Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi.

Azərbaycanın 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, ölkə həyatının bütün sahələrində əldə olunan möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə bağlıdır.  “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən bu dövrdə ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının məntiqi nəticəsidir ki, hazırda xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün bütün təminatları yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.

Ümummilli liderimiz  1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi  seçilənədək ölkəmiz keçmiş ittifaq respublikaları arasında ən aşağı yerlərdə dayanırdı. Heydər Əliyev rəhbərliyə gəldikdən sonra bütün sahələrdə irimiqyaslı tədbirlər həyata keçirilmiş, nəticədə Azərbaycan qısa müddətdə SSRİ-nin aparıcı respublikalarından birinə çevrilmişdi. Bütün bu nailiyyətlər yalnız onun dövlətçilik təcrübəsinin deyil, eyni zamanda, SSRİ rəhbərliyindəki böyük nüfuzu nəticəsində mümkün olmuşdur. Məhz bu dövrdə Azərbaycanda İttifaq əhəmiyyətli müəssisələr yaradılmış, irihəcmli tikinti-quruculuq, abadlıq işləri aparılmış, minlərlə gənc azərbaycanlı SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarına oxumağa göndərilmişdi. Elə buna görə də tam əminliklə demək olar ki, ulu öndərin birinci dəfə hakimiyyətdə olduğu 1969-1982-ci illər Azərbaycan xalqının tarixinə parlaq quruculuq illəri kimi yazılmışdır.

Dahi şəxsiyyət 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılsa da, qəlbi hər zaman xalqı ilə bir döyünmüşdür. 1990-cı ilin yanvarında sovet qoşunları Bakıda dəhşətli cinayətlər törətdikdə bu qanlı hadisəyə ilk etiraz səsini ucaldan da məhz ulu öndər Heydər Əliyev olmuşdur.

Müstəqilliyimizin ilk illərində ölkədə gərgin ictimai-siyasi vəziyyət hökm sürürdü, hakimiyyət böhranı yaşanırdı, torpaqlarımızın ermənilər tərəfindən işğalı təhlükəli həddə çatmışdı. Belə bir ağır şəraitdə xalqımız ulu öndər Heydər Əliyevə üz tutaraq onu təkidlə hakimiyyətə dəvət etdi. 

Məhz ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti, müdrik siyasi zəkası sayəsində qısa müddətdə ölkə müstəqilliyin itirilməsi təhlükəsindən xilas olmuş, cəbhədəki özbaşınalığa son qoyulmuş, mərkəzi hakimiyyət gücləndirilmiş, dövlət çevrilişi cəhdlərinin qarşısı alınmış, bütün sahələrdə dinamik inkişafa təkan verən mühüm islahatlar, o cümlədən gələcəyə hesablanan neft strategiyası həyata keçirilməyə başlanmışdır. Dahi öndərin uzaqgörən siyasəti nəticəsində imzalanmış “Əsrin müqaviləsi” bütün dünyanın diqqətini Azərbaycana yönəltmiş, bu layihənin reallaşması sayəsində əldə olunan gəlirlər ölkəmizin dinamik inkişafının əsasını təşkil etmişdir.

Mən burada bir məqamı da xatırlatmaq istərdim. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görür, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirirdi. Dahi şəxsiyyətin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması da məhz onun elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənirdi. Həmin illərdə respublikamızda məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi Heydər Əliyevin təhsil siyasətinin əsas leytmotivini təşkil edirdi. Məhz ümummilli liderin şəxsi müdaxiləsi və qayğısı ilə ötən əsrin 70-ci illərindən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başlayır, bu sahədə milliləşdirmə prosesi diqqət mərkəzində saxlanılırdı.  

Heydər Əliyev dühasının böyüklüyü məhz onda idi ki, o, bütün fəaliyyəti boyu yüksək bilikli, intellektual və elitar təbəqənin formalaşmasına çalışmışdır. Təsadüfi deyil ki, 1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Bu baxımdan ulu öndərin şəxsi təşəbbüskarlığı, qətiyyəti və iradəsi sayəsində həmin illərdə “Gənclərin ümumi оrta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında”, “Kənd ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında”, “Ümumtəhsil məktəbi şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməsinə keçmək haqqında” qəbul olunan qərarlar ulu öndərin Azərbaycana birinci rəhbərliyi dövrünün mühüm nailiyyətləri sırasındadır. O zaman məktəb şəbəkəsinin genişləndirilməsi, təhsil müəssisələrinin texniki bazasının, kadr pоtensialının əsaslı şəkildə yaxşılaşdırılması xüsusi ilə qeyd оlunmalıdır. Belə ki, 1965-ci illə müqayisədə 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 765-dən 2117-yə çatdırılmışdır. 1969-82-ci illərdə Azərbaycanda 350 mindən çоx şagird yeri оlan 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmiş, məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə yüksəlmişdir.

Həmin dövrdə Azərbaycanın texniki peşə təhsilində də bir canlanma nəzərə çarpmışdır. Belə ki, 1970-82-ci illərdə respublikada texniki peşə məktəblərinin sayı 76-dan 184-ə, оnlarda təhsil alan şagirdlərin sayı isə 40,9 mindən 109 minə çatmışdır. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə texniki peşə təhsilinin təkmilləşdirilməsinə, inkişafına dair strategiya hazırlanmış və uğurla həyata keçirilmişdir.

Ali və оrta ixtisas təhsili məsələləri də ulu öndərin daim diqqət mərkəzində оlmuşdur. Bunu belə bir fakt da təsdiq edir: 1969-cu illə müqayisədə 1982-ci ildə respublikada ali təhsil оcaqlarının sayı 12-dən
17- yə, tələbələrin sayı 70 mindən 100 minə yüksəlmişdir.

Müdrik rəhbər respublikanın ehtiyacı оlan ixtisaslar üzrə Azərbaycandan kənarda ali təhsilə də xüsusi önəm vermişdir. 1970-80-ci illərdə dahi rəhbərin təşəbbüsü və qayğısı ilə SSRİ-nin 170-dən çоx ən məşhur ali məktəbində respublikamızın müxtəlif sahələrdə ehtiyac duyduğu 250-dən çоx ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır.

Onu da deyim ki, 1970-ci ilədək respublikadan kənarda ali təhsil almağa göndərilən azsaylı kontingentin cəmi 40 faizi Azərbaycan millətindən idi. Ulu öndərin respublikaya rəhbərliyə başlamasından sonra ali təhsilə göndərilənlərin sayı ilbəil dəfələrlə artdığı kimi, milli tərkib də dəyişmişdi. Belə ki, 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində respublikadan kənarda ali təhsil almağa göndərilənlərin 97,7 faizi Azərbaycan xalqının nümayəndəsi idi.

Yeri gəlmişkən, 1982-87-ci illərdə SSRİ Nazirlər Sоveti sədrinin birinci müavini vəzifəsində çalışan ümummilli lider bütün ölkədə təhsil islahatına rəhbərlik etməklə yanaşı, Azərbaycan təhsilinin inkişafina da ardıcıl qayğısını davam etdirmişdir.

Ulu öndərimiz müstəqil Azərbaycanın Prezidenti kimi milli təhsil konsepsiyasının tətbiqində ənənə və müasirliyin üzvi vəhdətini, respublikamızda illər boyu toplanılmış dəyərli təcrübəni də nəzərə almaqla islahatlar aparmağı vacib şərt saymış, bu qiymətli prinsipi rəhbər tutmağı lazım bilmişdir. Dahi rəhbərin təhsil işçilərinə xitabən dediyi sözlər də həmin fikrin bariz ifadəsidir: “Təhsilin özündə aparılan islahatlar çox vacibdir ... Mənim sizə tövsiyəm ondan ibarət olar ki, islahatları düşünülmüş qaydada aparasınız, formalizmə yol verməyəsiniz, Azərbaycanın milli ənənələrinin üstündən keçməyəsiniz. Bunlar, həqiqətən, həm Azərbaycan təhsilini dünyanın inkişaf etmiş ölkələrinin təhsili səviyyəsinə ardıcıl surətdə çatdırsın, həm də burada səhvlər buraxılmasın, mövcud yaxşı işlər pozulmasın”.

Burada bir məqamı da xatırlatmaq istərdim. Təhsil islahatlarının sistemli aparılması, bu zaman bütün gələcək nəticələrin təhlil edilib araşdırılması və nəzərə alınması da mühüm əhəmiyyət daşıyır. Təhsilimizin böyük hamisinin qeyd etdiyi kimi: “Biz təhsil sahəsində yeniləşmənin tərəfdarıyıq, dünya təcrübəsindən səmərəli istifadə eləməyi sizdən tələb edirik. Ancaq bu işlər gərək sistemli olsun. Bu işləri görərkən, qurarkən siz onların yaxın və uzaq zamanda nəticələrini mütləq nəzərə almalısınız”.

Ulu öndərin tapşırığı əsasında Nazirlər Kabinetinin 26 aprel
1999-cu il tarixli qərarı ilə Azərbaycanda ümumi orta təhsilin dövlət standartının təsdiq edilməsi və buna uyğun olaraq həyata keçirilən islahatlar təhsil sistemində mühüm yeniləşməyə rəvac vermişdir. Ümummilli liderin “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 30 mart 1998-ci il tarixli sərəncamına uyğun olaraq, təhsil sektorunun bütün sahələrini əhatə edən islahatlar proqramı hazırlanmışdır. Bununla bərabər, 15 iyun 1999-cu il tarixli sərəncamla qəbul оlunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Prоqramı” mövcud sahədə hərtərəfli inkişafa geniş şərait yaradan qiymətli dövlət konsepsiyası kimi mühüm önəm daşımışdır.

Dahi şəxsiyyətin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 23 iyun 2000-ci il tarixli fərmanı da təhsil sektorunda müasir islahatlara, yenidənqurmaya geniş imkanlar açan mühüm tarixi sənəddir. “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 oktyabr 2002-ci il tarixli sərəncam isə müdrik rəhbərin təhsilə göstərdiyi qayğının daha bir parlaq təzahürü kimi yadda qalmışdır. 

Yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, xaricdə təhsilə göndərilməsi və s. sahələrdə də ümummilli liderimizin misilsiz xidmətləri müstəqil Azərbaycanda təhsilin inkişafına mühüm təsir göstərmişdir. Təkcə bir faktı deyək ki, böyük dövlət qayğısı sayəsində 1993-2001-ci illərdə təhsil işçilərinin əməkhaqları doqquz dəfə artırılmışdır.

Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir. Onun xalqımızın rifahı, dövlətimizin güclənməsi, ölkəmizin bütün sahələrdəki uğurlu inkişafı istiqamətindəki misilsiz xidmətləri qədirbilən Azərbaycan xalqı tərəfindən hər zaman öyrənilir, xatirəsi ən yüksək hörmət və ehtiramla yad edilir.

Müasir müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu gün respublikadakı sağlam ictimai-siyasi mühit, bütün sahələrdə uğurlu inkişaf, qazanılmış nailiyyətlər, ölkəmizin artan nüfuzu ulu öndərin uzaqgörən siyasətinin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Buna görə də hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu sürətlə inkişaf edən Azərbaycan dövlətini qorumalı, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasəti dəstəkləməlidir.

Həsən BAYRAMOV,
pedaqogika üzrə
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında