Prezident İlham Əliyev: Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz

Son illər Azərbaycanın dünyanın mədəni mərkəzlərindən birinə çevrilməsi və bu faktın dünyanın ən tanınmış ekspertlərinin dili ilə ifadə olunması aksiomaya çevrilmişdir. Şübhəsiz ki, bunun obyektiv və subyektiv səbəbləri var. Burada xalqın əsrlərdən, minilliklərdən üzü bəri gələn mənəvi dəyərləri və bununla etnogenezinə, tarixi yaddaşına hopmuş milli komponentlərlə yanaşı, bu gün Azərbaycan dövlətinin apardığı siyasətin də əvəzsiz rolu vardır. Azərbaycanda xalqın və dövlətin bu məsələyə baxış bucağı eyni olduğundan öz bəhrəsini verməkdədir.

Ölkəmizdə demək olar ki, hər il mədəni-humanitar problemlərin həlli yollarının müzakirə edildiyi dünyamiqyaslı tədbirlər, forumlar keçirilir. Azərbaycanda multikulturalizm dövlət siyasətinin əsas tərkib hissəsidir. Tolerantlıq, dini dözümlülük, bəşəri dəyərlərə hörmət ölkəmizin əsas atributlarından hesab olunmaqdadır. Ən maraqlı və qürurverici məqam isə odur ki, torpaqlarımızın işğala məruz qalmasına, xalqımızın qaçqına və məcburi köçkünə çevrilməsinə, düşmənlərimizin olmasına baxmayaraq, bu müsbət keyfiyyətləri, sülh dəyərlərinə, ədalət meyarlarına sadiqliyimizi illərdir qoruyub saxlaya bilirik.

Bizdən fərqli olaraq qəsbkar qonşumuzun illərdir apardığı zülm və vəhşət siyasəti özünü hər yerdə göstərməkdədir. Artıq 25 ildir ki, Dağlıq Qarabağ və ətraf rayonlarımız Ermənistan qoşunları tərəfindən işğal altında saxlanılsa da, BMT-nin və digər beynəlxalq qurumların torpaqlarımızın azad edilməsi ilə bağlı qətnamələri icra olunmamış qalır. Nədənsə, Cənubi Qafqazda missiyası, fəaliyyəti zülmət qaranlığı xatırladan, qonşu ölkələrin ərazisinə göz dikən, müsəlman mədəniyyətinə məxsus tarixi abidələri, mədəniyyət nümunələrini tari-mar edən və öz vətəndaşlarının qanı bahasına hakimiyyəti zəbt edən, heç bir demokratik prinsipi vecinə almayan təcavüzkar Serj Sarkisyan iqtidarının etdiyi yaramaz hərəkətlər dünyanın gələcəyini düşünən və nizamlayan təşkilatların diqqətindən yayınır. Düşmən ölkəyə qarşı heç bir təzyiq üsulları, konkret əməli addım atılmır.

Bu günlərdə Türkiyədə keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə dəvət alan Prezident İlham Əliyev müsəlman liderlərinin qarşısında məzmunlu çıxış etdi. Nitqində dünyanın ən böyük təşkilatının qəbul etdiyi qətnamələrə toxunan dövlət başçımız bildirdi ki, bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və azərbaycanlı mülki əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir.

Prezident İlham Əliyev Ermənistanın yenə də öz təcavüzkar siyasətini davam etdirməsini qeyd edərək, ötən ilin aprelində təmas xəttində Ermənistanın silahlı hücumu nəticəsində mülki şəxs və hərbçilərin həlak olduğunu, yüzlərlə yaşayış evinin dağıdıldığını bildirdi. Azərbaycan Ordusunun fədakarlığına da toxunan dövlət başçısı Ermənistanın məlum hücumunun qarşısını qətiyyətlə aldığımızı, silahlı qüvvələrimizin torpaqlarımızın bir hissəsini erməni işğalçılarından azad etdiyini diqqətə çatdırdı. Ermənistan tərəfindən tamamilə dağıdılmış Cocuq Mərcanlı qəsəbəsinin yenidən qurulduğunu, 150 evdən ibarət bu qəsəbədə məktəb, tibb məntəqəsi və işğalda olan tarixi Şuşa məscidinin bənzərinin tikildiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev nitqində Dağlıq Qarabağın Azərbaycanın əzəli, tarixi torpağı olduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini, Azərbaycan dövləti və xalqının heç vaxt onun əzəli torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyini qəti şəkildə bildirdi.

Toplantıda müsəlman aləminin inkişafda olan ölkələrinin liderlərinin diqqətinə çatdırıldı ki, bu gün Azərbaycanın tarixi torpağı olan, lakin ermənilər tərəfindən işğalda saxlanılan Qarabağda müsəlman mədəniyyəti məhv edilmişdir. Dövlət başçısı bu məsələyə xüsusi toxunaraq dedi ki, özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə isə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz.

Prezident Azərbaycanın İslam həmrəyliyinə xüsusi əhəmiyyət verdiyini, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” kimi qeyd olunmasını, eyni zamanda, bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini, ölkəmizin bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə apardığını vurğuladı.

Əlbəttə, bu gün Dağlıq Qarabağın kosmosdan çəkilən görüntülərində və Milli Ordumuzun kəşfiyyat məlumatlarında, eyni zamanda, ermənilərin sosial şəbəkələrdəki aşağılayıcı tərzdə paylaşımlarından da görürük ki, işğal altında olan Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl, Xankəndi kimi vaxtılə dilbər guşələrimiz kimi fəxr etdiyimiz bölgələrimiz bu gün bütün təbii sərvətləri ilə, maddi-mədəniyyət nümunələri ilə erməni faşistləri tərəfindən istismar olunmaqdadır. Vaxtılə ermənilər tarixi alban kilsələrinə qarşı etdiyi saxtakarlıq cəhdlərini, indi tamamilə sərbəst şəkildə bizim məscidlərimizə, məbədlərimizə qarşı edirlər. Bu vandalizm hərəkətləri isə dünyanın diqqətindən, demək olar ki, tamamilə kənarda qalmışdır. Ermənistan hakimiyyəti cidd-cəhdlə tarixi saxtalaşdırmağa çalışır və dünyanı inandırmaq istəyir ki, yerli əhali olan Azərbaycan türkləri bu torpaqlara gəlmədirlər. Guya ermənilər təcavüzkar deyil, ixtiyar sahibləridir. Bu baxımdan azərbaycanlılara mənsub olan bütün müsəlman mədəni-memarlıq nümunələrini, hətta qəbiristanlıqları belə dağıtmaqdan, vandalizm hərəkətləri törətməkdən çəkinmirlər. Buna ən birinci etirazı, kəskin münasibəti öncə İslam aləmi göstərməlidir. Doğrudur, İƏT-in Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması ilə bağlı qətnamələri var. Lakin daha ciddi, təsirli addımların atılması zəruridir və bunun üçün İslam həmrəyliyinin əməli müstəviyə keçirilməsi önəmlidir.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında