Naxçıvan Muxtar Respublikası Ali Məclisində İran nümayəndə heyəti ilə görüş

İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Seyid Kazım Musəvi və onu müşayiət edən nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına ikigünlük səfərə gəlmişdir.
Qonaqlar Naxçıvan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin heykəli önünə gül dəstəsi qoymuş və muzeyə baxmışlar.
Sonra Naxçıvan MR Ali Məclisində görüş olmuşdur.
Ali Məclisin sədri Vasif Talıbov qonaqları salamlayaraq demişdir ki, Azərbaycan və İran qonşu dövlətlərdir. Ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri nəticəsində qarşılıqlı əlaqələrimiz sağlam təməl - qonşuluq prinsipləri əsasında qurulmuşdur. Ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövründə, 1992-ci ildə əsası qoyulan bu əlaqələr hazırda inkişaf edərək genişlənməkdədir. Bu gün Azərbaycan və İran prezidentlərinin səyi nəticəsində İran-Azərbaycan dostluq və əməkdaşlıq münasibətləri hər iki ölkə xalqlarının mənafeyinə və maraqlarına uyğun olaraq qurulmuşdur. Qonşu ölkələrin qarşılıqlı münasibətləri çərçivəsində Naxçıvan-İran əlaqələri də inkişaf edir. İran İslam Respublikası ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında beynəlxalq statuslu iki gömrük-keçid məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrin xidmətindən il ərzində 500-600 min nəfər istifadə edir. Qarşılıqlı gediş-gəlişlərdə heç bir narazılıq, problem yoxdur. Bu ondan qaynaqlanır ki, hər iki ölkənin əhalisini birgə adətlər, coğrafi yaxınlıq, tarixi, mədəni tellər birləşdirir.
Ali Məclisin sədri muxtar respublikanın Ermənistan tərəfindən 20 ilə yaxındır ki, blokadada saxlandığını bildirmişdir. Qeyd olunmuşdur ki, blokadanın yaratdığı çətin dövrlərdə Naxçıvan həmişə İran İslam Respublikasının köməyini hiss etmiş, onun ərazisindən ölkəmizin digər regionları ilə nəqliyyat əlaqələri saxlanılmışdır. Hazırda İran ərazisindəki yoldan hər gün yüzlərlə vətəndaşımız istifadə edir. Qarşılıqlı əlaqələrin getdikcə möhkəmlənməsi üçün biz bundan sonra da lazım olan tədbirləri həyata keçirəcəyik. Azərbaycanın işğal olunmuş əraziləri haqqında İran dövləti mövqeyini birmənalı şəkildə ifadə etmişdir.
Seyid Kazım Musəvi Naxçıvana səfərindən əvvəl verdiyi müsahibəsində Dağlıq Qarabağ məsələsində Ermənistan və Azərbaycan arasında vasitəçilik etmək istədiklərini və bu zəmində işlərin başlandığını bildirmişdir.
Seyid Kazım Musəvi İran İslam Şurası Məclisi sədrinin salamını Ali Məclisin sədrinə çatdırmış, İran-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası əlaqələrin xüsusi çəkiyə malik olduğunu bildirərək Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin bu ilin fevralında İran İslam Respubkikasına rəsmi səfər etdiyini xatırlatmış, bu səfərin yaxın qonşu, qardaş və dost ölkələrin münasibətlərində yeni mərhələyə çevrildiyini vurğulamışdır.
Seyid Kazım Musəvi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olduğunu, Naxçıvanda aparılan tikinti-quruculuq, abadlıq və yaşıllaşdırma işlərinin onlarda xoş təəssürat yaratdığını bildirmiş, Ali Məclisin sədrini İran İslam Respublikasına səfərə dəvət etmişdir.
Vasif Talıbov İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri kimi əməkdaşlıq, dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafına dəstək verəcəyini bildirmişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında