“Nə qədər ki, Azərbaycan var, mən də varam”

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bu fikrini şərtləndirən amillərin işığında ölkəmizin keçdiyi inkişaf yoluna qısaca  nəzər salaq. Bircə bu reallığı qeyd etmək kifayətdir ki, məhz keçilən yolun, uğurlarımızın zənginliyinin, ən əsası möhkəm təməlin nəticəsidir ki, möhtərəm Prezidentimiz İlham Əliyev bu tezisi səsləndirib: “Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli inkişafa nail olacaqdır”. Bu inam hələ cənab İlham Əliyev ilk dəfə, yəni, 2003-cü ildə Prezident seçiləndə ifadə olunub. Həmin vaxtdan bizi 14 illik zaman ayırır. Bu gün isə dövlətimizin başçısı İlham Əliyev qətiyyətlə bildirir ki, Azərbaycan hazırda ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.   

 

Ulu öndərin sovet dövrü fəaliyyəti
əsl dövlət idarəçiliyi məktəbidir

 

Bu gün iqtisadi möcüzələr ölkəsi, islahatçı və xoşbəxt respublika kimi tanınan Azərbaycanın mövcud potensial imkanları məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılıb. Ən əsası azərbaycançılıq məfkurəsi xalqımızın şüurunda əsas yer tutdu, bu ideyanın ətrafında sıx birləşmək zaman-zaman əsas məqsədə, amala çevrildi. Məhz o illərdə milli azadlığın və özünüdərkin təbliği istiqamətində atılan addımlar, yaradılan şərait növbəti illərdə öz bəhrəsini verdi. Ulu öndər Heydər Əliyevin bu fikrini bir daha xatırlatmaq yerinə düşər: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi görmək istəyini hələ hakimiyyətinin birinci dövründə atdığı bir-birindən önəmli addımları ilə təsdiqləyən ulu öndər Heydər Əliyev 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan ilk illərdə böyük çətinliklərlə, faciələrlə üz-üzə qalanda müstəqilliyimizi xalqımızın tarixi nailiyyəti kimi dəyərləndirərək onun qorunmasını hər kəsin vətəndaşlıq borcu kimi irəli sürdü. Zaman hadisələrə düzgün dəyər vermək üçün ən böyük yaddaşdır. Ulu öndər Heydər Əliyev hakimiyyətinin ikinci dövründə 1969-1982-ci illərdə görülən işləri belə xarakterizə edib: “O dövrlərdə yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqdır”.

Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xidmətlərinin miqyası onun daim qürurla qeyd etdiyi bu fikirləri xatırlatmaq məcburiyyətində qoyur: “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam”. Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı görmək istədiyi ən yüksək səviyyəyə yüksəltmək üçün möhkəm təməli formalaşdırdı. Ulu öndər hakimiyyətinin birinci dövründə ölkəmizi geridə qalmış respublikadan çiçəklənən bir diyara çevirdi. Belə ki, 1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşdırılması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün son dərəcə vacib olan ixtisaslara yiyələnməsi məqsədilə keçmiş ittifaqın  ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan biri-birindən əhəmiyyətli uğurlar ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Sirr deyil ki, ulu öndər 1969-cu ildə birinci dəfə Azərbaycana rəhbərlik edən zaman ölkəmiz müttəfiq sovet respublikaları arasında ən geridə qalanlar sırasında idi. İqtisadiyyat demək olar ki, inkişaf etmirdi, kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər görülmürdü, sənaye istehsalı çox aşağı səviyyədə idi. Məhz dahi şəxsiyyətin fəaliyyəti nəticəsində 13 ildə Azərbaycan keçmiş İttifaq miqyasında ən qabaqcıl yerlərə çıxdı. Əgər o vaxt iki respublika özünü təmin edə  bilirdisə, onlardan biri Azərbaycan idi. Azərbaycanın keçdiyi yolu Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev belə şərh  edir: “1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-1980-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə, Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə Azərbaycan yavaş-yavaş yenə tənəzzülə uğradı və bu tənəzzül əslində təzəcə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi. Biz deyəndə ki,  Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki formal olaraq müstəqillik  1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycan müstəqil ölkə kimi yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz qalırdı və bu təzyiqə davam gətirə bilmirdi. Ölkəmizin müstəqilliyi əldən gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən  başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra başlanmışdır və on il ərzində Azərbaycan yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqcıl ölkəyə çevrilmişdir. Bu gün bu, tam həqiqətdir və bu gün Heydər Əliyev siyasəti davam edir”. Bir sözlə, həmin illərdə iqtisadi sahədə əldə olunan uğurlar siyasi müstəqillik yolunda mühüm təməl kimi dəyərləndirilməlidir. 

 

Uğurlu yolun başlanğıcı

 

Müstəqillik tarixində 26 illik yol qət edən Azərbaycanın bu günündən dünəninə diqqət yetirəndə ümummilli lider Heydər Əliyevin xidmətlərinin miqyası, bu günümüz və gələcəyimiz üçün hazırlanmış inkişaf strategiyasının əsl mahiyyəti daha aydın görünür. Ulu öndər Heydər Əliyevin “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikirləri də Azərbaycanın sabahına olan inamdan irəli gəlib. Hər bir ölkəni inkişafa aparan, imzalar arasında imzasının görünməsini şərtləndirən əsas amil məhz dövlət rəhbərinin idarəçilik sistemi, dövlət maraqlarını hər şeydən öndə tutması, xalqına, ölkəsinə bağlılığıdır. Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə dahi liderin gücünün, qətiyyətinin, siyasi iradəsinin şahidi oldu. “Açıq qapı” siyasəti yürütməklə Azərbaycanın qapısının buraya xoş niyyətlə ayaq basan hər kəsə açıq olduğunu bəyan edən ümummilli lider Heydər Əliyev digər tərəfdən dövlətimizin müstəqil siyasətini önə çəkərək, heç bir qüvvənin Azərbaycan xalqının iradəsinə təsir etmək imkanında olmadığını, göstərilən hər bir cəhdin qarşısının xalq-iqtidar birliyinin fonunda qətiyyətlə alınacağını da diqqətə çatdırırdı. Məhz Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı ulu öndərin qətiyyəti sayəsində alındı, dövlət müstəqilliyimiz qorundu və möhkəmləndirildi. Hər zaman qeyd olunduğu kimi, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qorumaq ondan da çətindir. Tarixi paralellər fonunda Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığının şahidi oluruq. Müstəqilliyimizin ilk illərində  Azərbaycan həmin dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmasının  ucbatından öz dövlət müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalanda xalqımız üzünü öz xilaskarına – ulu öndər Heydər Əliyevə tutdu. Həmin dövrdə ümummilli lider Naxçıvan MR Ali Məclisinin sədri idi. Bu reallığı da qeyd edək ki, Naxçıvan MR Ali Məclisinin sədri kimi onun  həyata keçirdiyi islahatlar haqqında geniş danışmağa ehtiyac olmasa da, o illərdə baş verən hadisələrin xronikasına nəzər salmaqla müdrik insanın xidmətləri barədə aydın təsəvvür yaratmaq mümkündür. 1990-cı ilin yanvar hadisələri törədiləndə Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək qırğını  müstəqil bir dövlətin suverenliyinə qarşı törədilmiş siyasi aksiya hesab edən ulu öndər Heydər Əliyev Naxçıvanda işləyərkən faciəyə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi.

Saxta ideyalar əsasında formalaşan və xalqları 70 ildən artıq əsarətdə saxlayan Kommunist Partiyasına etiraz edərək bu qurumun üzvlüyündən imtina etdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edildi. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Göründüyü kimi, atılan bu addımlar Azərbaycanın müstəqilliyinə xidmət edirdi. Xatırlasaq, ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin tarixi paralellər fonunda bugünkü və gələcək nəslə çatdırılmasını qarşıya mühüm vəzifə kimi qoyurdu. Yeni Azərbaycan Partiyasının 21 noyabr 2001-ci il tarixdə keçirilən II qurultayında ulu öndər Heydər Əliyev bildirib: “Bəziləri indi deyirlər ki, müstəqilliyi biz əldə etmişik. Əgər siz həqiqətən bu müstəqilliyi almısınızsa, bəs bunu nə üçün qoruyub saxlaya bilmirdiniz? Nə üçün? Təxminən 1 il 6-7 ay yaşı olan müstəqil Azərbaycan dövləti artıq dağılırdı, parçalanırdı, vətəndaş müharibəsi başlanmışdı.

 

Azərbaycanın gələcəyi
üçün həlledici addım

 

Uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq qısa müddətdə sabitlik diyarına və böyük investisiyalar məkanına çevrilən Azərbaycanda öz təbii sərvətlərinin əsl sahibi kimi onlardan səmərəli istifadəni təmin etmək üçün bir-birindən önəmli addımlar atıldı. Öncə onu qeyd edək ki, məhz ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 12 may 1994-cü ildə atəşkəs sazişinin imzalanması hər sahədə uğurlu addımlara geniş yol açdı. Daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olan Azərbaycana maraq daha da artdı, müstəqilliyimizin ilk illərində ölkə iqtisadiyyatına sərmayə yatırmaqda maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyuldu. 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması Azərbaycanın bu gününə və gələcəyinə olan inamı nümayiş etdirdi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 200 milyard dollardan artıqdır. Ümummilli liderin iqtisadiyyatın inkişafında neft amilinə böyük dəyər verməsi onun uzaqgörən siyasətindən irəli gəldi. “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də  gələcək nəsillərə mənsubdur” söyləyən ulu öndərin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması da bu günümüzə hesablanmış mühüm addımlar sırasındadır. Hazırda aktivlərinin həcmi 36 milyard dollardan artıq olan fondun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da ölkənin hərtərəfli inkişafına xidmət edir. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi ilə yanaşı, siyasi mövqeyinin də möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Məhz bu sazişdən sonra onlarla müqavilələrə imza atıldı, anlaşma memorandumları imzalandı. Azərbaycan təkcə neft deyil, təbii qaz ölkəsi kimi də mövqeyini möhkəmləndirdi.  Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır, etibarlı tərəfdaş kimi nüfuzunu artırır, ən əsası təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanıdır. Neft strategiyasının həyata keçirilməsində öz payı, rolu olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq nüfuzunun artmasında da  iqtisadi imkanlarımıza söykənərək reallaşdırdığı investisiya layihələri mühüm rol oynayır.

 

İqtisadi inkişaf demokratik
islahatları şərtləndirdi

 

Ulu öndər Heydər Əliyevin apardığı uğurlu daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur.

Demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yürüdərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Demokratik cəmiyyətin varlığını şərtləndirən bütün amillər ölkəmizdə bərqərar olundu. 1995-ci il noyabrın 12-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və ümumxalq səsverməsi yolu ilə Konstitusiyanın qəbulu Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu yoluna işıq saldı. Konstitusiyada əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ölkədə vətəndaşlara bütün azadlıqlar verilib. Sərbəst toplaşmaq azadlığı yüksək səviyyədə təmin edilir. Çoxpartiyalı sistem yaradılıb. Bu gün ölkəmizdə 40-dan artıq siyasi partiyanın, 3 minə yaxın qeyri-hökumət təşkilatının qeydiyyatdan keçməsi, onların normal fəaliyyəti üçün təkmil qanunvericilik ­bazasının yaradılması da demokratik inkişafın əsas göstəricilərindəndir. Ölkədə seçkilərin demokratik, azad, şəffaf və beynəlxalq  standartlara uyğun keçirilməsi üçün  təkmil seçki sistemi formalaşdırılıb. 2003-cü ilin mayında Azərbaycan hökumətinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, həmçinin Avropa Şurası Venesiya Komissiyası ilə birgə əməkdaşlığı nəticəsində Seçki Məcəlləsi qəbul olunub. Konstitusiyamıza, Seçki Məcəlləsinə, eyni zamanda, bu və ya digər sahələri əhatə edən qanunlarımıza zaman-zaman edilən əlavə və dəyişikliklər dövlətimizin yeniləşmə, təkmilləşmə siyasətinə bir daha işıq salır.

Azad mətbuatın inkişafı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 1998-ci ildə senzuranın ləğvi mətbuatın inkişafında yeni bir mərhələnin təməlini qoydu. Jurnalist əməyini yüksək dəyərləndirən ümummilli lider Heydər Əliyev media nümayəndələri ilə keçirdiyi mütəmadi görüşlərində onların problemləri ilə yaxından maraqlanır, onların həlli istiqamətində zəruri addımlar atırdı. Ulu öndərin bir tələbi vardır – jurnalist peşəkar olmalı, cəmiyyətin informasiya tələbatını  heç bir qərəzə yol vermədən, obyektiv şəkildə ödəməlidir. Məhz bu diqqət və qayğının nəticəsi olaraq ulu öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.

 

Xarici siyasət milli
maraqlar əsasında qurulub

 

Ulu öndər Heydər Əliyev bildirirdi ki, müstəqillik yolunda ilk addımlarını atan bir dövlətin qarşısında duran əsas vəzifələrdən biri varlığını təsdiqləmək, beynəlxalq aləmdə yerini və rolunu möhkəmləndirməkdir. Bir dövlətin xaricdə varlığı kimi diaspor quruculuğu prosesinə xüsusi diqqət yetirildi. Ayrı-ayrı ölkələrdə soydaşlarımızın birliyinə nail olduqdan, mərkəzlər yaradıldıqdan sonra onların vahid mərkəzdən idarə olunması məsələsi gündəmə gətirildi. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabrında ölkəmizdə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu qurultay soydaşlarımızın birliyi, həmrəyliyi istiqamətində mühüm hadisə oldu.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı xidmətlərindən bəhs edərkən ətrafında yaradılan informasiya blokadasının dağıdılması istiqamətində göstərdiyi səyləri xüsusi qeyd etməliyik. Məlumdur ki, ermənilərin və erməni diasporunun səyləri nəticəsində ABŞ Konqresi ölkəmizə qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq edib. Bu düzəlişin hansı dövlətlərə tətbiq olunduğu aydındır. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı gündən əsas diqqət göstərdiyi məsələlərdən biri məhz Azərbaycan haqqında qərəzli təbliğatlara real faktlarla cavab vermək, erməni yalanlarını ifşa etmək idi. Ümummilli liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, Dağlıq Qarabağ problemi əsas müzakirə mövzusu olmasın. Azərbaycan həqiqətlərini ən yüksək tribunalardan bəyan edən ulu öndər Heydər Əliyev erməniləri tarixi saxtalaşdırmaqda ittiham etdi, dünyanı bu yalanlara münasibətini bildirməyə çağırdı. Zaman-zaman xarici siyasətimizin əsas prinsiplərinə uyğun olaraq atılan addımlar Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunu daha da möhkəmləndirdi. 2001-ci ildə Azərbaycan dövlətinin uğurlu xarici siyasəti nəticəsində ABŞ hökumətinin ədalətsiz 907-ci düzəlişinin tətbiqi ilə bağlı qərarı  bir illik dondurdu. Hər il bu qərar yenidən təsdiqlənir. Təbii ki, bu kimi addımlar, uğurlar Azərbaycanın tarixi həqiqətlərə əsaslanan təbliğatına əsaslanır.

 

Yeni Azərbaycan Partiyası müstəqillik
tariximizin bələdçisidir

 

Ümummilli lider Heydər Əliyevin xidmətləri sırasında bu gün sıralarında 700 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılması dayanır. Partiyanın hansı zərurətdən yarandığı məlumdur. Bu, o dövr idi ki, Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Xalqın sabaha ümidi itmişdi. Xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciəti, ümummilli liderin bu müraciətə müsbət cavabı bugünkü uğurlarımıza yol açdı.

Bu günlərdə yaradılmasının 25 illiyini qeyd edən Yeni Azərbaycan Partiyası cəmiyyətin əsas aparıcı qüvvəsi kimi  böyük nüfuza malikdir. Ulu öndər Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçıları olan partiyanın hər bir üzvü günbəgün möhkəmlənən, qüdrətini artıran, davamlı uğurlara imza atan Azərbaycanın yeni hədəflərə çatmasına öz töhfələrini vermək üçün birlik, həmrəylik nümayiş etdirir.  Dövlətimizin başçısı İlham Əliyev keçilən 25 illik yolu ümumiləşdirilmiş şəkildə belə ifadə edib: “Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var”. 

 

2003-cü ildən başlanan
yolla yeni hədəflərə doğru

 

Ulu öndər Heydər Əliyevin 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətini xatırlatmaq istərdim: “Bu günlərdə mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Məhz bu birlik Azərbaycana davamlı uğurlar qazandırdı, dünya birliyinin layiqli üzvünə çevirdi. Ümummilli lider müraciətdə bu məqamı xüsusi qeyd edib ki, öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam: “Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər Sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var… öz namizədliyimi İlham Əliyevin xeyrinə geri götürürəm. Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü il prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev hər bir vədini konkret əməli işdə təsdiqləməklə növbəti – 2008-ci və 2013-cü il prezident seçkilərində qələbəsini təmin etdi. Dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildə Prezident kimi jurnalistlərə ilk müsahibəsində söylədiyi kimi, Azərbaycanda ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. Heydər Əliyevin siyasəti Azərbaycanda çox güclü bir təməl qoyub.

Son 14 ildə möhkəm təmələ əsaslanaraq həyata keçirilən təkmil islahatlar Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasını şərtləndirir. Modernləşmə, yeniləşmə dövlət siyasətinin ana xəttini təşkil edir. Azərbaycanın bu illərdə neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı addımlar beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Neft kapitalının insan kapitalına çevrilməsi artıq reallıqdır. İqtisadi tərəqqi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımları şərtləndirir. O da məlumdur ki, 2009-cu ildə Konstitusiyanın “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə olundu ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması və yüksək həyat səviyyəsinin təmin edilməsidir. İnsan amilinə verilən dəyər ölkə Prezidenti İlham Əliyevin hər addımında özünü qabarıq şəkildə büruzə verir.

Son 14 il Azərbaycan tarixinə iqtisadi islahatlar ili kimi daxil olub. Hər bir ildə daha böyük təkmilləşmənin, yeniləşmənin şahidi oluruq. Bunun nəticəsidir ki, Azərbaycan ən islahatçı ölkə kimi dünya birliyində özünə layiqli yer tutur.

İqtisadi və siyasi islahatların vəhdətliyi fonunda Azərbaycana beynəlxalq münasibət daha da yüksəlir. Azərbaycan demokratik ölkə kimi nüfuz qazanıb. İnsan hüquqlarının müdafiəsi, azad mətbuatın inkişafı, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində göstərilən səylərin miqyası genişdir. Əsas olan mövcud reallıqlarımızın ölkə və dünya ictimaiyyətinə yüksək səviyyədə, heç bir qərəzə yol vermədən çatdırmaqdır. Bu halda mətbuatın üzərinə düşən məsuliyyətin böyüklüyü daha aydın görünür. Dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqlənməsi və icrası, sənədə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan davamlı addımlar və s. dövlətin müstəqil mətbuatın inkişafına verdiyi önəmə işıq salır. Bu diqqət və qayğı möhtərəm Prezidentimiz İlham Əliyevin 14 ildə 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsini şərtləndirib.

Uğurlarımız Azərbaycanın beynəlxalq nüfuzunda da özünü göstərir. 2011-ci ildə Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu, Azərbaycanın artan mövqeyinin, nüfuzunun göstəricisi idi. Diplomatik mübarizədə qələbə və iqtisadi imkanların artması fonunda ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, gücünün, qüdrətinin artması yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə inamı artırır.

Azərbaycanın 20 illik müstəqillik tarixində qazandığı uğurlara söykənərək 2011-ci ildə təsdiqlənən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıdakı illərin hədəfləri öz əksini tapıb. Ən əsası Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi ortaya qoymuşuq. Bunun üçün bütün imkanlar mövcuddur. Əgər dünya inkişafın Azərbaycan modelindən bəhs edirsə, bu, möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir.

Azərbaycan bu gün beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunur. Ölkəmizə gələn qonaqlar inkişafdan heyrətlərini gizlətmirlər. Ölkəmizin iqtisadi inkişafı möcüzə kimi dəyərləndirilir. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünkü uğurlarımız üçün açar rolunu oynayır. Dünyanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin artan rolu reallaşdırdığı və reallaşması istiqamətində addımlar atdığı layihələrdən də aydın görünür. Vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərləri dünyaya açılan pəncərə rolunu oynayaraq, bu gün “Cənub Qaz Dəhlizi”, o cümlədən TAP, TANAP, layihələrindən bəhs etməyə əsas yaratdı. Bu ilin sentyabrında, “Əsrin müqaviləsi”nin 23 illiyində “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş imicini bir daha təsdiqlədi.

Zamanın tələblərindən biri kimi idarəçilik sistemində təkmilləşməyə uyğun olaraq vitse-prezidentlik institutunun yaradılması, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Bütün fəaliyyətini Azərbaycan dövlətinin, dövlətçiliyinin inkişafına və möhkəmləndirilməsinə yönəldən Mehriban xanım Əliyevanın xidmətlərinin miqyası genişdir.

Xalqımız möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri siyasətin uğurlarının bələdçisi kimi daim onları dəstəkləyir, sabaha inamla addımlayır. Hər gününü tarixə bir uğur səhifəsi kimi yazan Azərbaycanın qarşısında daha geniş imkanlar mövcuddur. Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.      

Heydər Əliyev yolunun Azərbaycana qazandırdığı uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Bu yol Azərbaycanın bugünkü reallıqlarıdır. O reallıqlar ki, Azərbaycan bu gün regionun aparıcı qüvvəsi, dünya birliyinin fəal üzvüdür. Azərbaycan bu gerçəkliklərə əsaslanaraq yeni-yeni hədəflərə doğru inamla addımlayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün ulu öndər Heydər Əliyevin siyasəti uğurla davam etdirilir. Son 14 ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin təkrar-təkrar öz qələbəsini təmin etməsi, 2018-ci ildə keçiriləcək prezident seçkilərinə böyük inam bəsləməyimiz təbii ki, xalqın Heydər Əliyev siyasətinə dəstəyinin göstəricisidir. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!

Vüqar RƏHİMZADƏ,
YAP Siyasi Şurasının üzvü,
“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında