Erməni diaspor təşkilatları və onların antitürk fəaliyyəti

Məlum olduğu kimi, erməni tarixinin səciyyəvi xüsusiyyətlərindən biri də onların əksəriyyətinin bir neçə əsr ərzində özünün etnik ərazilərindən kənarda yaşaması, başqa sözlə, diasporda təmsil olunmasıdır. Avropadan-Asiyaya, Amerikadan-Afrikaya qədər uzanan geniş coğrafiyada ermənilərin miqrasiya izlərinə rast gəlmək mümkündür.

XIX-XX əsrlərdə xalqımızın üzləşdiyi ağrı-acıların, xüsusilə də erməni – daşnak birləşmələrinin etnik-milli zəmində türklərə qarşı həyata keçirdiyi deportasiya və soyqırımı siyasətinin arxasında duran başlıca siyasi qüvvələrdən biri də erməni diasporudur. Bu gün iki əsrlik tarixi dövr ərzində türk dünyasına qarşı təcavüzkarlıq, işğalçılıq planlarından əl çəkməyən erməni diasporunun təşəkkülü və formalaşma prosesi XIX əsrin əvvəllərindən başlamışdır. Diasporun formalaşmasına bir sıra amillərin mühüm təsiri olmuşdur. İlk növbədə kilsənin təsiri altında olan mühacir ermənilər məskunlaşdıqları ərazilərdə kilsə tikintisi, ticarət evlərinin inşası, mətbəə sahəsinin inkişafına xüsusi maraq göstərirdilər. Tədricən həmin yerlərdə mühüm infrastruktura malik iri erməni koloniyaları salınmaqda idi. Erməni koloniyaları öz mahiyyəti etibarilə antik yunan və müasir Qərb koloniyalarından tamamilə fərqlənirdi. Erməni koloniyaları heç bir zaman hərbi və ya siyasi güc mərkəzinə çevrilə bilmədiyi kimi, mədəni üstünlük də əldə edə bilmədi.

Erməni koloniyalarında əhalinin sayı mühacir ermənilərin kütləvi köçü nəticəsində sürətlə artırdı. Vaxtilə “Erməni vilayəti”ndə Gəlirlər və Dövlət Mülkiyyəti İdarəsinin sədri olmuş İ.Şopenin hesablamalarına görə, 1852-ci il üçün dünyanın müxtəlif yerlərində koloniyalarda yaşayan ermənilərin sayı 2 milyon nəfər təşkil etmişdir (2, s. 18). XX əsrin 50-60-cı illərində isə bu rəqəm 3-3,5 milyon nəfərə qədər atmışdır (3, s. 72-78). Nəticədə bir əsr müddətində diasporun dinamikasında 60 faizlik artım tempi qeydə alınmışdır. Müasir dövrdə dünyanın beş qitəsində 70-dən artıq ölkədə 5-6 milyon nəfərə yaxın təşkilatlanmış erməni diasporu fəaliyyət göstərir.

Erməni diasporunun təşkilatlanması və antitürk fəaliyyəti bütün regionlarda eyni vaxtda bərabər surətdə getməmişdir. Belə ki, XX əsrin əvvəllərində diasporun siyasi mərkəzini Suriya – Livan və Misir təşkil edirdisə, II Dünya müharibəsindən sonra mərkəz Parisə köçmüş, əsrin sonlarından etibarən ABŞ-ın Kaliforniya ştatı diasporun ağırlıq mərkəzinə çevrilmişdir.

XX əsrdə türk dünyası terrorçu erməni diaspor təşkilatlarının maliyyə dəstəyi ilə bir çox faciələrin hədəfinə çevrilmişdir. Əsrin əvvəllərində Azərbaycanda baş vermiş hadisələrə şahidlik etmiş M.B.Məmmədzadə, M.S.Ordubadi, M.M.Nəvvab və digərləri 1905-1907-ci illərdə daşnak quldur dəstələrinin əməllərinin arxasında terrorçu diaspor təşkilatları və onlara bu işdə havadarlıq edən böyük dövlətlərin dayandığını göstərirdilər. M.M.Nəvvab erməni millətçilərinin əvvəl Osmanlı dövlətində, sonra isə Rusiya şəhərlərində xüsusi qımdatxanalar (müasir erməni diaspor mərkəzləri nəzərdə tutulur-T.C.) yaratdığını və onlara ziyalılar, cavanlar, sənətkarlar və erməni icmasının başqa nümayəndələri cəlb olunduğunu yazırdı. Qımdatxanalarda Osmanlı və Azərbaycan türklərinə qarşı təbliğatda, təxribatda, sui-qəsddə, eləcə də silahlı toqquşmalarda istifadə etmək üçün hərbi sursat, çar məmur və zabitlərinin rüşvətlə ələ alınması məqsədilə varlı erməni təbəqələrindən pul toplanırdı . XX əsrdə Qərbi Azərbaycandan azərbaycanlıların tarixi etnik torpaqlarlarından deportasiyasının əsas təşəbbüskarları erməni kilsəsi, xaricdəki erməni terrorçu təşkilatları və onların havadarları oldu.

Qeyd edək ki, Anadoluda məqsədlərinə çata bilməyən ermənilər bu istəklərini Cənubi Qafqazda reallaşdırmağa cəhd etdilər. Nəticədə böyük güclərin dəstəyi ilə Cənubi Qafqazda türk torpaqlarında Ermənistan Respublikasını qurdular. Bununla da regionda sabitlik yaranacağı düşünülsə də, bu, belə olmadı. Daşnak Ermənistanı həm Azərbaycana, həm də Türkiyəyə əsassız ərazi iddiaları irəli sürərək, hərbi əməliyyatlara başladı. Hərbi əməliyyatların gedişində dinc türk müsəlman əhaliyə qarşı amansız qırğınlar törədildi.

Bəhs olunan dövrdə Türkiyə Qərbdən Antanta ölkələrinin hücumları, Şərqdən isə daşnak Ermənistanın əsassız iddiaları ilə üz-üzə qalmışdı. Antanta ölkələrinin qalib gəlməsi onların Cənubi Qafqaza yürüşünə, Azərbaycan neftinə yiyələnməsinə, oradan da bolşevik Rusiyasının üzərinə gedən yolun açılmasına gətirərdi. Belə bir zamanda, XX əsrin 20-ci illərinin əvvəllərində bolşevik Rusiyası və Türkiyə yaxınlaşdılar. Bu yaxınlaşma Cənubi Qafqazda yeni geosiyasi şərait yaratdı. Azərbaycan işğal edilərək sovetləşdirildi. Ermənistan, az sonra isə Gürcüstan da bolşevikləşdirildi.

Ermənistanda hakimiyyətə yiyələnən bolşeviklər mahiyyətinə görə daşnakların siyasətini davam etdirir, Türkiyəyə və Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürürdülər. Ərazi-sərhəd məsələləri rus-türk konfransının yekununda 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsində və bolşevik Rusiyasının vasitəçiliyi ilə Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında həmin il oktyabrın 13-də imzalanmış Qars müqaviləsində tənzimləndi. Lakin aralarındakı ideoloji fərqlərə baxmayaraq, xarici ölkələrdəki erməni təşkilatları və sovet Ermənistanı rəhbərləri daim həm Türkiyəyə və həm də Azərbaycana qarşı əsassız ərazi iddialarını davam etdirir, Türkiyədən ala bilmədiklərini Azərbaycan hesabına reallaşdırmağa çalışırdılar.

Ötən əsrin 20-ci illərinin əvvəllərində xarici ölkələrdəki erməni təşkilatları antitürk siyasətini davam etdirmiş, ümidlərini müttəfiqlər və Türkiyə arasında keçiriləcək Lozanna konfransına bağlamışdılar. 13 noyabr 1922-ci ildə başlanan konfransda xaricdəki erməni təşkilatları ilə yanaşı, Ermənistan SSR-dən gəlmiş nümayəndə heyəti də iştirak edirdi. Heyətin əsas istəyi bütöv və müstəqil Ermənistanın yaradılması və ən əsası, müharibə zamanı Osmanlıda ermənilərin “soyqırıma” məruz qaldığını dünya dövlətlərinin nəzərinə çatdırmaq idi. Erməni Milli Heyəti konfrans əsnasında bir sıra tələblərlə Lozanna konfransına qatılan müttəfiq dövlətlərin təmsilçilərinə məktubla müraciət etdi. Məktubda ermənilərin I Dünya müharibəsi zamanı müttəfiqlərinin yanında olduqlarını, bunun üçün istənilən köməyi göstərdiklərini və bunun nəticəsi olaraq Osmanlı imperiyasında yaşayan 2 milyon 250 min ermənidən 1 milyon 250 min nəfərin ölkədən xaricə köç etdiyi, yalnız 280 min nəfərin hələ də Türkiyə ərazisində yaşadığı və bunların da hər an köç etmək təhlükəsi olduğu iddia edilirdi. Başdan-başa cəfəng iddialarla dolu müraciət böyük dövlətlər tərəfindən isti qarşılanmadı. Nəticədə “Erməni məsələsi” Lozanna konfransında dəfn edildi.

Dünya erməni təşkilatları bu uğursuzluqdan məyus olsalar da ümidlərini itirmirdilər. Erməni təşkilatları saxta təbliğat yolu ilə bəzi xarici ölkələrdə ictimai rəyi özlərinə cəlb edə bilmişdilər. Bundan istifadə edərək ilk növbədə Türkiyə ərazisindən ermənilərin köçürülməsi və onlara sovet Azərbaycanında yeni bir “milli ocağ”ın yaradılması məsələsi gündəliyə gəlmişdi. SSRİ hökuməti xaricdə zəif və pərakəndə şəkildə fəaliyyət göstərən koloniyalarındakı ermənilərin gətirilərək Azərbaycan ərazilərinə yerləşdirilməsi ideyasını dəstəklədi. Nəticədə 1923-cü ildə Azərbaycan ərazisində süni yolla ikinci “erməni ocağı”nın – Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ilə iki xalq arasında gələcək milli münaqişə üçün zəmin hazırlandı.

Qeyd etmək lazımdır ki, Lozanna konfransından İkinci dünya müharibəsinin başlanmasına qədər olan dövrdə erməni diasporu onlara məxsus olan qəzet və jurnallarda, nəşr etdirdikləri kitablarda Türkiyə əleyhinə düşmənçilik təbliğatı aparsalar, əsassız ərazi iddiaları irəli sürsələr də uydurma soyqırımını gündəliyə gətirmirdilər. Bu da bir sıra amillərlə bağlı idi. Tarixçi M. Qasımlı bu barədə yazır: “Hər şeydən əvvəl, onların özləri uydurma soyqırımının olduğuna inanmırdılar. İkincisi, 20-30-cu illərdə Avropada və dünyada dövlətlər arasında qüvvələr nisbəti hələ tam aydın deyildi. Almaniyada nasional-sosialistlər hakimiyyətə gəldikdən sonra qitədə yaranmış qarışıq beynəlxalq şəraitdə dövlətlər yeni törənə biləcək müharibə tufanından özlərini qorumaq üçün yollar axtarırdılar. Nəhayət, Türkiyənin Qərb ölkələri ilə getdikcə yaxınlaşan münasibətləri və sovet-türk münasibətlərinin vəziyyəti ermənilərin bu yöndəki işlərinə təsir edirdi. Buna baxmayaraq, onlar fəaliyyətlərini dayandırmamışdılar”.

II Dünya müharibəsinin başlanması xaricdəki erməni dairələrində yeni ümidlər yaratdı. Diaspor qurumları Ermənistan SSR rəhbərliyi ilə eyni mövqedən çıxış etsələr də başlıca hədəf Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmək idi. Azərbaycan tərəfi isə bu iddiaları tamamilə rədd edirdi.

Xaricdəki erməni təşkilatları SSRİ-Türkiyə münasibətlərinin pozulduğundan istifadə edərək, Türkiyəyə qarşı əsassız ərazi iddiaları irəli sürdülər. Siyasi meydanda tək qalmış Türkiyə bütün təzyiqlərə baxmayaraq, sovet hökumətinin iddialarını rədd etdi. Belə olduqda SSRİ rəhbərliyi xarici ölkələrdən ermənilərin Ermənistana gətirilməsi məsələsini reallaşdırmağa başladı. Erməni diaspor təşkilatları bu dəfə də öz məqsədlərinə çatmaq üçün əlverişli imkan əldə etdilər. Belə ki, Ermənistan rəhbərliyi bu dəfə də diasporun müəyyən etdiyi siyasi xətdən çıxış edərək respublikadakı azərbaycanlıları sıxışdıraraq deportasiya etmək, Ermənistanı erməniləşdirmək, Azərbaycan və Türkiyə torpaqları hesabına ərazilərini genişləndirmək və tarixdə heç bir zaman mövcud olmayan “Böyük Ermənistan” yaratmaq üçün bir addım atmaq niyyətlərini reallaşdırmağa çalışırdı.

Xaricdə yaşayan ermənilərin Ermənistana gətirilməsi üçün SSRİ rəhbərliyi yeni qərar qəbul etdi. Lakin gəlmələrin Ermənistanda yerləşdirilməsi üçün şərait yox idi. Vəziyyəti düzgün qiymətləndirən professor M. Qasımlı yazır: “Ona görə də Ermənistanda tarixi torpaqlarda yaşayan azərbaycanlılar deportasiya edildilər. Özləri ilə Cənubi Qafqaza milli nifaq və düşmənçilik hissləri gətirən ermənilər azərbaycanlıların hər cür şəraiti olan evlərinə və təsərrüfatlarına yerləşdirildilər. Gələnlərdən Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşdirilənlər də oldu. Lakin erməni iddiaları yenə də dayanmadı. 40-cı illərin ikinci yarısında Azərbaycandan bəzi torpaqlar qopardılaraq Ermənistana verildi”. Göründüyü kimi, böyük dövlətlər bu kimi addımlarla SSRİ dövlətinin əsaslarından olan “xalqlar dostluğu”na sarsıdıcı zərbələr vurmuş oldular.

(ardı var)

Taleh CƏFƏROV,
ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi
və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi,
tarix üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında