Heydər Əliyev: şərəfli ömür yolunun unudulmaz anları

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının əsrarəngiz guşəsi Naxçıvanda anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Sənaye və Neft Universiteti) memarlıq fakültəsində təhsil almışdır. Müharibənin başlanması ona təhsilini tamamlamağa imkan verməmişdir.
Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında, Naxçıvan MSSR Xalq Komissarları Sovetində işləmiş, 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Həmin dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifələrində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. O illərdə Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Azərbaycan KP MK-nın 1969-cu il 14 iyul tarixli plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1982-ci ilin dekabrında Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilmişdir. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini seçilərək, Sovet İttifaqının rəhbərlərindən biri olmuşdur.
Ümummilli lider 1987-ci ilin oktyabrında Sov. İKP MK Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun siyasi xəttinə etiraz əlaməti olaraq vəzifəsindən istefa vermişdir.
O, 1990-cı ilin sentyabr ayında Azərbaycan SSR və Naxçıvan MSSR Ali sovetlərinə deputat, 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin sədri, 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri, 1993-cü il oktyabr ayının 3-də və 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu dövrdə respublikamızın ərazi bütövlüyünü qorumuş və Sovetlər Birliyi dövründə – XXI əsrin 70-ci illərində erməni millətçilərinin Dağlıq Qarabağda münaqişə yaratmaq cəhdinin qarşısını almışdır.

Hətta 1938-ci il mayın 5-də sərhəd rayonlarında (Qazax və Gədəbəy) 2 min hektardan artıq Azərbaycan torpaqlarının Ermənistana verilməsi haqqındakı qərarı 1969-cu il mayın 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti təsdiq etməsinə baxmayaraq, 1969-cu ilin iyul ayında Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev bu qərarın icrasına imkan verməmişdir.

Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Bu barədə tarix elmləri namizədi Füzuli İbrahimzadə “Şərq qapısı” qəzetinin 11 may 2004-cü il tarixli nömrəsində “Azərbaycanın özü kimi əbədi” adlı məqaləsində yazırdı: “Hələ İkinci dünya müharibəsindən sonra “dövləti yenidən möhkəmləndirmək” adı ilə Stalinin kütləvi şəkildə həbslərə rəvac verdiyi, əməliyyatlar aparan zaman SSRİ Xalq Daxili İşlər Komissarlığından gələn bir əmrdə azərbaycanlı gənc zabit Əliyevdən (Heydər Əliyev) “tapşırığı yerinə yetirmək” tələb olunurdu.

Mərkəzdən gələn gizli əmrə əlavə olunan siyahıda beş min həmvətəninin müharibə dövrü ordudan fərarilik etdikləri, çoxunun isə cəbhədən qaçaraq Azərbaycanda gizləndiyi qeyd olunurdu. Onların axtarılıb tapılması və cəzalandırılması tələb edilirdi.

XDİK-in gənc kapitanı (Heydər Əliyev) xeyli düşünür. Azərbaycan xalqının övladı olduğu halda o, öz millətinin nümayəndələrini bilə-bilə bu qətillər dövründə ölümə necə göndərə bilərdi?!

O, (Heydər Əliyev) siyahıda dəyişiklik edir, bir qismini də müharibə itkinləri və ölülər siyahısına salmağa müvəffəq olur. Beş min azərbaycanlını Stalinin caynağından və həbs düşərgələrindən xilas edə bilir”.

Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin hakimiyyəti dövründə erməni separatçılarının Azərbaycana qarşı ərazi iddialarının reallaşmasına heç vaxt imkan verilməmişdir.

Mərkəzin məkrli planları nəticəsində 1987-ci ilin payızında Heydər Əliyev Moskvada tutduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra ermənilər Azərbaycana qarşı yenidən torpaq iddiası qaldırdılar. XX əsrin 80-ci illərinin axırları və 90-cı illərin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət, eyni zamanda, 1990-cı ilin yanvar ayında baş vermiş hadisələr Heydər Əliyevin Azərbaycana qayıtmasını qətiləşdirdi.

Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi və qardaşı Cəlal Əliyevin evində 2 gün qalmalı oldu. Lakin, o zaman Azərbaycan rəhbərliyi onun Bakıda qalmasını istəmədiyindən Heydər Əliyev 22 iyul 1990-cı ildə Naxçıvana gəldi. Naxçıvan Hava Limanında xeyli sayda toplaşmış əhali ulu öndəri təmtəraqla, böyük sevinclə, gurultulu alqışlarla qarşıladı. Əhali onun ayaqları altında qurbanlar kəsdi. Heydər Əliyev Naxçıvan şəhərində yaşayan bacısının evində bir müddət yaşamalı oldu. Ulu öndər bacısının evində qaldığı müddətdə Naxçıvanın şəhər, rayon və kəndlərindən xeyli sayda insanlar onun görüşünə gəlirdi. Heydər Əliyev görüşə gələnlərlə səmimi söhbət etmiş və onların suallarına cavab verirdi. Çox xoşbəxtəm ki, o illərdə (1990-cı ilin iyul-avqust ayları) Heydər Əliyev ilə şəxsən görüşmək, onun maraqlı söhbətlərinə yaxından qulaq asmaq mənə də nəsib oldu. “Şərq qapısı” qəzetinin xüsusi müxbiri müsahibə almaq üçün ulu öndər ilə görüşdü. Özünü təqdim edərək gəlişinin məqsədini bildirdikdən sonra Heydər Əliyev dedi: “Bir şərtlə müsahibə verərəm ki, olduğu kimi dərc edəsiniz”. Heydər Əliyevin verdiyi müsahibə olduğu kimi “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində “Daha susa bilməzdim...” başlığı altında dərc olundu.

Ulu öndər 1990-cı ilin iyul ayında 340 saylı Nehrəm seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilməklə yanaşı, eyni zamanda, Naxçıvan şəhər 2 saylı Axundov seçki dairəsinin əhatə etdiyi Xıncab məhəlləsindən (el arasında “Xıncov məhəlləsi” adlanır) Naxçıvan MSSR xalq deputatlığına namizəd göstərilirdi. Bu barədə “Şərq qapısı” qəzetinin 2 avqust 1990-cı il tarixli nömrəsində dərc olunmuş “Həmyerlilərimə minnətdaram” adlı məqalədə ümummilli lider gənclərlə görüşündə demişdir: “...Nehrəm kəndinin camaatı məni Azərbaycan SSR xalq deputatlığına, Naxçıvan alt trikotaj paltarları fabrikinin kollektivi isə Naxçıvan MSSR xalq deputatlığına namizəd irəli sürmüşlər. Mən onlara, eləcə də Naxçıvanın bütün sakinlərinə səmimi qəlbdən təşəkkür edirəm. Onu da deyim ki, bundan əvvəl mən dəfələrlə SSRİ, RSFSR və Azərbaycan SSR Ali sovetlərinin deputatı olmuşam. Vaxtı ilə Naxçıvanda olarkən 26 yaşında Naxçıvan Şəhər Sovetinin deputatı seçilmişəm. İlk dəfədir ki, Naxçıvan MSSR xalq deputatlığına namizəd göstərilirəm. Bu, mənim üçün əvvəlki deputatlıqlardan daha şərəflidir”.

Beləliklə, 1990-cı ilin sentyabr ayında Heydər Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali sovetlərinə deputat seçildi.

Qeyd etməliyəm ki, 340 saylı Nehrəm seçki dairəsi və onun əhatə etdiyi Cavidabad kəndindən (Bir müddət Qaraçuğ və Bulqan kəndləri bir yerdə Cavidabad adlanırdı) Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilən Heydər Əliyevin vəkilləri Nehrəm kənd orta məktəbinin müəllimi İsmayıl Ələkbərov və Cavidabad kənd XDS İcraiyyə Komitəsinin sədri Məmməd Qasım oğlu Məmmədov olmuşlar.

Ulu öndərin vurğunu olan və onu daima dəstəkləyən Qaraxanbəyli kənd sakini, 1990-cı ildə Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilmiş, Heydər Əliyevin vəkili olmuş, hazırda 75 yaşlı Məmməd Məmmədov “İki sahil” qəzetində dərc edilmiş “Ümummilli lider Heydər Əliyevlə şəxsən görüşmək xoşbəxtliyi mənə də nəsib oldu” adlı məqaləsində (28 may 2011-ci il) belə yazırdı:

“Xoşbəxtəm ki, bu seçkidə 340 nömrəli seçki dairəsinin əhatə etdiyi Cavidabad, Qaraxanbəyli kəndləri üzrə Azərbaycan SSR xalq deputatlığına namizəd Heydər Əliyevin vəkili olmuşam. Uzun illər boyu bu dahi şəxsiyyətlə görüşmək arzusu ilə yaşayırdım. Nəhayət ki, belə bir xoşbəxt gün gəlib çatdı. 1990-cı il sentyabr ayının 26-da ümummilli liderimizlə bacısının evində görüşdük. O qədər sual hazırlamışdım ki, lakin onun baxışlarının dərinliyi, maraqlı söhbəti mənə həmin sualların hamısını unutdurdu. İlk olaraq məndən hansı kənddən olduğumu soruşdu. Dedim Qaraxanbəyli kəndindənəm. “Dəmir yolunun altından?” deyə soruşdu.

Bu, bizim kəndin keçmiş adamlarının işlətdiyi söz idi. Təəccüb etdiyimə görə gülümsündü. Bu böyük şəxsiyyətlə saatyarımlıq görüşümdə onun söhbətlərinə çox heyranlıqla qulaq asdım. Bir neçə gündən sonra onunla Cavidabad, Qaraxanbəyli kənd camaatının görüşünü keçirdik.

Heydər Əliyevin keçdiyi şanlı həyat yolu haqqında yüksək tribunadan danışmaq mənə qismət oldu. Həmin anları həyatımın ən unudulmaz günləri hesab edirəm”.

Naxçıvanın dövlətçilik tarixində yadda qalan günlərdən biri də 17 noyabr 1990-cı ildə Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MR Ali Məclisinin 1-ci sessiyası oldu. Belə ki, həmin sessiyada Naxçıvan MSSR-dən “sovet sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan MR-ın rəsmi dövlət bayrağı kimi qəbul edilməsi, Muxtar Respublika Ali Sovetinin Ali Məclis adlandırılması Naxçıvanın tarixində ən əlamətdar və mühüm tarixi günə çevrildi.

Heydər Əliyev Dağlıq Qarabağda yaranmış münaqişəli vəziyyətə etiraz əlaməti olaraq 1991-ci il iyulun 19-da Sov. İKP-nın sıralarını tərk etmişdir. 3 sentyabr 1991-ci ildə keçirilən Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında ilk söz alan deputat Ə.Orucov Naxçıvan MR Ali Məclisin sədrliyinə Heydər Əlirza oğlu Əliyevin namizədliyini irəli sürdü. Deputatlar bu təklifi müdafiə etdilər. Həmin gün sessiya yekdilliklə Heydər Əliyevi Naxçıvan MR Ali Məclisinin sədri seçdi. Heydər Əliyev Ali Məclisin sədri seçildikdən sonra onun ünvanına müxtəlif peşə sahiblərindən xeyli sayda təbrik gəlirdi.

Ulu öndər 1991-1993-cü illərdə Naxçıvan MR Ali Məclisinin sədri olduğu müddətdə muxtar respublikanı Ermənistanın silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi.

Həmin illərdə Azərbaycanın ayrı-ayrı şəhər və rayonlarından atası,qardaşı, oğulları ermənilər tərəfindən girov götürülmüş və itkin düşmüşlərin yaxınları onların tapılması və azad olmaları üçün o zamanki səriştəsiz Azərbaycan rəhbərliyinə dəfələrlə etdikləri müraciətlər nəticəsiz qaldığından onlar ümidlərini Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə bağladılar. Yaxınlarına köməklik etmək, erməni əsirliyindən qurtarmaq üçün onlar ulu öndərin adına xeyli sayda teleqram göndərmişdilər. Həmçinin Naxçıvanda, Yerevan-Qafan sərnişin qatarından girov götürülmüş şəxslərin azad olmaları barədə Kafan şəhərindən də Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin ünvanına teleqram gəlmişdi. Böyük ümidlə və ürək ağrısı ilə yazılmış həmin teleqramlarda deyilirdi:

 

Naxçıvan MR Ali Məclisinin sədri H.Ə.Əliyevə

 

Hörmətli Heydər Əliyeviç, mənim qardaşım milis kapitanı Bədəlov Süleyman Feyruz oğlu 1991-ci il sentyabrın 14-də Goranboy rayonunda gedən vuruşma zamanı yaralanmış və ermənilər tərəfındən girov götürülmüşdür. Onun uşaqları adından Sizdən xahiş edirik ki, bu günahsız adamın azad olunmasına köməklik edəsiniz. Qoy Allah Sizi və onun uşaqlarını bütün bəlalardan hifz eləsin.

Bakı şəhəri,

Bədəlovlar ailəsi

* * *

Naxçıvan MR Ali Məclisinin sədri H.Ə.Əliyev yoldaşa

 

Hörmətli Heydər Əliyev, sentyabrın 14-də oğlum milis kapitanı Möhsün Qasım oğlu Kamandarov ermənilərlə rayonumuzun Buzluq kəndində qeyri-bərabər döyüşdə itkin düşüb. 12 gündür ondan xəbər yoxdur. Bir ata kimi Sizdən xahiş edirəm ki, oğlumun ölüsünü və ya dirisini mənə verin.

Qasım Kamandarov,
Goranboy rayonu, Şadılı kəndi

* * *

Naxçıvan MR Ali Məclisinə, xalqımızın çox qeyrətli oğlu, böyük sərkərdəsi Heydər Əliyev yoldaşa

Mardakert rayonunun Kərəmli kəndinin bütün sakinləri xahiş edir ki, tarixən qeyrətli olan Naxçıvan xalqı və şəxsən Siz bizə kömək edəsiniz. Doğma ata-baba torpağımızdan bizi qovdular, bütün evlərimizi yandırdılar. 1200 əhalisi olan kəndin sakinləri respublikamızda öz torpaqlarından qovuldular. Bütün əmlakımızı, əşyalarımızı erməni quldurları məhv etdilər.

İmarət – Qərvənd
kəndinin sakinləri

* * *

Ali Məclisin sədri Heydər Əliyevə

 

Hörmətli Heydər Əliyeviç, Qafan şəhərinin bütün qadınları adından Sizdən xahiş edirik ki, Yerevan-Qafan sərnişin qatarından girov götürülmüş bizim adamlara humanistlik göstərəsiniz. Onların analarının, atalarının, qardaş və bacılarının matəmi iki həftədən artıqdır ki, davam edir. Bütün ümidlərimiz Sizə, böyük hörmətə, təmiz qəlbə malik olan ziyalıyadır.

Sizdən xahiş edirik ki, bu işlə məşğul olub, onların azad edilməsinə köməklik göstərəsiniz.

Qafan şəhəri.
Rayon Qadınlar Şurasının sədri S.M.Gevorkyan (“Şərq qapısı” qəzeti. Xüsusi buraxılış №-3)

Doğmalarını və yaxınlarını erməni əsarətindən xilas etmək üçün Azərbaycanın müxtəlif bölgələrindən ümidlə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edənlərlə yanaşı, ölkəmizin şəhər və rayonlarında yaşayan müxtəlif sənət sahiblərindən – jurnalist, müəllim, təqaüdçü, həkim, bəstəkar və s. şəxslər də Naxçıvana – Heydər Əliyev ilə görüşməyə gəlirdilər. Belə insanlardan biri də 1992-ci ildə Bakı Musiqi Akademiyasının məzunu olan, təyinatla Naxçıvan Musiqi Texnikumunda fəaliyyətə başlayan, Heydər Əliyevə “Ömür yolu” adlı simfonik poema həsr etmək qərarına gələrək onunla görüşmək arzusunda olan həmyerlimiz Vasif Kərim oğlu Allahverdiyev idi.

Heydər Əliyevin ömür yoluna simfonik poema həsr etmək istəyən gənc bəstəkar 1992-ci ildə ulu öndərlə görüşür. Görüş zamanı dünya şöhrətli siyasətçi bəstəkar o qədər səmimi təsir bağışlayır ki, Vasif Allahverdiyev bu insanın iç dünyasını, hisslərini simfoniyada əks etdirməyi qərara alır. Övladlarından, həyat yoldaşından, əsasən musiqidən (Q.Qarayev, Niyazi, Soltan Hacıbəyov və s.) söhbət edən Heydər Əliyev gənc bəstəkara: “Səni incidəcəklər, sənə maneələr yaradacaqlar” – deyərək ona bu fikrindən əl çəkməyi məsləhət görür. Lakin gənc bəstəkar qərarında qətiyyətli olduğunu bildirəndə ulu öndər etiraz etməyib xeyir-dua verir. Vasif Allahverdiyev dünya şöhrətli siyasətçi, böyük şəxsiyyət Heydər Əliyevin ömür yolu haqqında bəstələdiyi “Ömür yolu” adlı simfonik poemasını 1995-ci ildə bitirir. Qeyd olunan simfonik poema 1995-ci ildə Naxçıvan MR-ın sabiq mədəniyyət naziri olmuş Fəttah Heydərovun köməyi nəticəsində meydana çıxmışdı. Beləliklə, həmin əsərin 1996-cı il may ayının 8-də kamera və orqan musiqi zalında təqdimatı oldu.

“Ömür yolu” simfonik əsəri prezidentin ad günü ərəfəsində səsləndi (10 may 1995-ci il). “Ömür yolu” simfonik poemasında təkcə Heydər Əliyevin deyil, həm də ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın da həyatından səhifələr yer almışdı.

Əsərə baxış zamanı dünya şöhrətli musiqiçi SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, zəmanəmizin dahi bəstəkarı Arif Məlikov yüksək qiymət vermişdi. Qeyd olunan simfoniyanın yaranmasında Vasif Allahverdiyevə onun sevimli müəllimi bəstəkar İsmayıl Hacıbəyov da dəyərli məsləhətlər vermişdi.

Həmin illərdə Ali Məclisin sədri Heydər Əliyev Naxçıvan MR-in istər iqtisadi sahədə, istərsə də onun təhlükəsizliyinin təmin olunmasında və ərazi bütövlüyünün qorunmasında yaranmış gərgin vəziyyəti nizama salmaq üçün bir sıra tədbirlər gördü. Belə ki, ulu öndər ilk növbədə dost, qardaş Türkiyə Respublikası ilə əlaqə yaratdı. Naxçıvanı yaranmış gərgin vəziyyətdən çıxarmaq üçün Türkiyə Respublikasının o zamankı prezidenti Turqut Özalın və Baş nazir Süleyman Dəmirəlin dəvəti ilə Naxçıvan MR Ali Məclisin sədri Heydər Əliyev 1992-ci il martın 22-dən 25-ə kimi Türkiyədə səfərdə oldu. Görüşün ən uğurlu nəticəsi 24 mart 1992- ci ildə Ankarada tərəflər arasında imzalanmış, iqtisadiyyatın bir çox sahələrini əhatə edən, 13 bənddən ibarət əməkdaşlıq protokolu oldu.

Protokolun 1-ci bəndinə əsasən, Naxçıvana 100 milyon dollar kredit ayrıldı. Naxçıvan MR-ın iqtisadiyatında kənd təsərrüfatı, qida istehsalı, Türkiyə ilə Naxçıvan MR arasında enerji xətlərinin çəkilməsi, sənaye, nəqliyyat və s. sahələrdə yaranmış ağır vəziyyəti nizama salmaq üçün bağlanmış həmin əməkdaşlıq protokolunun Naxçıvanın ağır dövründə böyük tarixi əhəmiyyəti oldu.

Qısa müddətdən sonra İran İslam Respublikasının Prezidenti H.Rəfsancaninin dəvəti ilə Heydər Əliyev 1992-ci ilin sentyabr ayında İran İslam Respublikasında rəsmi səfərdə oldu. Heydər Əliyevin İİR-nın Prezidenti H. Rəfsancani ilə görüşü barədə “İki sahil” qəzetinin 24 sentyabr 1992-ci il tarixli nömrəsində dərc olunmuş “Protokollar imzalandı” adlı məqalədə yazılır:.. “Kameralar və nəzərlər gül-çiçək düzülmüş stola yönəlir. Xeyli iranlı həmkarımız da var. Bir qədər keçmiş sağ qapıdan H.Rəfsancani daxil olur. Əyləşir. Normaya görə, qonaq da stola yaxınlaşmalı, təzim etməli, prezidentin göstərişi ilə əyləşməlidir. Bu vaxt arxa tərəfdən qapı açılır. Qapının kəndarında çərçivəyə salınmış əzəmətli portret kimi Heydər Əliyev görünür. Xəbərnigaranların (müxbirlərin) sualını yarımçıq qoyaraq H.Rəfsancani bir göz qırpımında ayağa durur, qapının yanındaca bütün rəsmiyyəti bir kənara qoyaraq, Heydər dədənin boynunu qucaqlayır. Əlbəttə, 60 milyonluq əhalisi olan nəhəng ölkə Prezidentinin bu ehtiramını Naxçıvan MR-ın Ali Məclisinin sədrinə edilən diqqət kimi qiymətləndirmək sadəlövhlük olardı. Bu, Heydər Əliyev şəxsiyyətinə, nüfuzuna və müdrikliyinə göstərilən ehtiram idi... Heydər Əliyev Şah iqamətgahında protokolla əlaqəli aidiyyatlı nazirləri təkrar qəbul etdi. Görüşdə iştirak edən hər kəs onun diplomatik maneralarına, təfəkkür çevikliyinə və fikri ifadə tərzinə valeh olurdu. Bu tanrı vergisimi, təcrübədə qazanılmış yüksək vərdişlərdimi – deyə bilmərəm. O, (Heydər Əliyev) şəraitə bircə anda hakim kəsilir, təşəbbüsü ələ alır, protokolun hər hansı bəndindən boyun qaçırmağa çalışan, razılaşmaq istəməyən naziri fakt qarşısında qoyur, yola gətirirdi. Onlar ali məntiq qarşısında çıxış yolunu Dədə (Heydər Əliyev) ilə hesablaşmaqda görür, öhdəliklərə imza atırdılar....”.

Həmin səfər ərəfəsində Naxçıvan MR-də bir çox sahələrin inkişafı üçün Naxçıvanla İran İslam Respublikası arasında 1992-ci il sentyabr ayında 16 bənddən ibarət protokol bağlandı.

Naxçıvanın təhlükəsizliyinin təmin olunması və iqtisadiyyatının inkişafı üçün Heydər Əliyevin səyi və təşəbbüsü, uzaqgörənliyi sayəsində Türkiyə ilə Naxçıvan arasında 28 may 1992-ci ildə Sədərək-Dilucu “Ümid” körpüsü açıldı. Bu körpü Azərbaycanı xüsusən Naxçıvanı Türkiyə ilə birləşdirdi.

Bundan sonra 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın əsasını qoyan və 1993-cü ildə xalqın tələbi və o zamankı iqtidarın xahişi ilə Bakıya qayıdan ulu öndər H.Əliyev ölkəni parçalanmaqdan xilas edərək, özünün peşəkar bacarığı sayəsində tez bir zamanda ölkəmizdə əmin-amanlıq, sabitlik yarada bildi. Bunun ardınca Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında 12 may 1994-cü ildə atəşkəs əldə olundu.

Azərbaycanda iqtisadiyyatın inkişafı üçün Heydər Əliyevin təşəbbüsü ilə 20 sentyabr 1994-cü il tarixdə xarici dövlətlərin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlanan neft kontraktı imzalandı.

İstər Sovetlər Birliyi dövründə, istərsə də müstəqilliyin bərpası illərində ümummilli lider Heydər Əliyev ölkəmizin inkişafı, onun dünyada tanınması, güclü bir dövlətə çevrilməsi, həmçinin onun dövlət müstəqilliyinin qorunub saxlanması üçün çox böyük işlər görmüşdü. Ulu öndər Azərbaycanın müstəqilliyi haqqında demişdir: “Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir.”

Azərbaycanın dövlət müstəqilliyinin əbədi olması üçün bütün bilik və bacarığından, təcrübəsindən və nüfuzundan istifadə edən Heydər Əliyevin qurub yaratdığı Azərbaycan dövləti bu gün dünya dövlətləri arasında tanınmış, iqtisadi cəhətdən inkişaf etmiş güclü bir dövlətə çevrilib. Bütün mənalı həyatını öz xalqına həsr etmiş, mürəkkəb və çıxılmaz hesab edilən vəziyyətdən heç kəsin gözləmədiyi ən uğurlu çıxış yolu tapmaq bacarığı olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov demişdir:.. “Xalqımızın bəxti onda gətirmişdir ki, ötən əsrin sonlarında nail olduğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtmış, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirmişdir”.

Yüksək dövlətçilik təcrübəsinə malik, dünya şöhrətli siyasətçi Heydər Əliyev haqqında Azərbaycanın unudulmaz Xalq şairi Xəlil Rza Ulutürk demişdir: “...Heydər Əlirza oğlunun nüfuzu, şöhrəti, qazandığı ümumxalq məhəbbəti Azərbaycan miqyasına sığmır. Bu nüfuz dünya miqyaslıdır. Dünyanın ən görkəmli siyasi xadimləri, dövlət başçıları ona hörmət bəsləyir, onunla hesablaşırlar. Azərbaycanda bu cür ikinci nüfuz sahibi yoxdur”.

Heydər Əliyev tərəfindən möhkəm təməl üzərində qurulmuş müstəqil Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətləri, həmçinin ulu öndərin siyasi xəttini və dövlətçilik təcrübəsini onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirərək respublikamızı işıqlı gələcəyə doğru aparır.

Mirzəli Tağıyev,
müəllim, Naxçıvan şəhəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında