Bizim mətbuatımız da, əlbəttə ki, ilk növbədə dövlətimizin strateji maraqlarını, dövlətimizin gələcəkdə də təhlükəsizlik şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır. Mən hesab edirəm ki, son vaxtlar, son illər ərzində bizim mətbuatımızda bu istiqamətdə ciddi dönüş yaranmışdır. Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir, əlbəttə, biz bunu daim diqqətdə saxlamalıyıq.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
ABŞ-ın mətbuata əsgər tabutlarının çəkilişinə qadağa qoyması, son dövrlər mətbuatımızda kriminal aləmin nümayəndələrinin fəaliyyətlərinin gen-bol işıqlandırılmasının cəmiyyətdə əks-effekt yaratması ilə cəbhəyanı ərazilərdən foto və videoinformasiyanın yayılmasının məhdudlaşdırılması, Belçika prokurorluğunun baş vermiş terror aktı və axtarış prosesinin gedişatı barədə informasiyanın dərcinin dayandırılması barədə KİV-ə müraciəti... Bütün bu fərqli hadisələr bir-biri ilə birbaşa bağlı olmasa da, ümumilikdə sual yaradır: Bu qadağalar söz və mətbuat azadlığına ziddirmi?! Yaxud, bu cür məhdudiyyətlər hansı zərurətdən qaynaqlanır?!
Qlobal informasiya məkanında hər bir ölkənin təhlükəsizliyi naminə öz milli maraqlarına əsaslanan ictimai və dövlət maraqlarını qoruması zərurəti meydana çıxır. Dördüncü hakimiyyət hesab edilən mediada ictimai və dövlət maraqlarının müdafiəsi məsələsi xüsusilə aktualdır. Bəs, görəsən, bu məsələyə beynəlxalq təcrübədə və Azərbaycan mediasında yanaşma nə cürdür?!
ABŞ və Qərb mediası : dövlət maraqları necə qorunur?
Bu gün söz-fikir azadlığı və mediaya verilən dəyər baxımından Qərb dövlətləri və ABŞ tarixi bir yol keçib. İctimai əhəmiyyətli informasiyanın cəmiyyətdə müsbət və ya mənfi təəssürat yaratmasından asılı olaraq, ABŞ və Qərb mediasının yanaşmaları fərqlidir. Belə ki, ABŞ-da azad informasiya axını nəzəriyyəsinə görə, informasiyanın hansı reaksiya doğurması önəmli deyil. Avropa jurnalistikasında isə mövcud olan sosial məsuliyyət nəzəriyyəsi informasiyanın ictimai maraqlara nə dərəcədə uyğun olub –olmamasına və cəmiyyətdə yarada biləcək mənfi təsirinə diqqət edir. Bu nəzəriyyə azad medianın cəmiyyət qarşısında məsuliyyət daşıdığını vurğulayır.
ABŞ-ın İraqda hərbi əməliyyatlara başlaması ilə ABŞ mediası məsələni, öz ölkəsinə haqq qazandırmaq mövqeyindən işıqlandırmağa başladı. Bundan başqa, söz azadlığının beşiyi ABŞ jurnalistlər üçün İraqda əməliyyatların müşahidəsini məhdudlaşdıran xüsusi qaydalar tətbiq etdi və bu, mediada normal qarşılandı.
Hətta “MSNBC” kanalı ABŞ bayrağını ekranda dalğalandırmaqla yanaşı, İraqda xidmət edən amerikalı əsgərlərin ailələrinin göndərdikləri şəkillərini “Amerika, ən qüdrətli” devizi ilə yayımlayırdı. Üstəlik, media maqnatı Rupert Merdoka məxsus “Fox New” kanalında müharibə müddətində ekranın yuxarı sol küncündə dalğalanan ABŞ bayrağı və “İraq azadlığı əməliyyatı” ifadəsi diqqət çəkirdi.
2009-cu ildə Prezident Barak Obama müdafiə naziri Robert Qeytsdən KİV-in əsgər tabutlarını işıqlandırmasına qoyulan qadağanı ləğv etməsini istəmişdi. Bu qadağa, sözsüz ki, cəmiyyətdə yarana biləcək mənfi əhval-ruhiyyəni önləmək üçün qoyulmuşdu. Çünki media bu dövləti ABŞ cəmiyyətinə və dünyaya qüdrətli bir ölkə kimi təqdim etməli idi.
2016-cı il martın 22-də Brüssel Hava Limanında və metroda baş vermiş terror aktı Avropanın təhlükəsizlik problemi ilə yanaşı, medianın milli maraqları qorumalı olduğu məsələsini də ortaya qoydu. Belə ki, Belçika Prokurorluğu KİV-dən bu məqamda həssaslıq nümayiş etdirərək, hadisənin gedişatı haqqında məlumatları çap etməyi müvəqqəti olaraq dayandırmağı xahiş etdi.
Azərbaycan mediasında
ictimai və milli maraqlar
Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra “sovet şinel”indən çıxan jurnalistikamız artıq müstəqil və gənc ölkənin tribunasına çevrildi. Zəngin ənənələrə malik Azərbaycan jurnalistikası ictimai əhəmiyyətli informasiya vermək funksiyasını yerinə yetirməklə yanaşı, 90-cı illərin çətin dövründə həm də ictimai və dövlət maraqlarını qorumalı idi. Ermənistanın təhriki ilə Qarabağda müharibənin başlanması , beynəlxalq mediada erməni və “havadar”larının Azərbaycan əleyhinə qərəzli “informasiya hücumları”nın geniş vüsət alması, gənc ölkədə separatçılıq meyillərinin cücərməsi və s. amillər mediada dövlət və milli maraqların müdafiəsini daha çox ön plana çəkirdi. Lakin zamanla, dövlətçiliyin daha da möhkəmlənməsi, ölkənin iqtisadi tərəqqisi sayəsində Azərbaycan mediası da inkişaf edərək çətinlikləri arxada qoydu. 1998-ci ildə ulu öndər Heydər Əliyevin senzuranı tamamilə aradan qaldıran sərəncamı ilə jurnalistikamızın azadlıq üfüqləri daha da genişləndi.
Azərbaycan mediası üçün böyük güclərin maraqlarının kəsişdiyi mürəkkəb beynəlxalq aləmdə dövlət maraqlarının müdafiəsinin əhəmiyyəti daha da artır.
İctimai və dövlət maraqlarının qorunması səviyyəsi daha çox aşağıdakı məsələlərdən asılıdır. Əgər informasiya:
– cəmiyyətdə cinayətkarlığa, ksenofobiyaya, terrorçuluğa, hərbi qarşıdurmaya, irqi, dini və sosial ayrı-seçkiliyə rəğbəti təbliğ edirsə;
– özündə heç bir ictimai əhəmiyyət daşımırsa, reytinq naminə kiminsə şəxsi həyatına müdaxilə edərək məlumat, görüntü və s. yayımlayırsa;
– özündə dövlət və hərbi sirr kateqoriyasına aid məlumatları əks etdirirsə;
– dövlətçiliyə və onun təhlükəsizliyinə təhdid hesab olunarsa ;
– dövlətçiliyə və onun müstəqilliyinə təhdid etməklə, cəmiyyətdə təhlükəli tendensiyaya yol açırsa; və s.
Qarabağda hərbi əməliyyatların cərəyan etdiyi dövrdə bəzən medianın yaydığı məlumatların Azərbaycanın milli maraqlarına zidd olması və təhlükə törətməsi acı bir reallıq idi. Məsələn, jurnalist Sarvan Ağayev xatirələrində bu barədə yazır ki, Mərkəzi (Moskvadan) telekanal müxbirləri tez-tez özlərinin düşünülməmiş şərhləri ilə “ayı xidməti” göstərirdi. “ ... Bir dəfə efirə gedən bir reportajda döyüşçülərimizin qəhrəmanlığı qeyd edildi, bir kəndin adı da xatırladıldı və bəyan edildi ki, oranı cəmi iki hərbçi qoruyur, ancaq buna baxmayaraq, əhali öz evlərini tərk etməyib. Səhər öyrəndik ki, ermənilər kiçik dəstə ilə kəndi alıblar... ” (“ Qarabağ müharibəsində jurnalistlər” kitabı, 2002 )
Düzdür, sonrakı illərdə Azərbaycan mediası bu sahədə püxtələşsə də, internet jurnalistikasının, sosial şəbəkələrin inkişafı, hər kəsin sosial şəbəkələr vasitəsilə “jurnalistlik etməsi” informasiya bolluğunda “zərərli” məlumatların da yayılma imkanlarını artırdı. 2014-cü ilin avqustunda cəbhə xəttində erməni təxribatının genişləndiyi zamanda sosial şəbəkələrdə Milli Ordumuzun hərbi texnikası və hərəkətini əks etdirən görüntülərin və baş verənlərlə bağlı dezinformasiyaların yayımlanmasının cəmiyyətdə təşviş yaratması buna nümunədir. Bu hadisədən sonra ölkə başçısının 24 sentyabr 2014-cü il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncam imzalaması dövlət maraqlarının qorunması baxımından KİV-lər tərəfindən təqdir edildi. Sərəncam özlüyündə dövlət və hərbi sirri ehtiva edən məlumatların yayılmasının yolverilməzliyini əhatə edirdi.
Azərbaycan mediasının qarşısında dövlət maraqlarından irəli gələn bir sıra öhdəliklər dayanır ki, onlardan ən əsaslarını aşağıdakı kimi ümumiləşdirmək olar:
– Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri, onun regional və beynəlxalq əhəmiyyətli layihələrinin əhəmiyyətini işıqlandırmaq;
– Azərbaycanı tarixən multikultural və tolerantlıq ənənələrinə malik, Şərqlə Qərb sivilizasiyalarının qovşağında yerləşən unikal ölkə olaraq tanıtmaq;
– Azərbaycanın ən əsas problemi olan Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərini açıqlayan, Ermənistanın işğalçılıq siyasətini ifşa edən materiallara yer vermək, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinin zəruriliyini tədqiq edən məqalələrə yer ayırmaq;
– Ölkəmizlə bağlı müsbət məzmunlu məqalələrin xarici mediada yayımlanmasına diqqəti artırmaq, jurnalistlərimizin imzaları ilə xarici KİV-lərdə məqalələri kütləviləşdirmək;
– bəzi Avropa dairələrinin və erməni lobbisinin təşəbbüsü ilə Azərbaycan dövlətçiliyinə kölgə salan, bəzi mətbu orqanlar vasitəsilə “qara piar” şəklində “informasiya hücumları”na dürüst və obyektiv əsaslarla cavab vermək;
– informasiya müharibəsinin aktual olduğu dövrdə Azərbaycan həqiqətlərinin sosial media ( youtube, facebook, tvitter və s.) vasitəsilə müxtəlif dillərdə daha geniş auditoriyaya çatdırmaq.
Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərlə görüşlərində həmişə mətbuatın milli maraqlardan çıxış etməli olduğunu aktual məsələ kimi səsləndirir.
Onun “…Jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Dövlətçilik prinsipləri üstünlük təşkil etməlidir. İlk növbədə, dövlət maraqları müdafiə edilməlidir. Dövlətə zərər vura biləcək hər hansı bir addıma yol verilməməlidir”, – deməsi hansı sahədə yazmasından asılı olmayaq, hər bir jurnalist üçün ən vacib tövsiyə və tapşırıqdır. Bu, özlüyündə Azərbaycan jurnalistikasına milli və dövlət maraqlarını qorumağın nə dərəcədə önəmli olmasını bir daha xatırladır. Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi dövrdə Azərbaycan mediası qlobal informasiya müharibəsində milli və dövlət maraqlarının müdafiəsinə diqqəti artırması vacibdir. Aprel döyüşlərində, eləcə də digər təxribatlar zamanı Ermənistan mediasının ordumuzla bağlı dezinformasiya xarakterli məlumatlarını bəzi saytlarımız yayımlasa da, ümumulikdə bu cür qərəzli məlumatlardan “reytinq” naminə istifadə edərək, cəmiyyətdə təşviş yaratma halları azalıb. Əksinə, mətbuatımız bu cür “informasiya hücumları”na daha tutarlı faktlar ortaya qoymaqla cavab verməkdədir.
İkili standartlar
nədən yaranır?!
Bir sıra beynəlxalq qurumlar və Avropa institutlarının söz və mətbuat azadlığı ilə bağlı hansısa faktı “əldə bayraq” edib, digər ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi acı bir gerçəkdir. Xüsusilə gənc və müstəqil demokratik ölkələrə qarşı bu yanaşma hansısa dövlətin öz ictimai və dövlət təhlükəsizliyi və maraqları baxımından atdığı addımın “mətbuat azadlığının pozulması” kimi qələmə verilməsi buna nümunədir. Səbəb isə sadədir: qlobal informasiya məkanında super güclərin digər ölkələrin informasiya məkanını nəzarətə almaqla həmin regionu, ölkəni öz maraqlarına uyğun idarə edə bilməkdir. Çünki müasir dövrdə ən güclü silah informasiyadır. Və bu faktiki olaraq, həmin dövlətin maraqlarının və dövlətçiliyinin təhlükə altında qalması deməkdir.
İnamla deyə bilərik ki, bunu nəzərə alan Azərbaycan mətbuatı tarix boyu öz milli dəyərlərinə, kimliyinə və dövlətçilik ənənələrinə bağlı olmuşdur. Bu gün də dövlət və milli maraqlarımız mətbuatımız üçün hər cür şəxsi və qrup maraqlarından yüksəkdə dayanır.
Bu məqamda “Jurnalistlərin dostu” mükafatının sahibi Prezident İlham Əliyevin dövlət və media münasibətləri ilə bağlı söylədiyi çağırış xarakterli fikri hər bir jurnalistə aiddir : “ Məni sevindirən hal odur ki, biz vahid siyasət aparırıq. Çünki dövlət və media milli maraqları müdafiə edir. Çünki ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz. Ona görə biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıraq, ölkəmizi daha yaxşı tanısınlar, daha çox hörmət etsinlər”.
Apardığımız bu araşdırmadan da belə nəticəyə gəlmək olar ki, Azərbaycan mediası və jurnalisti bütün situasiyalarda ilk növbədə dövlətinin milli maraqlarını nəzərə alır və almalıdır: Dövlətimizi, millətimizi, dövlətçiliyimizi qoruyaq və yaşadaq deyə!
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.