Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır!

Cəmiyyətin bütün təbəqələrini öz sıralarında inam və ümidlə birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, 25 illik şərəfli yol keçib. Ulu öndər Heydər Əliyevin zəngin irsinə əsaslanan Yeni Azərbaycan Partiyası güclü və nüfuzlu siyasi təşkilatdır.

1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurətə çevirdi. O dövrdə Azərbaycan müstəqillik tarixinin son dərəcə çətin zamanını yaşayırdı. Məhz belə bir dövrdə Yeni Azərbaycan Partiyası Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə formalaşdı. Siyasi, iqtisadi, sosial böhran xalqın ziyalılarını daha çox narahat edirdi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətləri ölkəni çətin vəziyyətdən çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə zəngin dövlətçilik təcrübəsinə malik Heydər Əliyevin ətrafında birləşdilər. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərarla həyata vəsiqə aldı.

Yeni Azərbaycan Partiyası həmin tarixdən müstəqil Azərbaycanın, xalqımızın həyatında tarixi bir dönüş, intibah dövrü oldu. Bu partiyanın yaradılması və uğurlu fəaliyyəti Azərbaycan Respublikasının vətəndaşları qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin formalaşdırılması, respublikanın ərazi bütövlüyünün bərpası, milli maraqlarımıza uyğun olaraq Dağlıq Qarabağ probleminin həlli, ölkə əhalisinin təhlükəsiz və firavan həyat şəraitində yaşamasını təmin etmək kimi mühüm vəzifələr qoydu. Azərbaycanda demokratik hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılması, ölkənin bütün ictimai-siyasi qüvvələrindən, intellektual potensialından səmərəli istifadə olunması, əsas insan və vətəndaş hüquqları və azadlıqlarının qorunması kimi mühüm vəzifələrin yerinə yetirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmış və uğurlar əldə edilmışdir.

YAP zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. 1993-cü ildən başlayaraq bu günə qədər  ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası xalqın böyük etimadını qazanaraq, digər rəqiblərini xeyli arxada qoyub. Bu qələbələr Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir. Təsadüfi deyil ki, YAP qələbələr partiyası adlandırılır.

Yeni Azərbaycan Partiyasının yaradılmasına tarixi baxış, şübhəsiz ki, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə baxışdan keçir. Tarixi bir misalda deyildiyi kimi, “Şəxsiyyətlər tarix yaradır” kəlamı ümummilli lider Heydər Əliyevin tərcümeyi-halıdır.

Tarixə nəzər yetirsək, aydın olar ki, 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə respublikamızın tarixində keyfiyyətcə yeni mərhələ başlandı. Azərbaycanda dövlət idarəçiliyində, təsərrüfatın bütün sahələrində yeni nəfəs, yeni iş metodunun əsası qoyuldu. Xalq milli adət-ənənələrin qorunub saxlanılmasının, milli düşüncəli ziyalıların – öz millətsevərliyini ört- basdır edə bilməyənlərin təqib olunmadığını gördükcə sabaha daha böyük ümidlə baxır, Heydər Əliyevin rəhbərliyi altında siyasi hakimiyyət ətrafında sıx birləşirdi. Çox sərt rejimi ilə yaddaşlara əbədi həkk olunan sovet sistemi şəraitində Azərbaycan xalqı üçün vacib və zəruri hesab edilən xeyli mürəkkəb məsələlər milli mənafe naminə böyük müvəffəqiyyətlə həll olunurdu. Heydər Əliyev çox yaxşı bilirdi ki, millətin millət kimi formalaşmasında və tanınmasında ilk növbədə elm, təhsil, mədəniyyət, incəsənətin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilməlidir. Yalnız bu yollarla Azərbaycan istiqlalının təməlini hazırladı.

Heydər Əliyevin siyasi fəaliyyətinin əsasını Azərbaycan xalqının birliyi, hakimiyyət daxilində yekdillik təşkil edirdi. Hakimiyyətlə xalq arasında vəhdətə nail olunması xalqın Heydər Əliyevə olan inamını daha da artırdı. O, ləyaqətli kadrları yüksək dövlət, partiya və müxtəlif sahələrdə, xüsusilə təsərrüfat strukturlarında vəzifələrə yerləşdirməklə siyasi hakimiyyəti möhkəmləndirir, milli ruhu qaldırır, respublikanın hərtərəfli inkişafı üçün zəmin yaradırdı. Ulu öndər Azərbaycan ərazisində yaşayan bütün vətəndaşların vahid amal ətrafında birləşməsinə nail olduqdan sonra diqqəti digər sahələrin inkişafına yönəltdi. Ümumiyyətlə, 1969-1982- ci illər Azərbaycanın tarixində yüksəliş, tərəqqi, inkişaf kimi qalacaq. Bu illər ərzində elə bir sahə olmadı ki, Azərbaycan İttifaqın digər respublikalarından geri qalsın. Elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət, kənd təsərrüfatı, sənaye sahələri sürətlə inkişaf etdirildi. Milli-mənəvi dəyərlərimiz qorunub saxlanıldı. Moskvanın təzyiqlərinə baxmayaraq, mənəvi dəyərlərin qorunub-saxlanılması, habelə inkişafı diqqət mərkəzində olurdu.

Heydər Əliyev azərbaycanlı gənclərin dünyanın müasir elm və mədəniyyət nailiyyətlərini mənimsəmələrini daim diqqət mərkəzində saxlayırdı. O deyirdi ki, dövlət idarəçiliyində uğurlar qazanmaq üçün savadlı, bilikli kadrlara, özü də milli kadrlara böyük ehtiyac var. Bu ehtiyac tam ödənildiyi halda bütün sahələr üzrə müvəffəqiyyətlərə imza atmaq mümkün olar. Ona görə də gənclərin SSRİ-nin qabaqcıl ali məktəblərində dövlət hesabına təhsil almalarına nail olurdu. Bunun nəticəsi olaraq Azərbaycan başdan-başa savadlılar diyarına çevrildi. Azərbaycanın hətta ucqar kənd məktəblərində, sənaye və təsərrüfat sahələrində ali təhsillilər üstünlük təşkil edirdilər. Ana dilimizin belə ağır bir dövrdə Konstitusiyada dövlət dili kimi təsbit olunması, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması, mədəni-maarif, səhiyyə sahələrinin əsaslı şəkildə qurulması, respublikanın demoqrafik inkişafı, milli hərbçi kadrların hazırlanması və hərbi vətənpərvərlik tərbiyəsinin inkişafı Heydər Əliyevin xalq, Vətən qarşısında ən böyük tarixi xidmətlərindəndir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr” əsərində həmin dövrdə dövlət başçısının yürütdüyü missiyanın təsnifatını belə verir: “Təbiət Heydər Əliyevə nadir keyfiyyətlər–iş qabiliyyəti, qətiyyət, özünün haqlı olduğuna əminlik, ətrafındakı adamların məziyyətlərini və imkanlarını müəyyənləşdirmək bacarığı kimi keyfiyyətlər bəxş etmişdir... Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti, onun bəxtinə düşmüş Tanrı payıdır. Onun adı da, elə özü də bu dövlətçiliyi təcəssüm etdirir... Heydər Əliyev həm özünün nadir siyasi istedadı sayəsində, həm də milli dirçəlişin mükəmməl fəlsəfi konsepsiyasına əsaslanaraq, müasir Azərbaycan adlandırdığımız bir məmləkəti, onun bugünkü həqiqətlərini, sabahkı gününün etibarlı bünövrəsini yarada bilmişdir.”

Bütün fəaliyyəti boyu “Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycanı təmsil etdiyimə görə özümü çox xoşbəxt sayıram” - sözlərini fəxrlə səsləndirən böyük şəxsiyyət kimi yaddaşımızda, tariximizdə öz parlaq izi ilə qaldı. Heydər Əliyevin tarixi missiyası bitməmişdi, əksinə, bu missiyanın ən şərəfli və məsuliyyətli mərhələsi başlayırdı. Tarix sübut etdi ki, Azərbaycanın dövlət müstəqilliyini elan etməsi üçün real əsaslar məhz o dövrdə formalaşmışdır. Tarixi reallıqdır ki, əgər ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın istər sosial, iqtisadi, istərsə də mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanışı istiqamətində görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşaya bilməsi çətin olardı. Məhz bu amillərə görə Azərbaycan müstəqillik əldə etdikdən sonra xalq ölkəyə rəhbərlik etmək üçün yeganə şəxsiyyətin Heydər Əliyev olduğu inamı üzərində dayandı və böyük ümidlə ona müraciət etdi.

 Ulu öndərin xalqına, Vətəninə bağlı şəxsiyyət olması bu günlərdə keçirilmiş Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində partiyamızın sədri, Prezident İlham Əliyevin də nitqində öz əksini tapmışdır: “1990-cı illərin əvvəllərində - xalqımız üçün ən ağır dövrdə yenə də Heydər Əliyev öz liderlik keyfiyyətlərini göstərmiş, böyük cəsarət, vətənpərvərlik göstərmiş və qanlı 20 Yanvar hadisələrini Sovet İttifaqının mərkəzində, Moskva şəhərində pisləmişdir. Mən o günü yaxşı xatırlayıram. Mən fəxr edirəm ki, o gün atamla birlikdə idim və Heydər Əliyevin o qətiyyətli çıxışı, Vətəninə, xalqına olan bağlılığı bütün Azərbaycan xalqına bir daha göstərdi ki, o, xalqa bağlı olan böyük bir liderdir.

Ondan sonra Naxçıvanda işləyərkən müstəqilliyə gedən yolu açdı. Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı elan etmişdir və atılmış digər addımlar ona xalqın məhəbbətini daha da artırmışdır. Bununla bərabər, o vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi. Partiya yaradılandan sonra bütün cəmiyyətimizdə böyük dəstəyə malik oldu”.

Ulu öndərin siyasi hakimiyyətə qayıdışı 1993-cü ilə təsadüf edir. Bu tarix xalqımızın yaddaşına əbədi həkk olunub. Heydər Əliyevin Yeni Azərbaycan Partiyasını yaratmaqla və bu siyasi təşkilata rəhbərlik etməklə, xalqın təkidli xahişi ilə Bakıya qayıtması və ölkəyə rəhbərlik etməsi ilə 1969-cu ildə olduğu kimi, bu dəfə də Azərbaycanın başı üzərində sanki Günəş doğdu. Bundan sonra xalqda rahat yaşamağa böyük ümid yarandı. Azərbaycanın müstəqilliyinin möhkəmləndiriləcəyinə və əbədi olacağına, bu yolda qarşıya çıxacaq maneələrin aradan qaldırılacağına tam əminlik yarandı. Çoxillik siyasi təcrübəyə malik müdrik rəhbərin siyasi uzaqgörənlik fenomeni, quruculuq və inkişaf təcəssümü özünü dərhal büruzə verdi.

Heydər Əliyevə ən böyük abidə onun siyasi kursunun saxlanılması və inkişaf etdirilməsidir ki, bu missiya da Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurla həyata keçirilir. Ulu öndərin bu gün də yaşamaqda olan irsinə öz münasibətimizi qürur  hissi keçirməklə yanaşı, eyni zamanda, bu irsi yeni nəslə öyrətmək və yaşatmaqla ifadə edirik. Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının əsəs hədəflərindən biri də Heydər Əliyev irsinin mahiyyətinin açılması və təbliğinə yönələn istiqamətdir. Dövlət başçımızın YAP sədri seçilməsindən sonra xüsusilə,  gənclərin bu təşkilata böyük axını başlandı. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri daha da genişləndi, mövqeyi möhkəmləndi.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin müdrik, uzaqgörən, innovativ siyasəti ölkəmizi böyük uğurlara aparır. Möhtərəm Prezidentimizin Azərbaycana rəhbərlik etdiyi illər ərzində qazanılan  sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoydu.

Dövlətimizin başçısının yürütdüyü daxili və xarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq birlikdə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil Azərbaycan regionda lider dövlət, dünyada  söz sahibidir. Azərbaycanın razılığı olmadan regionda hər hansı bir transmilli layihə həyata keçirilə bilməz. Bir sözlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur. 

Bütövlükdə, ölkəmizdə həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunur. Bir sözlə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır. Ona görə də, bütün seçkilərdə YAP-ın namizədlərinin böyük üstünlüklə qələbə qazanmasının əsasında bu amillər dayanır. Azərbaycan Prezidenti İlham Əliyev də öz nitqində bunu xüsusi vurğulyaraq demişdir ki,  bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır.

Göründüyü kimi, Azərbaycan müstəqilliyinin 26-cı ilində qazandığı nailiyyətlər sayəsində regional və dünya ölkələri arasında lider ölkəyə çevrilib. Xalqımız əmindir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin inkişaf strategiyasını davam etdirməklə qarşıda duran bütün vəzifələrin uğurla yerinə yetirilməsini təmin edəcəkdir.

Yusif  AĞAYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında