YAP zamanın tələbi və xalqın istəyi ilə yaranan ümumxalq partiyasıdır

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlirdi. Müstəqilliyin ilk illərində Azərbaycanın parçalanma təhlükəsi ilə üzləşməsi xalqımızın ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün çağırışlarını gücləndirirdi. Çünki bütün vətəndaşlar əsl xilaskar kimi yalnız Heydər Əliyevi görürdü. Bunun nəticəsi idi ki, 1992-ci il noyabrın 21-də Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın tarixində unudulmaz və möhtəşəm bir hadisənin baş verdiyi həmin əlamətdar gün respublikamızın ictimai-siyasi həyatında yeni dövrün əsasını qoydu.

Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası qısa bir zaman kəsiyində gördüyü işlər sayəsində xalqımızın etimadını qazanaraq ən mütərəqqi ziyalıları ətrafına toplamağı bacardı. Partiya tez bir zamanda ölkəmizin rayonlarında öz qərargahlarını yaradaraq bölgə əhalisinin taleyüklü problemlərinin həllində əsas rol oynamağa başladı. Partiya liderinin vətənpərvərliyi, təəssübkeşliyi, məntiqi mühakimə aparmaq bacarığı, qayğıkeşliyinin nəticəsi kimi xalqımız liderinin ətrafında sıx toplaşmağa başladı. Azərbaycan xalqı gerçək liderin hansı xüsusiyyətlərə malik olduğunu anladı. Beləliklə də, xalqımızın təkidli tələbi nəticəsində ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətin layiqli rəhbəri olaraq ölkəmizin uğur salnaməsinin əsasını qoydu.

Böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təşəkkül tapan bu böyük siyasi təşkilat qısa müddətdə Azərbaycan dövlətinin siyasi, iqtisadi və sosial simasını dəyişərək ona yeni və ən müasir inkişaf tendensiyası gətirdi. Digər tərəfdən, bu partiyanın ən böyük xidmətlərindən biri xalqın mənəvi gücünü səfərbər etmək oldu. Yeni Azərbaycan Partiyası ulu öndərin azərbaycançılıq ideologiyası, demokratiya prinsiplərinə sadiqliyi, və siyasətdə liberalizmi özünün əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyənləşdirdi. YAP yarandığı ilk gündən mürəkkəb ictimai-siyasi prosesləri dəqiq qiymətləndirən, onlara elmi münasibət bildirən, siyasi hadisələri elmi-siyasi proqnozlarla dəyərləndirən bir siyasi təşkilat kimi fəaliyyətə başladı. Xüsusən bu aparıcı siyasi qüvvənin yaranması ilə demokratiya, azadlıq, müstəqillik kimi önəmli amillər ölkəmizdə öz təcəssümünü tapdı. Onun timsalında xalqımız siyasi mübarizənin sivil, demokratik yollarını və vəzifələrini aydın şəkildə müəyyənləşdirmək imkanı qazandı.

 Müstəqil Azərbaycanın keçdiyi inkişaf yolunun bələdçisi olan YAP dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edərək cəmiyyətdə nüfuzunu daha da artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Azərbaycanın siyasi mənzərəsinə yeni ab-hava gətirən partiyamızın sıralarının getdikcə genişlənməsi xalqımızın Heydər Əliyev ideyalarına sadiqliyinin və Prezident İlham Əliyevin siyasətini dəstəkləməsinin bariz nümunəsidir. Ulu öndər Heydər Əliyevə xalqın böyük inamının nəticəsi idi ki, partiyamız qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi.  

Yeni Azərbaycan Partiyası 25 illik fəaliyyəti dövründə zəngin və şərəfli inkişaf yolu keçib. Bu gün Heydər Əliyev ideyaları əsasında fəaliyyətini davam etdirən YAP Azərbaycanın inkişafına müstəsna töhfələr verir. Ulu öndərin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır. Danılmaz həqiqətdir ki, hazırda ölkəmizdə ictimai nüfuzuna görə bu yetkin siyasi təşkilatla müqayisə edilə biləcək digər partiya mövcud deyil. Azərbaycan Respublikasının Prezidenti, partiyamızın sədri İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.

YAP-ın məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Partiyamızın əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Bir sözlə, ulu öndər Heydər Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

Bu gün Prezident İlham Əliyevin sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub. Hazırda ölkədə ən kütləvi və mütəşəkkil siyasi qüvvə olan YAP öz sıralarında 700 mindən artıq üzvü birləşdirir. Bu, təkcə statistika deyil, eyni zamanda, ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir.

Ümummilli liderimiz Heydər Əliyevin ideyaları onun layiqli varisi cənab İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə həyata keçirilən səmərəli iqtisadi islahatlar kursunu dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı cənab İlham Əliyev hələ ilk prezident seçkiləri ərəfəsində verdiyi bütün vədləri böyük səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, bu siyasətin xalqımızın milli mənafelərini əks etdirməsi ölkəmizin hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür.

Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir çox sahələrdə uğurlar qazanıb. Elə təkcə son 14 ilin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi göz önündə canlansın. Bu gün Azərbaycanın iqtisadi tərəqqisi dünyanın hər bir güşəsindən görünür. Bu inkişafın əsasını cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıralarının getdikcə genişlənməsi dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına cəmiyyətimizdə olan dərin inamdan və ehtiramdan irəli gəlir.

Hazırda partiyamızın siyasətində gənclərlə iş sahəsinə də böyük önəm verilir. Təsadüfi deyil ki, YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artmasına, idarəçilik strukturlarında geniş təmsil olunmasına xüsusi diqqət yetirir. Görülən səmərəli tədbirlərin nəticəsidir ki, hazırda Milli Məclisdə, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı nəzərəçarpacaq dərəcədə artır. Bundan əlavə, müxtəlif dövlət orqanlarına vakant yerlər üzrə keçirilən müsabiqələrdə gənclərin irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunmasını təsdiqləyir.

Son illər Azərbaycanın dinamik inkişafının nəticəsi olaraq Bakı şəhəri, eləcə də ölkəmizin regionları inkişaf edərək öz simasını xeyli dəyişib. Bu dəyişikliklər paytaxtın Pirallahı rayonunda da aydın nəzərə çarpır. Rayonumuzun iqtisadi vəziyyətinin təhlili məhsul istehsalının həcminin artdığını, xidmət sahələrinin fəaliyyətinin genişləndiyini, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əmək haqlarının yüksəldiyini göstərir. Rayonumuzda tikinti-quraşdırma işlərinə qoyulan investitsiyalar hesabına bir sıra yeni sosial-inzibati binalar, Pirallahı adasının giriş qapısı rolunu oynayan yeni körpu inşa olunub, qəsəbəmizin mərkəzi küçəsi tamamilə yenidən qurulub. Sevindirici haldır ki, rayonumuza xüsusi diqqət və qayğı göstərən dövlət başçısı cənab İlham Əliyev bu il iki dəfə Pirallahı qəsəbəsində olub, bir sira obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak edib. Yeri gəlmişkən, cənab Prezidentin məlum sərəncamına əsasən, Pirallahı qəsəbəsində 29 ədəd çoxmərtəbəli yaşayış binasının təməli qoyulub. Artıq Pirallahı sənaye parkının tikintisi sahəsində işlərə başlanılıb.

Əhalisinin sayı cəmi 20,2 min nəfər təşkil edən rayonda aparılan abadlıq-quruculuq işlərində, mədəni-kütləvi tədbirlərin keçirilməsində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı da fəallığı ilə seçilir. 2013-cü il iyulun 15-də təsis olunmuş Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı qısa zaman ərzində üzvlərinin sayını 2 mindən 5 minə çatdırmışdır ki, onların da əksəriyyətini gənclər təşkil edir.

Ötən müddətdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı böyük inkişaf yolu keçib, öz sıralarını daim genişləndirib, partiyamızın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirib, öz işini və fəaliyyətini daim canlandırıb. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, o cümlədən regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması, xarici siyasət sahəsində reallaşan tədbirlər və qazanılmış uğurların xalqa çatdırılması məqsədilə bir sıra tədbirlər keçirilib. Rayon təşkilatına əhali tərəfindən edilmiş müraciətlərin əksəriyyətində ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasət dəstəklənir, ölkədə aparılan böyük quruculuq işlərinin bəyənildiyi bildirilir.

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi rayonumuzda da bir sıra silsilə tədbirlərlə qeyd olundu. Belə ki, partiyanın Pirallahı rayon təşkilatının tərtib etdiyi tədbirlər planına əsasən, sentyabr-noyabr aylarında rayonumuzun ümumtəhsil məktəblərində futbol, şahmat, dama və stolüstü tennis yarışları təşkil olundu. Bu tədbirlər sırasında rayonumuzun 400 nəfərədək fəal gəncinin iştirakı ilə keçirilən marafon xüsusi maraqla qarşılandı. Bundan əlavə, silsilə tədbirlər çərçivəsində sentyabrın 20-dən başlayaraq, hər həftənin şənbə günlərində rayon məktəblərində iməcilik, yaşıllaşdırma və ağacəkmə kampaniyaları keçirildi. Tədbirlər planına əsasən, rayonumuzun orta məktəblərinin bir qrup şagirdinin Heydər Əliyev Mərkəzinə səfərləri təşkil olundu, YAP Pirallahı rayon təşkilatının fəalları ümummilli liderimizin Fəxri xiyabandakı məzarını ziyarət etdilər, ulu öndərin əziz xatirəsinə həsr olunmuş sənədli film nümayiş etdirildi, eləcə də tanınmış hərbçi Ramil Səfərovla görüş keçirildi. Yubiley tədbirləri təntənəli mərasimlə başa çatdırıldı. Tədbirdə ölkəmizin tanınmş siyasi xadimləri ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri və YAP fəalları iştirak edirdilər. Rəngarəng konsert proqramı və atəşfəşanlıqla başa çatan bayram tədbiri iştirakçıların dərin marağına səbəb oldu. Yeri gəlmişkən, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun diqqət və qayğısı sayəsində nəzərdə tutlmuş bütün tədbirləri uğurla reallaşdıra bildik. Fürsətdən istifadə edib bizə göstərdiyi hərtərəfli dəstəyə görə təşkilatımızın bütün üzvləri adından rayon rəhbərliyinə təşəkkürümü bildirirəm.

Üzümüzə gələn 2018-ci ildə isə bizi daha mühüm vəzifələr gözləyir. Məlum olduğu kimi, gələn il ölkəmizdə növbəti prezident seçkisi keçiriləcək. Bu mühüm ictimai-siyasi kampaniyanın uğurla keçməsində YAP Pirallahı rayon təşkilatının üzvləri də fəal iştirak etmək əzmindədirlər.

 Ümummilli lider Heydər Əliyevin zəngin irsindən güc alan partiyamız öz siyasi dəst-xəttinə daim sadiq qalaraq dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək mütəşəkkil siyasi qüvvə kimi Azərbaycanın çiçəklənməsinə yeni-yeni töhfələr verəcək. Partiyamızın sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, partiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək.

Hikmət ŞİKAROV,
YAP Pirallahı rayon
təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında