Prezident İlham ƏLİYEV: Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik

Azərbaycan Prezidenti İlham Əliyevin məntiqli siyasi strategiyası Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə  təşkil edilən qayıdışla öz doğma, dədə-baba ocaqlarından didərgin salınmış soydaşlarımızın 24 illik yurd həsrətinə son qoydu.  2017-ci il sentyabrın 15-i Azərbaycanın bütün ərazilərində olduğu kimi, Cocuq Mərcanlıda da ilk zəng çalındı, düz 24 ildən sonra.  Həmin kəndin şagirdləri öz kəndlərində rahat, hər cür şəraiti olan məktəbdə  sinif otaqlarına daxil oldular və ilk dərs də elə Cocuq Mərcanlıya qayıdışa həsr olunmuşdu. Təkcə bu məktəbdə yox, Azərbaycanın bütün təhsil müəssisələrində ilk dərs Böyük qayıdışa həsr olunmuşdu. Ardınca Cocuq Mərcanlını toy sədası bürüdü. 

Biz Dağlıq Qarabağa, işğal altında olan ərazilərimizə qayıtmağa başlamışıq. Təbii ki, işğal altında olan ərazilərimizi azad edə-edə. Böyük qayıdışın başlanğıcı olan Cocuq Mərcanlının  bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər bir daha təsdiqləyir ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq, düşmən tapdağı altında qalan əzəli torpaqlarımızın azad olunması uğrunda son ana qədər mübarizə aparacaq və istəyimizə nail olacaq – doğma ata-baba ocaqlarımıza qayıdacağıq. Bu istəyi bizə  Prezident, Ali Baş Komandan İlham Əliyevin  düşünülmüş daxili və xarici siyasəti, bir də gündən-günə mətinləşən, Qafqazın ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri bəxş edir. Xalqımız bu istəyin, bu sevincin artıq ilk müjdəsini Cocuq Mərcanlının timsalında gördü.  Ermənistanı hələ də şok vəziyyətində saxlayan bu böyük Qələbə beynəlxalq aləmin də diqqət mərkəzindədir.

Artıq  Ermənistanın diplomatiya baxımından  məğlub dövlət olması öz təsdiqini tapıb. Nə qədər ağır olsa da, bu faktı işğalçı ölkəyə himayədarlıq edən dövlətlər, onların kütləvi informasiya vasitələri də etiraf etmək məcburiyyətində qalıb.

Ötən ilin Aprel döyüşlərindən sonra Fransanın nüfuzlu “L’Opinion” qəzetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında dərc olunan “Ermənilər aprel döyüşlərində 8 təpə itirdilər” sərlövhəli məqalə də bunu təsdiqləyir.  Müəllif  münaqişənin yaranma tarixindən, aprel ayında baş vermiş dördgünlük müharibədən bəhs edir. Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əldə etdiyi uğurlar barədə məlumat verən müəllif qeyd edir ki,  beynəlxalq hüquqa əsasən,  Azərbaycana  mənsub olan ərazinin bir hissəsi azad edilmişdir. Azərbaycan Silahlı Qüvvələrinin bu uğurlarını Ermənistan prezidenti Serj Sarkisyanın etiraf etməsi də məqalədə öz əksini tapıb.

Göründüyü kimi, Fransanın tanınmış qəzeti Ermənistanın işğalçı olduğunu təsdiqləyir. İşğalçı dövlətin münaqişə ilə bağlı mövcud status-kvonu saxlamağa çalışdığını, Aprel döyüşlərindən  sonra narahat olduğunu diqqətə çatdıran məqalə müəllifi Azərbaycanın demoqrafik və iqtisadi baxımdan Ermənistandan üstün olduğunu da bildirib. Məqalədə Ermənistan prezidenti Serj Sarkisyanın məğlubiyyəti etiraf etməsi barədə cümlələrin verilməsi də diqqətçəkən məqamlardandır: “ Serj Sarkisyan qələbə barədə xəbərlərin ziddinə olaraq, mayın 17-də etiraf etdi ki, aprelin 2-dən  5-dək baş vermiş “4 günlük döyüşlərdə” Azərbaycan Ordusunun hücumu zamanı erməni silahlı qüvvələri bir qədər torpağı tərk edərək geri çəkilməli olub. O, 800 hektardan danışır, halbuki qarşı tərəf bu rəqəmin 2000 hektar olduğunu söyləyir. Bununla belə, Azərbaycanın bu kiçik hərbi qələbəsi siyasi durumu dəyişdi: 1994-cü ildən mövcud olan atəşkəsdən bəri Azərbaycan ilk dəfə beynəlxalq hüquq baxımından ona məxsus torpaqları geri qaytarmağa nail oldu”.

Digər beynəlxalq kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə də Azərbaycan Ordusunun 8 yüksəkliyi ələ keçirdiyi və bu qısa  müharibədən sonra  Ermənistan prezidentinin  dərhal Almaniyaya səfəri zamanı orada məğlubiyyəti etiraf etməsi də yer alıb.  Məqalə müəllifləri qeyd  edirlər ki, Aprel döyüşlərinin nəticələri güclər nisbətinin artıq Azərbaycanın xeyrinə dəyişdiyini göstərir.

Bu məğlubiyyət, əslində, Ermənistan prezidenti və işğalçı dövlətin tanınmış ictimai xadimləri tərəfindən də etiraf olunub. Serj Sarkisyan işğalçı ordusunu tərifləməklə, güclü olmaqda inad etsə də, aprel döyüşlərindəki  rüsvayçı məğlubiyyəti etiraf etmək məcburiyyətində qalıb.  Onun Vyanada Azərbaycan Prezidenti ilə keçirilən görüşdən qayıdanda təyyarədə erməni jurnalistlərin suallarına cavab verərkən  səsləndirdiyi fikirləri bir daha xatırlatmaq istərdik:  “800 hektar ərazi itirmişik. O ərazilər nə strateji, nə taktiki baxımdan əhəmiyyət kəsb etmir.”  Təbii ki,  işğalçı ölkə rəhbərinin bu fikri səsləndirməsi  erməniləri sakitləşdirmək,  təşviş keçirən xalqına təsəlli vermək məqsədi daşıyırdı. Əgər bu ərazilər Sarkisyanın dediyi kimi, “nə strateji, nə də taktiki baxımdan əhəmiyyət kəsb etmirdisə”, bəs onda bu qədər itkini verməkdə məqsəd nə idi və niyə 23 il nəzarət altında saxlayırdılar?

Qarabağa qayıdışa haqq qazandıran erməni ziyalıları bu ərazilərin  Azərbaycana məxsus olduğunu etiraf edərək, uzun sürən münaqişədən, tələfatlardan artıq təngə gəldiklərini etiraf edir, prezident Serj Sarkisyanın yarıtmaz hakimiyyətini açıq şəkildə kəskin tənqid edirlər. Fakt üçün deyək ki, Ermənistan parlamentindəki Erməni Milli Konqresi fraksiyasının katibi Aram Manukyanın, Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Ovanesyanın, erməni yazıçısı və publisisti Arakel Arakelyanın və digərlərinin  fikirləri bu baxımdan diqqəti daha çox cəlb edir. İndi əksər erməni ziyalısında  belə bir fikir yaranıb ki, bu gün Cocuq Mərcanlıya qayıdan, orada məskunlaşan azərbaycanlı sabah Şuşaya, Xankəndinə qayıda  bilər.

Övladları cəhbədə həlak olan erməni əsgər və zabitlərin valideynləri də Azərbaycan Ordusunun artıq Ermənistan ordusundan qat-qat güclü olduğunu gördülər . Ona görə də son vaxtlar övladlarını hərbi xidmətdən  yayındırır və ölkədən çıxarırlar. Hətta dəfələrlə işğalçı dövlətin Müdafiə Nazirliyi qarşısında mitinq keçirərək, bu əhəmiyyətsiz müharibəyə, övladlarının ölümünə son qoyulmasını tələb ediblər.

Artıq bütün dünya Cocuq Mərcanlını tanıyır. Bu kənd Azərbaycan tarixinə böyük qayıdışın başlanğıcı kimi düşdü. Öz doğma ocaqlarına qayıdan kənd sakinlərinə beynəlxalq təşkilatların nümayəndələri də tez-tez baş çəkirlər.  Bir qədər əvvəl Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində yerli sakinlərə dəstək tədbirinin və “Çərpələng şənliyi”nin  keçirilməsi də təsdiqləyir ki, soydaşlarımızın isti ocaqlarına qayıtmaları beynəlxalq birlik tərəfindən də dəstəklənir.  Kənd məktəbinin idman meydançasında keçirilən “Çərpələng şənliyi” Cocuq Mərcanlı sakinlərində, xüsusilə də uşaqlarda 24 illik həsrətdən sonra əsl bayram əhval-ruhiyyəsi yaradıb. Səmaya çərpələnglər uçurdulub, müxtəlif oyunlar, yarışlar, əyləncəli proqramlar təşkil edilib, uşaqlara hədiyyələr verilib. Bu, Böyük qayıdışın xoş təəssüratlarndan biridir. Dünyanın ən böyük aviasiya şirkətlərindən olan Türk Hava Yollarının (THY), eləcə də, Türkiyənin Azərbaycandakı səfirliyinin və qardaş ölkənin iri şirkətlərinin yaxından dəstəyi ilə reallaşan tədbirdə qonaqlar  “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

Cocuq Mərcanlıda inşa olunmuş məscid hər bir sakinin, buraya səfər edən qonaqların müqəddəs ziyarətgahına çevrilib. Kənddə Şuşa məscidinin bənzərinin inşa olunmasının böyük əhəmiyyəti var. Bu, o deməkdir ki, gün gələcək Şuşa sakinləri də doğma ocaqlarına qayıdacaq və oradakı  məscid də bərpa ediləcək.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral kənd sakinlərinə “Siz işğaldan azad edilmiş ata-baba torpaqlarınıza dönməklə böyük bir iş gördünüz”, – deməsi  uzun müddət ata-baba yurdlarına həsrət qalmış, bu gün isə həmin ərazilərdə sərbəst hərəkət edən, həyatlarını davam etdirən soydaşlarımızın sabaha olan ümidlərini daha da artırıb. Onlar yaxşı bilirlər ki, əksər beynəlxalq qurumlar, dünyanın tanınmış siyasi xadimləri  Ermənistan  dövləti qarşısında işğal etdikləri Azərbaycan ərazilərini tərk etmək, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmaq tələbi qoyublar. Almaniyalı diplomat  Frank-Valter Ştaynmayer, Fransa  Senatının üzvü Natali  Qule, tanınmış amerikalı politoloq, Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika, Təbii Resurslar və Geosiyasət Mərkəzinin direktoru Ariel Koen,  Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin keçmiş vitse- prezidenti Fiorello Provera  və  digər siyasi xadimlər münaqişə ilə bağlı verdikləri açıqlamalarda  birmənalı  olaraq bildirblər ki, Ermənistan işğal etdiyi bütün  Azərbaycan torpaqlarını geri qaytarmalı və beynəlxalq hüquq normalarına riayət etməlidir. Bu faktlar beynəlxalq ictimaiyyətin Ermənistanı işğalçı dövlət kimi tanımasından xəbər verir.

Cocuq Mərcanlıya  qayıdışın yolu açıldıqdan sonra  xalqımızda  Qarabağa – doğma yurd-yuvasından didərgin salınmış soydaşlarımızın isti ocaqlarına qayıdacaqlarına, el-obalarında  firavan həyat sürəcəklərinə böyük inam yaranıb.  Dövlətimizin başçısı da bu qayıdışı tarixi hadisə adlandırmışdır:  “Cocuq Mərcanlı kəndinin bərpası doğrudan da tarixi hadisədir. Siz - bu kənddə yaşayan insanlar,  bu kəndin tarixini yaxşı bilirsiniz. İndi bütün Azərbaycan Cocuq Mərcanlı kəndinin tarixini bilir, bütün dünya Cocuq Mərcanlını tanıyır. Bu kəndin Azərbaycan tarixində xüsusi yeri vardır”.

Prezident demişdir ki, keçən ilin aprelində erməni hərbi təxribatının qarşısını alarkən, Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar Azərbaycan torpağını işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağı azad edildi və bu gün on minlərlə hektar torpağa Azərbaycan Ordusu nəzarət edir. Lələtəpə yüksəkliyinin qaytarılması nəticəsində Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkün oldu: “Mən keçən ilin sonlarında bu bölgədə, Lələtəpədə, işğaldan azad edilmiş torpaqlarda olarkən, hərbçilərlə görüşərkən maraqlandım ki, Cocuq Mərcanlıda təhlükəsiz şəraitdə yaşamaq mümkündürmü, yoxsa yox. Mənə dedilər ki, mümkündür”.

Bu ilin yanvar ayında da dövlət başçısının müvafiq sərəncamı ilə Prezidentin ehtiyat fondundan vəsait ayrıldı. Cəmi 2 ay ərzində kəndin bir hissəsi bərpa edildi, birinci mərhələdə 50 ev, məktəb, tarixi Şuşa məscidinin bənzəri olan məscid tikilib, Horadizdən Cocuq Mərcanlıya yol çəkilib. Artıq 100 evdə də tikinti işləri tam başa çatıb. Hazırda kəndarası yollar asfaltlaşdırılır, kommunikasiya işləri görülür. Bu gün-sabah daha yüz ailə doğma kəndlərinə qayıdacaq. Kənd sakinləri hamılıqla  isti ocaqlarına  qayıtdıqdan sonra həyat daha da canlanacaq.

Biz artıq işğal altında olan ərazilərimizi  düşməndən azad edib doğma ocaqlarımıza, Dağlıq Qarabağa, öz yurdumuza, elimizə, obamıza qayıdırıq. Bu möhtəşəm qayıdışı bizə möhtərəm Prezidentimizin düşünülmüş xarici siyasəti bəxş edib.  Dövlətimizin başçısının bəyan etdiyi “Azərbaycan xalqı, 1 milyon qaçqın və məcburi köçkün hazırda işğalçılar tərəfindən zəbt olunmuş torpaqlarında, doğma yurdlarında yaşamaq hüququnu bərpa edəcəkdir”– qətiyyəti hər birimizdə böyük inam yaradıb.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında