Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi etməklə sülhün və sabitliyin qorunmasına öz töhfəsini verdi

 

 

 

 

 

 

 

 

 

 


Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və riayət edilməsi, xüsusilə suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmama regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olmaqla, sabitlik və yəqinlik təmin edir. Bu prinsiplər “İstanbul Prosesi” çərçivəsində bizim münasibətlərimiz və əməkdaşlığımız üçün zəmin təşkil edir və bu, “Asiyanın Qəlbi” bəyannamələrində bir daha vurğulanmışdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Bu gün dünyada gedən bəzi ictimai-siyasi proseslərin, eləcə də, müəyyən dairələrin ortaya atdığı iddiaların öz məcrasından çıxaraq, mənfi çalar alması çoxsaylı problem, risk, təzyiq və təhdidlərin yaranmasına səbəb olur. Etiraf edək ki, siyasi gücündən, iqtisadi qüdrətindən və ya hansısa amildən asılı olmayaraq, heç bir dövlət həmin problemləri təkbaşına həll etmək iqtidarında deyil. Ona görə də siyasi müdrikliyi və lider uzaqgörənliyi ilə seçilən dövlət başçıları regionda və beynəlxalq aləmdəki problemlərin həlli yollarının tapılması məqsədilə səmərəli variant olaraq, çoxtərəfli əməkdaşlıq formatlarının yaradılması təşəbbüsü ilə çıxış edirlər.

Təəssüf hissi ilə qeyd edək ki, uzun müddət belə təşəbbüslər ancaq Avropadan gəlmişdir. Son zamanlar isə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə ərsəyə gələn “Bakı prosesi” və 2011-ci ildə qardaş Türkiyədə formalaşdırılmış “Asiyanın Qəlbi – İstanbul Prosesi” adlı layihələr müsəlman Şərqinin beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin miqyasını göstərmək baxımından xüsusi əhəmiyyət kəsb edir. İndi artıq bütün ölkələrdə etiraf edirlər ki, Bakı da, İstanbul da dünyada təhlükəsizliyin formalaşdırılmasında mühüm söz sahibinə çevrilir. Dekabrın 1-də Bakıda keçirilmiş “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı da həmin arqumentin təsdiqi kimi qəbul edilirdi.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin də iştirak etdiyi konfransda “İstanbul Prosesinin” yaranma zərurəti, məqsədləri və son hədəfləri barədə kifayət qədər məlumat verildi. Qeyd edildi ki, “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı Əfqanıstanın və Asiyanın Qəlbi regionunda sülhün və tərəqqinin təbliği ilə bağlı qarşıda duran hədəfə çatmaq məqsədi daşıyır. Əlavə edildi ki, tərəflər bu prosesin uğuru üçün eyni öhdəliyi paylaşırlar. Əsas məqsədi regionda iqtisadi inkişafa və əməkdaşlığın daha da dərinləşməsinə töhfə verilməsindən ibarət olan bu konfrans, həm də terrorla mübarizədə qüvvələrin birləşdirilməsini təmin etmək niyyəti güdür.

Tədbirdə geniş nitqlə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən konfransın və ümumiyyətlə, “İstanbul Prosesi”nin region və dünya ölkələri üçün mühüm əhəmiyyət kəsb etdiyini yada salaraq dedi ki, Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi”ni Əfqanıstanda sülhün, barışığın, təhlükəsizliyin və iqtisadi inkişafın əldə edilməsi istiqamətində dialoq və əməkdaşlıq üçün dəyərli mexanizm hesab edir. 2012-ci ildə prosesə qoşulandan bəri biz bu çoxtərəfli platformada fəal şəkildə iştirak etməkdəyik.

Dövlət başçımız xatırlatdı ki, müstəqilliyinin bərpasının ilk illərindən etibarən Azərbaycanın təhlükəsizliyi Ermənistanın hərbi təcavüzü nəticəsində ciddi təhdidlərlə üzləşmişdir. Azərbaycan ərazisinin beşdəbir hissəsinin davam etməkdə olan işğaldan və yüz minlərlə vətəndaşının məcburən öz torpaqlarından qovulmasından əziyyət çəkən ölkə kimi sülh, təhlükəsizlik və sabitliyin dəyərini tam anlayır: “Ermənistan 20 ildən çoxdur ki, Azərbaycanın təqribən 20 faiz ərazisini – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib”.

Prezident xatırlatdı ki, Azərbaycan Əfqanıstanın qarşısında duran çağırışların öhdəsindən gəlməsində onu dəstəkləyən birinci və ən fəal ölkələr sırasındadır. Biz ikitərəfli səylər və eləcə də çoxtərəfli platforma çərçivəsində fəal iştirakımızla Əfqanıstanda ölkənin sabitliyinə, sülh şəraitində yenidənqurma və inkişafına yardım işinə sadiq olaraq qalırıq.

Qeyd edildi ki, Əfqanıstanın rifahı və tərəqqisi iqtisadi artım və regional əməkdaşlıq məsələləri ilə qarşılıqlı şəkildə bağlıdır və regionun ümumi təhlükəsizlik mühitindən asılıdır: “Çox önəmlidir ki, Əfqanıstanın yenidən qurulması və iqtisadi inkişafı məsələlərinə səylərimizin yönəldilməsi ilə yanaşı, biz ölkənin indiyədək əldə etdiyi tərəqqini qoruyub saxlamaq üçün Əfqanıstanın üzləşdiyi təhlükəsizlik çağırışlarını həll etməkdə davam edirik.

Belə ki, terrorizm, radikal ekstremizm və separatizmin bütün forma və ifadə vasitələrindən qaynaqlanan təhlükəsizlik təhdidləri ilə mübarizədə birgə səylərimizin davam etdirilməsi və bu məqsədlə regional əməkdaşlığın artırılması vacibdir”- deyə, Azərbaycan Prezidenti əlavə etdi.

Xatırladaq ki, təkcə regionda deyil, eləcə də, dünyanın istənilən ölkəsində yaranmış problemlərin heç birinə biganə qalmayan gənc müstəqil Azərbaycan dövləti  regionda  davam edən bir sıra çətinliklərin  aradan qaldırılmasına xidmət edən çoxsaylı təşəbbüslərin müəllifidir. Dövlət başçımız həmin məqamı bu şəkildə ifadə etdi: “Azərbaycanın təşəbbüskarı olduğu və davam etməkdə olan regional bağlılıq layihələri, o cümlədən bu yaxınlarda açılışı olmuş Bakı-Tbilisi-Qars dəmir yolu, yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri, Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir. Bu layihələr Əfqanıstanın qlobal bazara çıxışını asanlaşdıracaq və bölgədə yükdaşımaların daha qısa, daha sürətli və daha səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradacaq bağlılığı təmin edəcəkdir”.

“Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” konfransının tribunasından qeyd edildi ki, Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə və Türkmənistan tərəfindən bu yaxınlarda imzalanmış Lapis-Lazuli razılaşması Əfqanıstanı birbaşa Avropa ilə əlaqələndirəcək başlıca beynəlxalq, ticarət və nəqliyyat dəhlizi razılaşmasıdır. Bu, Əfqanıstanın Avrasiya boyu ticarəti artırmaq üçün infrastrukturun qurulması və təkmilləşdirilməsi vasitəsilə bağlılığa nail olmaq səylərində əldə olunmuş mühüm mərhələdir. Dövlət başçımız vurğuladı ki, Azərbaycan bu razılaşmanın bir hissəsi olaraq tranzit və nəqliyyat baxımından Əfqanıstan üçün çoxsaylı seçimlərin təmin edilməsinə töhfə verməkdən məmnundur.

Bu konfrans Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə böyük önəm verməsinin və beynəlxalq aləmin Azərbaycana layiqli inam və etimad göstərməsinin  təsdiqi kimi də dəyərli idi. Eyni zamanda, bu tədbir sübut etdi ki, Azərbaycan  türk dünyasına, müsəlman Şərqinə, İslami və bəşəri dəyərlərin qorunmasına həmişə və hər an hazırdır. Harada humanitar, insani problem yaşanırsa, orada Azərbaycan dövlətinin yardımı, dəstəyi görünür və görünəcəkdir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında