Mütərəqqi siyasətin uğurlu davamı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş  rayonlarından qeyd-şərtsiz, dərhal çıxarılması tələb edilir... Azərbaycan heç vaxt ­Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcəkdir. Bizim ərazi bütövlüyümüz  Birləşmiş Millətlər Təşkilatı, bütün beynəlxalq təşkilatlar tərəfindən tanınmışdır və dəstəklənir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Tarix boyu gələcək inkişafı önə çəkən ideyalar ətrafında sıx birləşən xalqlar qarşıya qoyduqları məqsədlərə doğru daha inamla irəliləmiş, uğurlu nəticələr əldə etmişlər. Bu mənada, dünya arenasında layiqli yer tutmaq istəyən hər bir millətin milli ideyasının – inkişafın məqsəd və prioritetlərinin olması son dərəcə vacibdir. Fəqət, hər hansı mütərəqqi ideyanın irəli sürülməsi özlüyündə hələ onun uğuruna təminat vermir. Gələcəklə bağlı istənilən ideya o vaxt həyati və cəlbedici təsir bağışlayır ki, onun reallaşdırılması mexanizmləri barədə aydın təsəvvürlər mövcud olsun. Bu, ilk növbədə, dövlətə rəhbərlik edən liderin şəxsi idarəçilik keyfiyyətlərindən, gələcəklə bağlı doğru qərarlar qəbul etmək məharətindən asılıdır.

Hələ 2003-cü ilin 31 oktyabrında keçirilmiş andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm!” – deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev də məhz belə liderlərdən olaraq zamanın çağırışlarına cavab verən realist siyasət yürütmüş, uğurlu gələcək naminə dövlətin güc və imkanlarını toparlamışdır.

Dövlət başçısı ötən 14 ildə verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmiş, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan iqtisadi islahatların müəllifinə çevrilmişdir. Sosialyönümlü mahiyyət daşıyan bu iqtisadi strategiya inkişaf prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektoru hesabına regionların tarazlı və davamlı yüksəlişinin sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkmişdir.

Demokratiyanın mühüm göstəricilərindən biri hökumətin ictimai rəyə münasibəti əsasında müəyyənləşir. İctimai rəy dövlətin işinə nəzarət funksiyasını yerinə yetirməklə, müsbət və mənfi meyillərə obyektiv qiymət verən, hökuməti mövcud problemlərin həllinə doğru istiqamətləndirən mühüm mexanizmdir. Ötən 14 ildə hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsi də milli dövlətçilik tariximizdə mütərəqqi ənənəyə çevrilmiş, demokratik dəyərlərə hörmətin, ictimai rəyə həssas münasibətin ifadəsi kimi diqqəti çəkmişdir. Nazirlər Kabinetinin mütəmadi olaraq keçirilən iclasları həm də Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi islahatlar kursunun keyfiyyətcə yeni dövrdə uğurla davam etdirildiyini, ictimai həyatın bütün sahələrində intibah mərhələsinin başlandığını göstərmişdir.

Yekunlaşmaqda olan 2017-ci ilin ötən dövrü deməyə əsas verir ki, Azərbaycan böhranın son mərhələsini də inamla geridə qoyur. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması istiqamətində islahatları davam etdirən Azərbaycan hökuməti ölkəmizin investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə müsbət göstəricilərə nail olmuşdur.

Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası dünya ölkələrində iqtisadi böhranın səngimədiyi bir dövrdə Azərbaycanın rəqabət qabiliyyətinin artdığını göstərmişdir. Hesabat dövründə iqtisadiyyatın bütün funksional sahələri üzrə optimal nəticələr əldə olunmuş, regionların sosial-iqtisadi inkişafına, biznes mühitinin liberallaşdırılmasına istiqamətlənmiş dövlət siyasətinin davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də strateji valyuta ehtiyatlarının artımına imkan yaratmışdır.

Bütün bunların nəticəsi olaraq Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun bir müddət əvvəl açıqladığı “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşmışdır. Ümumilikdə, ölkəmiz “Qlobal rəqabət qabiliyyəti” hesabatları üzrə 2005-ci ildən 2017-ci ilədək 69-cu yerdən 34 pillə irəliləyərək 35-ci yerə yüksəlmiş və 2009-cu ildən indiyədək MDB-də liderliyini qoruyub saxlamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında demişdir: “Xarici ticarət dövriyyəmiz 7 faiz artmışdır. Burada da ixrac idxalı böyük fərqlə üstələyir. Hər bir inkişafın göstəricisi, o cümlədən xarici ticarətin tarazlığından asılıdır. Bizdə isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir. Əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Əlbəttə, bu, bizim həm iqtisadi uğurlarımızı əks etdirir, eyni zamanda, milli valyutamız manatın məzənnəsinə çox müsbət təsir göstərir. Valyuta bazarının tənzimlənməsi istiqamətində, əlbəttə ki, bu, çox böyük imkanlar açır. Eyni zamanda, bu, bizim uğurlu inkişafımızın təzahürüdür. İxracımız idxaldan 4,4 milyard dollardan çoxdur”.

İqtisadi inkişafla paralel olaraq son illər respublikamızda demokratik proseslərin dərinləşdirilməsinə, qanunçuluğun gücləndirilməsinə və liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar da inamla davam etdirilir. Əminliklə demək olar ki, dövlət başçısı İlham Əliyevin yeritdiyi siyasətin ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsini təmin edən mühüm amillərdən biri də son 14 ildə ölkədə siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsi, əks qütblü siyasi qüvvələr arasında gərginliyin aradan qaldırılması olmuşdur. Bu dövrdə, həmçinin məhkəmə-hüquq və ədliyyə sisteminin təkmilləşdirilməsi, insan və vətəndaş hüquq-azadlıqlarının təmini mexanizmlərinin müasirləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişafı uğurla təmin edilmişdir. Son illərdə qeyri-hökumət təşkilatlarının və mətbuatın inkişafına dövlət dəstəyi konsepsiyalarının praktik surətdə gerçəkləşdirilməsi də bu baxımdan diqqəti xüsusi çəkir. 

Müasir politoloji nəzəriyyələr siyasi liderin uğur qazanmasında birləşdirici – inteqrativ funksiyanı xüsusi önə çəkir. Milli mənafelərə əsaslanan siyasət xalqın böyük qismini ətrafında birləşdirir, cəmiyyəti ümumi problemlərin həlli naminə səfərbər edir, bir sözlə, fərdin və dövlətin maraqlarını mümkün qədər uca tutur. Son 14 ildə ulu öndərin siyasi kursuna istinad edən dövlətimizin başçısı cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyinin təmin edilməsi istiqamətində ardıcıl siyasət yürütmüşdür. Nəticədə, cəmiyyət üçün təhlükəli sayıla biləcək hər cür radikal meyillər, siyasi kataklizmlər aradan qalxmış, eyni zamanda, demokratik və azad şəraitdə keçirilən seçkilərin obyektiv nəticələrini əsassız yerə qəbul etmək istəməyən inkarçı qüvvələr sivil dialoqa, konstruktiv əməkdaşlığa dəvət olunmuşlar. Ölkədə həyata keçirilən liberal ruhlu daxili siyasət, eyni zamanda, əks siyasi qüvvələr arasında əvvəllər mövcud olmuş xoşagəlməz münasibətlərin, psixoloji barışmazlığın aradan qaldırılmasına xidmət etmişdir.

Demokratikləşdirmə prosesinin, hüquq normalarının və siyasi mədəniyyətin sivil dünyanın hamılıqla qəbul edilmiş standartlarına yaxınlaşdırılması özlüyündə mürəkkəb, uzun sürən proses olmaqla, təşkilati və tərbiyəvi xarakterli, ardıcıl, məntiqi tədbirlər görülməsini, yeni siyasi dəyərlərin siyasətin hər bir subyektinin, hər bir insanın həyat tərzinə çevrilməsini tələb edir. Demokratik ölkələrin təcrübəsi də təsdiqləyir ki, kəskin sıçrayışlarla müşayiət olunan bütün islahatlar, təfəkkürün tez bir zamanda yenidən formalaşması praktik olaraq qeyri-mümkündür. Belə radikal islahatlar inkişafa deyil, keçid prosesinin ləngiməsinə gətirib çıxarır. İctimai şüurda “həzm olunmayan” demokratik normalar mövcud həyat forma və strukturları ilə münaqişəyə girir və son nəticədə cəmiyyət mütərəqqi yeniliklərə qeyri-adekvat münasibət bəsləməyə başlayır.

Demokratik dəyərlərə transformasiyanın fundamental şərti azadlıqdır: insanın tam azadlığı isə təkcə qanunun və hüquq qaydalarının deyil, həm də iqtisadi müstəqilliyin hökm sürdüyü cəmiyyətlərdə mümkün ola bilər. Məhz bu baxımdan iqtisadi inkişaf və demokratikləşmə Azərbaycanın davamlı inkişafının mühüm şərti, vacib amili kimi nəzərdən keçirilir, dövlət idarəçiliyində müasirlik və demokratizm elementləri gücləndirilir. Azərbaycanda kadr siyasəti yeni dövrün tələblərinə uyğun qurulur, məmurlara etimad prinsipi onların xalqa xidmətinə nəzərən müəyyənləşdirilir, vəzifələrinin öhdəsindən gələ bilməyən məmurlar işindən uzaqlaşdırılır. Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış “ASAN xidmət” mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış “müştəri məmnunluğu” ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu –vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir.

Qloballaşan dünyada bu və digər dövlətin uğurlu xarici siyasət əsasında beynəlxalq münasibətlər sisteminə qatılması, maraq və mənafelərini beynəlxalq hüququn verdiyi imkanlar hesabına təmin etməsi, sivil birgəyaşayış normaları ilə tənzimlənən dünya siyasətində iştirakı, ilk növbədə, onun daxili siyasətindən, demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına necə əməl etməsindən, iqtisadi inkişaf səviyyəsindən asılıdır. Azərbaycan Prezidenti İlham Əliyevin son 14 ildə həyata keçirdiyi effektiv xarici siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın geosiyasi gerçəkliklərinə maksimum adekvatlığı ilə cəlbedici olmuşdur.

Ötən illərdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, sivil, ədalətli oyun qaydaları əsasında enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi rəsmi Bakının xarici siyasətində diqqəti xüsusi çəkən prioritetlər olmuşdur.

Xarici siyasət məsələlərinə geniş yer ayıran, Azərbaycanın “hücum diplomatiyası”nı, qlobal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən dövlət başçısı İlham Əliyev son 14 ildə respublikamızın diplomatik mövqeyini xeyli dərəcədə gücləndirmişdir. Yalnız bir neçə fakt Azərbaycan diplomatiyasının son 14 ildəki uğurları barədə dolğun mənzərə yaradır: Azərbaycan son illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, AŞ PA Nazirlər Komitəsinə rəhbərlik etmiş, Rusiyanın Azərbaycandakı yeganə hərbi bazasının – Qəbələ  Radiolokasiya Stansiyasının fəaliyyəti dayandırılmış, Azərbaycan zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası reallaşdırılmış, türk və İslam dövlətləri ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Çevik və çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun “diplomatik paytaxtı”na çevrilmişdir.

Son vaxtlar Azərbaycanın iqtisadiyyatı və elmi-mədəni potensialı elə bir səviyyəyə çatmışdır ki, biz sadəcə olaraq, Şərq və Qərb  sivilizasiyası arasında körpü rolunu oynamırıq; biz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olaraq multikulturalizm məkanına çevrilmişik. Azərbaycan son illər bu sahədə aparılan müzakirələrin sadəcə, iştirakçısı qismində çıxış etmir, eyni zamanda, bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmlərin müəyyənləşdirilməsinə xidmət göstərən  müzakirələrin təşəbbüskarı və təşkilatçısı missiyasını yerinə yetirir. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2017-ci il tarixli “Bakı prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” sərəncamı bu prosesin təkcə Azərbaycan deyil, ümumən bəşəriyyət üçün əhəmiyyətindən xəbər verir. Sərəncamın preamblua hissəsində Bakı prosesinin xalqlar və mədəniyyətlər arasında uğurlu əməkdaşlıq pratformansı olduğu bir daha xüsusi vurğulanır: “Ötən on il ərzində ölkədə “Bakı prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər və layihələr gerçəkləşdirilmişdir. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları BMT və strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanmışdır. 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi bu uğurlu prosesin və fəaliyyətin nəticəsidir”.

Belə bir sərəncamın imzalanması “Bakı prosesi”nin sivilaziyalararası dialoq və əməkdaşlıq ideyalarının praktiki baxımdan gerçəkləşməsinə verdiyi töhfələrlə şərtlənir. İlkin mərhələdə regional təşəbbüs olaraq siyasi həyata vəsiqə alan “Bakı prosesi”nin sonradan ən müxtəlif səviyyələrdə dəstəklənərək, qlobal hərəkata çevrilməsi Prezident cənab İlham Əliyevin tarixi xidmətləri ilə bağlıdır. 2010-cu ildə BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edən dövlətimizin başçısı növbəti il Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini elan etmişdir. Həmin təşəbbüs əsasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər iki ildən bir Azərbaycanda keçirilir. Xatırladaq ki, indiyədək 4 dəfə – 2011, 2013, 2015 və 2017-ci illərdə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunmuşdur. UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Avropa Şurasının, İSESCO-nun və digər beynəlxalq təşkilatların dəstəklədiyi bu forumlar “Bakı prosesi” çərçivəsində irəli sürülmüş ideyaların daha geniş miqyasda təşviqinə sanballı töhfə olmuşdur. Dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə xidmət edən belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi həm də ölkəmizə, onun multikulturalizm sahəsində əldə etdiyi böyük uğurlara beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir.

Paytaxtımızda keçirilən bu və digər forumlar müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarının bir daha təhlilinə, etnik və mədəni özünüdərk arasında azad seçimin təmin olunmasına, azadlıq, bərabərlik və dözümlülük kimi təməl dəyərlərin cəmiyyətdə bərqərar olmasına yönələn qlobal miqyaslı tədbirlər olaraq, dünyanın ən yeni tarixinə əhəmiyyətli hadisə kimi daxil olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, 2017-ci ildə İV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmiş Azərbaycan malik olduğu iqtisadi potensialı və zəngin mədəni-mənəvi dəyərləri bir daha bütün dünyaya təqdim etmək imkanı qazanmışdır.

Dövlət başçısı İlham Əliyevin 14 illik fəaliyyəti, eyni zamanda, ölkənin inkişafı baxımından strateji sahə olan elm və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu müddətdə elmin və təhsilin inkişafına diqqət artırılmış, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, maliyyə təminatı, əsas fundamental və tətbiqi elmlərin inkişafı üzrə görüləcək tədbirlər müəyyənləşdirilmişdir. Büdcədə elm və təhsil üçün nəzərdə tutulmuş xərclərin ildən-ilə artırılması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımların atılması da bu diqqətin əyani təzahürüdür.

Vətəndaşa sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişafına nail olunması, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi Azərbaycanda son illər həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Prezident İlham Əliyev hesab edir ki, qlobal rəqabət şəraitində respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, kreativ və intellektual səviyyəli insanların istedadından maksimum istifadə edilməsi dövlətin innovasiyalı inkişafını təmin etmək baxımından son dərəcə zəruridir.

“Qarşımda çoxlu vəzifələr var, çoxlu işlər görmək əzmindəyəm. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam. Əgər xalq mənim fəaliyyətimi dəstəkləyirsə, inanırsa, bu, ən böyük mükafatdır”. Bu sözləri cənab İlham Əliyev prezidentliyinin ilk günlərində bəyan etmişdi. Azərbaycan xalqı öz liderinin arxada qalan fəaliyyət dövrünü göz önünə alaraq, birmənalı şəkildə deyə bilər ki, cənab İlham Əliyev heç bir sözü populizm, yaxud deklarativ çıxış naminə demir. Dövlət başçısı öz sözünün sahibidir və verdiyi hər bir vədi əməli işi ilə gerçəkləşdirir. Ən başlıcası, bu yolu Heydər Əliyevin siyasi varisi, onun dövlətçilik məktəbinin layiqli yetirməsi davam etdirir.

Bu nailiyyətləri hər birimiz vətəndaş olaraq öz gündəlik həyatımızda yaşayırıq. Azərbaycan iqtisadi cəhətdən günbəgün möhkəmlənir, qüdrətlənir. Ölkəmizin sosial-iqtisadi yüksəlişi, ilk növbədə, insanlarımızın gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam yaradır. Bu nailiyyətlər Azərbaycan xalqının gələcəyə inamını artırır, xalqımızı ulu öndər Heydər Əliyevin ölməz ideyaları ətrafında daha sıx birləşdirir.

İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə İnstitutunun direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında