Yeni Azərbaycan Partiyasının yaranması müstəqillik tariximizin ən möhtəşəm hadisəsidir

 

 

 

 

 

 

 

 


Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizi gənclərdir. Yəni, bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti,
Yeni Azərbaycan Partiyasının sədri


Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Bu partiyanın yaranması respublikamızın müasir tarixinin ən yaddaqalan hadisələrindəndir. YAP Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Bu siyasi təşkilatın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi, Azərbaycanda ilk illər vəziyyət son dərəcə ağır idi. Həmin vaxt ölkəyə rəhbərlik edənlərin siyasi səbatsızlığı onsuz da ağır olan vəziyyəti getdikcə dərinləşdirirdi. Ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni siahlı birləşmələrin hegemonluğu, anarxiya və özbaşınalıq xalqın əsəblərini tarıma çəkmişdi. Digər tərəfdən isə mənfur qonşumuz olan ermənilərin torpaqlarımızı hissə-hissə işğal etməsi əhalinin sabaha olan ümidini heçə endirmişdi. Artıq Azərbaycan xalqının başı üstünü qara buludlar almışdı. Ölkə vətəndaş müharibəsi həddinə çatmışdı. Azərbaycana düşmən kəsilmiş qüvvələr, hakimiyyət hərisliyində olan daxili qruplaşmalar və xarici ağalarının tapşırıqlarını can-başla yerinə yetirən satqın və xəyanətkarlar xalqımızı diz çökdürmək niyyətində idilər. Respublikamız açıq-aşkar parçalanmaq, yenicə qazanılmış müstəqilliyimizin məhv olmaq təhlükəsi qarşısında idi. Belə bir məqamda xalqı və respublikanı düşdüyü bu ağır vəziyyətdən xilas etmək üçün ölkə rəhbərliyinə dövlət idarəçiliyində zəngin təcrübəsi olan və milləti öz ətrafında birləşdirməyə qadir şəxsiyyətə böyük ehtiyac yaranmışdı. Hadisələrin gedişi xalqda belə bir inam formalaşdırmışdı: Azərbaycanı düçar olduğu bu bəladan, “olum, ya ölüm” dilemması qarşısında qalmış və hər cür məhrumiyyətlərdən, əzablardan bezmiş xalqı yalnız ulu öndər Heydər Əliyev xilas edə, müstəqilliyimizi əbədi və ərazi bütövlüyümüzü təmin etmək üçün qəti tədbirlər görə bilər.

Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran ziyalıları, zəhmətkeş, vətənpərvər insanları son dərəcə narahat edirdi. Onlar xalqı arxasınca aparmağa qadir, insanlarda inam yarada biləcək siyasi partiyanın təsis olunmasına və həmin təşkilata dövlət idarəçiliyində böyük təcrübəsi olan şəxsiyyətin rəhbərlik etməsinə böyük ehtiyac yarandığını açıq şəkildə bəyan edirdilər. Söz yox ki, Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermişdi. 1990-cı ilin əvvəllərində bir sıra siyasi təşkilatlar yaranmışdı. Lakin bu qurumlar respublikanı üzləşdiyi ağır problemlərdən, iqtisadi, siyasi, mənəvi böhrandan xilas edə bilmirdi. Əksinə, vəziyyət gündən-günə pisləşirdi. Tez-tez bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq vətəndaş qarşıdurması həddinə çatdırdılar.

Bu zaman ziyalılar, Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək, həmişə xalqın, Vətənin, doğma Azərbaycanın gələcəyini düşünən müdrik siyasi lider Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd xalqın arzu və istəklərinin təcəssümü idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladığı bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Xalqın Heydər Əliyevə siyasi etimadı təşkilatlanmalı, ümummilli lideri tarixi şəxsiyyət kimi dəstəkləyən siyasi çoxluğun partiyası yaradılmalı, Heydər Əliyev bu partiyanın sədri, lideri olmalı idi. Zamanın, dövrün, ictimaiyyətin, geniş xalq kütlələrinin arzu-istəyi, tələbi, sosial sifarişi belə idi.

Xalq Heydər Əliyev ətrafındakı dönməz və sarsılmaz birliyini siyasi cəhətdən təşkilatlandırmaq, liderin ölkəyə demokratik yolla rəhbər seçilməsini qanuniləşdirmək istəyirdi. Heydər Əliyevin demokratikliyi, dövlətçilik təcrübəsi qanunların və xalqın rəyindən, millətin tələb və istəyindən, sosial sifarişdən kənar hər hansı mübarizə metodunu qəbul edə bilməzdi. Elə bu proseslər zəminində, xalqın arzu və istəyini əks etdirən müraciət hazırlandı. “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətdə Heydər Əliyevdən siyasi partiya yaradılmasını və bu partiyaya sədrlik etməsini xahiş edir, bu xahişin xalqın istəyini, milli iradəsini ifadə etdiyini vurğulayırdılar: “Möhtərəm Heydər bəy! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan, sözün əsl mənasında, siyasi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları Konstitusiyaya zidd, “real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində, ifliç vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir.

Bir sözlə, mövcud iqtidar ictimai-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi odur ki, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır. İqtidarın idarəetmə səriştəsi, təcrübəsi, bacarığı olmayanda zora əl atması təbiidir. Qəribə burasındadır ki, prezidentdən tutmuş respublikanın müxtəlif vəzifəli şəxsləri dəfələrlə öz müsahibələrində bildiriblər ki, artıq hakimiyyəti bizim əlimizdən heç kəs ala bilməz, çünki ordu və polis bizə xidmət edir...”

Müraciətdə deyilirdi ki, ulu öndər Heydər Əliyev bu ümumxalq istəyinə razılıq verərsə, Azərbaycanın xilası, bütün sahələrdə inkişafı, dövlətin möhkəmlənməsi, ərazi bütövlüyümüzün təmin olunması reallaşa bilər. Ölkədə ciddi qayda-qanun yaradılar, demokratik, sivil, konstitusion dövlət qurular, Azərbaycan müstəqil dövlət kimi beynəlxalq aləmə inteqrasiya olunar. Ziyalılar ulu öndərə əminliklə bildirirdilər ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz.

Yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək, Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu peşəkar insanların siyasi partiyasına çevriləcəkdir.

Heydər Əliyevin “91-lər”ə cavabı çox gecikmədi. Kifayət qədər təsirli və dövrün mənzərəsini dolğun şəkildə təsvir edən cavabda deyilirdi: “Sizin müraciətinizlə böyük diqqət və ehtiramla tanış oldum. Müraciətinizdən, mətbuat və televiziyadan, Azərbaycanın müxtəlif bölgələrindən gələn məktublardan aldığım məlumatlardan aydın olur ki, respublikada ictimai-siyasi və sosial-iqtisadi vəziyyət son dərəcə ağırdır. Bu şəraitdə Azərbaycan ziyalılarının narahatlığı haqlıdır və təqdirəlayiqdir. Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və şübhəsiz ki, bütün azərbaycanlıları, bütün Azərbaycan vətəndaşlarını hədsiz dərəcədə sevindirir.

Eyni zamanda, bu əlamətdar hadisə müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında çox məsul, mürəkkəb, çətin vəzifələr qoyur. İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir. Bu xeyirxah və şərəfli işə hər bir vətənpərvər layiqli töhfəsini verməlidir”...

Ulu öndər belə bir partiyanın yaranmasına razılıq vermişdi. Həmin vaxt Azərbaycanda hakimiyyətdə olan AXC–Müsavat rəhbərliyi Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə icazə vermədiyi üçün 50 nəfər adam burdan Naxçıvan Muxtar Respublikasına getmişdi.

Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq, müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələr müəyyənləşdirilmişdir.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiya kimi gündən-günə möhkəmləndi, üzvlərinin sayı sürətlə artdı. Bu, ulu öndər Heydər Əliyevə olan inam və etimadın bariz nümunəsi idi.

Heydər Əliyevin xalqımızın ən çətin anlarında özünü xilaskar kimi irəli verməsinin dəfələrlə şahidi olmuşuq. Möhtərəm Prezidentimiz İlham Əliyev də bu faktı bir neçə gün əvvəl Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimindəki nitqində də diqqətə çatdırmışdır: “1990-cı illərin əvvəllərində – xalqımız üçün ən ağır dövrdə yenə də Heydər Əliyev öz liderlik keyfiyyətlərini göstərmiş, böyük cəsarət, vətənpərvərlik göstərmiş və qanlı 20 Yanvar hadisələrini Sovet İttifaqının mərkəzində, Moskva şəhərində pisləmişdir. Mən o günü yaxşı xatırlayıram. Mən fəxr edirəm ki, o gün atamla birlikdə idim və Heydər Əliyevin o qətiyyətli çıxışı, Vətəninə, xalqına olan bağlılığı bütün Azərbaycan xalqına bir daha göstərdi ki, o, xalqa bağlı olan böyük bir liderdir. 1990-cı illərin əvvəllərində – xalqımız üçün ən ağır dövrdə yenə də Heydər Əliyev öz liderlik keyfiyyətlərini göstərmiş, böyük cəsarət, vətənpərvərlik göstərmiş və qanlı 20 Yanvar hadisələrini Sovet İttifaqının mərkəzində, Moskva şəhərində pisləmişdir. Mən o günü yaxşı xatırlayıram. Mən fəxr edirəm ki, o gün atamla birlikdə idim və Heydər Əliyevin o qətiyyətli çıxışı, Vətəninə, xalqına olan bağlılığı bütün Azərbaycan xalqına bir daha göstərdi ki, o, xalqa bağlı olan böyük bir liderdir”.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında YAP-ın sədri seçilməsindən sonra bu təşkilat uğurlar partiyasına çevrilib. Bu, təkcə partiyamızın deyil, müasir Azərbaycanın taleyidir. Çünki partiyamız müasir, müstəqil dövlətimizlə eyni addımlayır. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu uğurla davam etdirərək, Azərbaycanı dünya birliyinin layiqli dövlətləri sırasına qoşub. Partiyamızın yüz minlərlə üzvü dövlət başçısının ətrafında sıx birləşərək, həmişə olduğu kimi, bundan sonra da müstəqil dövlətimizin inkişafı naminə böyük fədakarlıqlar göstərəcək.

Prezident İlham Əliyev son 25 il ərzində partiyanın uğurla inkişaf etdiyini və bütün seçkilərdə – həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəldiyini YAP-ın təntənəli yubiley mərasimindəki nitqində də diqqətə çatdırmışıdr: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”.

Hazırda Yeni Azərbaycan Partiyası sıralarında olan 700 minə yaxın partiya üzvünün təxminən 40 faizini məhz YAP Gənclər Birliyi öz ətrafında birləşdirir. Cənab Prezident İlham Əliyevin apardığı dövlət siyasətini gənclərimizə düzgün şəkildə təbliğ etməyi, partiyanın tövsiyə və tapşırıqlarını həyata keçirməyi özünə vəzifə olaraq seçən Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, istər kəmiyyət, istərsə də keyfiyyət baxımından qürurla qeyd ediləcək nailiyyətlərə imza atmaqla regionun və ölkənin ən güclü gənclər təşkilatı olaraq bir daha öz fəaliyyətini təsdiqləyir. Bütün bu uğurlar dövlətimizin başçısı tərəfindən ölkədə gənclərin hərtərəfli inkişafına yaratdığı şəraitin bariz nümunəsidir.

Bu illər ərzində YAP beynəlxalq ələqələrini də genişləndirərək böyük nüfuz qazanmışdır. Bunu faktlar da təsdiqləyir. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri Avroatlantik məkanda Avropa Xalqları Partiyası (EPP) və Asiya qitəsində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) ilə münasibətlər ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edir. Bu baxımdan, 2012-ci ilin iyun ayının 22-23-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin 17-ci iclasının Bakıda keçirilməsi partiyanın beynəlxalq əlaqələrinin genişlənməsi və nüfuzunun artması baxımından mühüm əhəmiyyət daşımışdır. Baş Assambleyaya hazırlıq məqsədilə Asiya qitəsinin 17 ölkəsindən 49 nümayəndənin iştirak etdiyi iclasda növbəti VII Baş Assambleyanın Bakıda keçirilməsi ilə bağlı görüləcək işlər və onun gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunaraq təsdiq edilmişdir.

Bu gün YAP-ın yaranmasından 25 il keçir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, “Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır”.

Yusif BABANLI,
 professor, YAP Gənclər Təşkilatı İdarə Heyətinin üzvü,
Nərimanov Rayon YAP Gənclər Birliyinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında