Məhkəmə-hüquq islahatlarında mühüm mərhələ

22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günüdür

Azərbaycan yenidən müstəqillik əldə etdiyi ötən müddətdə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində yüksək nailiyyətlər qazanıb. Bu uğurlar mülki cəmiyyət quruculuğuna hesablanan hüquqi islahatların respublikanın sosial-iqtisadi inkişaf tempi ilə uzlaşdırılması nəticəsində reallaşıb.

İnsan hüquq və azadlıqlarının təminatında mühüm rol oynayan məhkəmə hakimiyyətində kompleks islahatların həyata keçirilməsi ulu öndər Heydər Əliyevin  xüsusi diqqət mərkəzində olub. 1995-ci il  noyabrın 12-də qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının təmin olunmasının möhkəm təməlini qoyub.  

Demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli sosial və iqtisadi qaydalar əsasında hər bir vətəndaşın layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə əsaslanaraq bütün dünya xalqları ilə dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq Azərbaycan Konstitusiyasının təsbit etdiyi ali məqsədlərdir. Azərbaycan Konstitusiyasının maddələrinin üçdə iki hissəsinin insan hüquq və azadlıqları ilə bağlı olması da onun beynəlxalq səviyyədə mükəmməl ali qanun kimi qəbulunu şərtləndirib.

Azərbaycanda ədliyyə orqanlarının yaradılmasından 99  il ötür. Ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə ədliyyə işçiləri hər il öz peşə bayramlarını qeyd edirlər. Tarixə qısa ekskursiya etsək görərik ki, 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi gün Ədliyyə Nazirliyi yaradılıb. Nazirlik öz işinə, ilk növbədə, ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayıb, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilib, binalar qaydaya salınıb, hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilib. Ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar, o cümlədən, 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq olunub. Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilib.

Ədliyyə Nazirliyinin yenidən yaradılması isə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilib və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanıb. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranıb.

Ulu öndərin ədliyyə sisteminə qayğısı müstəqillik illərində də davam edib, köklü məhkəmə-hüquq islahatları çərçivəsində nazirliyin hüquqi dövlətdə layiq olduğu yeri tutması üçün mühüm addımlar atılıb, səlahiyyətləri xeyli genişlənib. Ümummilli liderin hüquq siyasətini uğurla həyata keçirən dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən də son 14 ildə Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılıb, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilib, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi təmin edilib, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülüb.

Ölkə başçısının inamla reallaşdırdığı məhkəmə-hüquq islahatlarının əsas qayəsində həm də regionlarda yaşayan vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi mühüm yer tutub. Bu baxımdan dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanı respublikanın məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi və təkmilləşdirilməsi prosesində ən mühüm addımlardan biri kimi dəyərləndirilə bilər.

Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla “Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq edib. Bu proqramda dövlətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin konsepsiyası müxtəlif istiqamətlər üzrə müəyyən olunub, həmçinin həyata keçiriləcək tədbirlərin icrası, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizmi göstərilib. Proqramda respublikada insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmini istiqamətində konkret vəzifələrin icrası nəzərdə tutulub. Belə ki, sənəddə qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbulu, korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətərin inkişaf etdirilməsi müəyyənləşdirilib.

Son 14 ildə Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılıb, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilib. Nazirlikdə yeni qurumların – Ədliyyə Akademiyasının, regional ədliyyə şöbələrinin, müxtəlif reyestrlərin yaradılması müasir Azərbaycan ədliyyəsi tarixində mühüm yer tutur. Nazirlik tərəfindən aparılan sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestri iş adamları üçün əməli əhəmiyyət daşıyır. Belə ki, sahibkarlar rahat şəkildə nazirliyin elektron xidmətlər bölməsi və “1650” avtomatlaşdırılan telefon xidməti vasitəsilə məlumat almaq və müraciət etmək imkanına malikdirlər.

Ötən dövrdə ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işi də yenidən qurulub, təsirli icra mexanizmləri yaradılıb, icra məmurlarının səlahiyyətləri xeyli genişləndirilib. Dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra vəziyyətini daim nəzarətdə saxlayan ölkə Prezidentinə bu məsələ ilə bağlı hər altı aydan bir müvafiq hesabatın təqdim edilməsi icra sahəsində xeyli irəliləyişlərə səbəb olub. Həmçinin, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması mexanizmi xeyli təkmilləşdirilərək nazirliyin internet saytında yeni elektron xidmət istifadəyə verilib və hər bir kəs sayta daxil olub özü ilə bağlı qadağanın olub-olmamasını öyrənə bilər. 2013-cü ildən nazirliyin fəaliyyətində yeni İKT-lərin tətbiqi üzrə əhatəli tədbirlər həyata keçirilib, 7 növ yeni elektron xidmət istifadəyə verilib, ədliyyə qurumları və məhkəmələrlə vahid elektron sənəd dövriyyəsi sistemi yaradılıb. 

Hüquq sisteminin islahatı nəticəsində ölkədə birinci instansiya, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni 3 pilləli müstəqil məhkəmə sistemi qurulub. Hazırda Azərbaycan Respublikasında birinci instansiya məhkəməsi kimi rayon (şəhər) məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi və yerli iqtisad məhkəmələri, həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə və Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə fəaliyyət göstərir.

Kassasiya instansiyası məhkəməsi olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin tərkibində 4 məhkəmə kollegiyası - Mülki işlər üzrə, Cinayət işləri üzrə, Hərbi məhkəmələrin işləri üzrə və İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyası vardır. Ali Məhkəmə tərəfindən apellyasiya məhkəmələrinin qərarlarına kassasiya qaydasında baxılır.

Hakim seçkilərinə dair yeni qaydalara əsasən, hakim olmaq üçün ilk dəfə 2005-ci ildən çoxmərhələli prosedurlarla, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlar keçirilib, hakimliyə namizədlər üçün uzunmüddətli tədris kursları təşkil edilib və bu kurslara yüksək məhkəmə hakimləri, görkəmli alimlər, zəngin biliyə və təcrübəyə malik şəxslər, habelə nüfuzlu xarici ölkələrin, o cümlədən Türkiyənin mütəxəssisləri, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimləri, Avropa Ümumi Hüquq Mərkəzinin, ABACEELİ-nin ekspertləri cəlb olunublar.

Son illər Prezident İlham Əliyevin xüsusi qayğısı ilə məhkəmələrin yeni bina və inventarla təmin olunması istiqamətində mühüm addımlar atılır. Bu kimi məsələlər dövlət başçısının 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı“nda da geniş əksini tapıb. Bir sıra məhkəmələr üçün  ən müasir standartlara cavab verən yeni binaların tikilib istifadəyə verilməsi buna əyani sübutdur. Həmin məhkəmə binalarının iş şəraiti müasir tələblərə cavab verməklə, vətəndaşlarla hakimlər arasında münasibətlərin tamamilə şəffaf, qanunamüvafiq qurulmasına xidmət edir.

2011-ci il yanvarın 1-dən iqtisadi xarakterli işlərə ümumi yurisdiksiyalı məhkəmələrdə deyil, inzibati-iqtisadi məhkəmələrdə baxılır. Bu isə iqtisadi xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında tam, ədalətli, obyektiv araşdırılmasına, qanunamüvafiq şəkildə baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

2011-ci il yanvarın 1-dən qüvvəyə minən “Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə” Azərbaycan Respublikasının Qanunu məhkəmə orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın təmini baxımından mühüm əhəmiyyətə malikdir. Qanuna əsasən, məhkəmələrin fəaliyyəti haqqında informasiya dedikdə – məhkəmələr, Məhkəmə-Hüquq Şurası və müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanan və ya həmin orqanlara daxil olan məhkəmələrin fəaliyyətinə aid informasiyalar nəzərdə tutulur. Məhkəmələr və hakimlər haqqında, o cümlədən məhkəmələrin, Məhkəmə-Hüquq Şurasının və müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri və fəaliyyət qaydası, məhkəmə icraatının qaydası və bununla bağlı digər məsələləri əhatə edən Azərbaycan Respublikasının qanunvericiliyi, konkret işlər üzrə məhkəmə aktları və məhkəmələrin fəaliyyətini tənzimləyən digər aktlar da məhkəmələrin fəaliyyəti haqqında informasiyaya aiddir.

Nüfuzlu beynəlxalq maliyyə qurumu olan Dünya Bankı ölkəmizdə məhkəmə-hüquq islahatlarına dəstək göstərərək on ildən artıqdır ki, ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələri uğurla həyata keçirir. Bu layihələr çərçivəsində paytaxtda və bölgələrdə 12 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilərək istifadəyə verilib, hazırda isə 5 məhkəmə üçün belə binaların inşası reallaşdırılır. Bir çox məhkəmə bina və komplekslərinin açılışlarında dövlətimizin başçısı şəxsən iştirak edir, müvafiq tövsiyə və tapşırıqlarını verir.

Ölkə Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə təsbit edilən “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə Dünya Bankı ilə birgə əsaslı işlər görülüb, o cümlədən müasir İKT ilə təchiz edilən yeni binalarda elektron məhkəmə sisteminin bir çox komponentləri tətbiq olunub, məhkəmə sisteminin vahid internet portalı zənginləşdirilib, burada elektron “şəxsi kabinet” yaradılıb, məhkəmə rüsumlarının elektron qaydada ödənilməsi, proseslərin audio-video qeydə alınması, elektron sənəd dövriyyəsi təmin olunub.

İnsan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində bir çox qanunlar, o cümlədən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu, Seçki Məcəlləsi, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında”, “Gender bərabərliyinin təminatları haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və digər qanunlar qəbul edilib. Bu aktların mövcud beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə  Azərbaycanın hakimiyyət orqanları beynəlxalq təşkilatlar, xüsusən Avropa Şurasının Venesiya komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlar ilə sıx əməkdaşlıq ediblər.

2016-cı il sentyabrın 26-da Əsas Qanuna edilən əlavə və dəyişikliklər də mütərəqqi xarakter daşıyırdı. İnsan hüquq və azadlıqlarından sahibkarlıq fəaliyyətinə, qanunverici hakimiyyətdən ali icra strukturunda yeni yüksək postun yaranmasınadək çoxsaylı sahələrə aid əlavə və dəyişikliklər ölkəmizdə inkişafın davamlılığına təminat yaradacaq. Əsas Qanunda edilən dəyişikliklərin başlıca hədəfi dövlət idarəetmə sistemini daha da təkmilləşdirmək, mərkəzi icra hakimiyyətinin səmərəli fəaliyyətini təmin etmək, iqtisadi sahədə islahatlar kursuna uyğun yeni çevik və effektiv idarəetmə mexanizmi formalaşdırmaq olub. Konstitusiya islahatının mütərəqqi xarakter daşıdığı, beynəlxalq hüquq normalarına tamamilə uyğun olduğu, insan və vətəndaş hüquq-azadlıqlarının təminatına yönəldiyi ilk baxışda qabarıq sezilir. Belə ki, Əsas Qanunda 23 dəyişikliyin 16-sının, yəni dörddə üçünün sırf insan hüquq və azadlıqlarının qorunması ilə əlaqədar olması deyilənlərə əyani misaldır.

Ümumilikdə, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məhkəmə-hüquq islahatları göstərir ki, Azərbaycanda qanunun aliliyinin təminatı, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər konseptual məsələlərin həlli xüsusi diqqət mərkəzindədir.

Mirheydər ZEYNALOV,
Binəqədi Rayon Məhkəməsinin hakimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında