Ermənistanda gənclər müxtəlif bəhanələrlə hərbi xidmətdən yayınırlar

Ermənistan hərtərəfli böhran içərisində boğulur. İqtisadi sahədə tənəzzüldən xilas ola bilməyən işğalçı dövlət ümidlərini xarici ölkələrin və beynəlxalq təşkilatların yardım və ianələrinə bağlayıb. Sosial-iqtisadi baxımdan böhran içərisində çapalayan əhali ölkəni kütləvi şəkildə tərk etmək məcburiyyətində qalıb. Yerli əhali yaxşı bilir ki, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi onlara ciddi zərbələr vurur. Serj Sarkisyan hakimiyyəti isə bu vəziyyəti izah etmək üçün müxtəlif üsullara əl atır, bəhanələr gətirir və xalqı xaricdən gələn dilənçi payı ilə dolanmağa məcbur edir. Artıq yerli əhaliyə də bəllidir ki, işğalçı Ermənistanı himayə edən xarici qüvvələr də iqtisadi burulğana düşüblər və vəziyyət ildən-ilə ağırlaşır. Ona görə də Sarkisyan rejimi xaricdən yardım ala bilməyəcək. Bu yardım və ianələrin tükənməsi də deyilənləri təsdiqləyir. İşsizliyin, aclıq və səfalətin, həmçinin haqsızlığın hökm sürdüyü Ermənistanda yerli əhali xarici ölkələrə üz tutmaq məcburiyyətində qalıb.

Ermənistanın statistika xidmətinin açıqlaması ölkədə daimi əhalinin ­2001-2016-cı illərdə ciddi demoqrafik problemlərlə üzləşdiyini təsdiqləyib. Ölkəni tərk edənlər arasında şəhər əhalisi çoxluq təşkil edir. Erməni demoqraf Ruben Ehanyan yerli kütləvi informasiya vasitələrinə verdiyi məlumatda bildirib ki, Ermənistanda doğum sayı da getdikcə azalır. O, 3 illik tədqiqatların nəticələrinə istinadən bildirib ki, hər il 40 minə qədər insan ölkəni tərk edir. Bu isə ümumi Ermənistan əhalisinin 1-1,5 faizi deməkdir. Onun rəsmi statistikaya əsasən verdiyi məlumata görə, Ermənistan müstəqillik əldə etdikdən sonra əhalisinin sayı 634 min 700 nəfər azalıb.

BMT-nin Əhali Fondunun məlumatına görə, son 25 ildə Ermənistandan mühacirət edənlərin sayı 1 milyondan çox olub. Keçmiş SSRİ respublikalarının heç birində belə göstərici qeydə alınmayıb.

Son illər ölkəni tərk edənlər arasında gənclər çoxluq təşkil edirlər. Erməni ekspert Levon Şirinyan gənclərin ölkəni tərk etməsinə münasibət bildirərkən deyib ki, bu hal davam edərsə, Ermənistanı ağır günlər gözləyir. Ona görə də Ermənistan hakimiyyəti ya siyasi kursu dəyişməli, ya da yerlərini gənc kadrlara verməlidir.

Ermənistanda baş alıb gedən özbaşınalıq hərbi xidmətdə olan əsgər və zabitlərin də hiddətinə səbəb olub. Artıq gənclər açıq şəkildə orduda xidmətdən imtina edirlər. Məzuniyyətə buraxılan əsgər və zabitlər də xidməti hissələrə qayıtmaq istəmirlər. Xüsusilə, ötən ilin Aprel döyüşlərində dörd gün ərzində işğalçı ordunun Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilməsi, düşmən tərəfin böyük itki verərək, silah-sursatlarını atıb qaçması, strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirilməsi və 23 ildən artıq bir müddətdə işğal altında olan ərazilərin azad edilməsindən sonra erməni hərbçiləri qorxuya düşüb. Bu məğlubiyyət valideynləri də sanki qəflət yuxusundan oyadıb. Onlar bütün vasitələrlə övladlarını hərbi xidmətdən yayındıraraq, ya xarici ölkələrə yola salır, ya da zorla ali məktəblərə yerləşdirərək vaxt qazanırlar.

Xarici ölkələrin kütləvi informasiya vasitələri də mütəmadi olaraq bu məsələyə yer ayırır, Aprel döyüşlərinin Ermənistanda böyük vahimə yaratdığını qeyd edirlər. Məsələn, Fransanın “Le Monde” qəzetində 2016-cı ilin Aprel döyüşlərindən sonra dərc olunan bir məqalədə Ermənistan və Dağlıq Qarabağdan paralel köçün başlandığı qeyd olunur. Məqalədə Şuşada məskunlaşmış 29 yaşlı Suren Davidyanla müsahibəyə də yer verilib. O, döyüşlərdən sonra Qarabağı tərk edəcəyini demişdi. Döyüşçu deyib ki, qərara gəlmişəm ki, evimizi satım və ailəmlə Rusiyada yaşayım. Hakimiyyətdə olanların əksəriyyəti biznesmenlərdi və yalnız öz maraqları barədə düşünürlər. Sadə xalqın taleyi ilə maraqlanan yoxdur.

2016-cı ilin Aprel döyüşlərində böyük oğlu Qriqor Arutyunyanı itirən valideyn Anaiot Arutyunyan kiçik oğlu Serji heç bir vəchlə hərbi xidmətə qoymayacağını bildirib və deyib ki, əgər onun oğlunu zorla hərbi xidmətə aparsalar, ölkəni tərk edəcək. Əsgər anası bildirb ki, onun oğlunu əsgərliyə yalnız onun cəsədinin üstündən apara bilərlər.

Son vaxtlar belə hallar getdikcə çoxalıb. Hətta uzun müddət hərbi xidmətdə olan zabitlər də məzuniyyətdən geri qayıtmırlar. Bu barədə məlumat verən yerli “Armpress” agentliyi yazır ki, Ermənistan ordusunun məzuniyyətdə olan zabitləri də müxtəlif bəhanələrlə xidmətdən yayınmağa çalışırlar. Fakt üçün bildirilir ki, Ermənistan silahlı qüvvələrinin tabor komandirinin müavini Levon Babayan məzuniyyətdən qayıtmadığı üçün həbs edilib. Yerli media vasitələri bildirir ki, hərbi xidmətə yeni çağırılan 38 zabitdən 13-ü orduda xidmət etmək istəmədiklərini açıq şəkildə bəyan edib. Yerli hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir ki, 2017-ci il yanvarın 1-nə olan məlumata görə, Ermənistanda 10741 nəfər hərbi xidmətdən yayındığı üçün barələrində axtarış elan edilib.

Ümumiyyətlə, 12698 nəfər hərbi xidmətdən yayındığına görə Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. İşğalçı ordunun əsgərlərinin xidmətin çətinliklərinə, hərbi hissələrdəki özbaşınalıqlara, korrupsiya hallarına, aclıq və yoluxucu xəstəliklərə dözməyərək, özlərinə xəsarət yetirmələri barədə də məlumatlar yayılmaqdadır. Azacıq imkanı olanlar müxtəlif yollar tapıb xidmətə getmir, imkanı olmayanlar isə hərbi hissələri özbaşına tərk edib qaçırlar.

Bu kimi faktlar Ermənistanda minlərlədir və insanların ilk növbədə müharibə qorxusuna görə xaricə üz tutduqları göstərilir. Serj Sarkisyan iqtidarı belə halların qarşısını almaq üçün “Hərbi xidmət haqqında” qaydalara dəyişikliklər edərək, tələbələrin də hərbi xidmətə getmələri tələbini irəli sürüb. Yerli ekspertlərin fikrincə, bunun əsas səbəbi hazırda hərbi xidmətə çağırmaq üçün gənclərin tapılmamasıdır. Ona görə də hakimiyyət belə bir zora əl atıb. Bu da gənclərin və onların valideynlərinin ciddi etirazına səbəb olub.

 Narazılıq getdikcə daha çox təbəqəni əhatə etməyə başlayıb. Sarkisyan iqtidarı artıq dərk etməyə başlayıb ki, bu qərardan sonra daha ciddi təlatümlərlə üzləşəcək. Gənclərin və tələbələrin getdikcə artan etiraz aksiyası iqtidar üçün ciddi təhlükədir. Artıq on günə yaxındır ki, işğalçı ölkənin paytaxtında hərbi xidmətə getməkdən imtina edən gənclərin etiraz aksiyaları keçirilir. Əsgərlikdən möhlət hüququnun ləğvinə etiraz edən tələbələr aclıq aksiyasına da başlayıblar.

Ermənistanda baş verən proseslər ordunun ciddi böhran keçirdiyindən xəbər verir. Artıq hökumətin hərbi xidmətə çağırmaq üçün gənc tapmadığı özünü açıq şəkildə büruzə verir. Göründüyü kimi, düşmən ölkənin silahlı qüvvələri say etibarı ilə ciddi böhran keçirir. Bütün bunlar erməni xalqının artıq müharibədən təngə gəldiyini təsdiqləyir. Dinc əhali digər sahələrdə olduğu kimi, ordu müstəvisində də Sarkisyan iqtidarına etimadını tamamilə itirib. Xalq öz ordusunu xilaskar qismində görmür və övladlarını hərbi xidmətə göndərməkdən imtina edir. Artıq düşmən ölkənin rəhbəri də Ermənistanın müharibə aparmaq gücündə olmadığını yaxşı anlayır. Sadəcə olaraq, Sarkisyan hakimiyyəti ölkəyə nəzarəti əlində saxlamaq üçün insanları zorla müharibəyə, hərbi xidmətə təhrik edir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında