Demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun siyasi, hüquqi, iqtisadi əsaslarını müəyyənləşdirən ali sənəd

12 Noyabr Konstitusiya Günüdür

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi-referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi dövlətçilik tarixində mühüm hadisə olmuş, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açmış, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmaqla ölkə həyatının bütün sahələrinin inkişafına təkan vermişdir.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş bu ümumxalq əhəmiyyətli sənəd, sözün əsl mənasında, ölkənin Əsas Qanununa çevrilərək dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edir.

Bir qayda olaraq, yeni müstəqillik əldə edən və demokratik inkişaf yoluna qədəm qoyan dövlətlərdə yeni konstitusiyaların qəbulu zərurətə çevrilir.Belə ki, müasir demokratik dövlətlərdə konstitusiyalar dövlətin bütövlükdə hüquq sisteminin əsasını təşkil edir, cəmiyyətdə hüquq düşüncəsinə və hüquqi-siyasi münasibətlər sisteminə əhəmiyyətli təsir göstərir. Ölkədə siyasi sabitliyin, ictimai sülhün, bəzi hallarda hətta milli barışığın qarantı kimi çıxış edən konstitusiyalar şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini, dövlət quruluşunun əsaslarını, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyət orqanlarının təşkilini, səlahiyyətlərini və fəaliyyət qaydalarını müəyyənləşdirir,şəxsiyyətin statusunu, insan hüquqlarının və azadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri tənzimləyir.

Demokratik dövlətlərdə konstitusiyalar dövlət hakimiyyətinin təşkilinin konseptual əsaslarını müəyyənləşdirərək siyasi plüralizm, insan hüquqları, hakimiyyətlərin bölgüsü, qanuni məhdudlaşdırılması və digər hamılıqla qəbul olunmuş demokratik dəyərləri özündə cəmləşdirir.Bu mənada, konstitusiyalar dövlətdə mühüm ideoloji funksiyanı da həyata keçirmiş olur.

Bu baxımdan 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qarşısında hüquqi dövlət quruculuğu üçün zəruri olan tədbirləri həyata keçirmək, o cümlədən demokratik dəyərlərə əsaslanan yeni Konstitusiyanın qəbul edilməsi vəzifəsi dururdu. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik və hərc-mərclik, Azərbaycan xalqının mənafelərinə cavab verən siyasi iradənin olmaması bu vəzifənin reallaşdırılmasını qeyri-mümkün edirdi.Məlum olduğu kimi, dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi təcavüz, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik kimi milli təhlükəsizliyi təhdid edən ciddi problemlərlə qarşılaşmışdı.

Məhz belə bir tarixi məqamda, Azərbaycan dövlətçiliyi üçün taleyüklü bir dönəmdə ölkənin milli maraqlarını təmin edə biləcək ümummilli liderə, tarixi şəxsiyyətə olan ehtiyac özünü daha güclü büruzə verdi. Şübhəsiz ki, irimiqyaslı siyasi dəyişikliklərin müşayiət olunduğu tarixi dönəmlərdə xalqın mənafelərinə uyğun siyasi iradə nümayiş etdirmək iqtidarında olan böyük şəxsiyyətlərə ehtiyac daha ciddi hiss olunur.

Azərbaycan xalqının təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra ulu öndər Heydər Əliyev uzaqgörən və məqsədyönlü fəaliyyəti, qətiyyəti və siyasi bacarığı sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi anarxiyadan xilas etdi, xalqımızı azərbaycançılıq ideyası ətrafında birləşdirərək öz tarixi missiyasını yerinə yetirdi. Ölkə həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların başlanmasına, ilk növbədə isə yeni Konstitusiyanın qəbuluna imkan verən şərait formalaşdı, dövlət quruculuğu istiqamətində zəruri və təxirəsalınmaz addımlar atıldı. Azərbaycanda hüquqi dövlət quruculuğu naminə görülmüş işlər ölkənin siyasi, iqtisadi və hüquqi sisteminin demokratik dəyərlərə əsaslanaraq köklü dəyişdirilməsi istiqamətində getmiş və bu proses mahiyyət etibarilə dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etmişdir.

Yeni Konstitusiya layihəsinin hazırlanması ilə məşğul olan komissiyaya dövlət başçısının sədrliyi ilə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, ölkənin hüquq ictimaiyyətinin tanınmış simaları da daxil idilər. “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun”,–deyən ümummilli lider Heydər Əliyev Əsas Qanun hazırlanarkən ənənəvi hüquqi dövlət ideyaları ilə yanaşı, bu ideyaların inkişaf meyillərinin də nəzərə alınmasına, onların milli dəyərlər və artıq təsdiq olunmuş müasir yanaşmalarla zənginləşdirilməsinə xüsusi diqqət yetirmişdir.

Konstitusiya layihəsi hazırlandıqdan sonra cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə onun açıq müzakirələrinin keçirilməsi bu ümumxalq əhəmiyyətli sənədin ən təkmil formada ərsəyə gətirilməsinə şərait yaratmışdır. Bunun ardınca, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan xalqı Konstitusiyanın “özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq” bu ümummilli əhəmiyyətli sənədi qəbul etdi.

Yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi, şübhəsiz, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz tarixi xidmətlərindən biri olmuşdur.Ümummilli liderimiz Konstitusiya layihəsinin hazırlanması ilə məşğul olan komissiyanın sonuncu iclasında demişdi: “Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm.Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm.Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik, vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir.Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.

Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətlərin inkişaf istiqamətlərini müəyyənləşdirən, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideya və dəyərlər geniş şəkildə öz əksini tapmış, insan hüquqlarının və azadlıqlarının təminatları müəyyən edilmişdir.

Ölkə Konstitusiyasının Azərbaycan xalqının, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun şəkildə, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətləri bəyan edilmişdir.

Qəbul edilməsindən keçən illər ərzində dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar öz mənbəyini məhz Azərbaycan Respublikasının Konstitusiyasından götürmüş, Əsas Qanunda təsbit edilmiş ümumi prinsip və istiqamətlər ölkəmizdə siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə gedən davamlı inkişafın əldə olunmasına zəmin yaratmışdır.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi,vətəndaş cəmiyyəti institutlarının,qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə əhatə olunması, Avroatlantik məkana inteqrasiya, bütövlükdə respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklər edilməsini gündəmə gətirdi.Başqa sözlə, sürətlə bir-birini əvəzləyən uğurlar Konstitusiyaya nəzər salmağı və onu daha da təkmilləşdirməyi zəruri etdi.

Bu məqsədlə 2009-cu il martın 18-də keçirilən referendum Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan konstitusiya islahatlarını dəstəklədiyini təsdiq etdi.Yeni əlavə və dəyişikliklər mahiyyətcə Konstitusiyanın daha da təkmilləşməsinə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı prinsipial əhəmiyyətli məsələlərin bu sənəddə daha dolğun ifadəsini tapmasına xidmət etməklə yanaşı, onun müddəalarının liberallığı, demokratik səciyyə daşıması ilə seçildi. Respublikamızda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqi və siyasi islahatların da genişləndirilməsinə təminat yaradan konstitusiya islahatı, həm də xalqın hakimiyyətə olan inamının bariz təcəssümü kimi diqqəti çəkdi. Bütövlükdə isə referenduma çıxarılan məsələlərin xalq tərəfindən dəstəklənməsi göstərdi ki, ölkəmizin nailiyyətlərini gündəlik həyatında hiss edən, respublikanın əldə etdiyi uğurlarla qürur duyan xalqımız daha təminatlı gələcəyə, yüksək maddi-sosial rifaha, davamlı demokratikləşməyə aparan mövcud siyasi kursa alternativ görmür.

Azərbaycan dövləti bu gün öz tarixinin böyük tərəqqi ilə xarakterizə olunan şərəfli dövrünü yaşayır, öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyur.Ölkə iqtisadiyyatı dinamik inkişaf edir, dövlət və cəmiyyət həyatının bütün sahələrində tərəqqi əldə olunur, genişmiqyaslı quruculuq işləri və sosialyönümlü layihələr uğurla həyata keçirilir.  Azərbaycan dünya birliyində özünə layiqli yer tutaraq müstəqil siyasət yürüdür.

 Şaiq Mirzəyev,
hüquq elmləri üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında