Heydər Əliyevin siyasi strategiyası xalqımızın bugünü və gələcəyi üçün nurlu yoldur

XX əsrin son oniliyində ikinci dəfə öz istiqlalına qovuşmuş Azərbaycan xalqı üçün dövlət müstəqilliyinin bərpası tariximizin unudulmaz hadisəsidir. Ötən illərə bir daha nəzər yetirdikdə, respublikamızı bu müstəqilliyə, azadlığa aparan yolların hamar olmadığının, bu amal uğrunda qan töküldüyünün, şəhidlər verildiyinin şahidi oluruq. Xüsusilə, müstəqilliyimizin ilk illəri xalqımız üçün çox çətin, mürəkkəb oldu. Həmin dövrdə hərc-mərcilik və milli maraqlara zidd siyasət dərin siyasi, iqtisadi və sosial böhranla nəticələndi. Nə yaxşı ki, belə çətin və ağır bir dövrdə xalqımız son xilas yolu kimi ulu öndər Heydər Əliyevə müraciət etməyi seçdi.

Azərbaycanın 1969-cu ildən başlayan, 30 ildən artıq davam edən bir dövrünə təsadüf edən ən yeni tarixi, həmin illər ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində nail olunan uğurlar müdrik şəxsiyyət Heydər Əliyevin adı və gələcəyə hesablanmış ideyaları ilə bağlıdır. Məhz buna görə də həmin illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilir. Bu da təsadüfi deyil. “Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram”, – deyən ümummilli lider həyatını müstəqil Azərbaycanın uğurlu gələcəyinə həsr etdi.

1993-cü ilin iyununda – siyasi hakimiyyətə qayıdanda Heydər Əliyevə dağılmış bir ölkə miras qalmışdı. Hakimiyyətsizlik, hərc-mərclik, qeyri-qanuni silahlı birləşmələrin özbaşınalığı son həddə çatmışdı. Daxili qruplaşmaların hakimiyyəti ələ almaq uğrunda silahlı münaqişəsindən istifadə edən erməni hərbi birləşmələri və onların havadarları torpaqlarımızı işğal edir, rayonlar, kəndlər, tarixi-mədəni abidələr dağıdılır, yüz minlərlə soydaşımız öz torpaqlarında didərginə çevrilirdi.

Bütün bunlara rəğmən, Heydər Əliyev ümummilli lider olaraq, respublikaya, siyasi hakimiyyətə xilaskarlıq missiyası ilə gəlmişdi. O, müstəqil Azərbaycana rəhbərlik etdiyi gündən qətiyyətlə, inamla bəyan etmişdi: “Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.

Ulu öndərin ikinci dəfə ­respublika rəhbərliyinə başladığı gündən həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu və inkişaf edən demokratik, hüquqi, sivil bir dövlətə çevrildi. Siyasi uzaqgörənlik və zəngin idarəçilik təcrübəsi sayəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə meydan oxuyan qeyri-qanuni silahlı birləşmələr ləğv edildi və davamlı ictimai-siyasi sabitlik yarandı. Həyata keçirilən xarici siyasət milli maraqlarımıza uyğun quruldu, ictimai həyatımızın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı. Ölkədə siyasi plüralizm, söz və mətbuat azadlığı təmin edildi. Azərbaycanın gələcək inkişafını şərtləndirən hərtərəfli şərait yaradıldı və beynəlxalq aləmə inteqrasiya istiqamətində düşünülmüş addımlar atıldı. Məhz ulu öndərin yaradıcı təfəkkürü, siyasi əzmi, yüksək intellekti, qətiyyəti və dövlətçilik səriştəsi sayəsində Azərbaycan öz müstəqilliyini, əbədiliyini təmin etdi, müstəqil, milli, demokratik dövlət quruldu və yaşadıldı.

Müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə müstəqil dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyev nəinki xalqımızın ən parlaq siması, eləcə də, dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoydu. Böyük tarixi şəxsiyyət dövlətçilik səriştəsi, dərin siyasi baxışları və bacarığı ilə bütün sədləri yararaq, qarşıya çıxan çətinlikləri qətiyyətlə dəf etdi. Bununla da, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından xilas edərək, dövlətimizə həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı.

İnkişaf etmiş dünya dövlətlərinin mütərəqqi və qabaqcıl təcrübəsindən istifadə etməklə, hüquqi islahatların aparılması ön plana çəkildi. Həmin dövrdə baş verən hadisələr də təsdiqləyir ki, ulu öndərin hakimiyyətdə olduğu illər ərzində bu sahəyə ayırdığı diqqət və qayğı Azərbaycanın müstəqillik dövrünün siyasi-hüquqi konsepsiyasının mənbələrindən biri kimi dəyərləndirilməyə layiqdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun üçün Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı və Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu. Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi, əsasən, SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. 2002-ci ilin avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edildi.

Ulu öndər yeni Konstitusiyada insan amilini daha çox önə çəkmişdir. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasının müddəalarının üçdə birinin insan hüquq və azadlıqlarına həsr olunması ölkəmizdə bu məsələyə diqqətin əyani təzahürüdür.

İnkişaf etmiş sivil dövlətlərin təcrübəsi göstərir ki, hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər, ilk növbədə, qanunların aliliyinin təminatından, məhkəmə – hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən, ədalət mühakiməsinin beynəlxalq tələblərə uyğunlaşdırılmasından çox asılıdır. Konstitusiyada demokratik cəmiyyətin qurulması, fəaliyyət göstərməsi və inkişafı üçün bütün müddəalar öz əksini tapıb. Bu inkişafın əsas komponenti aşkar, ədalətli, səmərəli ədalət mühakiməsinin yaradılması məqsədi ilə olan məhkəmə – hüquq sisteminin islahatıdır. Hüquqi islahatların həyata keçirilməsi məqsədi ilə respublika Prezidentinin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə Hüquqi İslahatlar Komissiyası yaradılmışdır.

Ölkəmizdə ədliyyə fəaliyyətinin təşəkkülü və inkişafının təmin edilməsi, ümumiyyətlə, Ədliyyə Nazirliyinin dövlət strukturu kimi təşəkkül tapması da ümummilli liderimizin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminin inkişafına xüsusi diqqət göstərmiş, həyata keçirilmiş hüquqi islahatlar çərçivəsində Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılmış, onun üzərinə əlavə mühüm vəzifələr qoyulmuş, funksiya və səlahiyyətləri genişləndirilmişdir.

Demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini zəruri etmişdir. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti və siyasi iradəsi dövlət quruculuğu prosesində ilk olaraq məhkəmə-hüquq sahəsində islahatların aparılmasına başlanmasını reallaşdırdı.

Hüquqi sahədə dünya standartlarına uyğun islahatların mütəşəkkil aparılmasına xüsusi əhəmiyyət verən ümummilli liderimiz Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü. Bundan sonra hüquq sisteminin təməlini təşkil edən mühüm qanun və məcəllələr qəbul edildi, məhkəmə və hüquq– mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxıldı. Həyata keçirilən əhəmiyyətli tədbirlərdən sonra Azərbaycanda əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən yeni hüquq və 3 pilləli, müstəqil məhkəmə sistemi formalaşdırıldı. Bu gün qürur hissi ilə deyə bilərik ki, ali məqsədi insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən Azərbaycanın yeni hüquq sisteminin də müəllifi məhz ümummilli liderimiz Heydər Əliyevdir.

Hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş məhkəmə –hüquq islahatları bu gün də uğurla davam edir. Sevinirik və fəxr edirik ki, ulu öndərin yarımçıq qalmış ideyalarını onun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün ulu öndər aramızda olmasa da, onun əsasını qoyduğu müstəqil Azərbaycan dünyasının inkişaf etmiş, demokratik dövlətləri sırasındadır və səsi-sədası daim yüksəkliklərdən gəlir.

İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən siyasi iradəsi ilə bütün sahələrdə olduğu kimi, məhkəmə sistemində də əsaslı dönüş yaradılıb. Ulu öndərin dövlət quruculuğu xəttini uğurla davam və inkişaf etdirən cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi illər ərzində Ədliyyə Nazirliyində və bütövlükdə, ölkəmizin məhkəmə-hüquq sistemində də əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Möhtərəm Prezidentimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının əyani təzahürü olaraq, ədliyyə fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və ədliyyə orqanlarının inkişafı ilə bağlı tarixi əhəmiyyətli sənədlər qəbul edilmişdir.

Bu gün də respublikamızda bütün sahələr üzrə aparılan islahatlar, qəbul olunan qanunlar daha da modernləşdirilərək, Avropa standartlarına tam uyğunlaşdırılıb. Bu məqsədlə, artıq yeni qanunvericilik bazası yaradılmışdır. Xüsusilə qeyd olunmalıdır ki, hakim korpusunun ən layiqli və hazırlıqlı hüquqşünaslarla formalaşdırılması üçün Avropa Şurası ilə birgə ölkəmizdə hakimlərin şəffaf və ədalətli seçim proseduru işlənilib hazırlanmışdır. Çoxmərhələli imtahanlardan, tədris və stajkeçmədən ibarət olan bu seçim xüsusi şəffaflığına və obyektivliyinə görə Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirilmiş və digər dövlətlərə örnək kimi tövsiyə edilmişdir.

... Dünyada hər şey dəyişir, qalan isə saf əməllər, xalqın Vətənin rifahı naminə görülən işlərdir. Belə əməl sahibləri həyat durduqca xatırlanır . Ulu öndər Heydər Əliyev nəsillərin qəlbində öz əməlləri, ölməz ideyaları ilə əbədi qalacaqdır. Əsrlər, qərinələr keçəcək, Azərbaycan xalqı yaşadıqca, Heydər Əliyev də unudulmayacaq. Onun möhkəm özüllər üzərində qurduğu daxili və xarici siyasət kursu ölkəmizi daim irəliyə doğru aparacaq. Müdrik şəxsiyyətin həyatının və fəaliyyətinin bütün istiqamətləri xalqımızın bugünü və gələcəyi üçün nurlu yoldur.

İlahə ƏLƏSGƏROVA,
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin Yasamal rayon qeydiyyat şöbəsinin rəisi 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında