Xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyev 14 ildir ki, cismən aramızda olmasa da ulu öndərin yeni qələbələrə yönəlik ideyaları yaşayır və ölkəmizə nailiyyətlər qazandırır. Ötən illərdə görkəmli dövlət xadiminin Fəxri xiyabandakı məzarı xalqımızın müqəddəs ziyarətgahına, yeni nəslin Vətənə sədaqət andı içdiyi məkana çevrilmişdir. Builki ümummilli anım günü də xalqımızın ulu öndərin ölməz xatirəsinə tükənməz sevgisini və sonsuz ehtiramını bir daha nümayş etdirdi.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutur. Dahi rəhbərin respublikamızda hakimiyyətdə olduğu bir qərinədən artıq dövrdə qazandığımız bütün nailiyyətlərin özülündə məhz Heydər Əliyev fenomeni, qüdrəti və dühası, uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanmışdır.
XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyətimiz Heydər Əliyevin titanik səyləri sayəsində yeni implus və inkişaf parametrləri ilə gələcək müstəqilliyin əsaslarını yaratmağa yönləndirilmişdir. O zamandan başlayaraq Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyinə, inkişafımızın təməl daşına çevrilmişdir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr tariximizin mühüm, ən intensiv inkişaf mərhələsini təşkil edir. Bu mənada həmin dövrü tariximizin nəinki sürətli və hərtərəfli yüksəliş illəri, həm də yeni epoxa adlandırmaq olar.
Parlaq xarizma, yüksək nüfuz, nadir təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellekt, milli-mənəvi dəyərlərə sədaqət, novatorluq, qətiyyətlilik və digər uca keyfiyyətlər ümummilli liderin bənzərsiz şəxsiyyətində bir-birindən ayrılmaz şəkildə cəmlənmişdi. Fəaliyyəti ilə tarix yaradan bu dahi insan beynəlxalq siyasətdə də heyranlıqla qarşılanmış, ölümündən sonra da daim böyük hörmət və ehtiramla anılmaqdadır. Bu mənada Azərbaycan xalqı özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrin son 3 onilliyində və XXI əsrin başlanğıcında Heydər Əliyev kimi qüdrətli bir lider ölkəmizə rəhbərlik etmişdir.
Məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycan müstəqillik illərində də sarsıntı və böhranları qısa müddətdə dəf edərək sürətli, dönməz inkişaf yoluna qədəm qoymuşdur. Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş bu dahi şəxsiyyətin ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir. Heydər Əliyevin mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda bəşəriyyətin zəngin xəzinəsinə çevrilmişdir.
Xalqımıza nümunəvi xidmət yolunda sürətli və mötəbər karyeraya çatmış Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi sovet imperiyasının sərt ideoloji yasaqları şəraitində azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlişinə, xalqın tarixi kökünə qayıdışı prosesinə, milli dövlətçilik arzularının və hisslərinin güclənməsinə əsaslı təkan vermişdir. O illərdə respublikada nizam-intizamın bərpa edilməsi, iqtisadiyyatın dirçəldilməsi, təbii ehtiyatlardan, iqtisadi, təhsil, elm və mədəniyyət potensialından yüksək səviyyədə istifadə edilməsi, bütün bu sərvətlərdən xalqın bəhrələnməsi üçün ulu öndər Heydər Əliyev zəruri və mümkün olan bütün addımları atmış, yetərli tədbirləri gerçəkləşdirmişdir.
Həmin dövrdə Heydər Əliyev uzaqgörənliklə Azərbaycan təhsilinin və mədəniyyətinin inkişafına xidmət edən çoxsaylı qərarlara da imza atmış, ziyalıların, xalqın müxtəlif təbəqələrinin diqqətini gələcək müstəqilliyin əsaslarını qurmağa yönəltmişdir. Ötən əsrin 70-80-ci illərində Azərbaycan elmi və təhsili, ədəbiyyatı, musiqisi, memarlığı, incəsənəti sahəsində ciddi irəliləyiş əldə edilmiş, ana dilimizin, tariximizin, mədəni sərvətlərimizin tədqiqi və qorunması ilə bağlı bir sıra uğurlar qazanılmışdır.
Tariximizin ən çətin dönəmində böyük siyasətə qayıdan ulu öndər Azərbaycanın və xalqımızın nicatı, qurtuluşu və xoşbəxt gələcəyi naminə zəruri tədbirləri də dahiyanə bir məharətlə gerçəkləşdirmişdir. Tarixi zərurətin diktəsi, xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda yeni əldə edilmiş suverenliyimizin taleyüklü sınaqlara məruz qaldığı bir zamanda müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən ulu öndər Heydər Əliyev qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmuş, milli-mənəvi, əxlaqi dəyərlərin deqredasiyasının qarşısını almışdır.
Azərbaycanın yeni tarixinin mühüm reallığı ümummilli lider Heydər Əliyevin yaratdığı sabitlik və milli birliyin ölkədə siyasi, iqtisadi, mədəni yüksəlişi təmin etməsi, bu əsasda elm, təhsil, mədəniyyət, səhiyyə və digər humanitar sahələrin də dinamik inkişafında samballı uğurların əldə edilməsidir. Qısa müddətdə sosial-iqtisadi sahədə qazanılan möhtəşəm yüksəliş, Azərbaycanın beynəlxalq arenada mövqelərinin güclənməsi və bu qəbildən olan digər amillər xalqla hakimiyyətin birliyini daha da möhkəmləndirmiş, ölkəni hərtərəfli yeniləşmə və tərəqqi yoluna çıxarmışdır.
Bu gün müstəqil siyasət yürüdən, dünya arenasında öz siyasi və iqtisadi çəkisinə görə önəmli rol oynayan Azərbaycan dövləti ümummilli liderimizin şah əsəri, xalqımıza misilsiz yadigarıdır. Heydər Əliyevin ideyalarını, təməlini qoyduğu nəhəng quruculuq işlərini ən layiqli davamçısı, yeni təfəkkürlü siyasətçi, möhtərəm Prezidentimiz İlham Əliyev böyük qətiyyət və uğurla davam etdirir. Ümummilli liderin siyasi varisi İlham Əliyevin inamlı qələbələri, həyata keçirilən siyasətin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi onu göstərir ki, tariximizin Heydər Əliyev epoxası yüksələn xətlə davam edir.
Bu möhtəşəm uğurlar fonunda qazanılan nailliyyətlər sırasında milli təhsilmizin sürətli inkişafı da vurğulanmalıdır. Son illərdə digər sahələrdə olduğu kimi, təhsil sferasında da çox böyük işlər görülmüşdür. Bu dövrdə 2 mindən çox orta məktəb binası və əlavə tədris korpusu tikilmiş, müasir tələblərə cavab verən milli dərsliklər yaradılmış və pulsuz olaraq şagirdlərə hədiyyə edilmişdir. Latın qrafikalı əlifbaya keçilməsi ilə əlaqədar qısa zamanda bütün məktəblər və kitabxanalar yeni əlifba ilə çap olunmuş dərslik və əlavə vəsaitlərlə təmin edilmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının təhsilə geniş tətbiqi biliklərin dərindən mənimsənilməsinə şərait yartmışdır.
Dövlət başçısı ölkənin bugününün və gələcəyinin onun intellektual potensialından asılı olduğunu önə çəkərək bəyan edirdi: “O ölkələr inkişaf edir ki, orada elmi-texniki tərəqqi sürətlə inkişaf edir, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur. Azərbaycan bu yolu seçibdir.” Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi müddət çağdaş təhsilimizin tarixində vüsətli inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi, ölkənin, o cümlədən də təhsilin elmi əsaslara söykənən dövlət proqramları vasitəsilə idarə olunması dövrü kimi xarakterizə olunur.
Son illər təhsil tarixində təsdiq olunmuş dövlət proqramlarının reallaşdırılması nəticəsində tədris müəssisələrinin fəaliyyətinin yüksək standartlar səviyyəsinə yüksəlməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər istiqamətlərdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.
Ulu öndər mənalı həyatını xalqına həsr etmişdi, Azərbaycan üçün yaşamışdı, öz ideyaları, amalları, idarəçilik və diplomatik təcrübəsi ilə mükəmməl bir elmi-siyasi məktəb yaratmışdı. Bu gün Azərbaycanın milli ideologiyasını, iqtisadi-siyasi gerçəkliyini, mədəni həyatını özündə əks etdirən və möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi kurs da bu məktəbdən qaynaqlanır, gücünü- qüvvətini Heydər Əliyev amallarından alır. Xalqımız möhkəm inanır ki, bu yol müstəqil Azərbaycanı daha xoşbəxt gələcəyə qovuşduracaq.
Gülşən ORUCOVA,
Səbail rayonundakı 6 saylı tam orta məktəbin direktoru,
Əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.