Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində yeni səhifə açmağa hazırlaşır

Dünyanın güc mərkəzləri üçün strateji əhəmiyyət kəsb edən məsələlərdə etibarlı tərəfdaş kimi qiymətləndirilən Azərbaycan daxili və xarici siyasətini qlobal çağırışların tələblərinə uyğun formalaşdırması istiqamətində mühüm diplomatik-siyasi səylərini davam etdirir. Bu mənada Prezident İlham Əliyevin Brüssel şəhərində keçirilən Şərq Tərəfdaşlığının növbəti sammitindəki çıxışı və habelə görüşün yekununda qəbul olunmuş Birgə Bəyannamədə bütün dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin birmənalı olaraq dəstəklənməsi rəsmi Bakının işğalçı Ermənistan üzərində növbəti diplomatik qələbəsi kimi dəyərləndirilir.

Azərbaycanın xarici siyasət prioritetləri içərisində Avroatlantik strukturlarla və institutlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq əlaqələrinin yaradılması mühüm yer tutur. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına (Aİ) üzv dövlətlərin də, eyni zamanda, ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını daha da artırmışdır.

1996-cı ildə Azərbaycan və Aİ arasında “Tərəfdaşlıq və əməkdaşlıq haqqında” sazişin imzalanması ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından da vacib əhəmiyyət daşımışdır. Bundan başqa, Aİ Azərbaycana regionun lider dövləti kimi yanaşır və respublikamızda həyata keçirilən iqtisadi-siyasi və hüquqi islahatları yüksək qiymətləndirir. Cənubi Qafqaz regionunun iqtisadi-sosial yüksəlişində lokomotiv rolunu oynayan Azərbaycanla münasibətlərində Aİ ölkəmizin geosiyasi əhəmiyyətini və rolunu düzgün dəyərləndirməyə çalışır. Təsadüfi deyil ki, Avropa İttifaqının 2004-cü ildən həyata keçirdiyi “Yeni qonşuluq siyasəti” proqramının aparıcı qollarından birini də məhz Azərbaycanla birgə iqtisadi layihələrin reallaşdırılması təşkil edir.

Ümumiyyətlə, Azərbaycanı Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olmuşdur. Siyasi müşahidəçilər Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ kimi qiymətləndirirlər. Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxışında Avropa İttifaqı ilə tərəfdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu bir daha bəyan etmişdir. “Bu ilin fevralında biz yeni sazişlə bağlı fəal danışıqlara başladıq. Ümidvaram ki, bu danışıqlar tezliklə başa çatacaq. Bu, ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün imkanlar yaradacaqdır, – deyən dövlətimizin başçısı əlavə etmişdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşı Aİ üzvü olan ölkələrdir. Azərbaycanın  ticarətinin 50 faizi bu dövlətlərlə aparılır. Prezident İlham Əliyev müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırıldığını vurğulamış və bunu Azərbaycanın yaxşı investisiya mühitinə malik olması kimi dəyərləndirmişdir.

Qeyd etmək lazımdır ki, Şərq Tərəfdaşlığı Aİ, onun üzv dövlətləri və Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxil olmaqla, altı Şərq tərəfdaşını bir araya gətirən birgə təşəbbüsdür. Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Aİ 2020-ci ilə kimi əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirmişdir. Əsas mərhələlər isə məhz Brüsseldə keçirilən sammitlərdə müəyyənləşdirilir. Bu hədəflərə nail olmaq üçün Şərq Tərəfdaşlığının 2015-ci il Riqa sammitində razılaşdırılmış iqtisadiyyat, idarəçilik, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi, o cümlədən mobillik və insanlar arasında əlaqələr kimi dörd prioritet sahədə əməkdaşlıq həyata keçirilir. Azərbaycan sadalanan sahələrdə Aİ ilə uğurla əməkdaşlıq edir. Məhz uğurlu əməkdaşlığın nəticəsidir ki, bu gün Aİ ilə Azərbaycan arasında münasibətlər strateji xarakter almışdır.

Prezident İlham Əliyev tərəflər arasında münasibətlərin bu aspektinə toxunaraq demişdir ki, Azərbaycan üzv dövlətlərlə ikitərəfli formatda əlaqələrini fəal şəkildə inkişaf etdirir: “Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik”.

Azərbaycan ilə Aİ arasında əməkdaşlığın əsas istiqamətlərindən birinin enerji dialoqunun təşkil etdiyi məlumdur. Bu çərçivədə 7 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Brüsselə səfəri zamanı imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” AR və Aİ arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaratmışdır. Bu memorandumun əsas məqsədləri Aİ-nin enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir.

Prezident İlham Əliyev Brüsseldə çıxışında tərəflər arasında aparılan enerji diaoluquna toxunmaqla yanaşı, genişmiqyaslı enerji layihəsi olan “Cənub” qaz dəhlizinin də uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır: “Bu layihənin dəyəri 40 milyard ABŞ dollarından artıqdır və bizə əlavə həcmdə təbii qaz hasil etməyə və bunu Azərbaycandan Avropa bazarlarına nəql etməyə imkan verəcək. 3500 kilometrlik qaz xətti yeni marşrut olacaq və Avropa bazarlarına yeni mənbədən qaz nəql edəcək. Bu, enerji təhlükəsizliyi siyasəti ilə bərabər, enerji şaxələndirilməsi siyasətidir, çünki Azərbaycanın qaz yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək”.  Dövlətimizin başçısı əlavə etmişdir ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir və bu, qarşıdakı onilliklərdə Avropaya təbii qaz nəql etmək üçün yetərli olacaq.

Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində Ermənistanın işğalçılıq siyasətinin qətiyyətlə pislənilməsi Aİ-nin işğalçı ölkəyə zərbəsi kimi qiymətləndirilir. Belə ki, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinadən qəbul olunan Birgə Bəyannəmədə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi prinsipi öz əksini tapmışdır. Bəyannamədə bildirilir ki, Avropa İttifaqı bütün tərəfdaşlarının ərazi bütövlüyü, müstəqillik və suverenliyi ilə bağlı göstərdiyi dəstəyə sadiq qalır. Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəklənmişdir.

Xatırlatmaq zəruridir ki, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyası  üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilmişdir. Birgə Bəyannamədə vurğulanmışdır ki, sammit iştirakçıları dünyanın bir çox yerində beynəlxalq hüququn prinsiplərinin pozulmasının hələ də davam etməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edirlər. Sammit iştirakçıları regionda həll edilməmiş münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh yolu ilə həllini təşviq edən səylərin artırılmasına çağırırlar. Bundan başqa, sənəddə bildirilir ki, münaqişələrin həlli, etimadın qurulması və qonşuluq münasibətləri iqtisadi və sosial inkişaf, eləcə də əməkdaşlıq üçün vacibdir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın üzləşdiyi əsas çağırışın torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdirilməsi olduğunu bildirmiş və ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin, demək olar ki, 20 faizinin 20 ildən çoxdur Ermənistanın işğalı altında olduğunu bir daha diqqətə çatdırmışdır. Dövlət başçısı xüsusilə vurğulamışdır ki, XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün təzahürlərinə vahid yanaşmanın tətbiq edilməli olduğunu vurğulayan Prezident İlham Əliyev bir daha bəyan etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır.

Xatırladaq ki, Şərq Tərəfdaşlığı Sammitindən bir gün əvvəl NATO-nun Şimali Atlantika Şurasının iclasındakı çıxışında da Prezident İlham Əliyev Ermənistanın işğal edilmiş torpaqlarımızda törətdiyi hərbi cinayətlər, Xocalı soyqırımı, günahsız insanların qətlə yetirilməsi və etnik təmizləməyə məruz qalması barədə ətraflı məlumat vermişdir. NATO-nun Baş katibi Yens Stoltenberq isə bildirmişdir ki, Cənubi Qafqazda həll olunmamış Dağlıq Qarabağ münaqişəsi narahatlığa səbəb olan məsələdir. Y.Stoltenberq NATO-nun bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin işini dəstəklədiyini vurğulamışdır.

Bir sözlə, müasir dövrdə Avropa İttifaqı ilə münasibətlərini daha da inkişaf etdirməyə çalışan Azərbaycan təşkilatla ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, Aİ-nin Ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanında fəal aktor olmaq potensialını nümayiş etdirir. Bu mənada Aİ-nin Şərq Tərəfdaşlığı Sammitinin Birgə Bəyannaməsində əks olunmuş prinsiplərin Azərbaycanın maraqlarına cavab verməklə yanaşı, Aİ ilə ölkəmiz arasında münasibətlərin gələcəyinə də öz müsbət təsirini göstərəcək.

Bu gün Asiya ilə Avropa arasında yerləşən, regionda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan Azərbaycanın Avropa dəyərlərini paylaşan bir ölkə olduğunu vurğulayan Prezident İlham Əliyev əmin olduğunu açıqlamışdır ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə tərəflərin qarşısında yeni imkanlar açacaq, yeni saziş imzalanacaq.

Səbuhi MƏMMƏDOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında