Azərbaycan könüllüləri ölkəmizin inkişafında mühüm rol oynayırlar

Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizin güclü bir dövlətə çevrilməsində, insanların rifahının getdikcə yaxşılaşmasında könüllülər də mühüm rol oynayırlar. Xüsusilə son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında daha çox diqqət çəkir.

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial bir fəaliyyət istiqaməti hesab olunur. Yer üzündə yaşayan hər bir xalqın nəhəng və özünəməxsus könüllülük adət-ənənələri var. Eləcə də Azərbaycanda könüllülüyün qədim kökləri xalqımızın adət-ənənələrinin qorunmasına və milli-mənəvi dəyərlərimizin yeni nəsillərə çatdırılmasına əsaslanır.

XX əsrin ikinci yarısından etibarən könüllülük hərəkatı beynəlxaq səviyyədə sistemli şəkildə inkişaf etməyə başlayıb. Başqa sözlə, könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, BMT könüllüləri tərəfindən koordinasiya olunmağa başlayıb və beləliklə, könüllülük dünyada kütləvi bir sosial fəaliyyətə çevrilib.

Müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz ümummilli liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin idarəçiliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorlar, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanıldı. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verildi.

Beləliklə, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə güclü könüllü komandası yaradıldı və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verildi.

XXI əsrin əvvəllərindən ölkəmizin yüksək neft gəlirləri ilə müşayiət olunan yeni bir dövrü başladı. Bu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac vardı və əlbəttə, bu sahədə könüllülüyün mühüm önəm daşıması danılmaz idi.

Beləliklə, Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi “Könüllü fəaliyyət haqqında” Qanun təşkil etdi. 10 maddədən ibarət bu geniş və əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı.

Son illərdə ölkəmizin ev sahibliyi etdiyi “Eurovision -- 2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, “Formula -1” və digər mötəbər və irimiqyaslı tədbirlərə on minlərlə könüllü cəlb olundu. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü bazası formalaşdı. Qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz Mehriban xanımın əzmkar fəaliyyəti nəticəsində yuxarıda qeyd edilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyəti yüksək və professional səviyyədə təşkil edildi.

Milli-mədəni dəyərlərimizin düzgün siyasətlə idarə olunduğu bir dövrdə qarşıda duran vəzifələrin reallaşması üçün hökumət, özəl sektor, vətəndaş cəmiyyəti və sadə vətəndaşlar arasında geniş və çoxtərəfli dialoqa ehtiyac var. Eyni zamanda, könüllülərin fəaliyyətindən ölkə və dövlət üçün maksimum faydalanmaq məqsədilə bir sıra əlavə tədbirlərin görülməsi də zəruridir. Bunlardan birincisi könüllülük haqqında qanunvericiliyin təkmilləşdirilməsidir. Belə ki, könüllülük fəaliyyətini davamlı inkişaf və yeniləşən Azərbaycan kontekstinə uyğun formalaşdırmaq üçün “Könüllü fəaliyyət haqqında” Qanuna yeni maddələrin əlavə edilməsi məqsədəuyğundur.

Könüllülük fəaliyyətinin inkişafını təmin edə biləcək ikinci addım isə müvafiq dövlət proqramının qəbul olunmasıdır. Bu proqram davamlı inkişaf məqsədləri kontekstində Azərbaycanda könüllülük fəaliyyətinin inkişafına töhfə verə biləcək bir neçə məsələnin həlli üçün faydalı olardı. Belə məsələlər sırasında könüllülüyün regionlarda da inkişafının diqqət mərkəzində saxlanılması və bununla bağlı yerlərdə vətəndaşların təcrübəsindən yararlanılması, sözügedən sahəyə bütün yaş qruplarının nümayəndələrinin cəlb edilməsi ilə Azərbaycanda könüllülüyün sadəcə gənclərin fəaliyyəti kimi sayılması stereotipinin qırılması, bu hərəkatın davamlı inkişafına vətəndaş cəmiyyətinin, özəl sektorun cəlb olunması mexanizminin işlənilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanda könüllülüyün inkişafına töhfə verəcək növbəti mühüm addım isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində təqaüdçülərlə bağlı könüllülük mərkəzlərinin yaradılmasıdır. Belə mərkəzlərin fəaliyyəti çərçivəsində təcrübəli, böyük həyat yolu keçən ahıl insanlar könüllü olaraq öz sahələrinə uyğun töhfələr verə bilərlər.

Sonda onu da qeyd etmək istərdim ki, bu gün könüllülük hərəkatının dinamik inkişafını reallaşdırmaq üçün beynəlxalq könüllü təcrübəsinin ölkəmizdə tətbiqi və Azərbaycan könüllülərinin beynəlxalq miqyasa çıxarlıması qarşıda mühüm vəzifə kimi durur. Buna nail olmaq üçün Gənclər və İdman Nazirliyi BMT Könüllüləri Proqramı ilə yaxından əməkdaşlığa önəm verir. May ayında Azərbaycana səfəri zamanı yerli kütləvi informasiya vəsitələrinə müsahibə verən BMT Könüllüləri Proqramının icraçı koordinatorunun müavini Toili Kurbanov Azərbaycanda inkişaf edən könüllü hərəkatını xüsusi vurğulayıb və respublikamızın bu sahədə təcrübəsinin digər ölkələrdə yayılmasının vacibliyini xatırladıb. Eyni zamanda, səfər çərçivəsində Gənclər və İdman Nazirliyi və BMT Könüllüləri Proqramı arasında “Azərbaycanda könüllülük fəaliyyətinin gələcək inkişafı” adlanan niyyət məktubu imzalanıb. Bu və yuxarıda qeyd edilən digər pozitiv faktları nəzərə alaraq əminliklə söyləmək olar ki, yaxın gələcəkdə Azərbaycanda könüllülük hərəkatı yeni bir inkişaf mərhələsinə qədəm qoyacaqdır.

Məzahir ƏFƏNDİYEV,
BMT İnkişaf Proqramının layihə rəhbəri,
Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlılar Assosiasiyasının sədri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında