Bu gün Azərbaycan gələcəyə çox aydın baxışı olan çox sabit, müasir, inkişaf edən ölkədir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
SSRİ-nin süqutundan sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycan 26 ildir ki, suverenlik yolunu uğurla davam etdirir. Bu müddət ərzində müxtəlif problemlərlə, qarşıdurmalarla, xaricdən gələn təzyiq və təhdidlərlə qarşılaşsaq da, yolumuzdan dönməmiş, müstəqilliyimizin əbədiləşməsi istiqamətində əzmlə mübarizə aparmışıq. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil daxili və xarici siyasətin bu gün inamla davam etdirilməsi ölkəmizi dünyada demokratik dövlət kimi tanıtmışdır.
Suverenliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin naşı siyasəti özbaşınalığı, anarxiyanı və qanunsuz əməlləri pik həddə çatdırsa da, hətta müstəqilliyimizi itirmək təhlükəsi yaransa da, son anda xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı bütün bunların qarşısına sədd çəkdi və o vaxtdan başlayaraq Azərbaycan demokratiya yolunu tutdu. Bu gün biz həmin yolla inamla irəliləyirik, hətta bu sahədə böyük təcrübəsi olan bir sıra dövlətləri də arxada qoymuşuq. Beynəlxalq ekspertlər, həmçinin tanınmış ictimai-siyasi xadimlər də dəfələrlə etiraf ediblər ki, Azərbaycan müəyyən sahələrdə demokratik dəyərlərə verdiyi töhfələrə görə Avropanın və Qərbin bir sıra dövlətlərinə əsl nümunə göstərir. Demokratiyanın simvollarından hesab edilən seçkilərdə tətbiq olunan yeniliklər də bundan xəbər verir.
Məlum olduğu kimi, ötən parlament və prezident seçkilərində demokratik prinsiplərin, şəffaflığın, obyektivliyin, azad və ədalətli səsvermənin daha çox təmin olunması məqsədilə tətbiq edilən yeniliklər beynəlxalq müşahidəçilər tərəfindən yüksək dəyərləndirilmişdir. Bütün bunlar Azərbaycanın demokratik prinsiplərə böyük üstünlük verməsinin nəticəsidir. Sonrakı illərdə isə bu ənənə özünü daha geniş şəkildə büruzə verdi. İstər ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi, istərsə də son 14 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyanın prioritetini demokratik prinsiplərə böyük önəm verilməsi təşkil edir. İnsan hüquq və azadlıqlarının müdafiəsinin təmin olunması, azad sözün, müstəqil mətbuatın inkişafı, insanların öz fikirlərini müstəqil ifadə etmək azadlığı və digər istiqamətlərdə həyata keçirilən tədbirlər, qəbul edilən qanunlar Azərbaycana dünya birliyində demokratik ölkə imici qazandırıb.
Azərbaycandakı sürətli inkişaf demokratik ənənələr yolunda irəliləyiş, təbii ki, ölkəmizi gözü götürməyənləri və onların sifarişlərini yerinə yetirən bəzi vəzifə hərislərini qane edə bilməzdi. Ona görə də adını müxalifət qoyan belə xəyanətkarların uydurma “faktları” əsasında mütəmadi olaraq hazırlanan hesabatlarda da əsas məqsəd Azərbaycanın beynəlxalq aləmdə yüksələn reytinqinə xələl gətirmək, imicinə zərbə vurmaq idi. Qərbin Azərbaycanın müstəqilliyini gözü götürməyən bəzi ölkələrinin sifarişi və təhriki ilə hazırlanan qondarma hesabatlara artıq inanan yoxdur. Çünki həmin hesabatların müəllifi olan “Human Rights Watch”, “Freedom House”, “Sərhədsiz reportyorlar” və digər əldəqayırma qurumların erməni lobbisinin əlində alətə dönməsi hər kəsə bəllidir. Bunların əsas məqsədi insan hüquq və azadlıqlarını üzlərinə pərdə çəkərək, Azərbaycana qarşı hücuma keçmək və beynəlxalq müstəvidə təxribat yaratmaqla ölkəmizi gözdən salmaqdır. Ümumiyyətlə, bütün bu təxribatların, təzyiq və təhdidlərin bir mərkəzdən idarə olunması, şantaj və böhtanların Azərbaycanın daxili işlərinə qarışmaq mexanizmi olmaqla yanaşı‚ ermənipərəst dairələrin məqsədli şəkildə həyata keçirdikləri aksiyaların tərkib hissəsidir. Lakin bütün bunlar heç bir fayda vermir. Çünki ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycan haqqında dünya birliyində demokratik ölkə imicini formalaşdırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin bugünlərdə Avropa İttifaqı Şurasının nümayəndə heyətini qəbul edərkən ölkəmizin demokratik ənənələrə sadiqliyini, bu yolda inamla irəlilədiyini əsaslandıran faktları ortaya qoyması nümayəndə heyətinin üzvlərini də məmnun etdi. İlk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, problemin tarixindən, yaranma səbəblərindən, Ermənistanın işğalçılıq siyasətindən, işğal nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən danışan, bundan əlavə, Ermənistanda yaşayan 250 min azərbaycanlının etnik təmizləməyə məruz qaldığını diqqətə çatdıran respublikamızın rəhbəri demişdir ki, işğalçı dövlət beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini bu gün də davam etdirir.
Bu ədalətsizliyə hələ də ciddi münasibət bildirməyən, Ermənistana sanksiyalar tətbiq etməyən beynəlxalq təşkilatların Azərbaycana “demokratiya dərsi” keçməyə, insan hüquq və azadlıqlarının müdafiəsi, həmçinin söz, mətbuat azadlığı barədə irad bildirməyə mənəvi haqqı çatırmı? Ölkəmizdə bu sahədə inkişafı görməzliyə vuran və necə deyərlər, “qaşınmayan yerdən qan çıxarmaq” istəyən belə təşkilatlar öz gözlərində tiri qoyub, başqalarının gözündə tük axtarışına başlayıblar.
Dövlətimizin başçısının Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edərkən, ölkəmizin demokratik ənənələrə sadiqliyi ilə əlaqədar səsləndirdiyi fikirlər Azərbaycanı gözü götürməyən “demokrat”lara layiqli cavab oldu. Ölkəmizdə müxalifətin keçirdiyi mitinqlərə heç bir süni əngəl yaradılmadığını diqqətə çatdıran dövlət başçısı qeyd etdi ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, əhalimizin 70 faizindən çoxu internet istifadəçisidir və dövlət hər bir şəhər və qəsəbəyə genişzolaqlı internetin çəkilməsi sahəsinə sərmayə yatırır: “Yəni, mətbuat azadlığının tərəfimizdən məhdudlaşdırılmasından söhbət gedə bilməz və bizim belə bir niyyətimiz yoxdur. Əks təqdirdə, biz bütün bu işləri görməzdik. Daha bir azadlıq toplaşma azadlığıdır. Bu azadlıq tam təmin olunur, heç bir məhdudiyyət tətbiq edilmir və müxalifət müntəzəm surətdə mitinqlərini keçirir. Həmin mitinqlərdə min nəfərə yaxın insanın iştirakı isə digər bir məsələdir. Bunlar əsasən partiyaların üzvləri və onların qohumlarıdır. Yəni, bu mitinqlər normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur. Həmin mitinqlər şəhərin mərkəzində, metro stansiyasının yaxınlığında keçirilir, heç bir məhdudiyyət qoyulmur və sonuncu mitinq isə, zənnimcə, bir həftə əvvəl baş tutub. Beləliklə, hər hansı bir azadlığın məhdudlaşdırılması ilə bağlı niyyət və əməldən söhbət gedə bilməz”.
Antiazərbaycan qüvvələrə, xüsusilə, erməni lobbisinin maliyyələşdirdiyi qurumlara radikal müxalifətin daha çox istifadə etdiyi insan hüquq və azadlıqlarının pozulması, insanların siyasi fəaliyyətlərinə, öz fikirlərini müstəqil ifadə etmələrinə görə həbs olunmaları barədə ötürdüyü “faktlar” da fiaskoya uğrayıb. Çünki son illər mitinq keçirmək istəyənlərə şəhərin mərkəzində yer ayrılıb. Mitinqlər sakit, insidentsiz , qarşıdurmasız başa çatır. Əgər hər hansı bir insident yaranırsa, araşdırmalar nəticəsində məlum olur ki, bunu mitinq iştirakçıları bilərəkdən ediblər ki, sonradan özlərini “siyasi məhbus”, “vicdan məhbusu” kimi təqdim edib beynəlxalq təşkilatlardan yardım alsınlar. Halbuki əksər xarici ölkələrdə mitinq iştirakçıları gözyaşardıcı qazlarla, itlərlə, atlarla və digər zorakı yollarla dağıdılır. Azərbaycanda isə bu vaxta qədər belə bir zorakılıq və ya qarşıdurma baş verməyib.
Azərbaycan Prezidenti bildirdi ki, həbslərə gəldikdə, onlar hər bir ölkədə baş verir. “Polis zorakılığına dair deyə bilərəm ki, siz Azərbaycanda onun şahidi ola bilməzsiniz, çünki o, mövcud deyil. Bəzən biz sizin təmsil etdiyiniz ölkələrdə polis zorakılığını görürük. Ancaq heç kəs sizi demokratiyanın olmamasında və zorakılıqda ittiham etmir. Biz itlərin dinc etirazçılara hücum etmələri səhnələrini yaxşı xatırlayırıq”.
Dövlətimizin başçısı xatırlatmışdır ki, atlardan və dəyənəklərdən istifadə olunmasını biz televizordan izləyirik. Ona görə də, bu baxımdan da yanaşma obyektiv və vahid olmalıdır: “Azərbaycan etmədiyi əməllərə görə gözdən salınmamalıdır. Eyni zamanda, demokratiyanın rəmzi hesab olunan dövlətlərin hərəkətləri normal qəbul edildiyi halda, biz atdığımız bənzər addımlara görə tənqidə məruz qalmamalıyıq. Ancaq şübhəsiz ki, insan haqları və demokratik inkişafla bağlı məsələlər bizim Avropa Komissiyası ilə sazişimizin tərkib hissəsi olacaq”.
Azərbaycanda azadlıqların təmin olunması və demokratiyanın inkişafı məsələsi həmişə dövlət siyasətinin prioritetini təşkil edib. Bütün bunlara baxmayaraq, respublikamızın inkişafını, demokratik dəyərlərə sadiqliyini qəbul etmək istəməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Çirkin niyyətlərini həyata keçirmək üçün medianın kəskin hücumundan yararlanır, bu yolla ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışır, bizi totalitar, avtoritar, hüquqların tapdalandığı və azadlıqların pozulduğu bir ölkə kimi göstərməyə cəhd edirlər. Dövlət başçısı bunun da səbəblərini izah edərək bildirib ki, bunun səbəbkarlarından biri erməni lobbisi və diasporudur: “O,Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür, ancaq təkcə onlar deyil. Müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu siyahıdadır. Burada müəyyən digər amillər də ola bilər, ancaq əsas məsələ ondan ibarətdir ki, bizə qarşı böhtan və dezinformasiya kampaniyası aparılır”.
Bütün qarayaxmalara, böhtan və şantaja, təhdiq və təzyiqlərə baxmayaraq, Azərbaycan demokratik ölkə kimi imicini qoruyub saxlayır, qəbul etdiyi qanunvericilik aktlarını Avropa standartlarına uyğunlaşdırır. Son illər həyata keçirilən islahatlar, qəbul edilən qərarlar da təsdiqləyir ki, hər hansı təhdid və təzyiq ölkəmizi müstəqil siyasət yürütmək yolundan döndərə və Azərbaycanın demokratik ənənələrə sadiqliyinə xələl gətirə bilməyəcəkdir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.