Azərbaycan elə xoşbəxt ölkədir ki, onun çətin, ağır sınaqlarla üzləşdiyi vaxtlarda tarixi şəxsiyyətlər meydana çıxır və xalqı öz ardınca aparır. XX əsrin doxsanıncı illərinin əvvəllərində, çox gərgin bir zamanda ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası (YAP) yarandı və şərəfli bir yol keçərək bir-birindən əhəmiyyətli uğurlara imza atdı. Partiya Azərbaycan dövlətçiliyinin qorunmasında, sabitliyin və demokratik dəyərlərin bərqərar edilməsində mühüm rol oynadı.
Ötən 25 ildə ictimai həyatın bütün sahələrində ciddi tarixi nailiyyətlər əldə edilib. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin müasirləşməsi, daha da inkişaf etməsi üçün partiya üzvləri xüsusi fəallıq göstərirlər. Artıq YAP üzvlərinin sayı yeddi yüz mini ötüb. Bu, bir milyona yaxın insanın ulu öndər Heydər Əliyevin və dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi kursuna sədaqətinin göstəricisidir.
Partiyanın məramnaməsində Azərbaycanın ərazi bütövlüyü, ölkənin iqtisadi cəhətdən daha güclü olması, gənc nəslin cəmiyyətin qurucuları kimi yetişməsi prioritetdir. Bununla bağlı YAP-ın sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyev deyib: “Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. Əminəm ki, növbəti illərdə də partiyamız liderlik qabiliyyətini özündə saxlayacaqdır. Bu partiya Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir”.
YAP-ın sıralarında yaşından, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, təmsil olunan qadınlarımız da kifayət qədərdir. Onlar xalqımızın həyatında baş verən bütün taleyüklü məsələlərdə yaxından iştirak edirlər. Buna ən gözəl nümunə ulu öndərin adını daşıyan fondun yaradıcısı, respublikanın Birinci vitse-prezidenti, YAP sədrinin müavini Mehriban xanım Əliyevadır. Onun rəhbərliyi ilə reallaşan layihələr sayəsində Azərbaycan qadın hərəkatının tarixində yeni mərhələ açılıb. İstər şəxsi həyatı, istərsə də ictimai fəaliyyəti ilə hamıya örnək olan Mehriban xanım milli-mənəvi dəyərlərimizin, xalqımızın xeyriyyəçilik ənənələrinin qoruyucusu kimi cəmiyyətdə böyük nüfuz qazanıb. Gərgin iş fəaliyyətinə baxmayaraq, həyatımızın bütün sferalarına, o cümlədən təhsil, səhiyyə, mədəniyyət, ekologiya, idman sahələrinə böyük qayğı göstərir, qadınların ictimai həyatda fəal iştirakını yaxından dəstəkləyir, həmçinin ailələrin, ana və uşaqların problemlərinə xüsusi diqqətlə yanaşır.
Yeri gəlmişkən, burada mühüm bir məqama da toxunmaq istərdim. 1995-ci ildə ümummilli liderimizin tövsiyəsi ilə YAP-ın tərkibində qadın şuralarının yaradılması ölkədə qadınların fəallığının daha da artmasına təkan verdi. Fərəhli haldır ki, hazırda YAP üzvlərinin böyük bir hissəsini qadınlar təşkil edir. Ayrı-ayrı peşə sahibi olmalarına baxmayaraq bu insanları birləşdirən onların dönməz əqidələri, Vətənə, xalqa sevgiləridir. Nurlana Əliyevanın rəhbərlik etdiyi YAP Qadınlar Şurasında xalqımızın görkəmli qadınları təmsil olunurlar. Xatırladım ki, bizim Qadınlar Şurası ilə sıx əməkdaşlığımız var. Şuranın üzvləri seçki kampaniyalarında qadınların fəallığının artmasına, qadın iştirakçılığının yüksədilməsi istiqamətində maarifləndirmə işlərinin aparılmasına, cəmiyyəti narahat edən sosial və ictimai xarakterli tədbirlərin təşkilinə mühüm önəm verirlər.
Digər partiya və təşkilatlardan fərqli olaraq, YAP müxtəlif beynəlxalq qurumlarla daha sıx əməkdaşlıq edir. Aparıcı siyasi partiyaların Azərbaycanda keçirdiyi toplantılar bu əməkdaşlığın bariz nümunəsidir. Mən, yeri gəlmişkən, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Qadın Təşkilatı ilə olan dostluq münasibətlərini qeyd etmək istərdim. 2015-ci ildə keçirilmiş III toplantıda gender bərabərliyi, qadınların imkanlarının genişləndirməsi istiqamətlərində həyata keçirilən siyasət və qarşıda duran vəzifələr barədə ətraflı məruzə edilmiş və çoxtərəfli əməkdaşlıq çərçivəsində gələcək planlar müzakirə olunmuşdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi YAP ilə birgə ailə, qadın və uşaq məsələlərinə dair müxtəlif tədbirlər həyata keçirir. Məsələn, “Qadın və idarəetmə” mövzusunda “dəyirmi masa” buna misal ola bilər. Onu da qeyd edim ki, son illərdə ölkəmizdə qadın hüquqlarının müdafiəsi, milli qadın hərəkatının formalaşması və genişlənərək institutlaşması üçün mühüm işlər görülmüşdür. Bununla bərabər, qadınların idarəetmədə fəaliyyətinin genişləndirilməsi, yerlərdə qadın lobbiçiliyinin yaradılması, onların seçkili orqanlarda daha fəal iştirakı istiqamətində məsələlər daim müzakirə edilmiş, bununla bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Komitə qarşısında duran mühüm məsələlərdən biri də bölgələrdə yaşayan qadınların iqtisadi – sosial həyatda fəal iştirakının təmin olunması, onların bu sahədə bilik və təcrübələrinin artırılmasıdır. Hazırda bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə “Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirilir.
Qadınların sahibkarlıq sahəsində səmərəli fəaliyyəti də diqqət mərkəzində saxlanılır. Komitə indiyədək bir neçə dəfə YAP-la birgə “Kənd və rayon yerlərində yaşayan qadınların sahibkarlıq fəaliyyətinin inkişafı” mövzusunda tədbir keçirmişdir. Tədbirdə əldə olunan nailiyyətlərlə yanaşı, problemlər, gələcək perspektivlər müzakirə edilmişdir.
Dövlətin əsas prioritetlərindən biri də qadınların öz hüquqlarını bilmələridir. Lakin, etiraf edək ki, bəzi hallarda qadınlarımızın məlumatsızlığı müəyyən çətinliklər yaradır. Buna görə də, ilk növbədə, qadınlar arasında maarifləndirmə işləri, xüsusilə də onların ictimai həyatda aktiv iştirakı üçün təbliğat gücləndirilməlidir. Bu baxımdan komitənin YAP-la birgə “Bələdiyyələrdə qadınlar: problemlər və perspektivlər” mövzusunda keçirdiyi tədbirin əhəmiyyəti xüsusi vurğulanmalıdır.
Başqa bir mühüm məsələ barədə də fikrimi bildirmək istərdim. Ailə büdcəsinin düzgün formalaşdırılması vacib məsələdir. Lakin bəzən bu məsələyə laqeyd yanaşılması ailələrin dağılmasına gətirib çıxarır. Buna görə qadınların mövcud sahədə biliklərinin artırılması zəruridir. Çünki maliyyə əməliyyatlarının aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planların qurulması sahəsində qadınlarımızın maariflənməsi mühüm əhəmiyyət kəsb edir.
Digər bir məqam da kiçik və orta biznes fəaliyyətinə başlayan qadınlara resuslardan, xüsusilə banklardan ayrılan biznes kreditinin səmərəli şəkildə reallaşdırılması qaydalarının öyrədilməsidir. Bununla əlaqədar olaraq, komitə YAP-la birgə “Maliyyə savadlılığı” mövzusunda “dəyirmi masa” təşkil etmişdir. “Dəyirmi masa”da regionlarda yaradılmış Qadın Resurs mərkəzləri tərəfindən digər məsələlərlə yanaşı, maliyyə əməliyyatlarının aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planların qurulması, yazılması sahəsində keçirilən təlimlərdə qadınlarımızın iştirakı diqqət mərkəzində saxlanılmışdır.
Eyni zamanda, erkən nikah hallarının və uşaq əməyinin istismarının qarşısının alınması və bu sahədə maarifləndirmənin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Valideyn himayəsindən məhrum uşaqların internat və uşaq evlərini tərk etdikdən sonra onların məşğulluğunun, eləcə də müxtəlif peşələrin öyrədilməsi təmin olunmuş və bu sahədə işlər hazırda da xüsusi nəzarətdə saxlanılır. Bunlarla yanaşı, son illərdə uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi sahəsində də mühüm tədbirlər görülmüş, bilik yarışları, olimpiadalar keçirilmiş, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum, cəbhəyanı bölgələrimizdə yaşayan uşaqlar üçün düşərgələr təşkil olunmuşdur.
Azərbaycanın sosial-iqtisadi sahələrdə dinamik inkişafı, regionda artan nüfuzu bizə daha böyük ruh yüksəkliyi və enerji verir, insanları daha fəal və təşəbbüskar olmağa, peşəkarlıq səviyyəsini artırmağa, layiqli vətəndaşlar yetirməyə səsləyir. İnanırıq ki, xalqımızı xoş gələcəyə aparan bu siyasət bundan sonra da uğurla davam etdiriləcək. Bu yolda yorulmadan çalışmaq hər birimizin vətəndaşlıq borcudur. Bu, elə bir yoldur ki, onun konturları ümummilli liderimiz Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası tərəfindən müəyyən edilmişdir. Biz hər zaman bu siyasətə sadiq qalmalı, Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsi üçün bütün səylərimizi birləşdirməliyik.
Hicran HÜSEYNOVA,
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri,
siyasi elmlər doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.