BMT – Azərbaycan əməkdaşlığı insan hüquqlarının müdafiəsinə töhfədir

10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günüdür

İnsan hüquqlarının qorunması və təbliğı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar sırasında, heç şübhəsiz, ən mühüm rolu Birləşmiş Millətlər Təşkilatı oynayır. Belə ki, insan hüquqlarının tarixi BMT Nizamnaməsindən başlamışdır.

Bundan əvvəl ayrı-ayrı aktlar mövcud olsa da (məsələn, köləliyin ləğvi, milli azlıqların müdafiəsi və s. ilə bağlı), insan hüquqlarının universal səviyyədə müdafiəsi ideyası ilk dəfə olaraq məhz BMT Nizamnaməsində öz əksini tapmışdır.

Təşkilat hazırda 193 üzv dövlətdən ibarətdir və üzv ölkələrin hər biri Baş Assambleyanın üzvüdür. Dövlətlərin BMT üzvlüyünə qəbulu Təhlükəsizlik Şurasının təqdimatına və Baş Assambleyanın qərarına əsaslanır.

1991-ci il oktyabrın 29-da Azərbaycan Respublikası BMT-yə və dünya dövlətlərinə müraciət edərək Azərbaycan dövlətinin müstəqilliyinin bərpasından sonra demokratiya, azadlıq və bərabərlik yolu ilə getmək əzmində olduğunu və BMT Nizamnaməsinə sadiq qalacağını bildirərək bu nüfuzlu və mötəbər beynəlxalq təşkilatın üzvlüyünə qəbul olunmasını xahiş etdi.

1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edən BMT-nin Təhlükəsizlik Şurası onun bu təşkilata üzv olunmasını tövsiyə etdi. Beləliklə, BMT Baş Assambleyasının 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT-yə üzvlüyünə daxil olması barədə qətnamə qəbul edildi.

1992-ci il mayın 6-da Nyu-Yorkda Azərbaycanın BMT yanında daimi nümayəndəliyi fəaliyyətə başladı, həmin ilin noyabr ayında isə BMT-nin Azərbaycanda Daimi Nümayəndəliyi açıldı.

Azərbaycan BMT ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq edir.

Respublikamız beynəlxalq ictimaiyyətin fəal üzvü kimi BMT Nizamnaməsində əks olunmuş əsas məqsəd olan beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına mühüm töhfələr verir. Azərbaycan bu məqsədlə BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə fəal iştirak edir.

Azərbaycan BMT-nin seçkili orqanlarında iştirak etməklə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verir. Bundan əlavə, Azərbaycan BMT-nin əsas orqanları, ixtisaslaşmış və digər qurumları ilə yaxından əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu və s. qeyd etmək olar.

Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycanın UNESCO nəzdində Milli Komissiyası təsis olunmuşdur.

Azərbaycan və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında əməkdaşlıq qaçqın və məcburi köçkün uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olmuşdur.

Azərbaycan Respublikası BMT tərəfindən qəbul olunmuş bir sıra beynəlxalq müqavilələrin, o cümlədən, insan hüquq və azadlıqlarına dair beynəlxalq müqavilələrin iştirakçısıdır. Bu baxımdan BMT-nin nəzarət müxanizmləri olan doqquz beynəlxalq müqavilədən səkkiz müqavilənin iştirakçısıdır. Azərbaycan Respublikası, həmçinin bu müqavilələrə əlavə olunan fakultativ protokolların və ya beynəlxalq müqavilələrdə nəzərdə tutulan xüsusi prosedurların əksəriyyətini tanıyır və onlara qoşulmuşdur. 

Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycan hökuməti ilə BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı arasında səmərəli əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq ilkin olaraq 1998-ci ildə imzalanmış “İnsan hüquqlarının təşviqi və müdafiəsi üçün imkanların və infrastrukturun gücləndirilməsi” adlı texniki əməkdaşlıq sənədinə əsasən həyata keçirilmişdir. Əməkdaşlıq çərçivəsində insan hüquqları sahəsində müxtəlif tədbirlər (seminar, treninq, təcrübə mübadiləsi, hüquqi ədəbiyyatın nəşri və s.) keçirilmişdir.

Onu da qeyd etmək lazımdır ki, Milli İnsan Hüquqları Təsisatlarının BMT-nin saziş qurumları sistemi və İnsan Hüquqları Şurası ilə əməkdaşlığa təşviq və yardım edən əsas orqan İnsan Hüquqları üzrə Ali Komissarlığıdır.

Azərbaycan Respublikası İnsan Hüquqları Şurasının Xüsusi Prosedurları ilə məhsuldar əməkdaşlığını davam etdirir. Azərbaycan Hökuməti BMT Xüsusi Prosedurları mandat daşıyıcılarından ölkəyə səfər etməklə bağlı məktubla müraciətlərə müsbət cavab vermişdir. Eyni zamanda, xüsusilə qeyd edilməlidir ki, 2013-cü ilin aprel ayında Azərbaycan hökuməti BMT Xüsusi Prosedurları mandat daşıyıcılarına ölkəyə səfər etməklə bağlı daimi dəvət göndərmişdir.

Azərbaycan beynəlxalq hüququn inkişafı, o cümlədən, beynəlxalq hüququn kodifikasiyası məsələlərində fəal iştirak edir. Azərbaycan tərəfi bu istiqamətdə fəaliyyəti zamanı dövlətlərin suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyü, suveren bərabərliyi və daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüquq prinsiplərini rəhbər tutur.

Bu yanaşmadan çıxış edərək, ölkəmiz BMT çərçivəsində insan hüquqlarının təşviqi sahəsində proseslərdə də fəal iştirak edir. Azərbaycan beynəlxalq humanitar və insan hüquqlarına dair qəbul olunmuş bir sıra qətnamələrin müəllifi və ya həmmüəllifi olmuşdur. Ölkəmiz insan hüquqlarının ümumi standartlarının təmini məsələsi ilə yanaşı, insan hüquqlarının kütləvi şəkildə pozulduğu hallara (xüsusilə konfliktlər zamanı) diqqətin artırılmasına səy göstərir. Bunlar arasında, müvafiq BMT orqanlarında qəbul olunan “İtkin düşmüş şəxslərlə bağlı”, “Hərbi vəziyyətdə həbs edilmiş və əsir götürülmüş qadın və uşaqların azad edilməsi”, “Mülki hüquqlar və mülkiyyətin münaqişə şəraitində müdafiəsi” başlıqlı qətnamələri göstərmək olar.

Azərbaycan Ombudsmanı fəaliyyəti dövründə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə Beynəlxalq Millətlər Təşkilatı və onun ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq əlaqələri qurmuşdur.

Milli İnsan Hüquqları təsisatlarının bu beynəlxalq proseslərdə iştirakı da öz növbəsində həm onların güclənməsinə, həm də insan hüquqlarının daha səmərəli şəkildə müdafiəsinə xidmət edir. Bu baxımdan da Azərbaycan Ombudsman institutu sözü gedən proseslərdə aktiv iştirak edərək insan hüquqlarının qorunması və təbliği sahəsində bilik və təcrübə mübadiləsi apararaq imkanlarını genişləndirilmiş və beynəlxalq arenada öz sözünü deyə bilmişdir.

 Qeyd etmək istərdim ki, Azərbaycan Ombudsmanı 2006-cı ildə BMT-nin Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi tərəfindən milli insan hüquqları qurumu kimi Paris prinsiplərinə uyğun müstəqil fəaliyyət göstərdiyinə görə “A” statusu ilə akkreditasiya edilmiş və 2012-ci ildə xüsusi icmaldan sonra həmin status ilə yenidən reakkreditasiya olunmuşdur.

Ombudsman UNİCEF-in ölkəmizdəki nümayəndəliyi ilə sıx əməkdaşlıq əlaqələri quraraq hər il üzrə illik iş planlarını təsdiq etməklə birgə fəaliyyət göstərmişdir.

Ötən dövrdə ölkəmizdə uşaq hüquqlarının etibarlı təmin olunması məqsədilə UNİCEF-lə əməkdaşlıqda uşaqlar və uşaqlarla işləyən şəxslər üçün çoxsaylı maarifləndirmə tədbirləri, treninqlər, “dəyirmi masa”lar keçirilmiş, uşaqların yaşadığı və saxlanıldığı müəssisələrdə onlara qarşı rəftarın araşdırılması məqsədilə sorğular və araşdırmalar aparılmış, əlilliyi olan uşaqların vəziyyəti ilə bağlı sorğular keçirilmiş, təklif və tövsiyələr hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunmuşdur.

Universal Dövri İcmal üzrə Azərbaycan Ombudsmanının təşəbbüsü ilə  müvafiq dövlət qurumları və QHT-nin iştirakı ilə məsləhətləşmələr aparılmış, UDİ üzrə hesabatın yazılmasında iştirak edilmişdir.

Eyni zamanda, Universal Dövri İcmal üzrə Azərbaycana təqdim olunmuş tövsiyələrin QHT və dövlət qurumları nümayəndələrinin iştirakı ilə ictimai müzakirələri keçirilmişdir.

Qeyd etmək istərdim ki, Azərbaycan Ombudsmanının UDİ sahəsində fəaliyyəti BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nəşr etdiyi kitabda müsbət təcrübə  kimi qiymətləndirilmişdir.

Azərbaycan Ombudsmanı, eyni zamanda, müvafiq dövlət orqanları ilə birgə, QHT nümayəndələrinin iştirakı ilə  BMT-nin müqavilə qurumlarının Azərbaycana münasibətdə təqdim etdiyi tövsiyələrin ictimai müzakirəsini təşkil etmişdir.

Ombudsman, həmçinin BMT-nin müqavilə qurumlarına Azərbaycanın təqdim etdiyi dövrü hesabatlara paralel hesabatlar göndərərək, həmin hesabatların dinlənilməsi prosesində də iştirak edir.

Bununla yanaşı, Ombudsman BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisi ilə əməkdaşlıqda  paytaxtda və bölgələrdə “BMT-nin İnsan Hüquqları mexanizmləri”, “Azərbaycan – BMT əməkdaşlığı”, “BMT-nin müqavilə orqanlarına hesabatların verilməsi ilə bağlı yerli qeyri-hökumət təşkilatlarının maarifləndirilməsi” mövzularında tədbirlər, media nümayəndələri üçün insan hüquqlarına dair təlimlər keçirmişdir.

Ombudsman fəaliyyəti dövründə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə səmərəli əməkdaşlıq əlaqələri qurmuş, birgə layihələr həyata keçirməkdədir.

“Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sisteminin keyfiyyətinin artırılması” layihəsi çərçivəsində Ombudsman Aparatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə mütəmadi olaraq respublikanın müxtəlif regionlarında miqrasiya və sərhəd idarəçiliyinə cəlb olunmuş dövlət qurumlarının əməkdaşları üçün maarifləndirmə tədbirləri həyata keçirilir.

 Bununla yanaşı, BMT QAK ilə birgə davam etdirilən “Didərginlik şəraitində qadınların səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində birgə vəsaitlər çap edilmiş, həmin çap vəsaitləri əsasında regionlarda məcburi köçkünlər və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün təlim sessiyaları təşkil olunmuşdur.

Müvəkkilin əməkdaşlıq qurduğu beynəlxalq qurumlar arasında UNESCO xüsusi yer tutur. Azərbaycan Ombudsman təsisatı ilə UNESCO, o cümlədən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bu qurumun Moskva bürosu arasında insan hüquqları sahəsində səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə Bakıda keçirilmış ombudsmanların 14 beynəlxalq konfransının 11-nə bu qurum dəstək vermişdir. Müxtəlif mövzularda, ən başlıcası isə razılaşdırılmış prioritet istiqamətlər üzrə  təşkil olunmuş həmin konfranslara verilmiş dəstək insan hüquqları baxımından böyük önəm kəsb etmişdir.

Məlum olduğu kimi, 16 iyun 2011-ci il tarixdə BMT-nin İnsan Hüquqları Şurası qlobal səviyyədə biznes sahəsində insan hüquqları baxımından korporativ məsuliyyət çərçivəsini müəyyənləşdirən Biznes və İnsan Hüquqlarına dair Rəhbər Prinsipləri  qəbul etmişdir. Sözügedən prinsiplər korporativ məsuliyyətin dövlətlər və biznes strukturları tərəfindən həyata keçirilməsi ilə bağlı üç əsas məsələni - insan hüquqlarının müdafiəsində dövlətin vəzifəsini, insan hüquqlarına hörmət baxımından korporativ məsuliyyəti, bizneslə əlaqəli işlərdə sui istifadə nəticəsində zərərçəkənin pozulan hüquqlarının bərpasını əhatə edir.

Azərbaycan Ombudsmanı də öz fəaliyyətində biznes və insan hüquqlarının inkişafı sahəsinə mühüm yer ayırır.

Qeyd etmək istərdim ki, “Ombudsman yanında Biznes və İnsan Hüquqları üzrə işçi qrupu yaradılmış, millət vəkillərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, müzakirə mövzusundan asılı olaraq aidiyyəti dövlət və biznes qurumlarının, QHT nümayəndələrinin iştirakı ilə hazırkı vaxtadək müxtəlif aktual mövzular üzrə on dörd “dəyirmi masa” təşkil edilmiş,  müzakirələrdə səslənmiş fikirlər və qanunvericliyin təhlili əsasında Milli Məclisə və aidiyyəti dövlət qurumlarına təkliflər paketi hazırlanaraq göndərilmişdir.

18-27 avqust 2014-cü il tarixində BMT-nin İnsan Hüquqları Şurasının Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun ölkəmizə ilk rəsmi səfəri zamanı Azərbaycan Ombudsmanın bu sahədəki fəaliyyəti ilə tanış olunmuş və daha sonra işçi qrupunun tərtib etdiyi hesabatda Milli İnsan Hüquqları İnstitutu kimi Azərbaycan Ombudsmanının Biznes və İnsan hüquqları sahəsində fəaliyyəti müsbət qiymətləndirilmişdir.

Məlum olduğu kimi, gələn il  Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 70 illiyini qeyd ediləcək. Bu münasibətlə BMT tərəfindən cari ilin 10 dekabr tarixindən gələn ilin 10 dekabr tarixinədək müddətdə “İnsan hüquqları üçün ayağa qalx” kampaniyası elan olunmuşdur. 

BMT bu kampaniya çərçivəsində insanları daha böyük azadlıqlar, başqalarının hüquqlarına daha çox diqqət və daha çox hörmət üçün hərəkətə keçməyə çağırır.

Azərbaycan Ombudsmanı 8 dekabr 2017-ci il tarixdə “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda keçirilmiş beynəlxalq konfransda BMT-nin “İnsan hüquqları üçün ayağa qalx” kampaniyasına start verildiyini bəyan edərək, hər bir kəsi bu istiqamətdə birgə əməkdaşlığa çağırmışdır.

Biz bu kampaniyada iştirak edərkən əsas fəaliyyət sənədləri kimi Ümumdünya İnsan Hüquqları Bəyannaməsini, BMT-nin Davamlı İnkişaf Məqsədlərini, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramını rəhbər tutmalıyıq.

İnanıram ki, birgə əməkdaşlıqda insan hüquqlarının müdafiəsi işinin daha da gücləndirilməsinə dəstək verəcəyik.

Aydın SƏFİXANLI,
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Aparatının rəhbəri,
hüquq üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında