İlham Əliyev: Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır

Postsovet məkanının böyük siyasi qüvvəsi hesab edilən və ötən müddət ərzində Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, habelə humanitar-mədəniyyət sahələrinin uğurlu inkişaf etməsində lokomotiv rolunu oynayan Yeni Azərbaycan Partiyası (YAP) milli maraqlarımızın mühafizəsinə, fəal daxili və xarici siyasətin həyata keçirilməsinə öz töhfəsini verir. Hər bir azərbaycanlının Konstitusiya hüquqlarının yüksək səviyyədə təmin olunmasına şərait yaradan YAP bu günün və gələcəyin siyasi partiyası kimi, Azərbaycanın hərtərəfli inkişafına güclü təsirini göstərməkdə davam edir.

YAP-ın təsis olunması Azərbaycanın üzləşdiyi mürəkkəb və fəlakətli dövrünə təsadüf edir. Bu, həmin dövr idi ki, ölkə bütün mənalarda qaranlığa qərq olunmuşdu. Azərbaycanı sonsuz fəlakətlərdən xilas etmək üçün güclü siyasi qüvvəyə ehtiyac yaranmışdı. Buna görə də, YAP-ın yaradılması da ölkəmizi xaosdan və ümidsiz sabahdan xilas etmək istəyi ilə bağlı idi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində keçmiş SSRİ-nin dağılması nəticəsində digər müttəfiq respublikalar kimi, Azərbaycan da dövlət müstəqilliyini bərpa etmişdi. Ancaq 1990-cı illərin əvvəllərində cərəyan edən xoşagəlməz proseslər və yaranmış yeni arzuolunmaz reallığın doğru qiymətləndirilməməsi nəticəsində Azərbaycan dövlət müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Dövlət hakimiyyətində dərinləşən böhran, iqtisadi-sosial sahələrdə güclənən tənəzzül, milli maraqlarımıza uyğun olmayan addımların atılması, Dağlıq Qarabağ münaqişəsində vəziyyətin ağırlaşması və bütün bunların fonunda ölkədə vətəndaş müharibəsi təhlükəsinin artması Azərbaycanda ümumi atmosferi daha da gərginləşdirmişdi. AXC–Müsavat tandeminin reallığa uyğun fəaliyyət göstərməməsi nəticəsində siyasi-iqtisadi böhran Azərbaycanı bürümüş və bu da hər bir vətəndaşda sabaha böyük ümidsizlik yaratmışdı.

Belə məsuliyyətli və taleyüklü mərhələdə Azərbaycanı bütün bəlalardan xilas edəcək liderə və siyasi qüvvəyə ehtiyac duyulurdu. Həmin lider və siyasi qüvvə Azərbaycanı siyasi qeyri-müəyyənlikdən xilas etməli, hər bir vətəndaşın təhlükəsizliyini gücləndirməli və cəmiyyət həyatının digər sahələrində davamlı inkişafa nail olmaq üçün dərin və düşünülmüş addımlar atmalı idi. Belə lider və siyasi qüvvə Azərbaycanın ağır dövründə 1992-ci il noyabrın 21-də siyasi platformada meydana gəldi. Həmin tarixi gündən bir qədər öncə, daha dəqiq desək, 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda ümummilli lider Heydər Əliyevin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirmişdi.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev YAP-ın yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimindəki çıxışında həmin tarixi və məsuliyyətli anı belə xarakterizə etmişdir: “Bu, doğrudan da tarixi bir hadisə, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi. O vaxt 91 vətənpərvər insan bu tarixi missiyanı öz üzərinə götürüb Heydər Əliyevə müraciət göndərmişdi. Onların bu əməyi Azərbaycan tarixində öz layiqli yerini tutmuşdur və partiyamızın yaradılması ölkəmizdə gedən xoşagəlməz proseslərin gələcəkdə qarşısının alınmasında xüsusi rol oynamışdır”.

Qeyd etmək yerinə düşər ki, həmin dövrdə hakimiyyət dairələrinin YAP-ın yaranmasına qısqanc münasibətləri və göstərdikləri təzyiqlər faydasız yekunlaşmışdı. İlham Əliyev yubiley mərasimindəki çıxışında təsis konfransının Bakıda keçirilməli olduğunu qeyd etmiş və ancaq o vaxt Azərbaycanda hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş AXC-Müsavat hakimiyyətinin buna imkan vermədiyini xatırlatmışdır: “Baxın, özünü demokrat adlandıran dairələr, hakimiyyət imkan vermədi ki, Yeni Azərbaycan Partiyasının təsis konfransı Bakı şəhərində keçirilsin. Belə olan halda 500-dən çox nümayəndə, bütün bölgələri təmsil edən vətəndaşlar Naxçıvana gəldilər və ulu öndərin rəhbərliyi ilə partiyamızın təsis konfransı keçirildi”.

Əlbəttə, böyük dövlət xadimi Heydər Əliyevin1970-1980-ci illərdə gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, keçmiş SSRİ rəhbərliyini mat qoyan cəsarətli addım və bəyanatları, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi və Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, eləcə də Sovet İttifaqının saxlanmasına dair referendumun məhz Naxçıvanda keçirilməməsi kimi mühüm amillər xalqımızda ulu öndərə olan məhəbbəti daha da artırmışdı. Məhz bu məhəbbətin və inamın nəticəsidir ki, 1992-ci ilin noyabrında YAP-ın təsis edilməsi hər bir azərbaycanlıda siyasi ümidsizliyə son veriləcəyinə və ciddi siyasi qüvvənin meydana çıxacağına, ən əsası, ölkədə yeni güclü mərkəzi hakimiyyətin formalaşacağına böyük ümidlər yaratmışdı. Qısa bir vaxtda xalqın ümidləri özünü doğrultdu. YAP-ın təsis edilməsindən bir il ötməmiş Azərbaycan xalqı siyasi-iqtisadi xaosdan xilas olmaq ümidi ilə ulu öndərə müraciət etdi, böyük siyasi xadimi siyasi hakimiyyətə qaytardı. Prezident İlham Əliyev YAP-ın yubiley mərasimində bununla bağlı xatirələrini bölüşmüşdür: “1990-cı illərin əvvəllərində - xalqımız üçün ən ağır dövrdə yenə də Heydər Əliyev öz liderlik keyfiyyətlərini göstərmiş, böyük cəsarət, vətənpərvərlik göstərmiş və qanlı 20 Yanvar hadisələrini Sovet İttifaqının mərkəzində, Moskva şəhərində pisləmişdir. Mən o günü yaxşı xatırlayıram. Mən fəxr edirəm ki, o gün atamla birlikdə idim və Heydər Əliyevin o qətiyyətli çıxışı, Vətəninə, xalqına olan bağlılığı bütün Azərbaycan xalqına bir daha göstərdi ki, o, xalqa bağlı olan böyük bir liderdir”.

Xüsusilə qeyd olunmalıdır ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi YAP-ın fəaliyyətində yeni mühüm dövrün əsasını qoymuşdu. Həmin dövrdən etibarən YAP-ın siyasi həyatda oynadığı rol güclənmiş və aparıcı siyasi qüvvəyə çevrilərək, ictimai-siyasi həyatın bütün sahələrində yüksək fəallıq nümayiş etdirməyə başlamışdı. Məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti və müdrikliyi sayəsində YAP hazırda Azərbaycanın ən nüfuzlu siyasi qüvvəsinə çevrilmişdir. Bu gün qürur hissi ilə demək olar ki, artıq Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox vətəndaşımız birləşir. Bu, təkcə statistika deyil, həm də vətəndaşlarımızın Azərbaycanın bugünkü reallığına verdiyi qiymət və Prezident, partiyanın sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə olan münasibətin ifadəsidir. Bu gün YAP-ın sıralarında 700 mindən çox insanın birləşdiyini və onların 40 faizinin gənclərdən ibarət olduğunu vurğulayan Prezident İlham Əliyev demişdir: “Bu gün partiyanın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir”.

Siyasi partiyaların dövlət orqanlarının fəaliyyətinə, iqtisadi-siyasi proseslərə, ölkələr arasındakı münasibətlərə fəal şəkildə təsir göstərdiyi danılmaz faktdır. Xüsusilə də xarici siyasət məsələlərində qarşıya qoyulmuş strateji vəzifələrin yerinə yetirilməsində və təbliğində siyasi partiyaların rolu mühüm əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyasının da bu mənada yürütdüyü hərtərəfli və məqsədyönlü siyasət ölkəmizin milli maraqlarının qorunması ilə yanaşı, Azərbaycanın haqlı səsinin beynəlxalq arenada daha yaxşı eşidilməsinə kömək edən addımların atılmasında nümayiş etdirdiyi fəallıq nümunəvi və təqdirəlayiq fakt kimi ön plana çıxır. Prezident İlham Əliyev yubiley mərasimindəki çıxışında bildirmişdir ki, Azərbaycanın xarici siyasəti həyatda özünü təsdiqləmişdir və bu gün respublikamız beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir. “Biz növbəti illərdə də müstəqil xarici siyasət aparacağıq, biz bunu indi də aparırıq. O qədər də böyük olmayan ölkələr üçün müstəqil xarici siyasət aparmaq heç də asan deyil, ancaq çox şərəflidir. Bəzi ölkələr başqa yol seçirlər, bəzi ölkələr başqa böyük ölkələrin qanadının altında yer alırlar. Bu, bəlkə daha rahat yoldur. Ancaq bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, bu, müstəqillik yoludur”, – deyən ölkə başçısı xüsusilə vurğulamışdır ki, bu, eyni zamanda uğur gətirən yoldur. Dövlət başçısı müstəqil siyasətin bundan sonra da aparılacağını və bu siyasətin əsas prinsipinin Azərbaycan dövlətinin və xalqımızın milli və dövlət maraqları olduğunu diqqətə çatdırmışdır.

Yaxın-uzaq ölkələrlə münasibətlərin gücləndirilməsini mühüm amil hesab edən YAP ictimai-siyasi rəyə, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsinə və Dağlıq Qarabağ probleminin ədalətli həll olunmasına müsbət təsir göstərmək iqtidarında olan siyasi institutlarla əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir və bu istiqamətdə planlı şəkildə addımlar atır. Partiyanın getdikcə genişlənən xarici əlaqələri Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında da böyük rol oynayır. Partiya, xüsusilə də Azərbaycanın xarici siyasətində başlıca yer tutan Dağlıq Qarabağ probleminin ədalətli həll olunmasına yönəlik addımların beynəlxalq aləm tərəfindən dəstəklənməsinin mühüm amil olduğunu önə çıxarır və bunun regional təhlükəsizliyin təmin olunmasında mühüm faktor hesab etdiyini vurğulayır. Buna görə də, siyasi proqramına uyğun olaraq, Azərbaycanın qonşu və region dövlətləri ilə faydalı münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə, beynəlxalq hüquq və prinsiplər əsasında dövlətlər arasında etimad yaradılmasına, eyni zamanda, dövlətlərarası münasibətlərin inkişafına yönəlik uğurlu xarici siyasət fəaliyyətini davam etdirən YAP-ın qarşıdakı illərdə də bu mühüm funksiyasını yerinə yetirəcəyi şübhə doğurmur.

Beləliklə, Azərbaycanın hərtərəfli inkişafında böyük imkanlara yol açan Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyəti qarşıdakı illərdə də hər bir azərbaycanlının rifah halının daha da yüksəldilməsinə xidmət edəcək və ölkəmizin daha da çiçəklənməsinə öz töhfəsini verəcək. Xalqımızın hərtərəfli dəstəyi və alternativsiz seçimi də belə deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi kimi, hər bir azərbaycanlının sabaha olan inamını bundan sonra da gücləndirəcək, ölkəmizin beynəlxalq aləmin nüfuzlu olmasına şərait yaradan siyasi missiyasını uğurla davam etdirəcək. Bundan başqa, Prezident İlham Əliyevin dediyi kimi, “Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var”.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında