Gənc müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdəki siyasi nüfuzu və iqtisadi reytinqi yüksəldikcə, hərbi qüdrəti artdıqca, eləcə də, diplomatik mövqelərimiz möhkəmləndikcə bu ölkənin uğurlarını gözü götürməyənlərin ağrı-əzabları da çoxalır. Hətta gecə yatanda da Azərbaycanın inkişafına badalaq gəlmək üçün yollar axtaran bədxahlarımız öz həmfikirlərini Ermənistanda, dünyadakı ermənipərəst siyasətçilərin sırasında və ölkəmizdəki müxalifətin arasında axtarır və tapırlar. Amma bu məkrli variantların düşünülüb tapılmasında və “icraata buraxılmasında” onların ən mötəbər dayaqları beynəlxalq aləmdəki ikili siyasət müəllifləri, riyakar siyasətçilər olur.
Məhz həmin dairələrin dəstəklədiyi bədxahlarımızın əli elə uzanıb ki, dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndiriləcək bir qərar qəbul etməsinə nail olublar. Belə ki, həmin qurum REAL hərəkatının lideri İlqar Məmmədovun qeyd-şərtsiz azad edilməsi qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedur başlanması barədə keçid qətnaməsi qəbul edib.
Bu məsələyə münasibət bildirməzdən əvvəl xatırladaq ki, İlqar Məmmədov deyib ətəyindən yapışdıqları həmin şəxs 2006-cı ildən etibarən Soros Fondunun (Açıq Cəmiyyət İnstitutu – Azərbaycan) İdarə Heyətinin üzvüdür. Həmin fondun ki, onun fəaliyyəti haqlı olaraq bir çox Avropa ölkəsində qadağan edilib. Açıq şəkildə bəyan ediblər ki, Soros Fondu müxtəlif ölkələrdə dağıdıcılıq, qarşıdurmalar törətmək, xaos və anarxiya yaratmaqla məşğuldur. Avropada qadağan edilmiş həmin qurumun konkret cinayət əməlinə görə həbs edilmiş Azərbaycandakı nümayəndəsinin isə azadlığa buraxılmasını tələb edirlər. Təkcə absurd deyil, həm də gülüncdür.
Vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasında sədr müavini kimi fəaliyyət göstərmiş, sonra hansısa müəmmalı əməllərinə görə AMİP-dən kənarlaşdırılmış İlqar Məmmədov bir partiya daxilində özünə yer tapa bilməsə də, ölkə miqyasında hamıya dərs vermək iddiasına düşmüşdü. Görünür, xaricdəki bossları ona belə bir tapşırıq veriblərmiş. Yoxsa nə olmuşdu ki, ölkə əhalisinin mində biri qədər olan “amipçilərlə” dil tapa bilməyən adam birdən - birə bütöv xalqa dərs verməyə, yol göstərməyə başlayırdı? Respublikaçı Alternativ hərəkatını (REAL) yaradıb ona bağışlayanlar da İlqar Məmmədova xüsusi tapşırıqlar verməmiş deyildilər. Elə olmasaydı dünyadakı, xüsusən, Avropadakı bütün antiazərbaycan qüvvələr ReAl-ı öpüb gözlərinin üstünə qoymazdılar.
Mənim yadımdadır, 2013-cü il iyunun 21-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə birlikdə keçirdiyi mətbuat konfransında dövlət başçımıza verilən ilk sualda konkret əməlinə görə həbs olunmuş İlqar Məmmədov yada salınmışdı. Üstəlik, Azad Avropa radiosunun müxbiri Riçard Jozviak İlqar Məmmədovu dövlət başçısının siyasi opponenti kimi mətbuata sırımağa çalışırdı.
Halbuki İlqar Məmmədov deyilən şəxs son 20 ildə özünü Azərbaycan iqtidarının opponenti kimi qələmə verən onlarca müxalifətçinin heç birinin göstərmədiyi tərbiyə səviyyəsi nümayiş etdirmiş adam idi. O, nəinki dövlət başçısına, hətta cəmiyyətin gündəlik qınağına məruz qalmış “Milli Şura”dakı adamların da heç birinə opponent olmaq səviyyəsində deyil. Amma... qaragüruh belə istəyirsə, konkret cinayət əməlinə görə həbs olunmuş adama bundan da yüksək ad verilə bilər.
Xatırladaq ki,dövlət rəsmilərimiz həmin məkirli planları həm ölkə daxilində, həm də beynəlxalq aləmdə qətiyyətlə ifşa edir və bədxahlarımıza başa salırlar ki, Azərbaycanda siyasi məhbus adında heç bir nəfər yoxdur. Azərbaycan Prezidentinin Brüsseldə verilən sualı cavablandırarkən səsləndirdiyi fikirlər isə bu məzmunlu bəyanatların ən tutarlısı idi: “...Mənim siyasi opponentlərimdən heç biri həbsdə deyildir. Bu, tamamilə yanlış məlumatdır. Əgər yanvar ayında Azərbaycanda siyasi məhbuslar haqqında hesabatı qəbul etməkdən imtina etmiş Avropa Şurası Parlament Assambleyası tərəfindən verilmiş şərhləri diqqətlə oxusanız anlayarsınız ki, bu mövzu bağlanıb. Azərbaycanda heç kəs siyasi zəmində həbs olunmayıb. Sərbəst toplaşma hüququ tamamilə təmin olunub, eyni vəziyyət media azadlığına da aiddir. Bizim azad internetimiz vardır. Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən çoxdur, senzura yoxdur, bütün siyasi partiyalar açıq və azad şəkildə fəaliyyət göstərirlər. Azərbaycan on ildən artıqdır ki, Avropa Şurasının üzvüdür. Cənab sədrin də dediyi kimi, gələn il biz bu mühüm təşkilata sədrlik edəcəyik. Biz demokratik inkişafa, insan hüquqlarına və azadlıqlarına dair bütün öhdəliklərimizi tam şəkildə yerinə yetiririk. Bununla da sualınızda verdiyiniz qiymətləndirmə ya yanlış məlumata, ya mənfi rəyə, ya da ki, sizdə süni şəkildə Azərbaycan haqqında yaradılmış təəssürata əsaslanır.”
Yəni Azərbaycan Prezidenti Avropa Komissiyasının sədrinin yanında beynəlxalq ictimaiyyətin nəzərinə bir daha çatdırdı ki, biz Azərbaycan haqqında yazılan və söylənilən böhtanların dünyanın müxtəlif yerlərindəki bədxahlarımız tərəfindən uydurulduğunu bilirik. O ki qaldı İlqar Məmmədov adlı şəxsin beynəlxalq aləmə dövlət başçısının opponenti kimi təqdim olunması, daha doğrusu, kimlərəsə sırınması məsələsinə , deməliyik ki, bu, dəhşətli dərəcədə uğursuz bir seçimdir. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, indiyədək mövcud olmuş müxalifət düşərgəsinin heç bir təmsilçisi Azərbaycan parlamentini zooparka oxşatmaq səviyyəsində “hünər” ortaya qoymamışdı. Bəlkə də belə br səhvə imza atmaq istəyərdilər. Amma, tərbiyələri yol verməyib. Çünki parlamentdə təmsil olunan iqtidarlı, müxalifətli, bitərəfli, partiyalı, partiyasız hamı Azərbaycan xalqının övladı, Azərbaycan Respublikasının vətəndaşıdır. Hətta parlamenti gülləbaran etmiş Ermənistanın mətbuatında da deputatları vəhşiyə, heyvana bənzədən tapılmamışdı. Azərbaycan ziyalısını, siyasətçisini, qadınını heyvana, vəhşiyə, itə-qurda oxşatmağı ancaq İlqar Məmmədov kimi öz xalqına nifrətlə baxan birisi bacara bilərdi .
Fikrimizi əsaslandırmaq üçün fakta müraciət edək. 2012-ci il noyabrın 2-də “Azadlıq”qəzetinin elektron variantında (azadlıq.info.az) İlqar Məmmədovun çox “dəyərli”, öz adına layiq bir yazısı verilmişdi : “Mən Azərbaycan parlamentini bu yazı ilə təhqir edirəm. Yaxşı edirəm. Çünki Azərbaycan parlamentinin böyük əksəriyyəti fırıldaqçı adamların toplaşdığı bir zooparkdır. Orta əsrlərdə hər şah öz yanında bir zoopark saxlayırmış, bu da o növdəndir. Özünü millətin adından danışırmış kimi göstərən bu zoopark Azərbaycanda inqilab mahiyyətli dəyişikliklər nəticəsində həbs edilməlidir. Onun buraxılması haqqında tələblər mənasızdır - zooparkın birini digəri ilə əvəz etməyin nə xeyiri... Zooparksınız ki, zoopark”.
Bu da, onun tərbiyəsi. Tanınmış ziyalıların, xanım deputatların təmsil olunduğu Milli Məclisi heyvanxanaya, deputatları heyvana oxşatmağa kimin əxlaqı yol verər? İndi ağzına- gözünə gücü çatmayan siyasət tör -töküntüləri onu “siyasi məhbus” adlandırmağa çalışırlar. Təbii ki, onun hansı səviyyədə olduğunu xaricdəki himayədarları da bilirlər. Amma dəstəkləyirlər. Çünki Azərbaycanın hərtərəfli inkişafına badalaq vurmaq üçün burunlarının ucu da göynəyir. Həmin arzuya çatmaq üçünsə, məhz İlqar Məmmədov kimi kartlarla oynamaq zərurəti var. Qoy oynasınlar. Azərbaycan xalqı son 25-26 ildə xalqa bəla gətirmək istəyənlərin çox oyunlarını pozub, ifşa edibdir. Bədxahlarımızın İlqar Məmmədov kartı ilə oyunda da uduzacağı gün kimi
aydındır.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.