İlham Əliyev – dünya azərbaycanlılarının lideri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycanda siyasi islahatlar çox cəsarətlə aparılır. Bu, bizim prinsipial və düşünülmüş seçimimizdir. İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir. 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Prezidentinin iş qrafiki o qədər sıx, fəaliyyət dairəsi o qədər əhatəlidir ki, onun haqqında hansısa qəzet məqaləsini, radio-televiziya materialını hazırlayarkən, 2003-cü ilin payızından bəri istənilən günün xronikasına istinad etmək mümkündür. Lap elə  bugünkü, dünənki xəbər bülletenlərinə nəzər salmaqla, ölkə rəhbərinin fəaliyyəti haqqında əhatəli şəkildə söz aça bilərik.   “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin 2018-ci il prezident seçkiləri ilə bağlı ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində keçirdiyi sosioloji tədqiqatın nəticələri də belə bir mükəmməl yazının ərsəyə gəlməsini təmin edə bilərdi. Amma nədənsə, mən  bu qeydləri  hazırlayarkən,  yadıma düşən ilk məqam 2014-cü il iyunun 13-də İsveçrədən eşitdiyimiz xəbər oldu. Sürixdə fəaliyyət göstərən  ICERTIAS adlı beynəlxalq qurumun  həmin il Azərbaycanda keçirdiyi “Keyfiyyət Medalı” sorğusu “Dünyada ən yaxşı siyasətçi”nin kim olduğunu müəyyən etməli idi. Sorğuda iştirak edən Azərbaycan vətəndaşlarının əksəriyyəti həmin sualı belə cavablandırmışdı: “İlham Əliyev”.

... Ulu öndər Heydər Əliyev barədə qələmə alınmış çoxsaylı qəzet-jurnal materiallarının bir neçəsində qeyd edilir ki, o böyük siyasət dahisinin adının yanında çəkilməyə layiq olan üç ünvan mövcuddur: Müstəqil Azərbaycan dövləti, Yeni Azərbaycan Partiyası və Prezident İlham Əliyev. Tamamilə ədalətli mövqedir. Çünki  ümummilli liderimizin siyasətinin və əməllərinin əbədiyaşarlığı məhz bu üç ünvanda tamamlanır. Ancaq Heydər Əliyev dühası təkcə Azərbaycanın və azərbaycanlıların sabahını düşünmürdü. O, həm də bütün türk xalqlarının və İslam dünyasının yorulmaz təəssübkeşi idi. Nə xoşdur ki, biz həmin keyfiyyətlərin hamısını Prezident İlham Əliyevin gündəlik fəaliyyətində görürük.

Diqqəti bəzi xüsusi məqamlara yönəldək. Ötən il iyun ayının 3-də Bakıdakı Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilirdi. Soydaşlarımızın ali məclisində geniş nitq söyləyən Prezident İlham Əliyevin  lider kimi qətiyyətini, natiq kimi arqument və məntiqini eşidən dünya azərbaycanlıları sanki ulu öndərin səsini eşidirmiş kimi  həmin nitqi heyranlıqla dinləyirdilər:  “Əminəm ki, qurultay dünya azərbaycanlılarının birləşmələri, daha da fəal olmaları üçün çox önəmli tədbir olacaq. Bildiyiniz kimi, birinci qurultay ulu öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilmişdir. O vaxtdan bu günə qədər Azərbaycanda böyük işlər görülmüşdür, Azərbaycan daha da güclənmişdir, bizim imkanlarımız artmışdır”.

“Biz həmişə xaricdə yaşayan azərbaycanlıların həyatı, taleyi, işləri ilə maraqlanırıq. Çalışırıq ki, onlara öz dəstəyimizi verək. İstəyirik ki, onlar olduqları ölkələrdə rahat yaşasınlar, yaxşı mövqe tutsunlar, onların yaxşı imkanları olsun və eyni zamanda, öz doğma Vətəninə də xidmət etsinlər” – deyən Prezident dünya azərbaycanlılarının qurultayının keçirilməsi ənənəsinin yarandığı günləri yada saldı: “2001-ci il Azərbaycan diaspor təşkilatlarının formalaşdırılması işində çox önəmli il olmuşdur. Çünki birinci qurultaydan sonra 2002-ci ildə Heydər Əliyevin sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Hazırda onun adı Diasporla İş üzrə Dövlət Komitəsidir. Diaspor təşkilatlarının təşkilatlanma, formalaşma prosesi daha da geniş vüsət almışdır. Əgər o vaxt dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, hazırda onların sayı 462-dir. Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar”.

Dövlət başçımız yada saldı ki,  ulu öndər Heydər Əliyev bütün dövrlərdə, o vaxt Sovet İttifaqı çərçivəsində başqa respublikalarda yaşayan azərbaycanlılara həmişə diqqət göstərirdi. Məhz onun təşəbbüsü ilə Sovet İttifaqında istisna hal kimi Azərbaycan gəncləri imtahan vermədən Rusiyanın, digər müttəfiq respublikaların ali məktəblərində təhsil alırdılar: “Hər il 800-dən çox Azərbaycan gənci ən qabaqcıl təhsil ocaqlarında təhsil alırdılar. Ondan sonrakı dövrdə – müstəqillik dövründə ulu öndər bu məsələni daim diqqət mərkəzində saxlayırdı. Məhz onun təşəbbüsü ilə 1991-ci ildə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi və Birlik Günü təsis edilmişdir. Bu gün bu bayramı bütün dünya azərbaycanlıları qeyd edirlər. Beləliklə, Azərbaycanda 15 il ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni bir vəziyyətə gətirib çıxardı. Bu gün biz dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış edə bilərik və bunu edirik. Əlbəttə, əminəm ki, qurultayda səslənəcək fikirlər, aparılacaq müzakirələr bizim imkanlarımızı daha da genişləndirəcək”.

Prezident İlham Əliyevin  türk dünyası liderləri arasında tutduğu mövqeyə gəlincə isə, qeyd edək ki, bu sahədə Azərbaycan xalqının fəxr etməli məqamları istənilən qədərdir. Prezident İlham Əliyevin bu istiqamətli fəaliyyəti Azərbaycan-Türkiyə birliyinin, eləcə də, türk xalqları birliyinin sarsılmaz olduğunu, bunu canı-qanı ilə qorumağa və möhkəmləndirməyə hazır olan siyasi liderlərin  varlığını  bir daha sübut etdi. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin ağır günlərində – Ankarada baş vermiş və qardaş ölkəni qana bulamış  dəhşətli  terror hadisəsindən sonra çox qısa bir müddətdə çevik siyasi qərar qəbul edərək Türkiyəyə səfər etməsi artıq dünyanı, xüsusən Azərbaycan-Türkiyə birliyini istəməyənləri, sözün həqiqi mənasında, mat qoymuşdu.

Ötən il Ankaranın Qızılay meydanında törədilmiş, 37 günahsız insanın həlak olması, 125 nəfərin yaralanması ilə nəticələnmiş qanlı  terror aktı qardaş Türkiyə xalqı kimi azərbaycanlıları da sarsıtmış, eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərini artıq ikinci dəfə şübhə altına salmışdı. Doğrudur, Türkiyə Prezidenti martın 15-də Bakıya gəlmək əzmini nümayiş etdirirdi. Amma ölkəsi günahsız şəhidlərinə yas tutduğu bir vaxtda bu səfəri necə reallaşdıracaqdı?!

Həmin anda Türkiyəyə  əsl qardaş, əsl dost əli  uzandı. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məşhur “Bir millət-iki dövlət” kəlamını rəhbər tutaraq və özünün siyasi uzaqgörənliyini nümayiş etdirərək,  “Siz gələ bilmirsiniz, mən gələrəm”, – deyə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını Türkiyədə keçirmək üçün Ankaraya səfərə getdi.

Əlbəttə, görüşün Bakıda, yaxud Ankarada keçirilməsinin elə də  bir fərqi yox idi. Bu şəhərlərin ikisi də türk dünyasının paytaxtı idi. Qardaş ölkəyə faciə üz vermişdisə, bu, hər iki ölkənin faciəsi deyildimi?! Belə bir vaxtda görüşün hansı paytaxt şəhərdə keçirilməsi vəziyyəti dəyişdirmirdi. Təki türk birliyinə, Azərbaycan-Türkiyə strateji əməkdaşlığına xələl gəlməsin. Bax, Azərbaycan Prezidenti məhz belə bir məqamda yenidən siyasi iradə, mərdlik və mübarizlik göstərdi. Eyni zamanda, Ankarada Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu bəyan etdi, terror aktlarını qətiyyətlə pislədi və bu cür düşmən təxribatlarının türk xalqını və dövlətini sarsıda bilməyəcəyini bildirdi.

Yaxın tarixin hadisəsi olduğuna görə hamının yadındadır ki, Azərbaycan Prezidentinin cəsarətli addımını Türkiyə Prezidenti də yüksək qiymətləndirmiş, Azərbaycanın dar ayaqda Türkiyəni tək buraxmadığını söyləmişdi: “Bu səfərinizlə bütün dünyaya, xüsusilə də dünyadakı bütün terror təşkilatlarına və onların arxasındakı qüvvələrə çox güclü və dəqiq mesaj verdiyinizə əminəm. Sizə millətim adından bir daha təşəkkürümü bildirirəm”.

Xüsusi olaraq vurğulayaq ki, həmin fakt  Azərbaycan-Türkiyə münasibətləri tarixində ilk belə təcrübə deyil. İlham Əliyevin hələ 2014-cü ilin aprelində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Praqada keçirilmiş toplantıda Ermənistanın terrorçu lideri Serj Sarkisyana cavabını yada salaq. Sarkisyan Türkiyənin tədbirdə iştirak etməməsindən sui-istifadə edərək qondarma “erməni soyqırımı”ndan danışmaq istəyərkən Azərbaycan Prezidenti “Türkiyə burada təmsil olunmur. Amma mən buradayam, sizə cavab verirəm”, - deyə onu susdurmuşdu. Bir müddət əvvəl Türkiyədə “Böyük İyirmiliyin” zirvə toplantısı keçiriləndə Prezident Ərdoğan özünün bir ölkəni dəvət etmək səlahiyyətlərindən istifadə edərkən məhz Azərbaycanı seçmişdi.

Azərbaycan Prezidentinin İslam ölkələrindəki nüfuzuna gəlincə, qeyd edək ki,   İslam həmrəyliyinin gücləndirilməsi məsələsi Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biridir. Təsadüfi deyil ki, müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir. Biz dekabr ayında Qüds şəhəri ilə bağlı yaranan gərginlik zamanı Azərbaycan Prezidentinin tutduğu yol ilə haqlı olaraq fəxr etdik.

Prezident İlham Əliyev böyük siyasi uzaqgörənliklə söyləyir ki, beynəlxalq aləmdə davam edən ictimai-siyasi proseslər fonunda İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına xüsusi  ehtiyacı var. Bu baxımdan dövlət başçımızın  sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla yanaşı,  ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. Bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək. Ən əsası, İslam dünyasında sülhün, əmin-amanlığın təmin olunmasında və möhkəmlənməsində mühüm rol oynayacaq.

Mövzu ilə əlaqədar daha bir mühüm məqama toxunaq. Bir neçə gün bundan qabaq – dekabrın  21-də Bakıda, Heydər Əliyev Mərkəzində “2017 - İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilirdi. 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak etdiyi tədbirdə geniş nitq söyləyən Azərbaycan Prezidenti rəhbərlik etdiyi dövlətin və ölkə əhalisinin tədbirin gündəliyindəki məsələyə münasibətini növbəti dəfə dünya ictimaiyyətinin nəzərinə çatdırdı:

 “Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Bu məsələ bizim üçün prioritet məsələlərdən biridir. Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı əsrlər boyu öz milli-mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir”.

“Azərbaycan beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qura bilmişdir” – deyən Prezident  İlham Əliyev əlavə etdi ki, biz cəmi 26 ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Bu illər ərzində ikitərəfli və üçtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir, gündən-günə güclənir. Biz BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı çox önəmli qətnamə qəbul edilmişdir və Kontakt Qrupu yaradılmışdır. Onu da qeyd etməliyəm ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür, ölkəmizdə bir çox konfranslar, tədbirlər keçirilmişdir. Azərbaycanın təşəbbüsü ilə İƏT-in Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası yaradılmışdır.

Prezident xatırlatdı ki, ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu qeyd edə bilərəm. Bir neçə dəfə keçirilmiş və ənənəvi xarakter alan Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Humanitar Forumu da, ilk növbədə, öz işini dinlərarası, mədəniyyətlərarası dialoqa həsr etmişdir. Belə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi təbiidir. Çünki ilk növbədə, Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir – hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Ona görə məhz Azərbaycanın dinlərarası dialoq işində fəal olması təbiidir.

Bütün bunlar – həm ölkə daxilində əhalinin böyük əksəriyyətinin inam və etimadını qazanan Prezidentin xalq tərəfindən şəriksiz lider kimi qəbul edilərək dəstəklənməsi, həm həyata keçirdiyi siyasi-diplomatik fəaliyyətilə türk dünyasının ən nüfuzlu liderlərindən birinə çevrilməsi, həm də islami dəyərlərə, İslam ölkələrinə və xalqlarına münasibətdə sərgilədiyi sayğı və ehtiramın formalaşdırdığı nüfuz sübut edir ki, cənab İlham Əliyev bütün azərbaycanlıların şəriksiz lideri, türk dünyasının və müsəlman xalqlarının böyük inam və ümidlə baxdığı görkəmli dövlət xadimidir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında