Litva ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var

Azərbaycanda səfərdə olan Litva Seyminin sədri xanım İrena Dequtiene və onu müşayiət edən nümayəndə heyəti fevralın 8-də Milli Məclisdə olmuşdur. Litvalı qonaqlar Azərbaycan parlamentinin inzibati binası, iclas salonu və deputatlar üçün yaradılmış iş şəraiti ilə tanış olmuşlar. Litva Seyminin sədri Milli Məclisin binasındakı Heydər Əliyev xatirə zalına baxmış, fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.
Sonra Milli Məclisin sədri Oqtay Əsədovla təkbətək görüş olmuşdur. Daha sonra görüş geniş tərkibdə davam etdirilmişdir. Oqtay Əsədov Litva Seymi sədrinin bu səfərinin iki ölkə arasında əlaqələrin bütün sahələrdə inkişafına yaxşı töhfə verəcəyini bildirmişdir. Milli Məclisin sədri demişdir ki, Litva ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar vardır. Bakıda keçiriləcək biznes forum iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına təkan verəcəkdir.
Azərbaycanın dinamik inkişafı barədə ətraflı məlumat verən O.Əsədov ölkəmiz üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsindən də danışmış, Litvanın bu il ATƏT-ə sədrliyi dövründə problemin həllinə ciddi səy göstərəcəyinə ümid etdiyini bildirmişdir. Münaqişənin həlli ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarları xatırladan Milli Məclisin sədri demişdir: "İnanırıq ki, beynəlxalq ictimaiyyət bu məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həllinə dəstəyi artıracaqdır".
Bakıya səfərindən məmnunluğunu söyləyən xanım İrena Dequtiene demişdir ki, Azərbaycan 2008-ci ildən Litvanın iqtisadi-ticarət əlaqələri qurduğu əsas ölkələrdəndir. Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük önəm veririk, Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı çərçivəsində, eləcə də enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq bizim üçün əhəmiyyət kəsb edir. Biz həm enerji layihələrinin həyata keçirilməsində, həm də enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqda maraqlıyıq.
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan qonaq problemlə yaxından tanış olduqlarını, Litvanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləmişdir. O əlavə etmişdir ki, Litva Seymində Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə layihəsi hazırlanır və bu sənəd parlamentin yaz sessiyasının gündəliyinə salınmışdır. Mart ayında həmin qətnamə layihəsi Seymdə müzakirə ediləcəkdir.
Görüşdə Azərbaycan ilə Litva arasında siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin inkişaf perspektivləri, parlamentlərarası münasibətlər, beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında