Azərbaycan təhsilinin memarı

Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.

Herhard Şröder
Almaniya Federativ Respublikasının sabiq kansleri

 

 


 

 

“Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır”. Türk xalqının böyük oğlu Mustafa Kamal Atatürkün bu müdrik kəlamı Azərbaycan xalqının XX əsrdə yetirdiyi ən parlaq sima, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli liderimiz Heydər Əliyevin böyük həyat yolunu lakonik şəkildə çox parlaq və aydın təcəssüm etdirir. Ömrünü Azərbaycanın tərəqqisinə və inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə, beynəlxalq aləmdə tanınmasına, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasına həsr edən Heydər Əliyev bu səbəbdən xalqın böyük mənəvi dəyərinə, ümid və and yerinə çevrilmişdir. O, bir-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə də, hər zaman xalqını, vətənini düşünmüş, onun gələcək müstəqilliyi naminə çalışmış, ürəyi yalnız Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu öndərin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişafına həsr edəcəyəm” kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır.

On dörd il bundan əvvəl xalqın məhəbbətini qazanan öndərimiz, ümummilli liderimiz Heydər Əliyev əbədiyyətə qovuşdu. Onun timsalında Vətən öz xilaskarını, milli liderini, milli iftixarını, qürur duyduğu və arxa bildiyi böyük azərbaycanlını itirdi. Onun cismani yoxluğu bu gün hiss olunsa da, Heydər Əliyev mənəvi cəhətdən hər zaman bizimlədir. Çünki bir qərinəlik hakimiyyəti dövründə bu böyük şəxsiyyət xalq üçün çalışdı, ömrünü, gününü bu xalqın rifahı yolunda şam kimi əritdi, sağlığında canlı əfsanəyə çevrildi, çağdaş tariximizdə əbədiyaşarlıq qazandı. Xalqın öz liderinə bəslədiyi sevgi, ona ümid və nicat mənbəyi kimi baxması, Heydər Əliyevin millətinə, Vətəninə olan sonsuz məhəbbəti tariximizin şanlı səhifələrinə çevrilib. İllər keçdikcə Heydər Əliyev kimi şəxsiyyətlərin böyüklüyü daha aydın görünür. Xalqının müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş, bütün ruhu, varlığı ilə öz millətinə, elinə-obasına bağlı olmuş Heydər Əliyev fenomenal şəxsiyyət idi. Danılmaz həqiqətdir ki, zəngin təcrübəyə, parlaq zəkaya, böyük istedada, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan hərtərəfli inkişafa nail olmuşdur. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.

Azərbaycanın inkişaf tarixinin dinamikası belə bir fikri təsdiq edir ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr ulu öndərin böyük əməyi nəticəsində həyata keçirilən dəyişikliklərin həcminə, iqtisadi inkişafın səciyyəsinə görə Azərbaycan tarixinin sovet dövründəki ən parlaq səhifələrini təşkil edir. 70-ci illərdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli ruhun yüksəlişi, xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik ideyasının möhkəmlənməsi azadlıq uğrunda gələcək mübarizəsinə mühüm zəmin yaratmışdı. Bütün sahələrdə oldugu kimi, Azərbaycan təhsilinin inkişafı üçün etibarlı zəmin də ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçilməsindən sonrakı mərhələdə yaranmışdır.

“Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Bu sözlərin müəllifi gözəl dərk edirdi ki, milli intibahın təminatında başlıca vasitə elm və təhsildir. Elə bu səbəbdən görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tuturdu. Respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dönəmdə o, təhsilə dövlət siyasətinin prioritet məsələlərindən biri kimi dəyər verirdi. Ulu öndər həmişə çıxışlarında təhsilin cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahə olduğunu vurğulayır və bu sahəyə xüsusi həssaslıqla yanaşır, daim qayğı göstərirdi. “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.

Bu gün biz təhsilin, demək olar ki, bütün sahələrində olan uğurlarla, təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı ilə fəxr edirik. Tam əminliklə demək olar ki, bütün bunlar öz mənbəyini məhz 1969-82-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almışdır. Hələ o vaxtlar həyata keçirilən qlobal miqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini qoymuşdur. Həmin illərdə Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş ali məktəblərədək bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə qalxmış, bu istiqamətdə aparılan dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır.

Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi altında respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yeniləşdirilmiş, ixtisaslı kadrlar hazırlayan ali və orta ixtisas məktəbləri açılmışdır. Təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması istiqamətində görülən işlərin nəticəsi olaraq respublikanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verilmiş, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə qədər artmışdır. Heydər Əliyevin bu illərdə ali təhsilin inkişafı yolundakı böyük xidmətlərindən biri də yeni ali təhsil ocaqlarının yaradılması idi. Məhz onun təşəbbüsü ilə Azərbaycanda yeni ali məktəblər – bu gün rəhbərlik etdiyim Azərbaycan
Memarlıq və İnşaat Universiteti (o zaman Azərbaycan İnşaat Mühəndisləri İnstitutu adlanırdı), Texnologiya İnstitutu, Xarici Dillər İnstitutu, Naxçıvanda və Xankəndidə Dövlət Pedaqoji İnstitutunun filialları yaradıldı, yeni-yeni ixtisaslar, kafedralar, fənn laboratoriyaları açıldı. Bütün bu uğurlar ulu öndərin ali təhsilin inkişafına, respublikanın kadr potensialının gücləndirilməsinə vətəndaş qayğısının nəticəsi idi.

Burada bir məqamı qeyd etmək yerinə düşər ki, ötən əsrin 70 - 80-ci illərində Azərbaycanda hər yöndə müşahidə olunan intibah, yeniləşmə, inkişaf, quruculuq işləri memarlıq və inşaat sahəsində özünü büruzə verirdi. Həmin illərin sürətli inkişafı həyatın bütün tərəflərinə təsir etdiyi kimi memarlıq və inşaat sahəsinə də təsirsiz ötüşmürdü. Azərbaycan kəndləri və şəhərlərinin siması ildən-ilə dəyişir, respublikamızın hər guşəsində müasir ictimai və yaşayış binaları ucaldılır, xüsusi zövqlə bağlar, parklar, memarlıq ansamblları yaradılırdı. Ölkədə tikintinin geniş vüsət alması qurucu və yaradıcı gənc milli kadrların hazırlanması işini də aktuallaşdırdı, respublikada savadlı və qabiliyyətli memar və inşaat mühəndisləri hazırlığı aparmaq üçün xüsusi ali təhsil ocağının yaradılmasını zəruri etdi.

Bu məqamda Azərbaycan memarlığının inkişafında böyük rolu olan ulu öndər Heydər Əliyevin bu zərurətin reallaşmasındakı müstəsna xidmətləri xüsusi qeyd edilməlidir. Məhz onun təşəbbüsü ilə 1975-ci ildə Azərbaycan SSR Nazirlər Soveti ölkədə memarlıq, tikinti və iqtisadiyyatın digər sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədiylə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (AzİMİ) yaradılması barədə qərar verdi. Görkəmli siyasi xadim, dövlət adamı olmaqla yanaşı, Heydər Əliyev həm də incə zövq sahibi, qurub-yaratmaq təxəyyülü geniş olan bir şəxsiyyət idi. Ümummilli liderin iki il – 1939-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alması bu fikirlərin tam təsdiqidir. Gənc yaşlarından memarlığa böyük həvəs göstərən Heydər Əliyevin bizim universitetə isti münasibəti, diqqəti və qayğısı, bəlkə də, buradan qaynaqlanırdı.

AzİMİ-nin formalaşmasında, inkişaf etməsində ulu öndərin rolu böyük olub, O, sağlığında həmişə AzİMİ-yə qayğı göstərib, yeni yaradılmış institutun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm qərarlar verib, dəfələrlə universitetə gələrək, professor-müəllim heyəti, tələbələrlə görüşüb, onların problemləri ilə maraqlanıb. Məhz onun məsləhətləri ilə bu tədris ocağı illər ərzində böyük uğurlara imza atdı, inkişaf etdi. Bu illər ərzində də inşaat mühəndisi ixtisasının cəmiyyətdə nüfuzu xeyli artdı. Bu dövrdə AzİMİ tək Azərbaycan üçün deyil, bütün SSRİ və xarici ölkələr üçün 50 mindən artıq kadr hazırladı. Xoş bir təsadüfdir ki, bu ali təhsil müəssisəsinə universitet adının verilməsi Heydər Əliyevin ikinci dəfə hakimiyyətdə olduğu dövrə düşdü. Belə ki, 2000-ci il iyul ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı sərəncamla institutun adı dəyişdirildi və Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) adlandırılıldı.

Heydər Əliyevin təşəbbüsü ilə memar və inşaatçı kadrlar hazırlayan ali məktəbin yaradılması, düşünürəm ki, həm də müdrik rəhbərin müstəqil gələcəyə hesablanmış uzaqgörən və ağıllı siyasətinin tərkib hissəsi idi. Görünür ki, Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycanın illər sonra müstəqil olacağına, azadlığına qovuşacağına inanırdı və müstəqil dövlətin iqtisadiyyatının əsasını təşkil edən tikinti-quruculuq işləri üçün kadr potensialının yetişməsinin vacibliyini yaxşı dərk edirdi. Onun milli hərbi kadrların yetişdirilməsi yolundakı tarixi xidmətləri də bu baxımdan xüsusi qiymətləndirilməlidir. Heydər Əliyev ötən əsrdə sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda Milli Ordu quruculuğunun əsas tədris ocaqlarından birinə çevrilən və milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq bir məktəbin yaradılmasına nail oldu. Həmin məktəbin müdavimləri olan gənclər bu gün Azərbaycan Silahlı Qüvvələrinin komandirləri, generallarıdır. Müstəmləkə şəraitində yaşayan, mərkəzdən asılı olan bir respublikada Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmaq rəhbərdən böyük iradə, cəsarət və uzaqgörənlik tələb edirdi. Bütün bu keyfiyyətlər də Heydər Əliyev şəxsiyyəti üçün xarakterik idi.

Müstəqillik dövründə çox vacib olan olan respublikamızda ilk orta və ali hərbi təhsil sisteminin yaradılması ilə yanaşı, o illərdə keçmiş SSRİ-nin ali hərbi məktəblərinə azərbaycanlı gənclərin sistemli şəkildə göndərilməsi faktı da xüsusi vurğulanmalıdır. Heydər Əliyevin birbaşa rəhbərliyi və təşəbbüsü ilə 1972-ci ildən etibarən hər il 300-400 gənc keçmiş SSRİ-nin nüfuzlu, böyük təcrübəyə malik ali hərbi məktəblərinə oxumağa göndərilirdi. Azərbaycanlı gənclərin respublikadan kənarda keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən məşhur ali məktəblərində təhsil alması da ulu öndərin adı ilə bağlıdır. Göründüyü kimi, keçmiş sovetlər dövründə Heydər Əliyev Azərbaycan təhsilinin tərəqqisinə mane olan bir sıra amilləri aradan qaldırmış, mövcud potensialı respublikanın mədəni intellektual resurslarının gücləndirilməsinə, Azərbaycan üçün layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər etmişdir.

1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən biri yenə də təhsillə bağlı oldu. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən Azərbaycan Respublikasında müstəqilliyin bərpasından sonra strateji əhəmiyyətə malik olan təhsil sistemində köklü islahatların aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrildi, ölkədə elm və təhsil problemlərinin həlli dövlət siyasəti ilə vəhdətdə öz həllini tapdı.

Böyük öndər Azərbaycan tarixində ilk dəfə təhsil sahəsində islahatlar aparılması üçün zəruri tapşırıqlar verdi, 1998-ci il martın 30-da Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasında Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı. Elə həmin ildə müstəqil Azərbaycan müəllimlərinin 1-ci qurultayı keçirildi, xalqımızın böyük oğlu Heydər Əliyev qurultayda tarixi çıxış etdi. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir” deyən ümumilli liderimiz Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən fərman, sərəncamlar verdi. Azərbaycan təhsilinin qayğıkeş hamisi, ulu öndərin rəhbərliyi, tövsiyəsi ilə hazırlanmış proqramlar Azərbaycan təhsilinin, onun maddi-texniki bazasının uzunmüddətli, dinamik inkişafını təmin etdi.

Hakimiyyətinin ikinci dönəmində ümummilli lider gənclərin xarici ölkələrdə təhsil almağa göndərilməsi ənənəsini yenidən bərpa etdi. 1997-ci ildən başlayaraq Azərbaycanın bilikli, savadlı, seçilən bacarıqlı gənclərinin Rusiya və Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsinə başlanıldı. Bu, əslində, ötən əsrin 70-80-cı illərində əsası qoyulmuş uğurlu təcrübənin yeni mərhələdə davamı sayılmalıdır. Hər il ən yüksək balla ali məktəblərə qəbul olunmuş gənclərə Prezident təqaüdünün verilməsi, eləcə də istedadlı gənclər üçün Fəxri təqaüdlərin, Prezident fərmanı ilə “Qızıl kitab”ın təsis olunması ölkəmizdə istedadlı uşaq və gənclərə dövlət qayğısının bariz
nümunəsi idi.

Qəbul olunmuş qərar, fərman və sərəncamlar, onların həyata keçirilməsi müstəqil Azərbaycanda təhsil sektorunun hərtərəfli yüksəlişini, tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına yaxınlaşmasını şərtləndirdi. Yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilməsi ümummilli liderimizin misilsiz xidmətlərinin bir hissəsi idi. Amma ümummili liderin təhsil islahatları adıçəkilən məsələlərlə bitmirdi. Qısa zaman kəsiyində ölkədə genişlənən məktəb tikintisi, təhsil müəssisələrinin müasir avadanlıqlarla təchizatı, bir çox institutlara “universitet” statusu verilməsi, 6 yeni akademiyanın yaradılması, özəl ali təhsil müəssisələrin fəaliyyətinin qanuniləşdirilməsi və saymaqla bitməyən təhsil islahatları Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanda aparılan təhsil siyasətinin geniş üfüqlərindən soraq verirdi.

Azərbaycan təhsilinin inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin dövlət siyasəti bu gün islahatların zəruriliyinə ciddi diqqət yetirən ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ümummilli liderin formalaşdırdığı təhsil siyasəti dövlət başçısının rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Günümüzün reallıqları sübut edir ki, təhsil bu gün də dövlət siyasətinin əsas prioritetlərindən biridir. İlham Əliyev hakimiyyətə gəldiyi 2003-cü ildən sonra Azərbaycan təhsilində yeni inkişaf mərhələsi başlayıb. Təsadüfi deyil ki, dövlət başçısının prezident seçildikdən sonra ilk tarixi qərarlarından biri məhz təhsillə bağlı olub. Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixində imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi təhsilimizdə yeni eranın başlanğıcının carçısı oldu. “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına cevirməliyik. Cunki insanın savadı, biliyi onun gələcək həyatını muəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir” deyən möhtərəm prezidentimizin bu uzaqgorən konsepsiyası təhsilin Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri olduğunu bir daha təsdiq edir.

Prezident İlham Əliyevin dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davam etdirilməsi bizi əmin edir ki, ulu öndər Heydər Əliyevin qurub-yaratdığı yeni, müstəqil, müasir Azərbaycan dövləti əbədiyaşardır, onun müstəqilliyi əbədi və dönməzdir. Heydər Əliyev bu gün cismən aramızda deyil, lakin onun ölməz ideyaları yaşayır və ölkə Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən xalqımızın, dövlətimizin tərəqqisi naminə gerçəkləşir. Azərbaycan dövləti bu gün inkişafının yeni mərhələsinə qədəm qoyur, insan kapitalı inkişaf etdirilir, xalqımızın rifahı yüksəlir, bütün sahələrdə əldə olunan uğurların sayı günbəgün artır, infrastruktur və sosialyönümlü layihələr uğurla həyata keçirilir, dünya birliyi ölkəmizi demokratik, tolerant və açıq cəmiyyətə malik olan bir dövlət kimi tanıyır.

Bütün bunlar ulu öndər Heydər Əliyev zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürü, dühasının qələbəsi, Heydər Əliyev siyasətinin uğurlu və davamlı nəticəsidir. Bu qələbələri Azərbaycan xalqına bəxş edən Heydər Əliyev xalqın qəlbində əbədi heykəl kimi ucalır. Nə tarix, nə də millətimiz müstəqil Azərbaycan dövlətinin qurucusu - ulu öndər Heydər Əlievin əziz xatirəsini heç vaxt unutmayacaq!

Gülçöhrə Məmmədova,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor, Əməkdar memar


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında