İdeyaları əbədi yaşayan lider

Azərbaycanın taleyində ümummilli lider Heydər Əliyevin xidmətləri getdikcə daha aydın, parlaq görünməkdədir. Zaman ötdükcə biz o müqəddəs şəxsiyyətin xatirəsi önündə ehtiramla baş əyir, onun həyata keçirdiyi tədbirləri, islahatların yaratdığı xariqələrin nəhəngliyini bir daha dərk edirik.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Heydər Əliyev ölkəmizi vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirməyi bacardı. Ulu öndər bununla da respubilkamızda müasir dövlətçilik fəlsəfəsinin də əsaslarını qoydu. Heydər Əliyev tarixi keçmişimizi dürüst və dərindən təhlil edərərk, bir çox mətləbləri bizə anlatdı və bu istiqamətdə mühüm addımlar atdı. Ulu öndər Heydər Əliyevin “fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı respublikamızda yaşayan bütün xalqların vahid bir ideya, bir dövlət ətrafında birləşməsi üçün stimula çevrildi. Bu gün əminliklə deyə bilərik ki, tolerantlıqda nümunəyə çevrilən müasir Azərbaycan modeli bütün dünya ölkələri tərəfindən maraqla izlənilir və öyrənilir. Ölkəmizin tolerantlıq baxımından nümunə göstərilməsi gerçəkliyinin kökündə məhz Heydər Əliyevin təməlini qoyduğu ideyalar dayanır.

Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, ölkəmizdə mədəniyyətlərarası dialoqun yaranmasını zəruri edir. Həmçinin Heydər Əliyev hər zaman Azərbaycanın istər Şərq, istərsə də Qərb mədəniyyətinə və dəyərlərinə inteqrasiyasının zəruriliyini gündəmə gətirirdi. Heydər Əliyev mühüm bir məsələni də tövsiyə və tələb edirdi ki, hər bir azərbycanlı öz milli simasını itirməməlidir. Adət -ənənəsini bilməklə yanaşı, dünyəvi dəyərlərə də malik olmalıdır.

Bəlli faktdır ki, 1993-cü ildə hakimiyyəti ələ keçirmiş səriştəsiz insanların xəyanətkar əməllərinin məntiqi nəticəsi olan hakimiyyət böhranı həmin ilin iyununda kuliminasiya həddinə çatmışdı. Ölkədə xaos və anarxiya vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş, qarşıdurma baş alıb gedirdi. Məhz Heydər Əliyev bu dönəmdə bir xilaskar kimi özünü xalqının, Vətəninin harayına yetirdi. Respubilkamızı parçalanmaqdan, dağılmaqdan xilas etdi. Ancaq bu zaman baş verən ziddiyətli, təlatümlü vəziyyəti yalnız Heydər Əliyev kimi bir şəxsiyyət sahmana sala bilərdi. Ümummilli liderin qayıdışı ilə hakimiyyətsizliyə son qoyuldu, separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, ölkəmizin müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi, nizami silahlı qüvvələr yaradıldı. Həmçinin dövlətin və xalqın maraqlarına cavab verən iqtisadi sistem quruldu. Milli liderin uzaqgörən siyasəti sayəsində Azərbaycanın dövlət müstəqilliyi faktiki təmin olundu.

Fenomen şəxsiyyət, fitri idarəçilik keyfiyyətlərinə malik Heydər Əliyev qarşıya qoyduğu böyük hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə, parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Xalqın taleyini düşünmək, onu bəlalardan xilas etmək ideyası Heydər Əliyevin fəaliyyəti boyu əsas fəaliyyət istiqamətlərindən biri idi. Ən kiçik məsləhətindən genişmiqyaslı işlərinə qədər bütün məramında Azərbaycanı qorumaq, onu daha da nüfuzlu, şöhrətli etmək üçün yorulmaq bilmədən çalışmaq və bütün vətəndaşların da bu ideya uğrunda yumruq kimi birləşməsini təmin etmək. Məhz bu qeyri-adi xüsusiyyəti sayəsində dahi şəxsiyyət həm də idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici hissəsini arxasınca apara bilmişdir. Bu çətin, amma şərəfli missiyanı ləyaqətlə yerinə yetirməyi bacaran Heydər Əliyev canından artıq sevdiyi xalqının həm etimadını, sevgisini, həm də inamını qazanmaqla ümummilli lider zirvəsinə yüksəldi. Beləliklə o, Azərbaycanda yaşayan xalqların yolgöstərəni, istiqamətverəni, həqiqi rəhbəri oldu. Özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi nöqtədə birləşdirmək bacarığı ilə bütün fəaliyyəti boyu sonsuz rəğbət və ehtiram qazandı.

Böyük siyasi liderlər üçün səciyyəvi cəhətlərdən biri də siyasi intuisiya və uzaqgörənlik, hadisələrin gedişinə təsir göstərmək və ya onu qabaqlamaq bacarığıdır. Heydər Əliyev bu cür mənəvi keyfiyyətlərə, dərin zəkaya malik elə bir siyasət xadimi idi ki, məhz onun uzaqgörənliyi nəticəsində hələ sağlığında fenomen səxsiyyət kimi şöhrətləndi. Xarizmatik liderə çevrilməsində həyatı üçün heç bir riskdən çəkinməməsi, sözünü məqamında deməyi bacarması, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Ulu öndər harada olursa-olsun, hadisələrin fövqünə qalxmış, idarəçilik qabiliyyətini reallaşdırmış, qalib lider imicini qorumuşdur. Liderlik onun xarakterindən, fitrətindən, dünyagörüşündən, yaradıcılıq enerjisindən, qurub-yaratmaq həvəsindən mayalanmışdır.

Heydər Əliyev çalışırdı ki, etimad göstərdiyi kadrlar məhz sadə , düzgün, vicdanlı, ləyaqətli, torpaqsevər, fədakar, mərhəmətli, mərd və sədaqətli olsunlar. Öz təbiətində olan mənəvi keyfiyyətləri hər bir məmurda görmək istəyən ulu öndər prinsipial, sərt, məsuliyyətli olduğu qədər də, humanist, haqqa, ədalətə böyük önəm verən, nəcib və xeyirxah şəxsiyyət kimi milyonlarla azərbaycanlının qəlbində yaşayır, həmişə də ehtiramla anılır.

 Heydər Əliyev həm də novator və praqmatik rəhbər idi. Bu səbəbdən də siyasi arenada nüfuzu getdikçə artırdı. Ona bütün dünyada bənzərsiz lider kimi hörmət edirdilər. Yeniliyi sevirdi, amma klassikaya da məhəbbət və hörmətlə yanaşırdı. “Dünəni bilmədən sabaha uğurla getmək mümkün deyil”– fikrini həmişə gənclərə aşılayırdı. Ümummilli lider xalqın milli xüsusiyyətlərinin, özünəməxsusluğunun saxlanılması və gələcək nəsillərə çatdırılması məsələsində nə qədər mühafizəkar idisə, elmi-texniki tərəqqiyə xidmət edən proqram və konsepsiyaların həyata keçirilməsində, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqində bir o qədər islahatçı olmuşdur.

 Məlumdur ki, Heydər Əliyev gənc yaşlarında dövlət təhlükəsizlik orqanlarında çalışıb. Bu fakt onun xarakterinin necə möhkəm, mətin və cəsarətli olduğunu təsdiqləyir. Şübhəsiz, şəxsiyyətə pərəstiş dövründə dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının hansı diktə altında işləməsi məlumdur. Bir tərəfdən də, həyatlarının hansı təhlükə altında olması bəllidir. Buna baxmayaraq, Heydər Əliyev həmişə öz cəsarəti ilə seçilmiş, hətta quruluşun qadağalarına baxmayaraq, xalqının mənafeyi naminə çalışmış, milli ruhlu, vətənpərvər insanları həbslərdən, zindanlara düşməkdən qorumuşdur. Heydər Əliyevin xeyirxahlıq etdiyi, daha doğrusu, qoruduğu şəxsiyyətlər sonralar bunu öz etiraflarında da təsdiqləyirdilər. Xalq şairi Bəxtiyar Vahabzadə təkcə “Gülüstan” poemasına görə repressiyanın hədəfinə tuş gəlirdi. Hətta onu partiyadan və işdən də çıxartmışdılar. Amma onu bu bəladan xilas edən, daha da gözəl əsərlər yaratması üçün şərait yaradan məhz Heydər Əliyev oldu.

 Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra da ölkədə ictimai-siyasi sabitliyi tam təmin etdi. Güclü iqtisadiyyat, müstəqil xarici siyasət, demokratik imic, mənəvi yüksəliş nəticəsində qüdrətli bir dövlət quruldu. Bu gün fəxr ediyimiz müasir Azərbaycan dövləti!

Ulu öndər demokratik inkişafa məhz insanların daxili azadlığını, mənəvi ucalığını, qanunçuluğa riayət etməsini şərtləndirən mühüm vasitə kimi yanaşaraq bildirirdi: “Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi, dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir.”

Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycan cəmiyyətinin vahidliyinin, bütövlüyünün təmin olunmasını da özünün strateji vəzifəsi saymışdır. Azərbaycanda bütün xalqların birliyini təmin edərək, onun müxtəlif istiqamətlər – sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Həmin seçimin Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından düzgün olduğunu illər də təsdiqlədi.

 Ulu öndər çıxışlarında bir məsələni də diqqətə çatdırardı. Deyərdi ki , hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması müasir zamanın ən aktual məsələlərindən birinə çevrilib. Problemi aktuallaşdıran başlıca amil də budur ki, qloballaşma prosesinin və çoxqütblü inteqrasiyanın diktələri bir çox hallarda milli-mənəvi dəyərlərə, adət-ənənələrə qarşı yönəlir. Heydər Əliyev Vətəninə, xalqına, milli irs və ənənələrə bağlı və bu yolda daim mübarizə aparan fədai idi. O sinəsini əsl sərkərdə kimi sipərə çevirərək, bütövlükdə millətimizin mənəviyyatı keşiyində dayanırdı. Bu dahi şəxsiyyət Azərbaycanın min illərin sınağından çıxmış mədəniyyətinə, tarixinə, ənənəsinə həddən artıq bağlı olmaqla yanaşı, onların olduğu kimi xalqa qaytarılması üçün müxtəlif tədbirlərin keçirilməsini təmin edirdi.

Heydər Əliyevi bu gün həm də müstəqil Azərbaycanın milli sosial-iqtisadi inkişaf modelinin banisi kimi ehtiramla yad edirik. Dahi siyasətçi iqtisadi islahatların sistemli şəkildə aparılması üçün ilk növbədə yeni mərhələnin tələblərinə uyğun olaraq dövlət mülkiyyətinin özəlləşdirilməsini vacib saydı. Əlbəttə, bu prosesin təbii olaraq keçid dövrü ilə bağlı müəyyən çətinlikləri oldu, amma milli liderin uzaqgörənliyi öz bəhrəsini verdi. Nəhayət, keçid dövrü uğurla başa çatdırıldı. Heydər Əliyev yaxşı bilirdi ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, eləcə də milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Beləliklə, respubilkada uğurla həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın marağını təmin etmək, əhalinin həyat tərzini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. Nəticədə ölkənin xarici iqtisadi əlaqələrinin möhkəmlənməsində ciddi dönüş yarandı. Respublikamızda iqtisadiyyatın bütün sahələrində sürətli inkişafa nail ötəri özəlləşdirmə prosesi struktur islahatları ilə paralel həyata keçirildi. Yerli və xarici investisiyaların , müasir texnologiyaların , idarəetmə təcrübəsini tətbiq etməklə infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına nail olundu. İqtisadiyyatın keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə təkan verildi. Etiraf edək ki, Azərbaycanın bütün sahələrində baş verən islahatlar, uğurlu nəticələr – bütün bunların hamısı Azərbaycan vətəndaşların firavan yaşayışı üçün hesablanıb. Bütün bu iqtisadi islahatların, təkamülün yaradıcısı və banisi məhz Heydər Əliyevdir.

 Azərbaycanda elə bir inkişaf mərhələsi, insan həyatı üçün vacib olan maddi və mənəvi sahə yoxdur ki, onun tərəqqisində ilkinliyə imza atan məhz Heydər Əliyev olmasın. Hərdən heyrətə gəlirsən, bir insan nə qədər dərin düşüncəyə, məlumata, dürüst təklif vermək qabiliyyətinə malik ola bilər ki, hər bir sahənin dərin bilicisi kimi iş görə bilsin. Heydər Əliyev siyasətçini, iqtisadçını, tarixçini, hətta mənəvi sahələrin rəhbərlərini də təəccübləndirirdi. Onunla söhbət edəndə çalışırdın ki, sözünü, fikrini ehtiyatla dilə gətirəsən. Çünki qarşında bütün sahələrdən xəbərdar olan nəhəng şəxsiyyət dayanmışdır. İctimai təşkilatların, partiyaların, xeyriyyə cəmiyyətlərinin, yaradıcılıq birliklərinin, yardım komitələrinin, bir sözlə, insanın həyat səviyyəsinə müsbət mənada təsir etmək üçün fəaliyyət qurumların işini mükəmməl bilən, yol göstərən Heydər Əliyev böyük ürək sahibi idi.

Qürur və fərəhlə xatırlayıram ki, Azərbaycanda Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) müstəqil qurum kimi formalaşması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun şəxsi təşəbbüsü və nəzarəti altında keçmiş postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda həmkarlar ittifaqları haqqında qanun qəbul edildi. Bununla da təşkilatımızın normal fəaliyyətinə şərait yaradıldı. Mən bunu heç zaman unutmaram ki, 1993-cü ilin yayında respublikada vəziyyət necə gərgin idi. 4 iyun hadisələri onsuz da bərbad olan vəziyyəti daha da ağırlaşdırmışdı. Ölkəmiz parcalanmaq, dövlətimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir qara bulud həmkarlar ittifaqının da başının üstünü almışdı. Heydər Əliyev bu fəlakətin qarşısını məharətlə, daha dəqiq desək, qan tökülmədən aldı.

Heydər Əliyevin respublikanın bütövlüyünü, dövlətçiliyini qorumaq sahəsində yeritdiyi siyasəti müdafiə edən AHİK-in “Azərbaycan Respublikasının cənub regionunda yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar bəyanat”ında deyilirdi: “AHİK, bu çoxsaylı təşkilatın minlərlə üzvü respublikanın cənubunda gedən hadisələri böyük təşviş və həyəcan hissi ilə izləyir. Qeyd edirik ki, son vaxtlar Azərbaycanda bir sıra qüvvələr öz siyasi məqsədlərini həyata keçirmək üçün vətəndaşların sosial-iqtisadi hüquqlarını qorumaq bəhanəsi altında millətçi, separatçı hərəkata başlamışlar. Azərbaycan həmkarlar ittifaqları birmənalı qeyd edir ki, bu cür hərəkat siyasi avantüralardan başqa bir şey olmayıb, vətəndaşların sosial-iqtisadi hüquqlarının daha da pozulmasına, Azərbaycanda həmkarlar ittifaqları qüvvələrinin parçalanmasına, zəhmətkeşləri öz haqlı tələblərini müdafiə etmək yolundan yayındırmağa aparır.”

Ümumiyyətlə, həmkarlar ittifaqları hər zaman ümummilli liderin qayğısını öz üzərində hiss edib və bu diqqəti də həmişə qədirbilənliklə qiymətləndirib. Ölkəmizdə ilk dəfə olaraq məhz həmkarlar ittifaqları özünün I və II qurultaylarında ümummilli liderin prezidentliyə namizədliyini irəli sürmüşdü.

Heydər Əliyev 1994-cü il fevralın 24-də “Həmkarlar ittifaqları haqqında” Qanunu təsdiq etmişdir . Qanunun qəbulu qurumun cəmiyyətimizdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaratdı. Bu qanundakı maddələrə görə, təkcə ölkə daxilində deyil, hətta MDB məkanında bir çoxlarına demokratiyanı sözdə yox, işdə dəstəkləməyin parlaq nümunəsi oldu. Heydər Əliyevin prezidentliyi illərində əməkçilərin sosial müdafiəsinə yönəlmiş çoxsaylı digər hüquqi-normativ aktlar qəbul olundu. Beynəlxalq Əmək Təşkilatının əsas konvensiyaları Milli Məclisdə ratifikasiya edildi. Heydər Əliyevin AHİK-in 1998-ci ildə keçirilmiş birinci qurultayının iştirakçılarına müraciətində deyilirdi: “Əmin olduğumu bildirmək istəyirəm ki, həmkarlar təşkilatları öz işini yeniləşən cəmiyyətimizin tələblərinə uyğun quracaq, Azərbaycanda müstəqil, demokratik, dünyəvi dövlət quruculuğunda yaxından iştirak edəcəkdir”.

Ümummilli lider AHİK-in fəaliyyətini yüksək qiymətləndirərək respubilkada demokratik, azad cəmiyyətin, insanların firavan həyatının bərqərar olması yolunda gələcəkdə də ön sıralarda addımlayacağını söyləyirdi. Unudulmaz Heydər Əliyevin bizə göstərdiyi qayğının, inamın yeni təzahürünü bu gün cənab Prezdentimiz İlham Əliyevin diqqətində hiss edirik. Prezidentimizin şəxsiyyət və lider kimi böyüklüyü onun ideyalarının inteqrativ birləşdirici mahiyyətindən, ilk növbədə hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Ölkə başçısının insana qayğı və hörmət prinsipinə əsaslanan siyasəti sayəsində bu gün hər bir vətəndaşın əmək hüququ da yüksək səviyyədə qorunur.

Cəmiyyətin inkişafında həmişə təkamül yolunu vacib amil kimi dəyərləndirən Prezident İlham Əliyev həmkarlar ittifaqı təşkilatlarının roluna yüksək önəm verir və milli iqtisadiyyatın sürətli yüksəliş mərhələsində əmək münasibətlərinin hüquqi çərçivədə tənzimlənməsini vacib sayır. Həmkarlar ittifaqı təşkilatlarının cəmiyyətdəki rolunun artırılması məqsədilə verdiyi bir sıra mühüm fərman və sərəncamlar da bunu bir daha təsdiqləyir. Müxtəlif illərdə əməkdaşlarımızın bir qisminin Azərbaycan Prezidenti tərəfindən təltif olunması da yüksək diqqət və qayğının əyani təzahürüdür.

Bir önəmli məsələni də mütləq etiraf etmək lazımdır ki, hər bir liderin dövlət idarəçiliyində qazandığı uğur və nailiyyətləri şərtləndirən başlıca amil siyasi varislik ənənələrinin qorunmasıdır. Söhbət ölkənin və dövlətin sabit, dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsi xəttinin etibarlı şəkildə qorunmasından gedir. Bu baxımdan ulu öndərin nəhəngliyi həm də ondadır ki, güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider, layiqli davamçı yetişdirmişdir. Xalqımızın xoşbəxtliyidir ki, ulu öndərdən sonra da dövlətimizin sükanı etibarlı əllərdədir. Bu gün cənab İlham Əliyevin necə dövlət başçısı olması dünyanın diqqət mərkəzindədir.

Ötən ilin Aprel hadisələri bir daha ordumuzun və Ali Baş Komandan İlham Əliyevin şücaətini, dəyanətini, məqsədini təsdiqlədi. Xalqa əyan oldu ki, ulu öndər Heydər Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi yolundakı məramını İlham Əliyev yaşadır və bu müqəddəs missiyanı həyata keçirmək üçün qətiyyətlə çalışır. O günün uzaqda olmamasına inanırıq. İdeyaları yaşayan Lider isə əbədidir!

Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında