Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbir keçirdi

Separatizm istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi olan fəaliyyətdir. Bu mənfi proses dövlətlərin inkişafına, ərazilərinin kiçilməsinə və eyni zamanda, ölkə iqtisadiyyatının zəifləməsinə səbəb olur. Separatizmi qidalandıran etnoslararası münaqişələr bəzi hallarda hərbi-siyasi münaqişələrə, hətta dinc əhali üçün faciəvi nəticələrə səbəb olan dövlətlərarası müharibələrə çevrilir. Uzun illərdir erməni separatizminin hədəfinə çevrilmiş Azərbaycan da bu bəlanın beynəlxalq təhlükəsizliyə böyük təhdid olduğunu bildirir və hamını xalqların birgə dinc yaşamalarına mane olan separatizmin qarşısının alınmasına çağırır.

Noyabrın 20-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə
Belçikanın paytaxtı Brüsseldə
“Separatizm beynəlxalq sülhə
və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilən Beynəlxalq Forumda dünyanı narahat edən bir sıra vacib məsələlər müzakirə edilmiş və mühüm problemlərin müzakirəsinə müsbət təsir göstərəcək fikir mübadiləsi aparılmışdır. Forumun işində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları, Avropa Parlamentinin, habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan bir sıra ölkələrin sabiq prezidentləri, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak etmişdir. Forumun ilk panelində “Yeni dünya düzənində separatizm dalğası: Problemi necə həll etməli? Separatizmə məruz qalmış ölkələrin təcrübəsi” adlanan mövzu ətrafında müzakirələr aparılmışdır. Panelin moderatoru, Beynəlxalq və Avropa məsələləri üzrə İrlandiya İnstitutunun nümayəndəsi, Ukraynada rezident əlaqələndiricisi, səfir Fransis Martin O’donel separatizmin müasir dünyanın ən aktual problemlərindən biri olduğunu vurğulayaraq, bir çox ölkələrin bu problemdən əziyyət çəkdiyini qeyd etmişdir. F.O’donel Azərbaycanın da separatizmdən əziyyət çəkən ölkələrdən biri olduğunu diqqətə çatdırmışdır.

Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında forumun müasir dünyanı narahat edən çox aktual bir mövzuya həsr olunduğunu vurğulamış və tədbirdə beynəlxalq terrorizm və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılmasının mühüm əhəmiyyət daşıdığını demişdir. Ə.Həsənov panel iştirakçılarının nəzərinə çatdırmışdır ki, siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırılmasındakı çətinliklər hamını narahat edir. Onun sözlərinə görə, bu təhdidlərin içərisində etnik separatizm və onun mənfi təzahürləri xüsusi yer tutur. Müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsinin regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biri olduğunu diqqətə çatdıran Prezidentin köməkçisi bildirmişdir ki, hazırda dünyada 220 milyon nəfərdən çox insanı və 12,7 milyon kvadratkilometr ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur.

Məlum olduğu kimi, SSRİ-nin dağılması nəticəsində müstəqilliyini bərpa etməsindən sonra Azərbaycan və digər postsovet ölkələri separatizm və etnik təmizləmə siyasətilə üzləşmişdir. Bu gün separatizmin nəticəsidir ki, hazırda Ermənistan, demək olar ki, monoetnik bir respublikaya çevrilmişdir. Məlumdur ki, etnik təmizləmə siyasətini həyata keçirən ermənilər ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda terrorçuluq dalğasını genişləndirmiş, soyqırımı siyasətinin növbəti mərhələsinə rəvac vermişdilər. Bu bir həqiqətdir ki, hazırkı şəraitdə Ermənistan regionun geosiyasi mənzərəsində separatizmi stimullaşdıran dövlətdir. Siyasi müşahidəçilər bildirirlər ki, Ermənistanın separatizm siyasəti bütün Qafqazda sabitliyi təhlükə altına almışdır və Azərbaycan bu təhlükə barədə çoxdandır beynəlxalq ictimaiyyəti xəbərdar edir. Ə.Həsənov çıxışında keçmiş SSRİ məkanında etnik separatizm meyillərinin yeni dalğasının meydana gəldiyini xatırlatmış və əlavə etmişdir ki, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrilmişdir. Prezident köməkçisi bu münaqişələrin beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxardığını diqqətə çatdırmışdır.

Ə.Həsənov beynəlxalq təşkilatların etnik separatizmə qarşı mübarizə aparmalarının vacibliyinə də toxunmuşdur. Onun sözlərinə görə, əks halda, etnik separatizm mənfi tendensiya kimi dünya ərazisinin böyük bir qismini millətlərarası münaqişələr meydanına çevirə bilər. Heç kimə sirr deyil ki, Dağlıq Qarabağ kimi problemin həll olunmaması digər separatizm meyillərinin də baş qaldırmasına şərait yaradan amillərdən biridir. Məsələn, İspaniyada baş verən son Kataloniya hadisələri bir daha göstərdi ki, etnik separatizm nəinki konkret dövlətin ərazi bütövlüyünə təhlükədir, hətta Avropa kontinentinin gələcəyinə böyük təhdiddir. Buna görə də rəsmi Bakı dəfələrlə bildirmişdir ki, etnik separatizm beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır və bəşəriyyət bu dağıdıcı prosesə qarşı birləşməlidir. Lakin uzun illərdir Azərbaycan beynəlxalq təşkilatların erməni separatizminə olan susqunluğunu müşahidə edir və bir çox hallarda ikili standartların hədəfinə çevrilir. Hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasətinin etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına əngəl törətdiyinin təəssüf doğurduğunu deyən Əli Həsənov bildirmişdir ki, bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Prezident köməkçisinin sözlərinə görə, bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinin və prinsipiallığının üzərinə kölgə salır. Ə.Həsənov həmin qurumların ikili standartlar mövqeyindən əl çəkməli və etnik münaqişələrin beynəlxalq hüququn normaları çərçivəsində həlli üçün səylərini artırmalı olduqlarını diqqətə çatdırmışdır.

Bu gün beynəlxalq arenada müşahidə edilən bir sıra proseslər bəşəriyyətin gələcəyi üçün narahatlıq keçirməyə ciddi əsaslar verir. Xüsusilə də dini-irqi və milli dözümsüzlük kimi baş qaldıran proseslər milyonlarla insanın həyatına ağır zərbələr endirir. Hazırda dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi halların insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur etdiyini vurğulayan Ə.Həsənov əlavə etmişdir ki, bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalmış Azərbaycan daha yaxından anlayır. Prezidentin köməkçisi xatırlatmışdır ki, hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlət müstəqilliyini elan etdiyi dövrdə erməni separatizmi ilə üz-üzə qaldı: “Keçmiş SSRİ dövründə ermənilərin Azərbaycana qarşı separatçı hərəkətləri fəal fazadan nisbətən közərən münaqişə fazasına keçdi. Lakin SSRİ-nin süqutundan sonra Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək etnik separatizm və işğalçılıq siyasəti aparmağa başladı”. Ermənistan silahlı qüvvələrinin 1992-ci ilin fevral ayında Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı soyqırımı törətdiyini vurğulayan Ə.Həsənov ermənilərin etnik separatizm və ərazi iddiaları əsasında meydana gəlmiş Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20 faiz ərazisinin işğal olunduğunu xatırlatmışdır. Ə.Həsənov tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, erməni separatçılarının Ermənistanın dəstəyi ilə Azərbaycanın ərazisində yaratdığı qondarma “Dağlıq Qarabağ” rejiminin fəaliyyəti beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması deməkdir: “Təəssüf ki, bu məsələyə münasibətdə BMT başda olmaqla, beynəlxalq hüququn prinsiplərini təmin etmək missiyasını yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri seyrçi mövqe tutmaqda davam edir”, - deyə Əli Həsənov vurğulamışdır.

Azərbaycanın milli təhlükəsizlik siyasətinin əsasını bütün ölkələrlə dinc yanaşı yaşama, digər dövlətlərin suverenliyinə və müstəqilliyinə hörmət və onların daxili işlərinə qarışmama, mövcud dövlət sərhədlərinin bütövlüyü və onların dəyişməzliyi, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi, hərbi quruculuqda konkret qüvvələr nisbətini nəzərə almaqla zəruri müdafiə kifayətliliyi məfhumunun dəstəklənməsi təşkil edir. Rəsmi Bakı xarici və daxili siyasətində bu amillərə həmişə xüsusi diqqət vermişdir. Prezidentin köməkçisi çıxışında demişdir ki, bir dövlətin beynəlxalq hüququn normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini dəfələrlə bəyan etmişdir. Bununla bağlı Ə.Həsənov demişdir ki, Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, qəti şəkildə praktik addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır: “Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək ki, bu da dünya nizamı üçün böyük təhdid deməkdir”.

Əli Həsənov çıxışında Azərbaycanın Avropa qurumları ilə münasibətlərindən də danışmışdır. O vurğulamışdır ki, Azərbaycan 1993-cü ildən etibarən Avropa İttifaqı ilə münasibətlərdə maraqlı olmuşdur və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır. “Qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu prosesində Azərbaycanın gördüyü işlər Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilmişdir. Prezident köməkçisi xüsusilə vurğulamışdır ki, Azərbaycanın Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsinin regional təhlükəsizliyi ilə bağlı maraqları Avropa İttifaqının geosiyasi maraqları ilə üst-üstə düşür və bu qurumu təmsil edən böyük transmilli korporasiyalar bölgədə həyata keçirilən transmilli layihələrdə yaxından iştirak edirlər. Ə.Həsənov Azərbaycanın enerji-nəqliyyat siyasətinin uğurlarından da danışmışdır. O bildirmişdir ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycan ilə Avropa İttifaqı arasındakı strateji tərəfdaşlığın sayəsində mümkün olmuş və  Azərbaycanın Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində apardığı siyasət, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərin müasir tələblərə uyğun yenidən qurulması Avropa İttifaqı tərəfindən dəstəklənır.

Ə.Həsənov Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların aparıldığını da xatırlatmışdır. “Əminik ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaqdır”, -deyən Prezidentin köməkçisi həmçinin təəssüfləndiyini də bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlər Azərbaycanın Avropa İttifaqı ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə maneçilik törədir. Münaqişə ilə bağlı BMT-nin, o cümlədən Avropa İttifaqının müvafiq qətnamələrinin tələblərinə baxmayaq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdiyini deyən Ə.Həsənov əlavə etmişdir ki, Avropa İttifaqının işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm amillərdən biri ola bilər.

Beləliklə, Brüsseldə beynəlxalq əhəmiyyətli forumun keçirilməsi Azərbaycan həqiqətlərinin tanıdılması baxımından vacibdir. Tədbirə qatılan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko, Bosniya və Herseqovinanın keçmiş Baş naziri Hasan Muratoviç, İsrailin sabiq Prezidenti Dalia İtsik, Moldovanın sabiq Baş naziri Dumitru Braghis, ATƏT-in İnsan Hüquqları və Demokratiya Komitəsinin sabiq sədri Cesus Lopez-Medel və digər tanınmış ictimai-siyasi xadimlər separatizmin dünya ölkələrinə vurduğu ziyandan danışmış və separatizmin qarşısını almaq üçün effektiv həll yollarının tapılmasının vacib olduğunu diqqətə çatdırmışlar. Forum çərçivəsində, həmçinin “Anti-Separatizm Hərəkatı” Beynəlxalq İctimai Təşkilatının təsis konfransının 2018-ci ilin birinci yarısında hərəkatın yaradılması ideyasını dəstəkləyən ölkələrdən birində keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bəyanatın sonunda isə dünya liderlərinə, beynəlxalq ictimaiyyətə, siyasi partiyalara, ekspertlərə, ictimai təşkilatlara, kütləvi informasiya vasitələrinə müraciət edilərək məramı yalnız sülhə, birgəyaşayışa, millətlərarası etimada, mədəniyyətlərarası dialoqa töhfə vermək olan “Antiseparatizm Hərəkatı”nı dəstəkləməyə çağırış ifadə olunmuşdur. Bir sözlə, belə bir tədbirin keçirilməsinin ümumbəşəri problemlərin birgə həllinin tapılmasında maraqlı olan Azərbaycanın milli maraqlarının təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyi şübhəsizdir.

Səbuhi MƏMMƏDOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında