Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında Azərbaycan beynəlxalq hüquq normalarına sadiq qalaraq sülhün və təhlükəsizliyin möhkəmlənməsinə əməli töhfə verdi

Bəşər övladının həm özünün törətdiyi, həm də özündən asılı olmayaraq, kortəbii proseslər nəticəsində yaranan problemləri aradan qaldırmaq üçün yollar axtardığı bir dönəmdə kiminsə yeni problem yaratmaq cəhdi heç kəs tərəfindən müsbət qarşılanmır. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi sülhməramlı beynəlxalq təşkilatlar çoxsaylı milli, dini münaqişələr, ərazi iddiaları, separatçılıq meyilləri, böyük ölkələrin ərazisində yeni dövlət yaratmaq istəkləri kimi mənfi təzahürlərin aradan qaldırılması üçün yeni yollar axtarırlar.

Çox təəssüf ki, həmin axtarışlar həmişə müsbət nəticə vermir. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün atılan addımların uğursuzluğa düçar olduğunu da görmüşük, bu kimi digər halları da. Çünki şər qüvvələr tarixən olduğu kimi, bu gün də öz fəallıqlarını gizlətməyərək, işğalçı dövlət olan Ermənistana himayədarlıq edirlər.

Müsbət haldır ki, həmin qüvvələrin qərəzli addımları həmişə ayaq tutmur. Hər üç səmavi dinin yarandığı ünvanın – müsəlmanların ilk qibləsi olan Əl-Əksa məscidinin də yerləşdiyi Qüds şəhərinin İsrailin paytaxtı elan edilməsi barədə okeanın o tayından yayılan bəyanat dünyanın hər yerində çox ciddi etirazlara səbəb olmuşdu. Xüsusilə qeyd edilməli məqam odur ki, İslam dövlətləri kimi, əksər Avropa ölkələri də bu qərara qarşı çıxır, öz etirazlarını açıq şəkildə bildirirlər. Dünyanın aparıcı politoloqları yazırlar ki, ABŞ Prezidentinin həmin qərarını qınayan avropalılar sırf dini təəssübkeşlik mövqeyindən çıxış etmir, bilavasitə dünyadakı onsuz da kövrək olan sabitliyin ciddi şəkildə pozulmasından ehtiyatlanaraq etiraz edirdilər.

Biz çox şadıq ki, İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən fövqəladə sammiti bilavasitə bu məsələyə həsr olunmuşdu. Dünyanın sülhsevər insanlarının toplaşdığı həmin ali məclisdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də çıxış edərək, ABŞ Prezidentinin həmin qərara yenidən baxması zərurətini dilə gətirməsi bizim dövlətimizin obyektiv, ədalətli və haqlı mövqe tutmasının göstəricisi idi.

Nəticədə nə baş verdi? BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul etdi. Bir neçə gün əvvəl isə BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuz hesab edilmiş və 14 üzv ölkə qətnaməni təsdiq etmişdi. ABŞ nümayəndəsi həmin qətnaməyə veto qoymuşdu. Həmin prosesdən sonra ABŞ Prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin BMT Təhlükəsizlik Şurasının qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi. Nə üçün? Axı dünyada hamı olmasa da, böyük əksəriyyət sülh istəyir. İnsanları sülhə can atdığına görə sanksiyalara məruz qoymaq nə dərəcədə ədalətlidir?

Birləşmiş Ştatlar rəhbərliyinin həmin hədə-qorxusuna baxmayaraq, 128 üzv ölkə ABŞ-ın qərarını rədd edən qətnamənin lehinə səs verdi. Səsvermədə 9 ölkə əleyhinə olub, 35 ölkə isə bitərəf mövqe tutub.

Qeyd etdiyimiz kimi, Azərbaycan öz ardıcıl və prinsipial siyasətinə sadiq qalaraq, beynəlxalq hüquq norma və prinsiplərinin tələbələrinə riayət edərək, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs vermişdir. Bu, bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür, beynəlxalq məsələlərin həllinə dair öz mövqeyi var. Heç bir kənar iradə Azərbaycanı öz müstəqil siyasətindən dönməyə məcbur edə bilməz.

Azərbaycan dövlətinin müstəqil, ardıcıl və prinsipial siyasətinin, dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsinə, milli və dini tolerantlığın daha da genişlənməsinə verdiyi mühüm töhfələrin nəticəsidir ki, Bakıda keçirilmiş “2017 – İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans yüksək səviyyəli auditoriya toplamışdır. Dünyanın müxtəlif ölkələri və beynəlxalq təşkilatlardan daxil olan təbrik məktubları Azərbaycanın yürütdüyü siyasətə verilən qiymətin bariz göstəricisi idi.

Heydər Əliyev dühasından yaranmış və bu gün bütün dünyanın maraq və inamla əməkdaşlıq etdiyi Azərbaycan dövlətinin bu kimi mühüm beynəlxalq məsələlərin həllində nümayiş etdirdiyi mövqe beynəlxalq hüququn aliliyinə hörmətin, sülhün və təhlükəsizliyin, tolerantlığın möhkəmlənməsinə əməli töhfələrin bariz nümunəsidir. Azərbaycan öz ərazisində, regionda və dünyada sülh, əmin-amanlıq, firavanlıq arzulayan dövlət olaraq həmişə sülhsevərlərin yanında olmuşdur və olacaqdır.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında