Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzu və təsir gücü sürətlə artmaqdadır

Yeni Azərbaycan Partiyası respublikamızın tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Bu partiyanın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Keçmiş sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi, Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı.

Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatının gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin bu partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq, təhlükəli böhran vəziyyətinə çatdırdılar. 1990-1993-cü illərdə Azərbaycanda siyasi, iqtisadi, sosial vəziyyət olduqca ağır və açınacaqlı idi. Ölkəni bürümüş xaos, anarxiya və özbaşınalıq, ayrı-ayrı siyasi qrplaşmaların hakimiyyət davasi bütün sahələri iflic vəziyyətinə salmışdı, sabitlik tamamilə pozulmuşdu. Mənəvi dəyərlər, mədəniyyət, elm və təhsil də yaddan çıxmışdı, insanları nə olursa-olsun, təki sabaha sağ-salamat "çıxa bilmək" durumuna salmışdılar. Cəmiyyətdə o vaxtkı iqtidara qarşı kütləvi inamsızlıq, etimadsızlıq yaranmışdı. Ölkədə qarşıdurma getdikcə güclənir, vətəndaş müharibəsi günbəgün, addım-addım yaxınlaşırdı. Belə vəziyyətdən sui-istifadə edən antiazərbaycan qüvvələr, həmçinin xarici ölkələrin casus şəbəkələri ermənilərlə və daxili pozucu qüvvələrlə əlbir olub, respublikada parçalanma yaratmaq kimi mənfur planı həyata keçirmək istəyirdilər. Azərbaycan nəinki müstəqil dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək ərəfəsində idi. Belə bir vaxtda xalqın yeganə ümidi, inamı Heydər Əliyevə yönəlmişdi.

Ölkəni bürümüş dərin böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmışictimai-siyasi xadimləri son dərəcədə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni xaosdan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, ulu öndər Heydər Əliyevə müraciət edildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Bu hərəkatın məramı, məqsədi milyonlarla vətəndaşın Heydər Əliyevə olan ümumxalq etimadını və seçimini siyasi-ictimai cəhətdən təşkil etməkdən, onların Heydər Əliyevlə bağlı siyasi istək və arzularını, azad seçim hüquqlarını bərpa etməkdən, Azərbaycanın siyasi proseslərində Heydər Əliyevlə bağlı ümumxalq maraqlarına və milli mənafeyə dayaqlanan demokratik mühiti və demokratik siyasi ənənələri yaratmaqdan, xalqla Heydər Əliyev birliyinin və sarsılmazlığını, bu birliyin xalqın milli iradəsinə əsaslandığını bəyan etməkdən ibarət olmuşdur.

“91-lər”in məqsəd və məramı XALQ – HEYDƏR birliyinin tarixi, milli, siyasi həqiqət və sosial sifariş olduğunu geniş ictimai fikrə və sosial-siyasi rəyə daxil etməkdən, əsaslandırmaqdan ibarət idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.

Xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi və böyük təcrübəyə malik ümummilli lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Ulu öndər xalqın müraciətini qəbul etdi və cavabını da çox gecikdirmədi. Ulu öndər müstəqil Azərbaycanın, millətinin və dövlətinin xilası, yaşaması, inkişafı və gələcəyi naminə xalqın gözlədiyi bu cavabı verdi və bu, mətbuatda dərc olundu.

Heydər Əliyevin ziyalılara cavabı, əslində, müstəqil dövlət quruculuğunun proqramı idi. Maraqlıdır ki, bu cavabında ulu öndər Azərbaycanın müstəqil dövlət qurucuğu vəzifələrini konkret olaraq hər sahə üzrə göstərmiş, daxili və xarici siyasət, istisadi və sosial islahatlar, Qarabağ problemi, siyasi sabitlik, elm, mədəniyyət və təhsilin inkişafı, Azərbaycanın mövqelərinin beynəlxalq miqyasda möhkəmlənməsi sahələrində qarşıda dayanan vəzifələri ayrı-ayrı bəndlərdə bir-bir yazmış, onları əsaslandırmış, təhlil etmişdir.

Cavabın mətni ilə tanış olanda, bu dahi şəxsiyyətin Azərbaycanda dövlət quruculuğunun istiqamətlərini, inkişaf perspektivlərini hələ neçə il əvvəl bütün dəqiqliyi ilə təhlil edə bilməsinə, həlli yollarını göstərə bilməsinə, onun uzaqgörən, strateq siyasətçi təfəkkürünə və təcrübəsinə heyrət edirsən. Heydər Əliyevin ziyalılara cavabı mahiyyətcə onun dövlətçilik, xilaskarlıq, quruculuq, islahat və inkişaf platforması idi.

Həmin dövrdə Heydər Əliyevin Bakıya gəlməsinə o zamankı hakimiyyətin mane olması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi –550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək, təsis konfransını orada keçirməyə nail oldu. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar verdi, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri ulu öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. YAP-ın statusu yeni şəraitə uyğun olaraq dəyişdi, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmləndi, kütləvi siyasi qüvvəyə çevrilərək, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirdi. Ölkədə keçirilən parlament seçkilərində isə Milli Məclisdə təmsil olunan deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri oldu. Bundan sonra YAP iqtidar partiyasına çevrildi, bununla da təşkilata olan ümumxalq inamı bir daha təsdiq edildi. Həmin tarixdən sonra keçirilən bütün seçkilərdə inamlı və möhtəşəm qələbələr qazanan partiyamız cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırdı.

Göründüyü kimi, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafeyinə xidmət etmək və o ağır, çətin və mürəkkəb dövrdə ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Qısa bir vaxt ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazandı və güclü təşkilati struktur yaradaraq avanqard siyasi qüvvəyə çevrildi. Təsadüfi deyildir ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır. Sınaqlardan mətinliklə çıxmış, böyük və şərəfli yol keçmiş bu siyasi təşkilat cəmiyyətdə özünəməxsus aparıcı yer tutub. Əlbəttə ki, YAP Nizami rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərdə, aparıcı siyasi təşkilata çevrilməsində öz payı var. Partiyamızın bir parçası olan YAP Nizami rayon təşkilatı rayonun bütün sahələrində yüksək fəallıq nümayiş etdirməklə, insanların partiyaya və dövlətçiliyə olan münasibətlərinin ifadəçisinə çevrilib.

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 1993-cü il sentyabrın 11-də Heydər Əliyev adına Bakı Yeni Neft Emalı Zavodunun akt zalında 76 nəfərin iştirakı ilə yaranıb. Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 143 ərazi ilk partiya təşkilatında 13 mindən çox müxtəlif peşə sahibi birləşib. Sevindirici haldır ki, üzvlərimizin 50 faizindən çoxunu gənclər təşkil edir. Cəmiyyətdə fəallığı ilə seçilən qadınlarımızın da sayında sürətli artım var. Bununla yanaşı, rayon təşkilatının sıralarında Milli Məclisin 3 deputatı, 20 bələdiyyə üzvü, 65 elmlər namizədi, 14 elmlər doktoru və dosent yer alıb. Eyni zamanda, sıralarımızda 7 idman ustası, 28 respublika çempionu, 5 Avropa, 2 dünya çempionu, 2 Olimpiya və paralimpiya mükafatçısı var.

YAP Nizami rayon təşkilatının timsalında partiyamız ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq, siyasi-ideoloji maarifləndirməni bir an da olsun dayandırmayıb, əksinə, kütləvi tədbirlərlə onun təsirini daha da artırıb. Təsadüfi deyildir ki, son vaxtlar YAP Nizami rayon təşkilatının bütün fəaliyyəti rayon sakinlərinin, gənclərin, şagirdlərin, müəllimlərin və s. geniş iştirakına inteqrasiya edilib. Bununla, Yeni Azərbaycan Partiyasının xalq partiyası olması öz təsdiqini tapır.

İdeoloji işlərlə yanaşı, YAP Nizami rayon təşkilatı sosial diqqətə və qayğıya ehtiyacı olan insanları da yaddan çıxarmır. Hər bir vətəndaşın probleminə diqqətlə yanaşılır və onların həlli üçün maksimum səy göstərilir. Eləcə də, Azərbaycanın tolerant mənzərəsinin ifadəsi olaraq etnik və dini fərqliliyə yol vermədən digər xalqların da bayramlarını onlarla birgə qeyd edirik.

Bir sözlə, Yeni Azərbaycan Partiyasının fəaliyyəti çoxşaxəli və genişdir. Bütün görülən işlərin mahiyyətində duran fəlsəfə də dəyişməzdir. Bu mənada əminəm ki, Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kursa sadiqliyimiz bundan sonra daha da möhkəmlənəcək, hər birimiz göstərilən etimadı layiqincə doğruldacağıq.

Sədaqət VƏLİYEVA,
YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında