Prezident İlham Əliyev: Azərbaycan İslam həmrəyliyinin güclənməsinə böyük töhfələr verir

Başa çatmaqda olan 2017-ci il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, eləcə də humanitar-mədəni həyatında baş vermiş yeniliklərlə və uğurlarla yadda qalacaq. Xüsusilə də qlobal humanizmə verdiyi özünəməxsus töhfə ilə Azərbaycan millətlər və dinlərarası dialoqun güclənməsinə və inkişafına göstərdiyi dəstəklə də xatırlanacaq. Ən əsası, yekunlaşmaqda olan il ərzində keçirilən beynəlxalq tədbirlər, xüsusilə də dekabrın 21-də “2017-İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilmiş beynəlxalq konfrans ölkəmizin bəşəriyyətin hazırda böyük ehtiyac duyduğu sivilizasiyalararası dialoqun formalaşmasında oynadığı yüksək rolu bir daha təsdiqlədi.

Zəngin mədəniyyəti və irsi ilə həmişə diqqət mərkəzində olmuş Azərbaycanda ən qədim zamanlardan müxtəlif dinlərə məxsus insanlar yaşamışlar. Azərbaycan dövlətinin həyata keçirdiyi din siyasəti sayəsində bu gün də ölkəmizdə dini tolerantlıq ənənələri davam edir. Məscidlərlə yanaşı, kilsə, sinaqoq və digər dini ocaqların olması Azərbaycanda hökm sürən tolerant mühitə əyani sübut kimi göstərilir. Konstitusiyamızda qeyd edildiyi kimi, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs ölkəmizdə eyni hüquqlara malikdir və bu baxımdan ölkəmizdə hər hansı bir millətin, milli və ya dini azlığın nümayəndəsinə onların dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq yolverilməzdir və bu qanunda öz əksini tapır. “Bu, bir həqiqətdir ki, regionda tarixən dözümlülük mühitinin formalaşmasında İslamın Azərbaycanda yayılmasının böyük rolu olmuşdur. Çünki mərhəmət, sevgi və əxlaq dini olan İslamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan əsrlər boyu müsəlmanlarla yanaşı, digər dinlərin mənsubları da regionda dinc və ayrı-seçkiliyə məruz qalmadan yaşamışlar. Ulu öndər Heydər Əliyev bununla bağlı deyirdi ki, tolerantlıq həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir.

Əlbəttə, Azərbaycanda belə xoş və nümunəvi atmosferin yaranmasında ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi din siyasətinin müstəsna rolu vardır. Məhz belə xoşniyyətli siyasətin həyata keçirilməsinin nəticəsidir ki, bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Respublikamızda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və ictimai-siyasi həyatımızda fəallıq göstərirlər. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Dekabrın 21-də “2017-İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilmiş beynəlxalq konfransın açılış mərasimində Prezident İlham Əliyev İslamda həmrəylik mövzusuna toxunaraq demişdir ki, Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Azərbaycan xalqının əsrlər boyu öz milli-mənəvi dəyərlərini yaşadaraq qoruduğunu vurğulayan dövlət başçısı əlavə etmişdir ki, ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir.

Azərbaycanın coğrafi mövqeyi və əhalisinin etnik tərkibi qədim zamanlardan ölkəmizdə müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Müxtəlif dövrlərdə bütpərəstlik, zərdüştlik, yəhudilik, xristianlıq və başqa dini inanclar Azərbaycanda müxtəlif dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmiş və dini həyatın özəlliyini şərtləndirmişdir. Ölkə ərazisində yayılmış müxtəlif inanclara aid məbədlərin, kilsələrin, sinaqoqların və məscidlərin olması bunu bir daha təsdiqləyir. Belə unikallığı qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək üçün dövlət böyük rol oynayır. Ümummilli lider Heydər Əliyevin tarixi-dini abidələrin bərpası prosesində atdığı addımlar bu istiqamətdə böyük layihələrin əsasını qoymuşdur.

Prezident İlham Əliyev konfransdakı çıxışında xalqımızın qədim tarixə malik olduğunu diqqətə çatdıraraq vurğulamışdır ki, Azərbaycanın dini memarlıq abidələri bunun əyani sübutudur. “Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim müsəlman diyarıdır”, – deyən ölkə başçısı ölkəmizin digər tarixi dini abidələrinin də milli sərvətimiz olduğunu nəzərə çatdırmışdır.

Böyük dövlət xadimi Heydər Əliyev deyirdi ki, “Dini ocaqların yaranması, onların daha da abadlaşdırılması işini, lazımi tədbirlərin görülməsini əhəmiyyətli hesab edirik. Çoxunu xalq özü, xeyriyyəçi insanlar edirlər. Amma dövlət də bir tərəfdən buna dəstək verir, digər tərəfdən də imkanı dairəsində nə lazımdırsa edir. Məsələn, Bibiheybət məscidinin bərpası bizim üçün tarixi əhəmiyyətli bir hadisədir. Çünki Bibiheybət ziyarətgahının Azərbaycanın tarixində hansı yer tutduğunu siz yaxşı bilirsiniz”.

İslam mədəniyyəti və mənəvi dəyərlərini daimi əsasda bütün dünyada təşviq edən və İslam dünyası ilə güclü həmrəyliyini ifadə edən ölkə kimi, Azərbaycan müsəlman ölkələrilə münasibətlərinin inkişaf etdirilməsində həmişə maraqlı olmuş və bu istiqamətdə qardaş ölkələrlə münasibətlərini daha da gücləndirməyi hədəf seçmişdir. Bu gün fərəh hissi ilə demək olar ki, Azərbaycanın bütün müsəlman ölkələri ilə münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Ölkəmiz daima İslam dünyası ilə əlaqələrə xüsusi diqqət ayırmışdır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlamış, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilmişdir. Prezident İlham Əliyev nitqində Azərbaycanın beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qura bildiyini vurğulayaraq qeyd edib ki, müstəqillik qazanılmasından bu yana ikitərəfli və üçtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri ilə əlaqələrimiz inkişaf edir, gündən-günə güclənir. “Biz BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı çox önəmli qətnamə qəbul edilmiş və Kontakt Qrupu yaradılmışdır”, – deyən dövlət başçısı bunu da qeyd etmişdir ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür, ölkəmizdə bir çox konfranslar, tədbirlər keçirilmişdir. Prezident İlham Əliyev bütün müsəlman aləminin Azərbaycana daim diqqət və dəstək göstərdiyini bildirərək xatırlatmışdır ki, bir neçə il bundan əvvəl ISESCO tərəfindən Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdir və bir il ərzində ölkəmizdə, Bakıda bir sıra tədbirlər keçirilmişdir. Ölkə başçısı gələn il Naxçıvanın İslam mədəniyyətinin paytaxtı adına layiq görülməsini də diqqətə çatdırmışdır.

Prezident İlham Əliyev Azərbaycanda dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və İslam dininin misilsiz rol oynadığını həmişə vurğulamışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Ölkə başçısı konfransdakı çıxışında Azərbaycanın Asiya ilə Avropa arasında həm coğrafi, həm də mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynadığını vurğulamış və Azərbaycanda dini, milli zəmində heç bir problemin, hətta kiçik bir anlaşılmazlığın olmadığını diqqətə çatdırmışdır. Prezident İlham Əliyev Azərbaycanda yaşayan bütün millətlərin, bütün dinlərin nümayəndələrinin Azərbaycanın dəyərli vətəndaşları olduğunu bildirərək, əlavə etmişdir ki, müxtəlif din nümayəndələri ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Dövlət başçısı demişdir ki, ona görə də məhz Azərbaycanın dinlərarası dialoq işində fəal olması təbiidir. Xüsusilə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev Qafqazda yaşayan xalqların, o cümlədən Azərbaycan xalqının zəngin coğrafi mövqeyi, tarixi kökləri, qədim mədəniyyəti haqqında çox fəxrlə danışaraq Qafqazda islamın yayılmasına diqqət yetirmiş və islamın Qafqazda yayılmasında Azərbaycanın mühüm rol oynadığını önə çəkmişdi.

Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoqun gücləndirilməsi istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin coğrafiyasına nəzər salsaq görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən gəlmişdir. Məsələn, 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri dəvət olunmuşdu. Tarixdə ilk dəfə olaraq iki təşkilatın nazirləri məhz Bakı şəhərində görüşmüşdülər. Prezident İlham Əliyev çıxışında həmin görüşü çox səmərəli görüş adlandırmış və tədbirdə çox səmimi fikir mübadiləsi aparıldığını diqqətə çatdırmışdır. Ölkə başçısı demişdir ki, bu təşəbbüsün davamı olmalıdır, yəni, bu, sadəcə olaraq, bir görüş olmamalıdır: “Bu məqsədlə növbəti il biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin tədbirini keçirdik və Avropadan nazirləri dəvət etdik. Yəni, bu, artıq ənənəyə çevrildi və sonra bu təşəbbüsə “Bakı prosesi” adı verildi. Bu gün “Bakı prosesi” yaşayır, inkişaf edir. Gələn il biz “Bakı prosesi”nin on illik yubileyini qeyd edəcəyik”. “Bakı prosesi”nin bütün beynəlxalq mötəbər təşkilatlar tərəfindən, xüsusilə BMT tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayan Prezident İlham Əliyev əlavə etmişdir ki, bu, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası arasında əlaqələrin inkişafı üçün dünya miqyasında nadir bir platformadır.

Xatırladaq ki, Prezident İlham Əliyevin irəli sürdüyü “Bakı prosesi”nin davam etdirilməsinin nəticəsi olaraq, 2011-ci ilin aprelində dövlət başçısının təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və ISESCO kimi nüfuzlu qurumların dəstəklədikləri forum dünyada bu istiqamətdə reallaşan ilk mötəbər tədbir olmuşdur. Ümumilikdə, 20-yə yaxın ölkədən nüfuzlu nümayəndələrin iştirak etdikləri tədbirdə “Dövlət-din münasibətlərində müasir meyillər”, “Milli və dini kimliyin vəhdəti: dövlət-din münasibətlərinin Azərbaycan modeli”, “Tolerantlıq və ifadə azadlığı”, “Universal dialoq axtarışında” mövzuları əhatə edən plenar iclaslar keçirilmişdir. Mütəxəssislərin sözlərinə görə, Bakı forumu mədəniyyətlərarası dialoqun, sülhün, əməkdaşlığın təşviqində, irqi və dini dözümsüzlük hallarının aradan qaldırılmasında, digər məsələlərin müzakirəsində qlobal brend statusu qazanmışdır. Əlavə edək ki, hər iki ildən bir təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi ölkəmizin İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsi, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanı təsis etmək və Azərbaycan xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıtmaqdır. Göründüyü kimi, Azərbaycan İslam dünyasının ümumbəşəri və sülhpərvər dəyərlərinin təbliği işində xristian və müsəlman ölkələri ilə yaxından əməkdaşlıq edir və bu istiqamətdə uğurlu fəaliyyətini davam etdirməsi üçün güclü siyasi iradə vardır.

Bu gün Azərbaycan tolerantlığın və dialoq mühitinin güclü olduğu, həmçinin gənclərin və qadınların hüquqlarına riayət edildiyi, eyni zamanda, çağdaş dəyərlərin möhkəmləndirilməsi kimi prinsiplərin hökm sürdüyü məkan kimi tanınır və bu həqiqəti bütün dünya etiraf edir. Bütün görkəmli din xadimləri ayrı-ayrı vaxtlarda Azərbaycana səfərə gəlmiş və ölkəmizdə müxtəlif din nümayəndələrinə göstərilən münasibəti yüksək qiymətləndirmişlər. Bakıda 2004-cü ildə “Cənubi Qafqazda tolerantlığın formalaşmasında İslamın rolu” mövzusunda keçirilən seminarda Almaniyanın keçmiş səfiri Klaus Qrevlix maraqlı bəyanatla çıxış etmişdi. Almaniyalı diplomat demişdi ki, “Azərbaycanda dinlər arasında yaranan dözümlülük və tolerantlıq münasibətləri hamı üçün, bütün Avropa ölkələri üçün pozitiv bir misal ola bilər. Azərbaycanın yaratdığı dövlət-din münasibətləri modelini artıq ixrac etməsi mümkündür. Bu, sizin sərvətinizdir”.

Həqiqətən də, bu gün Azərbaycanın dinlərarası dialoqun inkişaf etdirilməsində oynadığı rolu dünyaya nümunə kimi göstərmək mümkündür. Prezident İlham Əliyev konfransdakı çıxışında bu məqama toxunaraq bildirmişdir ki, məhz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda dövlət-din münasibətləri lazımi səviyyədə quruldu. Bu gün dövlət-din münasibətlərinin səviyyəsinə və mahiyyətinə görə Azərbaycan nümunə ola bilər.

Bir sözlə, günümüzdə İslam dünyasının, müsəlman xalqlarının, dövlətlərinin maddi və mənəvi cəhətdən həmrəyliyə ehtiyacı vardır. Böyük bir coğrafiyanı əhatə edən İslam ölkələrinin mövcud çətinliklərinin aradan qaldırılması, müsəlman xalqlarının rifahının yüksəldilməsi, dövlətlərin siyasi və iqtisadi cəhətdən möhkəm olması üçün İslam ölkələrinin beynəlxalq arenalarda bir-birinə qarşı həmrəylik nümayiş etdirməsi bu gün strateji əhəmiyyət daşıyır. Azərbaycan bu istiqamətdə uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyev bununla bağlı demişdir ki, Azərbaycan müstəqillik dövründə mədəniyyətlərarası dialoqun inkişafında və İslam həmrəyliyinin güclənməsi işində öz rolunu oynamışdır və ölkəmiz bundan sonra da bu yolla gedəcəkdir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlət olaraq Qərb və Şərq dövlətləri ilə əməkdaşlığa önəm verir və bu reallıq hamıda əminlik yaradır ki, Prezident İlham Əliyevin İslam mədəniyyətinin təbliği və təşviqi, milli-mənəvi ənənələrin qorunması, eləcə də İslam dininin mütərəqqi mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi böyük layihələr parlaq bir nümunə kimi tarixə qızıl hərflərlə yazılacaqdır.

Səbuhi MƏMMƏDOV ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında