Azərbaycan var olduqca Heydər Əliyevin müəyyən etdiyi prinsiplər də yaşayacaqdır

O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi.

Vladimir Putin

 


Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və
dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.

Rəcəb Tayyib Ərdoğan

 


Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir.

Zbiqnev Bjezinski

 

 


 

 

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək. Çünki onun xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, hər zaman tədqiqatlar mövzusu olacaq. Ulu öndərin fəaliyyəti Azərbaycanın dünəninə, bugününə və gələcəyinə hesablanmış fəaliyyətdir. O, keçmişə istinad edərək, bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi və bu, hər bir millətin inkişafında əsas şərtlərdəndir.

Ümummilli lider Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı olaraq düşən ulu öndər Heydər Əliyev hər zaman doğma Vətənini qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Xalq onu sevir, parlaq zəkasını qiymətləndirir və öz liderinə, onun yeritdiyi siyasi kursa inanaraq, ardınca gedirdi.

Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən başlanan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən öndər olmuşdur, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edirdi.

Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəltmiş, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilmişdir. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş ulu öndərin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarmışdır və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın ən güclü dövlətlərindən birinə çevriləcəkdir.

1993-cü ilin yayında– Azərbaycanın “olum, ya ölüm” dilemması qarşısında qaldığı bir vaxtda ümummilli vəzifəni həll etməyə qadir lider xalqın böyük sevgisini qazanan şəxsiyyət olmalı idi. Azərbaycan xalqının bəxti onda gətirdi ki, ulu öndər Heydər Əliyev Azərbaycanda bu missiyanı yerinə yetirdi. Bu siyasət nəhənginin həmin böhranlı dövrdə siyasi arenada olması və bu missiyanı öz üzərinə götürməsi tarixi hadisə idi. Onun yaratdığı Yeni Azərbaycan Partiyası da bu tarixi vəzifəni, missiyanı yerinə yetirmək zərurətindən meydana gəlmişdir. Ümummilli lider qısa müddətdə xalqı öz ətrafında birləşdirərək, YAP-ın kadrları, o cümlədən xalqın bütün təbəqələrinin dəstəyi ilə milli müstəqilliyimizin dönməzliyini təmin etdi, Azərbaycanın sosial-iqtisadi inkişaf modelini müəyyənləşdirdi, dövlətin idarəçilik forması müəyyənləşdirildi, ictimai mülkiyyətdən liberal iqtisadiyyata keçid reallaşdı.

Bu gün Azərbaycan dövləti  Prezident İlham Əliyevin rəhbərliyi altında ulu öndərin müəyyən etdiyi fundamental prinsiplərə söykənərək yeni, ümummilli vəzifələri həyata keçirməkdədir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan bölgənin iqtisadi baxımdan ən sürətli, dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Bir tərəfdən, zəngin neft və təbii qaz qaynaqlarının dünya bazarına nəqlinə imkan verən layihələrin reallaşması, bunun nəticəsində gəlirlərin sürətlə yüksəlməsi, digər tərəfdən isə bu gəlirlərin səmərəli şəkildə nəzarət edilməsinə və iqtisadiyyatın fərqliliyinə yönəlik ardıcıl islahatların həyata keçirilməsi müsbət bəhrələr verir. Eyni zamanda, ötən müddət ərzində iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi artaraq, onun neftdən asılılıq riskini azaltmışdır. Hazırda Azərbaycan xarici investisiyalara ehtiyacı olan ölkədən bölgədə və onun xaricində böyük əhatəli investisiyalar yatıran dövlətə çevrilmişdir. Ötən illər ərzində sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüşdür – yüzlərlə məktəb, xəstəxana, Olimpiya kompleksi, digər sosial obyektlər tikilib və təmir edilmişdir. İnvestisiya proqramında nəzərdə tutulmuş layihələr bu gün də uğurla həyata keçirilir.

Bir sözlə, cənab İlham Əliyev ümummilli lider Heydər Əliyev yolunun layiqli siyasi varisidir, davamçısıdır. Azərbaycan var olduqca isə ulu öndərin müəyyən etdiyi yol, prinsiplər yaşayacaqdır. Bu prinsiplər zamanın tələblərinə uyğun olaraq müəyyən keyfiyyət dəyişikliyinə məruz qala və onun üzərinə hansısa yeniliklər gətirilə bilər. Amma onun nüvəsi qalacaq. Bu nüvə isə azərbaycançılıq, vətənsevərlik, milli həmrəylik, vətəndaş sülhüdür, siyasi varislikdir, qanunçuluqdur.

Mübariz Qurbanlı,
 Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə  Dövlət Komitəsinin sədri,
Yeni Azərbaycan Partiyası icra katibinin müavini  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında