni tipli siyasi xadim İlham Əliyev hər gün bir uğura imza atırdı, onda “tarix” ilə “müasirlik” arasındakı fərq, şübhəsiz, daha aydın görünürdü.

Ümummilli lider Heydər Əliyevin timsalında rəhbərin öz soydaşlarının arzu-ideallarına sadiqliyinə inanan xalq romantik ideallarını belə gerçəkləşdirmiş əfsanəvi liderin ətrafında görünməmiş bir vüsət və coşqu ilə səfərbər olunmuş, mərkəzəqaçma impulsu ilə toparlanmışdı. Bu, xalqın tarixi arzu-istəklərindən yoğrulmuş liderin–xalqa xidmət arealının hüdudsuzluğu ilə ucalmış Heydər Əliyevin şəriksiz və misilsiz qələbəsi idi. Həmin qələbə isə ulu öndərin gerçək siyasi varisi kimi qəbul edilən İlham Əliyevin qarşısında yüksək fəaliyyət perspektivləri, yeni siyasi-iqtisadi, mənəvi-ideoloji üfüqlər açırdı. Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin gənc qəhrəmanına belə geniş meydan, təbii ki, hava-su kimi lazım idi.

Ulu öndərin mükəmməl idarəetmə məktəbinin ən kamil yetirməsi olan İlham Əliyev siyasi meydanda çoxdan olsa da, tam aydınlığı ilə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində vətənpərvər fəaliyyəti ilə nəzərə çarpdı. Sonradan isə cəmiyyət onu baş nazir kimi qəbul etdi. Əslində, bu qədəmisayalı başlanğıc ümummilli lider Heydər Əliyevin siyasi, ictimai, əxlaqi məfkurəsi üzərində formalaşan, Avropa və Şərq dəyərlərinin sintezindən yaranan, monolit kökü olan özünəməxsus siyasi  mədəniyyətin gəlişi idi.

Siyasi düşərgəyə, cəmiyyətimizin idarəçiliyinə yeni ictimai ruhun gəlişi təzə ideyaların axını demək idi. Bütün bunların bəhrəsi isə təkcə əldə olunmuş inkişaf tempini qoruyub saxlamaq deyil, həm də qazanılacaq yeni uğurlar, növbəti təcrübə olacaqdı. Varis-lider İlham Əliyevin keçdiyi mənəvi, mədəni, intellektual, siyasi məktəb bütöv bir tarix idi.

Belə bir tarixi şəraitdə  ümummilli lider 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: “Üzümü sizə– həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Müstəqil dövlətin yenicə qurulmuş, nizamlanmış hakimiyyətinin yeni siyasi varisə ötürülməsi kimi taleyüklü bir keçid mərhələsində İlham Əliyevin böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilməsi göstərdi ki, əvvəla, Azərbaycan xalqı ümummilli liderin milli dövlət quruculuğu siyasətinin perspektivliyinə dərindən inanır; ikincisi, İlham Əliyevi məhz həmin siyasətin daşıyıcısı və davamçısı kimi qəbul edir; nəhayət, gələcəkdə milli dövlət quruculuğu qarşısına çıxa biləcək qaçılmaz problemlərin həllində onun siyasi intellektinə, uzaqgörənliyinə və iradəsinə şübhə etmir.

Qloballaşan dünyada ancaq konkret düşüncəli, yüksək mədəniyyətli, zəkalı, sərbəst mükalimələr yürüdən siyasətçilər nüfuz və hörmət qazana bilərlər. Bu mənada, İlham Əliyev vətəninin milli mənafeyini istənilən səviyyələrdə, aparıcı beynəlxalq  dillərdə çatdırmağa və müdafiə etməyə kifayət qədər qadir siyasətçidir.

Ulu öndər Heydər Əliyev ölkəsinin müstəqilliyinin on ili ərzində milli, dünyəvi quruluş formasiyasını seçən Azərbaycanın bugününün və sabahının üç ana prinsipini, ideya istiqamətini müəyyənləşdirmişdir: azərbaycançılıq, millilik, demokratizm! Bu gün artıq özünü təsdiqləmiş, nəticələri ilə xalqın böyük hissəsinin etibarını əldə etmiş bu dəyərlər Prezident İlham Əliyevin milli birlik, vətənçilik barədə məxsusi düşüncələri ilə daha çevik, yeni məcrada davam və inkişaf etdirilir.

Müstəqillik dövrünün tarixi proseslərinin ictimai xarakteri onu göstərir ki, əgər Azərbaycanda Heydər Əliyevin dövlətçiliyə xilaskar baxışları, müdaxilələri olmasaydı, bu gün dünya azərbaycanlılarının taleyi barədə şübhələr hökm sürərdi. Azərbaycançılıq kimi böyük ideya  dil, mədəniyyət, adət-ənənələrin, xalqın şərəfli tarixinin elmi cəhətdən araşdırılması, öyrənilməsi vətəndaşların həmrəylik istəyi, mütəşəkkilləşmək barədə duyğuları ilə yoğrulmuşdur.

Millilik Prezident İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir. Onun öz xalqının ruhuna uyğun, eləcə də Avropa və Qərb təmayyüllü siyasəti Azərbaycanın əzəli milli maraqlarından mayalanır. Bu keyfiyyət, bütövlükdə, ümumtürk ruhunun tərbiyəsindən gələn bir xarakterdir. Türk ruhumuzun siyasi, milli, əxlaqi, mədəni dəyərləri çoxəsrlik tarixi sınaqlardan alnıaçıq çıxıb. Millətin yaşam proseslərinə qiymət verərkən, təbii ki, türk dünyasının, türk xalqlarının zaman-zaman özəlliklərini saxlayaraq hərtərəfli inkişaf meyllərinə tapınmasından dövlətin də, Prezidentin də, vətəndaşların da bugünkü qürur hissi böyük olmalıdır.

Müasir Azərbaycan dövləti Heydər Əliyevin rəhbərliyi ilə müstəqil həyatının çətin,  ziddiyyətli yaşantılarını çoxdan geridə qoymuşdur. Demokratik quruluşun  mahiyyətini göstərən amillərin gerçəkləşməsi sayəsində dövlətimiz bu gün dünya birliyində layiqli yer tutur. Bayrağımız, demək olar ki, bütün beynəlxalq təşktilatlarda ucaldılmışdır. Millətimizin daxili potensialı, ictimai düşüncəsi ona imkan verir ki, Azərbaycan demokratizmi heç də digər ölkələrin demokratizmindən geri qalmasın.

Dünya siyasətinin ən peşəkar simalarından biri, iyirminci yüzilin böyük mütəfəkkir qurucusu Heydər Əliyev  bütün vətəndaşlara, o cümlədən müxalifətə açıq siyasi fəaliyyət və özünütəbliğat üçün təhlükəsiz şərait yaratmışdır. İqtidar siyasi əqidəsindən asılı olmayaraq, hər bir vətəndaşa, o cümlədən də müxalifətə söz demək, mübarizə aparmaq azadlığını vermişdir.

Prezident İlham Əliyev bu gün eyni demokratizmi davam etdirərkən, bəlkə də, bir qədər də artırarkən sağlam, eyni zamanda, gənc intellektual düşüncənin, qabiliyyətin, milli təəssübkeşliyin, yolunu fəal surətdə açıq elan etmişdir. O, müxalifətlə münasibətdə nümayiş etdirdiyi demokratik, milli, mədəni, əxlaqi səviyyə ilə Azərbaycanın maraqlarını hər şeydən üstün tutduğunu dəfələrlə açıqlamış, avantürist meyillərə əsaslanan müxalif qüvvələri millətin sabahı naminə fəaliyyət göstərməyə, iqtidarla dialoqa  dəvət etmişdir.

Önəmlisi odur ki, Azərbaycandakı siyasi, sosial, mədəni xətt doğma dəyərlərə münasibətdə millətin keçmiş dövlətçilik və yaşam təcrübəsindən istifadəyə söykənir. Bu yol müasir dövlətçilikdə vacib impulsiv milli strategiya sayıla bilər.

Üçüncü minilliyin astanasında Heydər Əliyev xalqımıza müraciətində milli düşüncəmizin, ideologiyamızın iç – özül maraqlarını, milli özünüdərkdə təəssübkeşliyin ən tipoloji tarixi nümunəsini ortaya qoymuşdur: “Biz nadir bir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. İctimai, idraki və iqtisadi dünyaduyumunda bərabər tərəf kimi özünə yer almış millilik mənəvi keyfiyyət olaraq  İlham Əliyev siyasətinin prioritetlərindəndir.

Prezident İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə Vətən və xalq təəssübkeşliyi, Şərqin müsbət ənənələri, türk mənəvi-əxlaqi dəyərləri, Qərb və Avropa modellərinə münasib intellekt möhkəm birləşmiş özüldür. O, milli-mənəvi, ideoloji dəyərlərimizin hamısında, mədəni, elmi, etnokulturoloji, eləcə də yaradıcılıq sahələrində irəliləyişi, mənəviyyat məsələlərinə dövlət  himayəsini yalnız iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır. Bu, dünyanın ümumi həyatının rəhnidir və hər bir millətin gələcəyində, dövlətin  qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə yaşayıb inkişaf etməyində həlledici amildir.

Biz qəlbən rahatlıq hissi keçirməli və ümidvar olmalıyıq ki, xalqın intellektual, mədəni, mənəvi perspektivi Azərbaycanın potensial iqtisadi-sosial rifahına hesablanmışdır. Azərbaycançılıq ideologiyası üçün müstəqilliyin tarixi-mənəvi tələblərindən biri də dünyanın müxtəlif yerlərində yaşayan və fəaliyyət göstərən azərbaycanlıların, əsasən, bu ideya ətrafında birləşməsidir. Bu istiqamət bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi, tarixi maraqlarını ifadə edən məsələ kimi, müasir dövlətçilikdə önəmli halal yerini almışdır.

Vaxtilə Prezident Heydər Əliyev birmənalı şəkildə Azərbaycan insanına tövsiyə edirdi: “Hər bir azərbaycanlı milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı– Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq.”  Ulu öndər bununla bütöv xalqı – azərbaycanlı superetnosun harada və hansı vəziyyətdə olmasını, şəraiti fərqləndirmədən, ümumilikdə, onlarda milli duyğuların canlanması işinə bir iradəlilik, sürət impulsu verirdi.

Millətin ümumi daxili-ruhi yüksəlişi, mənəviyyat, mədəniyyət sahəsindəki məsələlərin konseptual bir proqram çərçivəsinə, sistemə salınması da Azərbaycan cəmiyyətində İlham Əliyevin lider kimi tanınmağına əsaslı təsir göstərir. Eyni zamanda, beynəlxalq aləmin ölkəmizə münasibətində heç vaxt unudulmamışdır ki, dünyəvi istiqamətləri öz həyat prinsipləri  seçmiş Azərbaycanın etnik baxımdan möhkəm birliyi təmin olunub və mütəşəkkildir. Bu məmləkətdə yaşayan insanların hamısı, bəzi etnik azlıqlar fərqli mədəniyyətlərə mənsub olsalar da, vətəndaş olaraq Konstitutisiya ilə bütün azadlıqlara, hüquqlara malikdirlər.

İlham Əliyev Azərbaycan dövlətinin başına təkcə ümummilli liderin varisi, davamçısı, onun məktəbinin ardıcılı kimi yox, həm də yenilikçi – yeni zamanın yeni lideri olaraq gəlmişdir. O, idarəçiliyin elə demokratik və optimal yolunu seçmişdir ki, hər bir zəkalı ölkə vətəndaşının dövlətçiliyin inkişafında yeri var. Və dövlət quruculuğunda bu yer hər kəsin məhz vətənpərvərliyinə, biliyinə, sağlam düşüncəsinə, qabiliyyətinə görə müəyyənləşmişdir.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının və müstəqilliyinin siyasi proqramını ümummilli liderimiz Heydər Əliyev böyük inamla formalaşdırmış və reallaşdırmış, iqtisadi müstəqillik uğrunda mübarizənin möhkəm təməlini qoymuşdur. Siyasi müstəqilliyin və onun iqtisadi cəbhəsinin daha da möhkəmləndirilməsinin sükanı artıq 14 ildir ki, Prezident İlham Əliyevin əlindədir. Əminliklə demək olar ki, Azərbaycanın iqtisadi müstəqilliyinin reallaşdırılması İlham Əliyev siyasətinin tarixi nailiyyətidir.

17 noyabr 2003-cü ildə Nazirlər Kabinetinin ilk iclasında  Prezident İlham Əliyev proqram xarakterli bəyanatla çıxış etdi: “Azərbaycanda son illər ərzində aparılan iqtisadi siyasət çox uğurlu olubdur və Azərbaycanın gələcək inkişafı üçün də gözəl təməl yaradıbdır. Bizim hamımızın vəzifəsidir ki, bu siyasəti davam etdirək, əldə olunan bu uğurları artıraq və Azərbaycanın hərtərəfli inkişafı üçün böyük imkanlardan istifadə edərək, qoyulmuş bu gözəl təməlin üzərində müasir Azərbaycanı yaradaq”.

Prezident İlham Əliyevin geniş düşüncəsində Azərbaycanın indiki inkişaf mərhələsini dönməz prosesə çevirmək və islahatları uğurlu sonluqla tamamlamaq durur. Cəmiyyətin sağlam qüvvələrinin qəbul etdiyi siyasi  kursun davamı da elə bunda – ənənələrin etibarlı səviyyədə qorunmasının özünün bir ənənəyə çevrilməsi ideyasındadır.

Dövlət başçısı İlham Əliyevin siyasi portretini onun  söhbət açacağımız fərdi obrazının əlamətdar ştirixləri tamamlayır:

Ləyaqətlilik – xalqına da, beynəlxalq aləmə də, dosta da, düşmənə də münasibətdə, onun siyasətini sevənlə də, qarşı olaraq mübarizə aparanla da davranışda bu xüsusiyyət, həm də əlavə bir təmkinlə müşahidə olunur.

Humanistlik – bu insanlığa məhəbbətdən irəli gələn bir keyfiyyətdir. Prezident İlham Əliyev bilir ki, insanları sevmək, onlara xeyirxahlıq, mənəvi-ruhi, hüquqi, sosial  baxımdan problemlərinin həllində doğmalıq göstərmək, dayaq durmaq – layiqli rəhbər olmaqdır.

Vətənpərvərlik – hələ millət vəkili olaraq Avropa Şürasında nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti onun haqqında bu imici yaratmışdı. İlham Əliyev dünyanı  bir həqiqətə inandırmağa çalışır ki, Ermənistan terrorçu dövlətdir, zəbt etdiyi Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ ərazisindən narkotik maddələrin tranziti və biznesi məqsədilə istifadə edir.

Qayğıkeşlik  – on il  deputat seçildiyi ərazi onun himayədarlığını kifayət qədər hiss etmişdir. İlham Əliyev, bəlkə də, onları nəinki mənəvi-sosial sıxıntılarla üz-üzə qoymamış, daim seçiciləri ilə müntəzəm görüşlər keçirərək, ümumi əhval-ruhiyyəinin yüksəkliyinə nail olmağa çalışmışdır. Çadır düşərgələrində yaşayan qaçqınların və məcburi köçkünlərin məişət, sığınacaq, güzəran qayğıları da İlham Əliyevin nigarançılığına səbəb olan məsələlər idi.

Səmimilik – İlham Əliyev rəsmi və ictmaiyyətlə görüşlərində siyasətçiləri, müxtəlif zümrədən olan insanları nəzakətlə, hörmətlə dinləməyi, məsələyə aydın münasibət bildirməyi ilə tərəf-müqabillərini özü haqqında sayğılı düşünməyə vadar edir. O, dialoq zamanı həmsöhbətini özünün təbii səmimiyyətinə və obyektivliyinə inandırır.

Müasir dövrdə İlham Əliyev liderlik yolunda cəmiyyəti də özü ilə birlikdə ucaltmağa qadir olan yeganə dövlət adamıdır. İnsanların yaxşı məlumatı var ki, o, atasının quruculuq illərində hansı vəzifə daşımasına baxmayaraq, dövlət müstəqilliyimizin qorunmasında, möhkəmlənməsində və ölkəmizin dünya birliyinə daxil olmasında, Avropanın bir üzvü kimi tanınmasında gəncliyin lideri qismində kifayət qədər bilik, bacarıq, qüvvə sərf etmiş, mübarizlik göstərmişdir. Ölkənin böyük neft strategiyasının milli maraqlar daxilində həyata keçirilməsində  İlham Əliyevin əməyini, mühüm xidmətlərini heç bir siyasət adamı dana bilməz.

Artıq Azərbaycanda milli birlik, sabitlik, demokratiya  bərqərar ediləndən sonra sivil dəyərlərə geniş miqyasda inteqrasiya olunmaq dövrü vüsət almışdır. Ölkəmizin inkişafının, dünya dövlətləri ilə əməkdaşlığının strateji tərəflərindən biri də hazırda beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məsələsidir ki, Prezident İlham Əliyev bu sahədə də qətiyyətli mövqedədir.

Prezident İlham Əliyev öz açıq və dərin təfəkkürü, çevik, analitik dünyaduyumu ilə milli maraqları bəşəri formulada sintez və təqdim edə bilir. O, sülh haqqında, yaxud sülhü müdafiə barədə konkretdir. Terrorizmə qarşı mübarizədə səmərəli fikirlərini beyəlxalq tribunalardan səsləndirərkən tələfat və dağıntıların əziyyətini çəkənlərin ilk sıralarında Azərbaycanı nümunə kimi tanıdır.

Müstəqil Azərbaycan dövlətinin yeni lideri İlham Əliyevin əsaslı və zəruri islahatları ölkənin real iqtisadi, sosial, siyasi vəziyyətini dəqiqliklə nəzərə almaqla yanaşı, cəsarətliliyi ilə də seçilir. Onun məhz yenilikçi idarəetmə texnologiyalarına ardıcıl, inamlı müraciətinin nəticəsidir ki, respublikanın iqtisadi inkişafı indiyə qədər görünməmiş bir sürət və miqyas almış, ölkədə sağlam sosial-siyasi, mənəvi-mədəni əhval- ruhiyyə  güclənmişdir. Bu gün ən qərəzkar, ən aqressiv, hətta ən dağıdıcı bir müxalif qüvvə belə dövlət başçısı İlham Əliyevin qazandığı çoxspektrli uğurları görməmək, yaxud inkar etmək gücündə deyil.

Prezident İlham Əliyev ulu öndərin yaratdığı əsaslara söykənərək Azərbaycanda iqtisadi- sosial tərəqqini fenomenal bir gerçəyə çevirib. Bu illərdə milli iqtisadiyyatımız onun qətiyyəti və novator idarəçiliyi sayəsində 3 dəfədən çox artıb. Bu, dünyada ən sürətli inkişaf göstəricisidir. Yoxsulluq onun müstəsna səyləri ilə 10 dəfəyə qədər azalaraq 5 faiz səviyyəsinə enib. İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə 1,9 milyondan çox yeni iş yeri açılıb.

Azadlıq, inkişaf və məsuliyyət İlham Əliyev siyasətinin əsas xarakteridir. Bu xarakterdə qeyri-səmimiliyə, təşəbbüssüzlüyə, tənbəlliyə qarşı barışmaz münasibət var. Heydər Əliyevin milli dövlət quruculuğu xətti ümummilli liderin ən layiqli varisi olaraq onun ideoloji söykənəçəyi, daim siyasi enerji götürəçəyi böyük mənbədir. İlham Əliyevin siyasətinin əsas özəlliyi də Azərbayçanı sivil məkana çevirmək, xalqı mənəvi cəhətdən ruhlandırmaq, təşkil etmək, dünyada bir millət kimi qürurla yaşamağımıza ideoloji-mədəni təminat yaratmaqdır.

Prezident İlham Əliyev vətənpərvər, dünyəvi təfəkkürü ilə, Azərbaycanı yüksək mədəniyyətli, mənəviyyatlı diyara çevirmək yolundadır. Dünya tarixində millətlər zəngin nemətləri ilə yox, məhz böyük mədəniyyətləri ilə tanmır. Bu gün Azərbaycanda yürüdülən siyasətin  professionallığı, çevikliyi bütün inkişafı milli-mənəvi potensial üzərində qurmağında təzahür edir. Ulu öndər Heydər Əliyevin bizə qoyub getdiyi zəngin irs, formalaşdırdığı böyük dövlətçilik ideologiyası elə bir bütöv kompleksdir ki, imkanlar reallaşdıqca onun tərkib hissələri, məziyyətləri də tədriçən artır. Bu mənada, çənab İlham Əliyevin təqdim etdiyi həyatın bütün sahələrinə yönəlik inkişaf konsepsiyasının tipologiyası keçmiş sovet respublikalarının heç biri ilə müqayisə oluna bilməz.

Prezidentin andiçmə mərasimindəki nitqindən bu tezisi Azərbayçanın sonrası üçün əsas amal hesab etmək olar: “Mən bu gün yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə üzümü tutub deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Bu amal, sədaqət, bu vəd təkçə İlham Əliyevin deyil, onu prezident seçən və axıradək müdafiə edəçək, işində yardımçı olaçaq insanların fikrini ifadə edir.

Müstəqilliyimizin indiki mərhələsində Prezident İlham Əliyev bizim əvəzolunmaz liderimizdir. Müstəqilliyimizin ilk illərinin xaotik çağlarında, islahatlar dövründə yetişmiş, öz milli-mənəvi, elmi səviyyəsini, qabiliyyətini göstərməyə o vaxtlar imkan tapmayan, intellektual-ziyalı elektoratın, sadə insanların, erməni təçavüzündən əziyyət çəkmiş yüz minlərlə vətəndaşın –ümumiyyətlə, dünya azərbaycanlılarının düşünçəsində onun liderliyi şəksiz qəbul olunur.

Nizami CƏFƏROV,
Milli Məclisin deputatı,
Atatürk Mərkəzinin müdiri, akademik


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında