Cəza siyasətinin humanistləşdirilməsi üçün “strateji yol xəritəsi”

Hər bir insanın azadlığı onun çox mühüm fundamental hüquqlarından hesab olunur. Azərbaycan dövləti ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində köklü surətdə tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də məhkumların əfvi, cəzalarının yüngülləşdirilməsi kimi humanist addımlardır. Bu, həm dövlətin humanizmini, vətəndaşlarına ayırdığı diqqəti, həm də insanların azad yaşamaq hüququnu ortaya qoyan amildir. Yəni, cinayət törətmiş şəxslərin barəsində qanunla nəzərdə tutulan məhrumiyyətlərin tətbiqinin labüdlüyü ilə yanaşı,  həmin şəxslərin şərəf və ləyaqətinin, digər hüquqlarının, onların cəmiyyətin bir parçası olmaqdan tamamilə məhrum edilmələrindən qorunması da dövlətin başlıca vəzifələrindən biri hesab edilir.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı keyfiyyətcə yeni mərhələdə məhkəmə-hüquq islahatlarının səmərəliliyinin daha da yüksəldilməsinə xidmət edir. Möhtərəm Prezidentimizin humanizmin təntənəsinə xidmət edən bu sərəncamı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi ədliyyə və məhkəmə-hüquq islahatlarının keyfiyyətcə yeni mərhələdə uğurlu davamı kimi cəmiyyətdə yüksək qiymətləndirilir.

İnsan hüquq və azadlıqlarının əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətin əyani təcəssümü olaraq Azərbaycanda məhkumların əfv edilməsi - bağışlanması da təqdirəlayiq ənənəyə çevrilmişdir. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addımdır.  1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmışdır.  Bu fərmanlar 3104 məhkuma şamil edilmişdir. 

Müdrik dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda amnistiya aktlarının qəbulu da mütərəqqi ənənəyə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə 8 amnistiya haqqında qanun qəbul etmiş və bu amnistiya aktları ümumilikdə 77 mindən çox məhkuma şamil olunmuşdur. 

Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu humanist və insanpərvər siyasəti bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev son 14 ildə əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin etmişdir.

Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidməti xalqımız və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Mehriban xanım amnistiya aktlarının qəbul olunması ilə bağlı indiyədək 4 dəfə Milli Məclisə müraciət etmiş, minlərlə ailənin, vətəndaşımızın sevincinə səbəb olan amnistiya aktlarının qəbulunun və icra edilməsinin təşəbbüskarı olmuşdur.  Birinci xanımın xeyirxah təşəbbüsü ilə 2007-ci il mayın 8-də qəbul olunmuş qərarla 9877, 2009-cu il 17 mart tarixli qərarla 9564, 2013-cü il mayın 20-də ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə 10 min, 2016-cı il mayın 20-də 28 May - Respublika Günü münasibətilə 10 min məhkum barəsində amnistiya aktı tətbiq olunmuşdur. 

Qazanılan nailiyyətlər penitensiar sistemin müasirləşdirilməsini, cəzanın adekvatlığının və humanistliyinin təmin edilməsi məsələlərini də ön plana çəkmişdir. Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı ötən illərdən davam etdirilən islahatların keyfiyyətcə yeni mərhələdə uğurlu davamını təmin etmək məqsədi ilə imzalanmışdır. Sərəncamın preambula hissəsində qeyd olunduğu kimi, “. . . Dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin, habelə bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir”.

Sərəncamın qayəsində yer alan strateji məqsəd də məhz cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılmasıdır. Sərəncam, eyni zamanda, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsinə xidmət edir. Bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün bir növ “strateji yol xəritəsi” rolunu oynayan sərəncam penitensiar sahənin inkişafı və cəza siyasətinin humanistləşdirilməsi baxımından bir sıra vəzifələri önə çəkir.  Sərəncamla penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin təmin olunması, müasir texnoloji vasitələrin tətbiqi və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sistemində Probasiya xidməti yaradılması nəzərdə tutulmuşdur. Yeni xidmətin yaradılmasında məqsəd cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına səmərəli nəzarətin təşkili və bu sahədə idarəetmənin təkmilləşdirilməsidir.

Təhlillər göstərir ki, məhkəmələrin cəza siyasətində azadlıqdan məhrumetməyə, habelə həbs qətimkan tədbirinin seçilməsinə üstünlük verilməsi penitensiar müəssisələrdə saxlanılan məhkumların və təqsirləndirilən şəxslərin sayının çoxalmasına və həmin müəssisələrin yüklənməsinə, ən əsası isə insanların azadlıq hüququnun lüzumsuz məhdudlaşdırılmasına səbəb olub.

Məlum olduğu kimi, bir neçə il əvvəl həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsi Ali Məhkəmə tərəfindən ümumiləşdirilərək, Plenumun müzakirəsinə çıxarılıb və geniş əhatəli qərar qəbul edilib. Həmçinin məhkəmələrə bu məsələyə həssaslıqla yanaşılması, o cümlədən İnsan Hüquqları üzrə Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedentlərinin, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həbsə alternativ qətimkan tədbirlərinin geniş tətbiqi tövsiyə edilib.

Lakin məhkəmə təcrübəsinin təhlili bu sahədə pozuntuların tam aradan qaldırılmadığını, habelə cəza siyasətinin dövlətimizin başçısının humanizm prinsipləri ilə uzlaşmadığını göstərib. Bununla əlaqədar sərəncamda verilmiş tövsiyələrin icrası məqsədilə hazırda Ali Məhkəmə tərəfindən bu sahədə məhkəmə təcrübəsi və bütövlükdə, cəza siyasəti təhlil olunaraq ümumiləşdirilir və nəticələrin geniş müzakirəsi nəzərdə tutulur.

Cənab Prezidentin humanizm dəyərlərindən irəli gələn tapşırıqlarından biri də cinayət qanunvericiliyinin yenidən nəzərdən keçirilməklə cəza siyasətinin humanistləşdirilməsi məqsədilə yeni qanun layihələrinin hazırlanmasıdır.

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, o cümlədən, Cinayət Məcəlləsinə 20 oktyabr 2017-ci il tarixli Qanunla edilən dəyişikliklər möhtərəm cənab Prezidentimizin adıçəkilən sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi mərhələlərindən biridir.

Bu sərəncamı proqram xarakterli bir sənəddir. Orada həm icra orqanlarının həyata keçirməli olduqları vəzifələrə dair tapşırıqlar verilmiş, həm də qanunvericilik və məhkəmə hakimiyyətini həyata keçirən orqanlara tövsiyə olunmuşdur ki, sərəncamdan irəli gələn məqsədlərə nail olunması üçün zəruri tədbirlər görsünlər.

Sərəncamın dərc olunmasından sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Ali Məhkəməsi, Baş Prokurorluğu və DİN-nin əməkdaşlarından ibarət işçi qrupu yaradılmış və Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktlarına dəyişikliklər edilməsi üçün təkliflər işlənib hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim olunmuşdur.

Cinayət Məcəlləsinə edilən dəyişikliklərə cəza siyasətinin təkmilləşdirilməsi və humanistləşdirilməsi baxımından bir neçə aspektdən yanaşmaq lazımdır:

İlk növbədə qeyd olunmalıdır ki, CM-nin Xüsusi hissəsində nəzərdə tutulan bəzi maddələr ləğv edilərək həmin maddələrdə nəzərdə tutulan əməllər cinayət hesab edilmir. O cümlədən, ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma (131. 1-ci maddə), aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma (184-cü maddə), telefon xəttinə qanunsuz daxil olmaqla danışıqlar aparma(189-cu maddələr) kimi əməllərin cinayət hesab edilməsi aradan qaldırılır.

CM-nin Xüsusi hissəsinin bəzi maddələrində cinayət törətmiş şəxslərin məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərdə tutulan müddəalar ləğv edilməklə, həmin cinayətləri törədən şəxslərin cəzaları yüngülləşdirilir. Belə ki, qüvvədə olan Cinayət Məcəlləsinə görə, əvvəllər oğurluq, soyğunçuluq, mənimcəmə və s. cinayətlərə görə iki dəfə məhkum olunan şəxslər yenidən eyni xarakterli cinayət törətdikdə onların əməli başqa ağırlaşdırıcı əlamətlər olmasa da, ağır cinayət kimi qiymətləndirilir. Məcəlləyə edilən dəyişiklərlə bu, aradan qaldırılır.

Cinayət Məcəlləsinə “azadlığın məhdudlaşdırılması” kimi yeni cəza növü əlavə edilmiş və sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan bir sıra cinayətlərə görə həmin cəzalar tətbiq olunacaqdır.

“Azadlığın məhdudlaşdırılması” cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün ayrı-ayrı vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.

Yeni cəza növünün müəyyən edilməsi cəza siyasətinin humnistləşdirilməsi sahəsində inqilabi bir addımdır. Həmin cəzanın tətbiqindən minlərlə cinayət törətmiş və azadlıqdan məhrum edilmədən islahı mümkün olan insanlar yararlanacaq, onların ailə üzvləri isə yaxınlarının həbsi və azadlıqdan məhrum edilməsi ilə əlaqədar qarşılaşacaqları əzab-əziyyət və məhrumiyyətlərdən xilas olacaqlar.

Cəza siyasətinin humanist-ləşdirilməsinə yönələn yeniliklərdən biri də CM-nin 59-cu maddəsində nəzərdə tutulan, cinayət törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən hallara yenilərinin əlavə olunması və həmin hallar olacağı təqdirdə cinayət törətmiş şəxslərə cəza təyini zamanı böyük güzəştlərin edilməsinin nəzərdə tutulmasıdır. Belə ki, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi kimi halların mövcud olması zamanı CM-nin 60-cı maddəsinə əsasən cinayət törətmiş şəxslərə qanunla nəzərdə tutulan cəzanın yuxarı həddinin dörddə üçündən çox olmayan cəza verilməsi nəzərdə tutulur.

Cinayət Məcəlləsinə edilən çox mühüm və humanizm nöqteyi-nəzərindən inqilabi hesab edilə biləcək dəyişikliklərdən biri də mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində cinayət törətmiş şəxslərlə bağlıdır. Belə ki, CM-ə əlavə edilmiş 73-1 və 73-2-ci maddələrlə həmin kateqoriyadan olan bəzi cinayətləri törətmiş, cinayət nəticəsində dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışmış şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.

Törədilmiş cinayətlər nəticəsində xeyli miqdarda ziyan vurulduqda, həmin ziyan qədər dövlət büdcəsinə ödəniş etmiş şəxslər də cinayət məsuliyyətindən azad ediləcəklər.

Zərərçəkənə külli miqdarda ziyan vurmuş şəxslərin vurduqları ziyanın iki misli qədər dövlət büdcəsinə ödəniş edəcəkləri təqdirdə məsuliyyətdən azad edilməsi mümkün olacaqdır.

Mülkiyyət əleyhinə olan cinayət törətmiş şəxslərə qarşı nəzərdə tutulan humanist müddəalardan biri də əməlin tövsivində çox böyük əhəmiyyət daşıyan talanmış əmlakın dəyəri ilə bağlıdır. CM-nin 177-ci maddəsinin qeydində edilən dəyişikliyə əsasən ağırlaşdırıcı hallar olmadıqda, əməlin cinayət hesab edilməsi üçün talanmış əmlakın dəyəri 100 manatdan 500 manata qaldırılır. “Xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə isə beş yüz min manatdan yuxarı olan mәblәğ başa düşülür. ”

Beləliklə, ağırlaşdırıcı hallar olmayan sadə talama cinayətlərində məsuliyyət əvvəllərdə olduğu kimi, 100 manatdan deyil, 500 manatdan yuxarı məbləğlərdə yaranacaqdır. Eyni zamanda, xeyli miqdarda talamanın məbləğinin yuxarı həddi 10. 000 manatdan 50. 000 manat, külli miqdarda talamanın yuxarı həddi 500. 000 manatadək, bu məbləğdən çox olduqda isə xüsusilə külli miqdarda talama növü əlavə edilmişdir.

Cinayət Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri də narkomaniya xəstəliyinə düçar olmuş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlıdır.

Məcəlləyə əlavə edilmiş 74-1-ci maddəyə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlakından artıq miqdarda əldə etmiş və saxlamış, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv olunduqda, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.

Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) əlavə edilən qeydlə 162-1. 1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda və dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergiləri və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

Dəyişikliklərə əsasən, Cinayət Məcəlləsinin 263. 1 (Yol hərəkəti və nəqliyyatın istismarı qaydalarını pozma)və ya 263. 1-1-ci (Yol hərəkəti və nəqliyyatın istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma) maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

CM-nin 306-cı (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsinə əlavə edilən qeydə əsasən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad olunur.

Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib. Əminliklə deyə bilərik ki, qüvvəyə mindiyi 2000-ci ildən indiyədək Cinayət Məcəlləsinə bu qədər əhatəli və konseptual dəyişiklik edilməyib. Bir məqalədə edilən dəyişikliklərin, nəzərdə tutulan humanist tədbirlərin tam şərh edilməsi imkan xaricindədir. Həm də qanunvericiliyin humanistləşdirilməsi təkcə Cinayət Məcəlləsinə edilən dəyişiklərdən ibarət deyil.

İctimai işlər cəzasının səmərəli tətbiqi məqsədilə qanunvericilik təkmilləşdirilib, ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınmasına yönələn tədbirlər çərçivəsində 2017-ci il 20 oktyabr tarixli Qanunla İnzibati Xətalar Məcəlləsinə ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən yeni norma əlavə olunub. Həmçinin Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli qərarı ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb olunacağı işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası” təsdiqlənib.

Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinə də dəyişikliklər hazırlanıb. Bir sıra düzəlişlərlə yanaşı, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin geniş tətbiqinə imkan verən elektron nəzarət vasitələri ilə bağlı müddəalar nəzərdə tutulub.

Sərəncamda verilmiş tapşırıq və tövsiyələrin icrası nəticəsində məhkəmələrin cəza siyasətində azadlıqdan məhrumetməyə, habelə həbs qətimkan tədbirinin seçilməsinə münasibət xeyli dəyişib. Ötən müddət ərzində istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayı 25 faizə qədər azalıb və bu gün də azalmaqda davam edir. Həmçinin həbsdən azad edilmiş insanların sayı xeyli artıb.

Qeyd olunan bütün bu innovativ dəyişikliklər cəmiyyətimizdə böyük razılıqla qarşılanıb və ümid edirik ki, gələcəkdə bu dəyişikliklərin tətbiqindən müsbət nəticələr əldə olunacaq.

Sonda qeyd etmək istərdik ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Prezident Sərəncamının icrası üzrə görülən işlər müsbət nəticələrini verir. Əminik ki, bu mühüm sənədlə qarşımızda duran hər bir konkret vəzifə cənab Prezidentin tapşırıqlarına uyğun olaraq qısa müddətdə öz həllini tapacaqdır. Müasir dövrdə fəaliyyətimizin yol göstərəni olan bu sərəncamda irəli sürülən vəzifələrin mütəşəkkil qaydada, vaxtında və dürüst icrası cəza siyasətinin humanistləşdirilməsinə, məhkumların hüquqlarının daha etibarlı şəkildə qorunmasına xidmət edəcəkdir.

Tahir KAZIMOV, 
Azərbaycan Respublikasının
Ali Məhkəməsinin hakimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında