Demokratiya, insan haqları və qanun naminə...

Hər bir dövlətdə, xüsusən də demokratik-hüquqi cəmiyyətdə ədliyyə sistemi aparıcı qüvvə kimi mühüm yer tutur. Bu gün biz qürurla deyə bilərik ki, demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan müstəqil Azərbaycanın möhkəm təmələ malik ədliyyə sistemi müasir dünya tələbləri səviyyəsindədir.

Demokratik cəmiyyət quruculuğu yolunda böyük nailiyyətlər qazanmış Azərbaycanda ictimai-siyasi həyatın bütün istiqamətləri üzrə hüquqi bazanın möhkəmləndirilməsi, ədalət prinsiplərinə ciddi şəkildə əməl olunması bugünkü sabitliyin, möhkəm vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından birinə çevrilmiş, hərtərəfli və möhtəşəm uğurlara nail olunmuşdur.

Müstəqil Azərbaycanımızın ədliyyə tarixi 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlayır. Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin əsasnaməsinin təsdiq edildiyi gün –22 noyabr isə ulu öndər Heydər Əliyevin 2000-ci ildə imzaladığı sərəncamla Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi müəyyən edilib.

Ədliyyə sisteminin formalaşdırılması və inkişafı Azərbaycanın müasir tarixi zəmanəsinin böyük siyasi və dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində ulu öndər bu sahəni həmişə diqqət mərkəzində saxlamış, Azərbaycanın demokratik təkamül yolu ilə inkişafına əvəzolunmaz töhfələr vermişdir.

Müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçən Azərbaycan ilk illər öz tarixinin bəlkə də ən mürəkkəb dövrlərindən birini yaşamışdır. Respublikada hökm sürən xaos, vətəndaş müharibəsi təhlükəsi,  separatizm, ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması mövcud vəziyyəti bir qədər də ağırlaşdırmış və qarşıda duran həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsi üçün sabitliyin bərqərar olmasını zəruri etmişdir. Azərbaycan xalqının taleyüklü bu dövründə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra ədliyyə sisteminin müasir tələblər səviyyəsinə qaldırılması üçün irimiqyaslı işlərin görülməsinə başlanılmış, köklü məhkəmə-hüquq islahatları çərçivəsində nazirliyin hüquqi dövlətdə layiq olduğu yeri tutması üçün mühüm addımlar atılmış, cəmiyyətdə onun rolunun və əhəmiyyətinin artırılması, səlahiyyət dairəsinin genişləndirilməsi üçün əsaslı tədbirlər həyata keçirilmişdir.

Müstəqil dövlətimizin ilk milli Konstitusiyasının qəbul edilməsi ilə məhkəmə-hüquq islahatlarının əsası qoyulmuş, yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlərin öz əksini tapdığı bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil etmişdir. Ölkəmizdə hüquqi islahatların həyata keçirilməsini təmin etmək məqsədilə Hüquqi İslahat Komissiyasının yaradılması, məhkəmə və hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu Azərbaycanda ədliyyə sisteminin sürətli inkişafına əsaslı şərait yaratmış, nəticədə, Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılaraq nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və gələcəyə hesablanmış inkişaf konsepsiyasına uyğun olaraq, respublikamız 26 illik müstəqillik dövründə bir çox dövlətlərin uzun illər boyu əldə edə bilmədiyi yüksək inkişaf səviyyəsinə çatmış, dünya birliyində nüfuzlu dövlət kimi layiqli yer tuta bilmişdir. Ulu öndərimizin müdrik siyasi kursu onun ən layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatları hazırda keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Son illər ədliyyə sisteminin müasirləşdirilməsi, hüquqi islahatların daha geniş miqyas alması və inteqrasiya prosesinin daha da sürətləndirilməsini xüsusi qeyd etmək lazımdır.

Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ilk dövrlərindən ədalət mühakiməsinin təkmilləşdirilməsi və səmərəsinin artırılmasını xüsusən diqqət mərkəzində saxlayan dövlət başçısı İlham Əliyevin siyasi iradəsi və qətiyyəti ilə 2004-cü ildən hüquqi islahatların həyata keçirilməsi sahəsində genişmiqyaslı işlər görülmüş, məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanılmışdır.

Ölkəmizdə həyata keçirilən hüquq islahatlarının tərkib hissəsi olmaqla məhkəmə sisteminin inkişafına böyük töhfə verən Məhkəmə-Hüquq Şurası yaradılıb və bu qurum məhkəmələrin fəaliyyətinin təmin olunmasında böyük rol oynayır.

Dövlət başçısının təşəbbüsü ilə qəbul edilmiş mühüm qanunlar, imzalanmış proqram xarakterli fərmanlar, habelə ədliyyənin inkişafına dair ayrıca Dövlət Proqramının təsdiq edilməsi Azərbaycanda məhkəmə hakimiyyətinin intensiv təkmilləşdirilməsinə səbəb olur, hüquqi islahatlar kursunun əzmlə inkişaf etdirildiyini göstərir. Prezident İlham Əliyevin imzaladığı əfv fərmanları ölkəmizin demokratik imicini yüksəltməklə yanaşı, beynəlxalq nüfuzunu daha da artırır, rəsmi Bakının insan hüquqları üzrə ixtisaslaşmış bir sıra beynəlxalq qurumlarla münasibətlərin daha da genişləndirilməsinə səbəb olur. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın qanunvericilik təşəbbüsü ilə parlament tərəfindən qəbul edilmiş Amnistiya aktı ictimaiyyətin böyük rəğbətini qazanmışdır. Onun təşəbbüsü ilə qəbul edilmiş 4 amnistiya aktı 40 minə yaxın insana şamil olunmuş, cinayət törətmiş şəxslərin islah olunması və cəmiyyətə yenidən inteqrasiyası üçün geniş imkanlar yaratmışdır. Bu humanist addım Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, birinci xanım Mehriban Əliyevanın xalqın, millətin rifahı naminə çalışmaq və Prezident İlham Əliyevin siyasi kursuna dəstək vermək məqsədi daşıyır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq ədliyyə sisteminin inkişafı, daha da müasirləşdirilməsi, informasiya və kommunikasiya şəbəkəsinin tətbiqi ilə bağlı həyata keçirilən genişmiqyaslı işlər beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir. Hakimlərlə bağlı tədris və maarifləndirmə işlərinin aparılması, eyni zamanda Avropa dövlətləri məhkəmə sistemlərinin fəaliyyətinə dair təhlilləri əks etdirən CEPEC-in əhatəli hesabatlarının ana dilimizə tərcümə edilərək nəşrini təmin edən ilk dövlət olduğumuz xüsusən təqdir edilmişdir. Ölkəmizdə hakimliyə namizədlərin seçimi proseduruna dair fəaliyyət metodunun müsbət nümunə kimi qiymətləndirilməsi, Avropa İttifaqı və Avropa Şurası tərəfindən həyata keçirilən Şərq tərəfdaşlığı ölkələrinə məhkəmə islahatlarının gücləndirilməsi layihəsi üzrə hesabatda da öz əksini tapmış, digər üzv dövlətlərə də bu təcrübə nümunə göstərilmişdir.

Ədalət mühakiməsi sistemində uğurlu islahatlar, hakimlərin seçim prosedurunun şəffaflığı, yeniliklər və müasir informasiya texnologiyalarının tətbiqi, məhkəmələrin unikal infrastrukturunun yaradılması sahəsində ölkəmizin böyük nailiyyətlər əldə etməsinin Avropa Şurası tərəfindən təqdir edilməsi dediklərimizə daha bir sübutdur. Azərbaycanın təqdim etdiyi "Məhkəmənin nəbzi: İdarəetmədə inqilab" layihəsinin "Ədliyyənin kristal tərəzisi" müsabiqəsində qalib gəlməsi, ən mütərəqqi layihə kimi mükafatlandırılması ölkə başçısının qətiyyəti və siyasi iradəsi ilə həyata keçirilən islahatlara Avropa Şurası tərəfindən verilən yüksək qiymətin daha bir bariz nümunəsidir.

Şübhəsiz, bu sahədəki nailiyyətlər, əldə edilmiş zəngin təcrübə beynəlxalq auditoriyanın marağına səbəb olur, onlar Azərbaycanın məhkəmə sistemindəki müsbət nümunədən bəhrələnib onu öz ölkələrində tətbiq etmək istəyirlər. Bununla bağlı ölkəmizə müraciətlər daxil olur, təcrübə mübadiləsi üçün imkanlar araşdırılır. Əminliklə demək olar ki, bütün bu uğurlarımızın həyata keçirilməsində, bu sahədə böyük nailiyyətlərin qazanılmasında respublikamızın Ədliyyə Nazirliyinin və şəxsən ədliyyə naziri Fikrət Məmmədovun böyük əməyi olmuşdur.

Bu gün hər birimiz Azərbaycanın ümumbəşəri sərvət olan hüquqi dövlət quruculuğu prosesinə möhtəşəm töhfələr verdiyini, insan hüquqlarının və azadlıqlarının təminatına əsaslanan beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşdirilməsində ciddi rol oynadığını cəsarətlə, böyük inamla deyə bilərik. "Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk", – deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə demokratik hüquqi dövlətin, insan hüquqları və sosial ədalət kimi fundamental əsasların möhkəmləndirilməsinin böyük önəm kəsb etdiyini vurğulamışdır: “Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində böyük işlər görülüb, böyük nailiyyətlər var. Məhkəmə sistemində şəffaflıq və ədalətin tam bərqərar olması ümumi demokratik inkişafımıza müsbət təsir göstərir. Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan, din azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir məhdudiyyət yoxdur”.

Azərbaycan ədliyyəsi bu gün şanlı tarixinin 99-cu ildönümünü qeyd edir. Əsrə bərabər zəngin və şərəfli tarixi ilə hər bir vətəndaşın qürur mənbəyinə çevrilən, demokratiya, insan haqları və qanunun aliliyi naminə çətin və kəşməkəşli yol keçən Ədliyyə Nazirliyi bu gün uca məqsədlərə doğru böyük inamla irəliləyir. Əminik ki, müasir, müstəqil Azərbaycanımız hüquqi dövlət quruculuğu yolunda daha möhtəşəm qələbələr əldə edəcək.

Fürsətdən istifadə edib ədliyyə işçilərini bayram münasibətilə təbrik edir, məsuliyyətli və şərəfli işlərində böyük nailiyyətlər arzulayıram.

Zaur PİRVERDİYEV,
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında